Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Şiəlikdə siğənin müstəhəbliyi və hədsiz savabı

Bəzi şiələr şiə məzhəbindən xəbərsiz olanların şiəliyə pis baxmamaları üçün siğənin şiəlikdə həvəsləndirilmədiyini, savabı olmadığını, əksinə yalnız dul qadınla qısa deyil uzun müddətli siğə edərək ona yaxşılıq məqsədinin olduğunu və.s iddia edərək bu rüsvayçı əməli gizlətməyə çalışırlar. Gəlin indi bu iddiaların əksini görmək üçün bunların öz alimlərinin yazdıqlarına nəzər salaq.
Qeyd edim ki, aşağıdakı hədisləri nəql edən alimlər hamısı "Siğə etməyin müstəhəbliyi" adlı fəsllər açaraq bu hədislərlə yanaşı bir çox hədisləri guya İmamların adından nəql edərək insanları siğəyə həvəsləndirmişdirlər

• Saleh ibn Uqbə atasından belə dediyini rəvayət etmişdir. İmam Əbu Cəfərə (yəni imam Muhəmməd Baqir) dedim: Siğə edən üçün savab vardırmı? Dedi: "Əgər siğəni Allah rizası üçün və onu inkar edənə əks olmaq üçün edərsə siğə etdiyi qadınla hər danışdığı kəliməsinə Allah-Təala savab yazar. Hər dəfə əlini o qadına uzadarsa Allah-Təala ona savab yazar. Əgər o qadınla yaxınlıq edərsə Allah-Təala onun günahını bağışlayar. Əgər qüsl alarsa Allah-Təala suyun onun tükünə dəyəcəyi qədərində günahlarını bağışlayar". Dedim: "Tükün sayı qədər?" Dedi: "Bəli, tükün sayı qədər".
Mənbə: əs-Saduq, "əl-Fəqih" 3/463, əl-Mufid, "Xuləsatul-İcəz" səh. 42, əl-Amili, "Vasəiluş-Şia" 21/13, əl-Mirzə ən-Nuri, "Mustədrakul-Vasəil" 14/452, əl-Bəhrani, "əl-Hədəiqun-Nadira" 24/119, əl-Brucerdi, "Cəmiu Əhədisiş-Şia" 21/21.

• Əbu Cəfər (a) demişdir: "Peyğəmbər (s.a.s) göyə qaldırıldığı zaman demişdir: "Cəbrayıl (a) yanıma gəlib dedi: "Ey, Muhəmməd, Allah-Təala deyir: "Mən artıq sənin ümmətindən olub siğə edən qadınları bağışladım".
Mənbə: əs-Saduq, "əl-Fəqih" 3/463, əl-Mufid, "Xuləsatul-İcəz" səh. 42, əl-Amili, "Vasəiluş-Şia" 21/13, əl-Mirzə ən-Nuri, "Mustədrakul-Vasəil" 14/452, əl-Brucerdi, "Cəmiu Əhədisiş-Şia" 21/20.

• Əbu Abdullah (yəni imam Cəfər) demişdir: "Kişi üçün siğə etməsi müstəhəbdir. Sizdən birinizin bir dəfə də olsun belə siğə etmədən dünyadan getməsini istəmərəm".
Mənbə: əl-Mufid, "Risələtul-Muta" səh. 7, əl-Amili, "Vasəiluş-Şia" 21/13, əl-Bəhrani, "əl-Hədəiqun-Nadira" 24/119, əl-Brucerdi, "Cəmiu Əhədisiş-Şia" 21/19.

• Əbu Abdullah (a) demişdir: "Bir kişi siğə edər və sonra da qüsl edərsə Allah-Təala onun bədənindən damcıldayan hər bir damcıdan yetmiş mələk yaradar və o mələklər də onun üçün Qiyamətə qədər bağışlanma diləyərlər. Siğədən uzaq olanı isə Qiyamətə qədər lənətləyərlər".
Mənbə: əl-Mufid, "Risələtul-Muta" səh. 9, əl-Amili, "Vasəiluş-Şia" 21/16, əl-Cəvahiri, "Cəvahirul-Kələm" 30/151, əl-Brucerdi, "Cəmiu Əhədisiş-Şia" 21/20.

Sunna.az - saytının rəsmi heyəti tərəfindən hazırlanmışdır.