Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Qurani-Kərimin yazılması və toplanması

Əziz və dəyərli oxuyucular! Bir çoxlarınız Qurani-Kərimin necə kitab halına salınması, necə cəm olunması barəsində çox az məlumata malikdir. Bu videoçarxımızda Qurani-Kərimin kitab halında cəm olunmasını sizlərin nəzərinə çatdıracağıq.

İslam dininin ən əsas təməli olan müqəddəs kitabımız Qurani-Kərim günümüzdə istifadə etdiyimiz halına gələnə qədər müəyyən mərhələlərdən keçmişdir. Təbii ki, bununla Quranın dəyişikliklərə məruz qaldığını qəsd etmirik. Bunun daha yaxşı aydınlaşması üçün həmin mərhələləri aşağıdakı kimi sadalaya bilərik:

Birinci mərhələ: İlk dəfə yazılması
Qurani-Kərim 23 il (miladi təqvimlə 610-632-ci illər) ərzində Muhəmməd Peyğəmbərə (Allahın ona salavatı və salamı olsun) ayə-ayə, surə-surə tədricən nazil olmuşdur.

Peyğəmbərin zamanında yazmağa yox, əzbərləməyə daha çox üstünlük verilirdi. Belə ki, həmin dövrdə insanların hafizəsi olduqca güclü, əzbərləmə qabiliyyətləri isə olduqca sürətli idi. Sayca qarilərin (Quranı hafizəsinə köçürənlərin) sayı da olduqca çox idi. Rəvayət edilir ki, Ənəs ibn Məlik demişdir: “Bir dəfə Peyğəmbər yetmiş nəfər qarini bir yerə göndərmişdi. Yolda Məunə quyusunun yaxınlığında Səlim oğullarından olan Həyyan, Ril və Zəkvan qəbilələrinin üzvləri onları qətlə yetirdilər”. (Buxari, 3064)

Onlardan başqa da səhabələr arasında qarilər çox idi. Misal olaraq dörd xəlifəni, Abdullah ibn Məsudu, Əbu Huzeyfənin mövlası Səəlimi, Ubey ibn Kəəbi, Muaz ibn Cəbəli, Zeyd ibn Səəbiti və Əbu Dərdanı göstərmək olar. Allah onlardan razı olsun.

Bu illər ərzində həmçinin “vəhy katibləri” dediyimiz səhabələr tərəfindən Quran ayələri daş, yarpaq, sümük və s. şeylərin üzərinə yazılmışdır. Lakin həmin dövrdə Qurani-Kərim vahid bir kitab halında bir yerə gətirilməmiş, surə və ayələr dağınıq halda səhabələrin əllərində idi. Çünki hələ vəhyin nazil olması davam edir və müəyyən ayələrin nəsx olunması prosesi baş verirdi. Qeyd etmək lazımdır ki, həmin dövrdə Quran ayələri hərəkəsiz və nöqtəsiz yazılırdı.

İkinci mərhələ: Bir kitabda toplanması
Peyğəmbərin vəfatından sonra ilk xəlifə Həzrəti Əbu Bəkrin dövründə Zeyd ibn Səəbitin rəhbərliyində qurulan bir komissiya tərəfindən bütün ayə və surələr səhifələr halında bir yerə cəm edilir.
Belə ki, Əbu Bəkrin xilafəti dövründə hicrətin on ikinci ili Yəməmə döyüşündə çox sayda qari, o cümlədən də Əbu Hüzeyfənin mövlası Səəlim qətlə yetirildi. Bu həmin Səəlimdir ki, Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) Quranı ondan öyrənməyi əmr etmişdi. Bu hadisədən sonra Əbu Bəkr Quran itməsin deyə onun cəm olunmasını əmr etdi. Buxarinin “Səhih” əsərində deyilir ki, Yəməmə döyüşündən sonra Ömər ibn əl-Xəttab Quranın cəm olunması ilə bağlı Əbu Bəkrlə məşvərət etdi. O bir müddət dində yenilik edəcəyindən ehtiyatlanaraq tərəddüd etdi. Ömər o qədər ona bunu məsləhət verdi ki, sonda Allah Əbu Bəkrin qəlbini razı saldı. Sonra Əbu Bəkr Zeyd ibn Səəbiti yanına çağırtdırdı. Zeyd gəldikdə Əbu Bəkr Ömərin də hüzurunda ona dedi: “Sən ağıllı bir gəncsən və hər hansı bir böyük günahı etməkdə ittiham olunmamısan. Həmçinin sən Peyğəmbərə gələn vəhyləri də yazırdın. Odur ki, Quranı toplayaraq, onu cəm et”. Zeyd dedi: Beləcə mən Quranı xurma budaqları, daşlar və insanların hafizəsindən toplamağa başladım. Topladığım səhifələr Əbu Bəkr vəfat edənədək onun, sonra Ömər sağ olduğu müddətdə onun, sonra da Həfsa bint Ömərin yanında qaldı. Müsəlmanlar da Əbu Bəkrin bu əməlini təqdirəlayiq hesab edərək, onun nailiyyətlərindən saymışlar.

Hətta Əli ibn Əbu Talib belə demişdir: “Quranın cəm olunması məsələsində ən böyük əcr Əbu Bəkrə məxsusdur. Allah Əbu Bəkrə rəhmət eləsin. Allahın kitabını ilk dəfə cəm edən o olmuşdur”.


Üçüncü mərhələ: Vahid müshəfin saxlanması və çoxaldılması
Quranın toplanmasının sonrakı mərhələsi isə möminlərin əmiri Osman ibn Əffanın dönəminə, hicrətin iyirmi beşinci ilinə təsadüf edir. Həmin vaxt səhabələrin əllərindəki səhifələrdə bəzi fərqlər olduğu üçün insanlar Quranı fərqli şəkildə oxuyurdular. Qeyd edək ki, Quran da endirilərkən 7 hərf üzrə endirilmişdi. Bu 7 hərf bir növ 7 ləhcəyə bənzəyirdi və aralarında müəyyən fərqlər vardı.
Səhabələr fitnənin baş verməsindən qorxdular və Osman əmr etdi ki, səhifələr toplansın və Quran vahid formada olsun ki, insanlar Allahın kitabı barəsində ixtilafa və təfriqəyə düşməsinlər. Rəvayət olunur ki, Huzeyfə ibn əl-Yəmən Ərməniyyə ilə Azərbaycanın fəthindən sonra geri dönüb Osmanın yanına gəldi. İnsanların qiraətdəki ixtilafı onu qorxutmuşdu. O dedi: “Ey möminlərin əmiri, bu ümmət yəhudi və xaçpərəstlər kimi, öz kitabları barəsində ixtilafa düşməmişdən öncə onların dadına çat”. Osman Həfsanın yanına adam göndərdi ki, Əbu Bəkrin toplatdırdığı müshəfi, səhifələri bizə göndər, onların surətlərini çıxarıb sənə qaytaraq. Həfsa da onun dediyini yerinə yetirdi. Sonra Osman əmr etdi ki, Zeyd ibn Səəbit, Abdullah ibn Zubeyr, Səid ibn əl-As və Abdur-Rahmən ibn əl-Həris ibn Hişam səhifələri vahid Qurana köçürsünlər. Onlar Osmanın dediklərini yerinə yetirərək səhifələri vahid Quran nüsxəsinə - vahid müshəfə köçürdülər. Sonra Osman səhifələri Həfsaya qaytardı. Daha sonra o, müshəfdən çoxlu nüsxələr köçürülürməsini əmr etdi və müxtəlif yerlərə - Məkkə, Bəsrə, Kufə və Şam kimi İslam mərkəzlərinə göndərdi. İnsanların əlində bu Qurana müxalif olan səhifə və kitabların isə yandırılmasını əmr etdi. Osman bunu səhabələrlə məsləhətləşdikdən sonra etmişdi. Onlar möminlərin əmiri Osman ibn Əffanın etdiyi bu əməli razılıqla qarşılamışlar. Onun bu əməli Əbu Bəkrin gördüyü işi tamamlayırdı.
Əbu Bəkrlə Osmanın Quranı toplamaları arasındakı fərq onda idi ki, Əbu Bəkr səhifələr itməsin deyə onları bir yerə toplayaraq cəm etmiş, insanlara Quranı vahid şəkildə oxumağı əmr etməmişdi. Çünki həmin vaxt insanların fərqli şəkildə Quran oxumaları halları qeydə alınmamışdı. Osmanın zamanında isə artıq bəziləri Quranı fərqli şəkildə oxuduqları üçün və bu olduqca təhlükəli olduğu üçün Osman hamını vahid Quran ətrafında birləşməyi əmr etmişdi. Bu əməl nəticə olaraq bütün müsəlmanların birliyinə, həmrəyliyinə və mehribançılığına səbəb oldu. Eyni zamanda ümmətin parçalanması, müsəlmanların fikir ayrılığına düşmələri, kin-küdurətin və düşmənçiliyin yayılması kimi böyük fəsadların qarşısı alındı.
Beləcə həmin vaxtdan bu günümüzədək Quran müsəlmanların ittifaq etdikləri vahid şəkildə nəsildən-nəsilə keçərək bizlərə gəlib çatmışdır. Bu Qurana yolunu azmış heç bir kəs müdaxilə edərək dəyişiklik edə bilməmişdir.

Dördüncü mərhələ: Hərəkələnməsi
Daha əvvəl də qeyd etdiyimiz kimi, ilk dövrlərdə Qurani-Kərim nüsxələrində hərflərin nöqtələri və hərəkələri yox idi. Qeyri-ərəb xalqlar İslam dinini qəbul etdikləri halda onlar Quran oxumaqda bu səbəbdən çətinlik çəkirdilər. Eləcə də səhv oxunuşlar mənaya təsir edirdi. Buna görə də Əbül-Əsvəd əd-Düəli (ö. 688) tərəfindən nöqtə və hərəkələr icad edilmiş, daha sonra Xəlil ibn Əhməd (ö. 791) tərəfindən bunlar təkmilləşdirilərək günümüzdəki Qurani-Kərim yazısı halına gətirilmişdir və beləliklə Qurani-Kərim yazısı hər kəsin asanlıqla oxuya biləcəyi bir hala gətirilmişdir.

Beşinci mərhələ: Səcavəndlərin qoyulması
Ərəb dilində hələ nöqtə, vergül, abzas və s. kimi durğu işarələri yox idi və Qurani-Kərimin oxunuşunda buna riayət olunmaması bəzi hallarda səhv məna verilməsinə yol açırdı. Bu səbəbdən Məhəmməd ibn Teyfur əs-Səcavəndi (ö.1165) durğu işarələrini əvəz edəcək ج, ع, لا, ط kimi hərfləri Qurani-Kərim ayələrinin lazımi yerlərinə yerləşdirərək bu əskikliyi aradan qaldırmışdır. Buna görə də həmin hərflərin qoyulma qaydasına alimin adına nisbətlə “səcavənd” deyilmişdir.

Sonda, özümüzə və xalqımıza bu Müqəddəs Kitabı haqqını verərək oxumağı, ayələrindən ibrət çıxarmağı, ona əməl edərək ondan möhkəm tutunmağı tövsiyyə edirik.

Sunna.az - saytının rəsmi heyəti tərəfindən hazırlanmışdır.

Məqalənin video variantını buradan izləyə bilərsiniz.