Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)
Əvvələ qayıt
Gecə namazı
Gecə namazının fəziləti
Gecə namazı qəlbi imanla dolduran bir mənbədir. Qəlb bu mənbədən qidalanır. Gecə namazı bəndənin Rəbbi ilə ünsiyyətdə olduğu saatlarının ən gözəl və xoş dəqiqələridir. Uca Allah bu ibadət vasitəsilə sevdiyi bəndəsini qafil insanların, gecə yuxusuna dalanların içindən seçir və onu digərlərindən ayırır. Bəndə də öz növbəsində gecə qaranlığının sükunəti içərisində Rəbbi ilə ünsiyyət quraraq Ona yönəlir. Necə ki bu barədə Peyğəmbər ﷺ belə demişdir: “Qulun Rəbbinə ən yaxın olduğu vaxt gecənin son qismidir. Həmin vaxtda Uca Allahı zikr edən kəslərdən ola bilsən, ol!” (1). Bəli, bu iş çətindir, lakin unutmaq lazım deyil ki, əcr və savab da işin çətinliyinə görə artar.
Uca Allah gecə namazına qalxanları öyərək belə buyurur:
• “Məgər gecə saatlarını səcdə edərək və ayaq üstə duraraq ibadət içində keçirən, axirətdən çəkinən və Rəbbinin rəhmətinə ümid bəsləyən kimsə kafirlə eynidirmi?” (2)
• “Onlar gecə namazını qılmaq üçün böyürlərini yataqdan qaldırır, qorxu və ümid içində öz Rəbbinə yalvarır və onlara verdiyimiz ruzilərdən Allah yolunda xərcləyirlər”.(3)
• “Şübhəsiz ki, müttəqilər Cənnət bağlarında və bulaqlar başında olacaqlar, öz Rəbbinin onlara verdiyini alacaqlar. Həqiqətən, onlar bundan əvvəl yaxşı iş görən adamlar olmuşdular.Onlar gecələr ibadət edib, az yatırdılar. Sübh çağı isə bağışlanma diləyirdilər”.(4)
Peyğəmbər ﷺ demişdir:
• “Gecə namazını qılın! Çünki gecə namazı sizdən əvvəlki saleh insanların adəti, sizi Rəbbinizə yaxınlaşdıran, asiliklərdən qoruyan və günahlara kəffarə olan amildir”.(5)
• “Fərz namazlarından sonra ən əfzəl ibadət gecə namazıdır”.(6)
• Abdullah ibn Ömərə (Allah hər ikisindən razı olsun) belə demişdir: “Ey Abdullah, gecə namazını qılan, sonra isə onu tərk edən filankəs kimi olma!” (7)
Peyğəmbər ﷺ ayaqları şişənə qədər gecə namazı qılardı. Aişə anamız ona belə demişdir: “Məgər Allah sənin keçmiş və gələcək günahlarını bağışlamayıbmı?” O ﷺ da cavabında: “Şükr edən bəndə olmayımmı?” – demişdir.(8)
Abdullah ibn Salam (Allah ondan razı olsun) belə nəql edir: “Peyğəmbərin ﷺ Mədinəyə gəldiyi ilk gün insanlar ona doğru axışmağa başladılar. Mən də həmin insanların arasında idim. Ona baxdıqda həmən onu tanıdım və çöhrəsindən bildim ki, bu çöhrə yalan danışan bir kəsin çöhrəsi deyil. Həmin vaxt ondan eşitdiyim ilk kəlam bu oldu: “Ey insanlar, öz aranızda salamı yayın, acları doyurun, qohumluq əlaqələrini möhkəm tutun, insanlar yatdıqları halda, sizlər gecə namazına durun və nəticədə tam əmin halda Cənnətə daxil olun”.(9)
Peyğəmbərimizin ﷺ gecə namazlarına qalxanlar üçün ayrıca dua etməsi bu ibadətin fəzilətini anlaya bilməyimiz üçün bizə kifayət edər. O ﷺ belə dua etmişdir: “Gecənin bir vaxtında qalxıb namaz qılan və öz arvadını da (namaz qılması üçün) qaldıran, qalxmaq istəmədiyi zaman üzünə su səpən kişiyə Allah rəhmət etsin. Gecənin bir qismində qalxıb namaz qılan və öz ərini də (namaz qılması üçün) qaldıran, qalxmaq istəmədiyi zaman isə üzünə su səpən qadına da Allah rəhmət etsin”.(10)
Gecə namazına qalxan üçün müstəhəb olan əməllər
1. Yatmamışdan öncə gecə namazına qalxmaq üçün niyyət etmək. Belə etdikdə yatıb qaldığı və gecə namazına qalxa bilmədiyi halda belə, ona gecə namazının savabı yazılar. Peyğəmbər ﷺ demişdir: “Kim yatağına girdikdə gecə namazına qalxmaq üçün niyyət edər, lakin qalxa bilməyib səhərəcən yatarsa, etdiyi niyyət savab olaraq onun üçün yazılar, gecə yuxusu isə Rəbbindən ona bir sədəqə olar”.(11)
2. Gecə namazına durduqda ilk növbədə Ali-İmran surəsi, 191 və 192-ci ayələri oxumaq. Uca Allah həmin ayələrdə belə buyurur: “O kəslər ki ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yad edir, göylərin və yerin yaradılması haqqında düşünür və deyirlər: "Ey Rəbbimiz! Sən bunları əbəs yerə xəlq etməmisən. Sən pak və müqəddəssən. Bizi Odun əzabından qoru! Ey Rəbbimiz! Sən Oda saldığın kəsi rüsvay edərsən. Zalımların köməkçiləri olmaz”.(12)
3. Gecə namazına iki qısa rükətlə başlamaq. Peyğəmbər ﷺ demişdir: “Sizdən biri gecə namazına qalxdıqda qoy gecə namazına iki qısa rükətlə başlasın!” (13); “Allaha ən sevimli əməl az olsa da, davamlı olan əməldir”.(14)
4. Gecə namazına duran kəsin öz ailəsini də durğuzması müstəhəbdir. Peyğəmbər ﷺ demişdir: “Gecənin bir vaxtında qalxıb namaz qılan və öz arvadını da (namaz qılması üçün) qaldıran, qalxmaq istəmədiyi zaman üzünə su səpən kişiyə Allah rəhmət etsin”.(15)
5. Gecə namazı çox çətin gəldiyi vaxt yatağa qayıdıb yatmaq. Peyğəmbər ﷺ demişdir: “Hər kəs öz gücü daxilində namaz qılsın. Yorulduqda, yaxud istəksiz və halsız olduqda isə yatsın” (16); “Gücünüz çatan işi boynunuza götürün!”.(17)
6. İlk öncə səkkiz, daha sonra iki və ardınca bir rükət qılmaq. Gecə namazının ən çox rükət sayı budur. Aişə anamız xəbər vermişdir ki, Peyğəmbər ﷺ nə Ramazanda, nə də Ramazan xaricində heç vaxt gecə on bir rükətdən artıq namaz qılmazdı.(18) Bu, gücü çatan üçün ən yuxarı rükət sayıdır. Belə ki, on bir rükəti qiyamını uzadaraq dörd, beş saata qılar. Əgər qiyamı çox uzatmaq ağır gələrsə, bu zaman qiyamı qısaldıb rükətlərin sayını artırmaq olar. Çünki Peyğəmbər ﷺ: “Gecə namazı iki rükət-iki rükət olaraq qılınar”,(19) – demiş və rükət sayı üçün məxsusi bir hədd qoymamışdır.
7. Gecə namazını gecənin son üçdə birinə saxlamaq. Peyğəmbər ﷺ demişdir: “Qulun Rəbbinə ən yaxın olduğu vaxt gecənin son qismidir. Həmin vaxtda Uca Allahı zikr edən kəslərdən ola bilsən, ol!” (20)
Sunna.az - saytının rəsmi heyəti tərəfindən hazırlanmışdır.
(1) Əbu Davud, 1277, Nəsai 1/279.
(2) Əz-Zumər, 9.
(3) Əs-Səcdə, 16.
(4) Əz-Zəriyət, 15-18.
(5) Tirmizi, 3543, Beyhəqi 2/502, Hakim (1/308) hədis Buxarinin şərtləri əsasında səhihdir demiş, Zəhəbi də bununla razılaşmışdır.
(6) Müslim, 1163, Əbu Davud, 2429, Tirmizi, 438.
(7) Buxari və Müslim.
(8) Buxari və Müslim.
(9) Tirmizi (3478) hədisin həsən səhih olduğunu demişdir. Hakim (3/13) hədis Buxari və Müslimin şərtləri əsasında səhihdir demiş, Zəhəbi də bununla razılaşmışdır.
(10) Hədis səhihdir. Əbu Davud, 1308, Nəsai 3/205.
(11) Hədis səhihdir. Nəsai 3/258.
(12) Ali-İmran, 191-192.
(13) Müslim, 768, Əbu Davud, 1323.
(14) Buxari və Müslim.
(15) Əbu Davud (1307) və Nəsai (4/205) həsən sənədlə rəvayət etmiş, Hakim hədisin səhih olduğunu demiş, Zəhəbi də razılaşmışdır.
(16) Buxari və Müslim.
(17) Buxari və Müslim.
(18) Buxari və Müslim.
(19) Buxari və Müslim.
(20) Əbu Davud, 1277, Nəsai 1/279.
SON ƏLAVƏLƏR