Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

"Fələq" və "Nəs" surələrinin asan təfsiri. Quranın ecazkar mənaları #3

Əziz həmvətənlər, dəyərli oxuyucular. Bu gün sizə Qurani-Kərimin iki möhtəşəm surəsi əl-Fələq və ən-Nəs surələri haqqında danışacağıq. Ötən məqalələrimizdə İxlas surəsi haqqında yazarkən Fələq və Nəs surələrinin fəzilətinə də toxunmuşduq.

Fələq və Nəs surəsi Quranı-Kərimin tərtibatında kitabın ən son, 113 və 114-cü surələridir. Hər iki surə Mədinə şəhərində Peyğəmbərimizə (Ona Allahın salavatı və salamı olsun) vəhy edilmişdir. Bir gün Peyğəmbər əshabələrinə müjdə verərək dedi: “Bu gecə misli görülməmiş surələr nazil olub, Bunlar “Qul əuzu birabbil fələq” və “Qul əuzu birabbin nəs” surələridir”. (Muslim: 264, Əhməd: 17303)

Peyğəmbərimiz ﷺ hər iki surəni axşam yatarkən və səhər yuxudan oyanarkən oxumağı da əmr etmişdir. (Əhməd: 17296)
Peyğəmbərimiz bu surələri hər gün səhər-axşam, yatmadan öncə və yuxudan oyananda oxuyar və onlarla Allaha sığınardı.

İnsan nəfsi kin-küdurət, həsəd, paxıllıq və s. mənfi xarakterlərə meyilli olduğu üçün bəzən adam özü də bilmədən, hiss etmədən belə hallara məruz qala bilər. Göz ilə görünməyən bu kimi hücumların qarşısını almaq üçün ən gözəl və yeganə çıxış yolu bütün növ şərlərdən uca Allaha sığınmaq, pənah aparmaqdır.

Peyğəmbərimiz (Ona Allahın salavatı və salamı olsun) Allahın himayəsində olmasına rəğmən, bu surələri oxuyar və Allaha sığınardı. Hətta axşam yatağına girərkən İxlas, Fələq və Nəs surələrini ovcuna oxuyub üfürər, ovuclarını bədəninə sürtər, sonra isə sağ çiyni üstə uzanıb yatardı. Bununla Peyğəmbər  bu surələrdə olan xeyir-bərəkəti Allahdan istəyir və qarşılaşa biləcəyi şərdən, xəta-bəladan Allaha pənah aparırdı.

Həmçinin Aişə anamız deyir ki, Peyğəmbər ﷺ əhlindən birinin xəstələndiyini gördükdə “Fələq və Nəs” surələrini oxuyardı. Peyğəmbər vəfat etməzdən əvvəl xəstələndiyi zaman mən də oxuyar və öz əlləri ilə bədəninə sürtərdim. Çünki onun əlləri mənim əllərimdən daha bərəkətli idi. (Muslim)

Əbu Səid rəvayət edir ki, Peyğəmbər ﷺ cinlərdən və insan gözündən Allaha sığınardı. Fələq və Nəs surələri nazil olduqda isə, daha çox onların vasitəsi ilə sığınmağa başladı. (Tirmizi, Albani)


Buradan:
“Cadu Açan, Göz Qaytaran Ruqya duaları”,
“Gizli cadunu tapma, Cadu açma qaydası",
“Cadu açmağı bizimlə öyrənin!”,
“Cadu açma, Cinçıxarma haqda suallara cavab verdik” adlı videoçarxlarımızı da izləməyi unutmayın. Bu videoçaxrlarda basdırılmış cadunu tapmaq, onu batil etmək, bədənə girmiş cini çıxartmaq, övladlarınızı və özünüzü bəd-nəzərdən qorumaq haqqında doğru və dolğun məlumatları əldə edəcəksiz. Bu videoçarxın açıqlama bölməsində keçidləri tapa bilərsiz.


əl-Fələq (Sübh) surəsi
بِسْمِ اللهِ الرَّحْمنِ الرَّحِيمِ

1 - {De: “Pənah aparıram sübhün Rəbbinə!} Ayənin məğzi budur ki, necə Allah təalə bütün dünyanı gecənin zülmət qaranlığından işığa qovuşdurmağa qadirdirsə, demək Ona pənah aparan və sığınan insanı qorxduğu şər və fitnədən qorumağa da qadirdir.
2 - {Yaratdıqlarının şərindən;} Allahın yaratdığı hər bir məxluqun şərindən Ona sığınıram.
3 - {Zülmətə bürünməkdə olan gecənin şərindən;} Gecənin qaranlığı insana zərər verə biləcək yırtıcı heyvanların, həşəratların və pis niyyətli insanların fəal vaxtı olduğu üçün əyani qoruyucu səbəblərlə yanaşı, Allahın qorumasını da istəmək lazımdır ki, şər məxluqatların fəsad və şəri səndən yan keçirilsin.
4 - {Düyünlərə üfürən qadınların şərindən;} Sehrbazlıq, cadugərlik və falçılıq ilə adətən qadınlar məşğul olur və bu işə daha çox meyl göstərirlər. Çoxluq nəzərə alınaraq ayədə cadu edib düyünə üfürən qadınların şərindən Allaha pənah aparılır. Əlbəttə ki, bu çirkin əməllər Allaha qarşı küfr və ən böyük günahdır.
5 - {Və bir də, həsəd aparan zaman həsəd edənin şərindən!”} Həsəd, Allahın kiməsə verdiyi nemətin onun əlindən çıxmasını arzulamaqdır. Həsəd aparmaq böyük günah və haram əməldir. Peyğəmbərimiz  bildirib ki, atəş odunu necə kül edirsə, həsəd də insanın savablarını elə məhv edir.
İnsanlar özləri də onlara həsəd aparmağa şərait yaratmamalıdırlar. Paylaşdığınız vatsap, instaqram və ya tiktok statusları ilə üzərinizə nə qədər nəfs, həsəd, paxıllıq və s. neqativ hissləri cəlb etmiş olursunuz. Diqqətli olmağa dəyər!
Hər bir cəmiyyətdə göz, həsəd, paxıllıq, cadu və s. bu kimi xəstəliklər geniş yayıldığı üçün uca Allah belə nəfslərdən Ona sığınmağımızı və səbəblər götürməyimizi əmr edir. Kim xalis niyyət ilə Allaha sığınarsa, Allah onu himayə edər.


ən-Nəs (İnsanlar) surəsi
بِسْمِ اللهِ الرَّحْمنِ الرَّحِيمِ

1 - {De: “Pənah aparıram insanların Rəbbinə;} Rəbb sözü sahib, ağa mənasını verir. İnsanların Rəbbi, sahibi və ağası uca və tək olan Allahdır. Onları yaradan, işlərini idarə edən və yaşamlarını səhmana salan Odur.
2 - {İnsanların ixtiyar sahibinə;} Kamil mülk və güclü hakimiyyət sahibi olan Allaha pənah aparıram.
3 - {İnsanların İlahına;} Mən insanların ibadət etməli olduqları yeganə tanrıya, ibadətdə tək olan İlaha, Allaha pənah aparıram. Ərəb dilində İlah sözü ibadət olunan deməkdir. Mal-mülk sahibinə kimlərsə ibadət edə bilərlər, lakin mütləq mülk sahibi və hər kəsin ibadət etməli olduğu haqq İlah, Odur. Çünki İlah adı bütün həqiqi mənası ilə Allaha layiqdir. Heç kəsin bu ada şərik olmağa haqqı yoxdur.
4 - {Vəsvəsə verən, qaçıb gizlənən Şeytanın şərindən-} Allaha pənah aparır, Ona sığınıram. Həqiqətən Allahın adı zikr olunanda şeytan qaçıb gizlənər, kiçilər, ən zəlil hala düşər. Allahın adı zikr olunmadıqda isə böyüyər, vəsvəsəsi artar və özünü qürurlu hiss edər.
5 - {O şeytan ki, insanların ürəklərinə vəsvəsə salır,} Şərrindən Allaha sığındığım şeytan, sıradan bir düşmən deyil. O insanın ürəyinə xitab etmək, vəsvəsə etmək bacarığındadır. Vəsvəsə, şeytanın insanın qəlbinə ötürdüyü, bizim səsini eşitmədiyimiz gizli çağırışıdır. Demək bu güclü düşmənə qarşı ən yüksək məqamdan sığınacaq almaq lazımdır ki, faydası olsun.
Amma bu növ düşmənçilik bacarığı təkcə cin-şeytana məxsus deyil, onlara oxşayan insanlarda da mövcuddur. Elə buna görə uca Allah növbəti ayədə buyurur ki, insanın ürəyinə vəsvəsə verənlər
6 - {Cinlərdən də olur, insanlardan da!} Cinlərdən olan şeytan insanların qəlbinə vəsvəsə verir. İnsanlardan olan “şeytan” isə özünü xeyirsevər, canıyanan, ədalətli və mehriban insan kimi göstərib, pis niyyətini işə salaraq insanın qəlbinə şübhə toxumları səpərək vəsvəsə verir. Üzdə nəsihət kimi görünən sözlər, əslində şeytanın vəsvəsəsi kimi insanın ürəyinə işləyir. Ona görə hər eşitdiyin sözə görə qərar verməyə tələsmə, deyiləni yoxla, araşdır, ondan sonra lazım olan addımı at.

Dəyərli oxuyucular! Uca Allahın nazil etdiyi bu iki möhtəşəm surə bizə dünya həyatında daha salamat yaşamaq və sıxıntılardan qurtulmaq üçün yol göstərir. Yolumuz Allahın yoludur. Bu yolu Peyğəmbərimiz Muhəmmədin (Ona Allahın salavatı və salamı olsun) təlimi ilə getməliyik ki, haqq yolda davam edə bilək. O ən gözəl örnək, ən nümənəvi dostdur.

Sonda sizlərə bu 2 surənin nə qədər önəmli olması haqqında daha bir hədis danışmaq istəyirik.
Uqba ibn Amir rəvayət edir ki: “Bir gün mən peyğəmbər ilə birlikdə Cuhfə ilə Əbva arasında gedərkən, birdən bizi külək və bir şiddətli (zülmətli) qaranlıq bürüdü. Peyğəmbər ﷺ Fələq və Nəs surələri ilə Allaha sığınmağa başladı və dedi: “Ey Uqbə! Bu iki surə ilə qorun. Heç bir sığınan onların bənzəri ilə qorunmadı”. (Əbu Davud)

Sunna.az - saytının rəsmi heyəti tərəfindən hazırlanmışdır.

Məqalənin video variantını buradan izləyə bilərsiniz.