Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

"İxlas" surəsinin asan təfsiri. Quranın ecazkar mənaları #2

əl-İxlas (Yalnız Allaha məxsus olan sifətlər) surəsi
بِسْمِ اللهِ الرَّحْمنِ الرَّحِيمِ

Dəyərli izləyicilər, əziz həmvətənlər! Bu gün sizə Qurani-Kərim surələrinin təfsiri silsiləsindən “əl-İxlas” surəsinin təfsiri haqqında danışacağam.
İxlas surəsi dörd ayədən ibarət olub, Məkkə şəhərində nazil olan surələrdəndir. Kiçikliyinə baxmayaraq Qurani-Kərimin ən əhəmiyyətli surələrindən hesab edilir. Belə ki, Peyğəmbərimizlə (ona Allahın salavatı və salamı olsun!) ədavət içərisində olan Məkkə müşrikləri hər gün bir bəhanə ilə onu incitməyə, bir sual ilə onu aciz qoymağa çalışırdılar. Onların növbəti həmləsi Allahın soyu-kökü haqqında soruşmaq və Peyğəmbəri mat qoymaq idi. Rəvayətlərdə deyilir ki, Müşriklər Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) belə dedilər; “Ey Muhəmməd! Bizlərə Rəbbinin soyundan — kökündən söhbət aç!” Uca Allah da bu surəni, yəni əl-İxlas surəsini nazil etdi; “Ey Peyğəmbər! De: O Allah birdir. Allah möhtac deyildir! O, nə doğmuş, nə də doğulmuşdur! Onun heç bir tayı-bərabəri də yoxdur!”
Müşriklərin bu sualı soruşmaqda məqsədləri Peyğəmbərin dili ilə Allah haqqında yanlış məlumat almaq və sonra bu yanlışlıq ilə Peyğəmbərə rişxənd etmək idi.
Daha bilmirdilər ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) özündən bir kəlmə də olsa danışmırdı, nə deyirdisə hamısı Allahın vəhyi idi.
Uca Allah “O, nə doğmuş, nə də doğulmuşdur!“ ayəsini deməklə, müşriklərin bütün gözlənditlərini puça çıxardı. Belə ki, doğulan hər bir şey öləcək və ölən hər bir şey də mütləq miras qoyacaq. İzzət və Cəlal sahibi olan Allah isə ölmür və Onun övladı da yoxdur ki, mirası da olsun. “Onun heç bir tayı-bərabəri də yoxdur!” Onun nə oxşarı, nə də bir şeydə ortağı vardır. Heç bir şey onun kimi deyildir.
Beləliklə uca Allah bu surə ilə həm Peyğəmbərini müşriklər qarşısında aciz qoymayaraq müdafiə etdi, həm də bəndələrinə Özünü doğru şəkildə tanıtdı.
İndi isə gəlin surənin fəzilətləri ilə tanış olaq.

İXLAS SURƏSİNİN FƏZİLƏTLƏRİ
Peyğəmbərmiz ﷺ onu Quranın “üçdə biri” kimi vəsf edib.
Rəvayətdə deyilir ki, bir kişi başqa birinin İxlas surəsini davamiyyətli olaraq oxuduğunu eşidir. Səhər açılan kimi Peyğəmbərin yanına gedib həmin kişinin əməlini kiçiltmək məqsədi ilə onun İxlas surəsini davamlı oxuması haqqında danışır. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) belə buyurur: “Canımı əlində saxlayana and olsun ki, həqiqətən, bu surə Quranın üçdə birinə bərabərdir”. (Buxari, 6643)

Bu surəni gündə on dəfə oxuyan üçün Cənnətdə qəsr tikilər.
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) demişdir: “Kim “qul huvəllahu əhəd” surəsini gündə on dəfə oxuyarsa, Allah onun üçün Cənnətdə qəsr inşa edər.” (Əhməd, 15610)

Bu surəni sevməklə Cənnəti qazana bilərsən.
Ənsarlardan bir kişi Quba məscidində onlara imamlıq edərdi. Hər dəfə namazın ilk surəsini oxumazdan əvvəl “Ey Peyğəmbər! De: O Allah birdir” surəsini sona qədər oxuyar və bunun ardınca isə başqa surə oxuyardı. O, bunu hər rükətdə edərdi. Yoldaşları onunla söhbət etdilər və ona dedilər: Sən namaza bu surə ilə başlayırsan. Bu sənə kifayət etmirmiş kimi başqa bir surə də oxuyursan. Sən ya bu surəni oxu, ya da bunu deyil, başqa birisini oxu. O isə delə cavab verdi: Mən bu surəni oxumaqdan əl çəkən deyiləm. Əgər istəyirsinizsə mən sizə imamlıq edim, bunu edəcəm. Yox əgər mənim imam olmamı istəmirsinizsə, onda mən sizə namaz qıldırmaram. Onlar bu insanı özlərindən daha savadlı olduğunu düşünürdülər. Bunu deyil, başqasının onlara imamlıq etməsini də istəmirdilər. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) onların yanına gəldikdə bu hadisəni ona danışdılar. Allah Rəsulu həmin insana belə dedi: “Ey filankəs, dostlarının dediyini etməyə nə mane olur? Hər rükətdə bu surəni nə üçün oxuyursan?” Kişi dedi: Mən bu surəni sevirəm. Bunun qarşılığında Peyəmbər belə dedi: “Bu surəyə olan sevgin səni Cənnətə salacaq”. (Buxari, 775)

İxlas surəsinin mənası ilə dua etmək ən gözəl dualardandır.
Bir gün Bureydə adlı səhabə Peyğəmbərlə birgə məscidə girərkən bir kişi namaz qılırdı. O, bu sözləri deyərək dua edirdi: “Allahım, Səndən başqa ibadətə layiq ilahın olmadığı, sənin tək, heç kəsə və heç nəyə möhtac olmaman, doğmayıb və doğulmamış olmağın, tayın və bənzərinin olmaması haqqında gətirdiyim şəhadətimi bilməni istərdim”. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) belə dedi: “Nəfsimi əlində tutana and olsun ki, bu, Allahın ən uca adıyla dua etdi. Bu adlarla istənilərsə Allah əta edər, dua olunarsa, Allah cavab verər”. (Nəsai, 1300)

İxlas surəsini, Fələq və Nəs surələri ilə birlikdə hər gün oxumamış yatma!
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) mənə İxlas, Fələq və Nəs surələrini oxutdurdu və belə dedi: “Ey Uqbə! Bu surələri unutma və bunları bir gecə də olsun oxumadan yatma”. (Əhməd: 17334)

İxlas surəsi ilə özünü ovsun edə bilərsən.
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) hər gecə yatağına girərkən ovuclarını birləşdirib onlara üfürər və İxlas, Fələq və Nəs surələrini oxuyub bədəninin bacardığı yerlərinə qədər sürtərdi. Əvvəl başına və üzünə, daha sonra isə bədəninin müxtəlif hissələrinə sürtərdi.
Allah Rəsulu bu hərəkətləri üç dəfə edərdi. (Buxari, 5017)

İxlas surəsi ilə şərdən qoruna bilərsən
Peyğəmbər ﷺ demişdir: “İxlas, fələq və nas surələrini axşam və səhər üç dəfə oxusan, səni hər şeydən qoruyar”. (Əbu Davud, 5082)

İxlas, Fələq və Nas surələri ilə şəfa tapmaq
Aişə anamız deyir ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) özünü narahat hiss edəndə İxlas, Fələq və Nas surələrini oxuyar və ovucuna üfürüb bədəninə sürtərdi. Peyğəmbərin ağrıları çoxaldıqda isə mən onun üçün oxuyar, onun əvəzinə əlini bədəninə sürtərdim”. (Muslim, 5844)

İXLAS SURƏSİNİN TƏFSİRİ
İndi isə gəlin surənin ayələrinə və onların mənasına nəzər salaq:
1 - { De: O Allah birdir; } Müşriklər, "Ey Muhəmməd, rəbbinin nəsil-nəcabətini söylə" – dedikdə bu surə nazil oldu. Surənin mənası budur: Əgər siz, Allahın nəsil-nəcabətini bilmək istəyirsinizsə, O Allah birdir, təkdir, şəriki yoxdur.
2 - { Allah möhtac deyildir! } Ayədə deyilən "əs-Saməd" sifəti ehtiyaclar ünvanlanan mənasındadır. Yəni möhtacların ehtiyaclarını ödəməyə qadir olduğu üçün Ona üz tuturlar. İbn Abbas deyir: "əs-Saməd ağalığı kamil olan ağa, əzəmətində kamil olan sahib, mülayimlikdə kamil olan həlim, varlılıqda kamil olan ğəniyy, gücündə kamil olan cabbar, elmində kamil olan alim, hikmətində kamil olan həkimdir. Bu, Allaha xas olan sifətlərdir və heç kəsin bunda haqqı yoxdur."
3 - { O, nə doğmuş, nə də doğulmuşdur! } Onun övladı olmamış, nə də Özü kimdənsə olmamışdır. Çünki ona bərabər olacaq heç nə yoxdur. Həmçinin Ona yoxluğu nisbət etmək mümkün deyil. Doğulan isə, doğulmadan öncə yox idi. Yəni Allahın atası yoxdur ki, ona da nisbət olunsun. Qatədə deyir: "Müşrik ərəblər deyirdilər ki, mələklər Allahın qızlarıdır. Yəhudilər isə deyirdilər ki, Üzeyir Allahın oğludur. Xaçpərəstlər isə deyirdilər ki, İsa Məsih Allahın oğludur. Uca Allah { O, nə doğmuş, nə də doğulmuşdur!} ayəsi ilə bütün bu iddiaları yalanladı".
4 - { Onun heç bir tayı-bərabəri də yoxdur!” } Heç kəs Ona bərabər və ya oxşar ola bilməz. Heç kəs onun kamillik sifətlərinə şərik çıxa bilməz.

Dəyərli izləyicilərimiz! Bu gün sizinlə uca Allahın nazil etdiyi möhtəşəm bir surə ilə tanış olduq. Uca Allahdan diləyimiz budur ki, sizi bu surəni sevməyə müvəffəq etsin.

Sunna.az - saytının rəsmi heyəti tərəfindən hazırlanmışdır.

Məqalənin video variantını buradan izləyə bilərsiniz.