Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

"Peyğəmbərin qəbri məsciddədir" şübhəsi

Sufilər qəbirlərin üzərində məscid tikilməsinin icazəli olmasına dəlil kimi Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) qəbrinin də Mədinə məscidinin içində olmasını dəlil gətirirlər.

Şübhənin cavabı:
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) məsciddə deyil, öz evində dəfn olunmuşdur. Çünki Peyğəmbərdən (ona Allahın salavatı və salamı olsun) rəvayət olunan səhih hədisdə deyilir: “Peyğəmbərlər öldükləri yerdə dəfn olunurlar”.
Möminlərin əmiri Valid ibn Abdul-Məlik ilk yüz illiyinin sonunda məscidi genişləndirərkən, Peyğəmbərin evini məscidin tərkibinə daxil etmişdir, çünki məscid genişləndirildikdə, ev məscidin daxilində qalmışdır. Nəticə də odur ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) məsciddə deyil, öz evində dəfn edilmişdir. Əksinə, məsciddə insanı dəfn edib, orada qəbir qoymaq olmaz. Belə ki, Peyğəmbər qəbirlərin üzərində məscid tikməyi qadağan etmişdir. Aişə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəməbərin (ona Allahın salavatı və salamı olsun) vəfat etməsinə səbəb olan xəstəliyə tutulduğu zaman demişdir: “Allah yəhudilərə və xristianlara lənət eləsin! Onlar peyğəmbərlərinin qəbirlərini ibadətgaha çevirmişlər”. Aişə deyir: “Peyğəməbər bu sözü deməsəydi, müsəlmanlar onun qəbrini aşkarda saxlayardılar. Ancaq mən onun qəbrinin ibadətgaha çevrilməsindən qorxuram”. (əl-Buxari, 1244, 1330).
Şeyx İbn Bəzə (Allah ona rəhm etsin) deyirlər: “Qəbirə ibadət edənlərin bir neçə şübhəsi var, Onlar Peyğəmbərin qəbrinin məsciddə olmasını şübhə olaraq gətirirlər. Buna cavab nədir?”
İbn Bəzz (Allah ona rəhm etsin) deyir: “Səhabələr Peyğəmbəri (sallallahu aleyhi və səlləm) məsciddə deyil, Aişənin evində dəfn etdilər. Amma Valid ibn Abdul-Məlik birinci mübarək əsrin sonlarında məscidi genişləndirdikdə, Aişənin otağını məscidin içinə daxil etdi. O vaxtın elm əhli bunu inkar etsə də, o, məscidin genişləndirilməsi zamanı otağın məscidə daxil edilməsində bir problem görmədi. Heç bir müsəlmana Peyğəmbərin qəbrinin məsciddə olmasını dəlil gətirib qəbir üzərində məscid tikməsi icazəli deyil. Ölənlərin, övliyaların qəbirləri üzərində məscid tikilməsi icazəli deyil. Bunlar səhih hədislərə ziddir. Bu, şirkə aparan yollardandır”. (İbn Bəzz “Məcmuul-Fətava” 5/388-389).
Hicrətin 88-ci ilində Abdul-Məlik ibn Mərvan Mədinə məscidini genişləndirərkən Peyğəmbərin (sallallahu aleyhi və səlləm) qəbrini məscidin ərazisinə salmaq istəyir, lakin bu qərara alimlər öz etirazlarını bildirirlər. Buna baxmayaraq Vəlid öz fikrində israrlı olur və bunun qəbahət olmadığını iddia edir. Nəticədə günümüzə gələn mənzərənin şahidi oluruq. Vəlidin bu qərarı səhv bir qərar olmuşdur. Hətta möminlərin anası Aişə daima Peyğəmbərin (sallallahu aleyhi və səlləm) qəbrinin məscidə qatılmasından ehtiyat etmişdir, çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) sağlığında bundan şiddətli şəkildə çəkindirərdi.
Aişə rəvayət edir ki, Ummu Həbibə və Ummu Sələmə Həbəşistanda gördükləri və içərisində rəsmlər olan kilsə haqqında xəbər vermişlər. Onlar (bu haqda) Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun) xəbər vermiş və o da belə demişdir: “Onlar içərilərindən əməlisaleh bir adam öldükdə onun qəbri üstündə məbəd tikir və (divarlarında) həmin rəsmləri çəkirlər. Qiyamət günü onlar Allah yanında yaradılmışların ən pisi olacaqlar”. (əl-Buxari, 427).
Başqa bir hədisdə Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurur: "İnsanlar içərisində ən şər olanlar, Qiyamətin üzərin qopduğu insanlarvə qəbirləri məscidlərə çevirənlərdir”. (Əhməd, 3844).
Bu dəlillərin hamısından aydın olur ki, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) qəbri məsciddə deyil, Aişənin otağında olub. Sonradan onu məscidin ərazisinə daxil ediblər. Bu hadisə səhabələrin çoxunun vəfat etdiyi dövrdə olmuş, alimlərin etirazına baxmayaraq edilmişdir. İndiki dövrdə həmin otaq məscidin içində olsa da, divarlarla hörülmüşdür ki, məscidlə qəbrin içində olduğu otağ bir-birindən ayrılsın. Bu divarlar tabiinlərin dövründən mövcuddur.

Sunna.az - saytının rəsmi heyəti tərəfindən hazırlanmışdır.