Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

İmam Ömər əl-Faruqun əhli-beytə qarşı münasibəti

Şübhəsiz ki, əhli-beytlə Ömər əl-Faruq (Allah ondan razı olsun!) arasında yüksək səviyyəli əlaqələr mövcud olmuşdur. Bunun da ən bariz göstəricisi kimi, onların bir-birilərinə verdikləri tərifləri, Ömərin Əlinin qızı Ummu Gülsümlə izdivacını, əhli-beytin öz övladlarına Ömər adını verməsini göstərmək olar. Həmin dəlillərin birində, Buxarinin Ömərdən rəvayət etdiyi hədisdə deyilir ki, Ömər ibn əl-Xəttab quraqlıq olarkən Peyğəmbərin əmisi Abbas ibn Abdulmuttalibin vasitəsi ilə təvəssül edərək demişdir: “Allahım əvvəllər biz Peyğəmbərimizin vasitəsi ilə səndən yağış diləyir, Sən də bizə yağış yağdırırdın. İndi isə biz Peyğəmbərin əmisi vasitəsi(1) ilə səndən yağış diləyirik, bizlər üçün yağış yağdır.” Beləcə yağış yağardı.”(2) Buradan görürük ki, Ömər (Allah ondan razı olsun!) Peyğəmbərin əmisi Abbasın sağlığında onun duası vasitəsi ilə Allaha təvəssül edərdi. Necə ki, bundan əvvəl səhabələr Peyğəmbərin sağlığında onun duası vasitəsi ilə təvəssül edərdilər.
İbn Sədin “ət-Təbəqat” əsərində rəvayət olunur ki, Ömər Abbas ibn Abdulmuttalibə belə demişdir: “Vallahi ki, mənim üçün sənin İslamı qəbul etməyin (atam) Xəttabın İslama gəlməsindən daha sevimli idi. Çünki, Rəsulullah (ﷺ) üçün sənin İslamı qəbul etməyin, Xəttabın İslamı qəbul etməsindən daha sevimli idi.”(3)
Ömərin Əlini tərif etməsi barədə İmam Əhmədin “Fədail əs-Səhabə” əsərində, (№ 1089) Urva ibn Zubeyrdən belə rəvayət olunur: “Bir dəfə Ömərin hüzurunda bir nəfər Əli ibn Əbu Talib barəsində nalayiq söz işlətdi. Bunu eşidən Ömər ona dedi: “Sən bu məzarın sahibini tanıyırsanmı? O, Muhəmməd ibn Abdullah ibn Abdulmuttalibdir. Əli ibn Əbu Talib də Abdulmuttalibin nəvəsidir. Odur ki, Əli barədə yalnız xeyirli söz söylə. Şübhəsiz ki, sən əgər onu hisrləndirmiş olsan, bu məzarın sahibinə əziyyət vermiş olacaqsan.”(4)
İbn Abdulbərrin “əl-İstiyab” əsərində nəql olunan hədisdə Ömər (Allah ondan razı olsun!) demişdi: “Aramızda ən yaxşı qazi Əlidir.” (5)
İbn Əsakirin “Tarix Diməşq” əsərində nəql olunur ki, Ömər ibn əl-Xəttab Divan toplantısında pay və əmək haqlarını təyin edərkən Həsən və Hüseynə Bədr əhlindən olan ataları Əliyə təyin olunduğu qədər müəyyən etdi. Çünki onların hər ikisi Rəsulullahın əhli-beytindən idilər. Odur ki, onların hər biri üçün beş min təyin etdi.”(6)
İbn Səd bu rəvayəti tam variantda öz isnadı ilə Cubeyr ibn əl-Huveyris ibn Nəqiddən nəql etmişdir. Rəvayətdə deyilir ki, bir dəfə Ömər ibn əl-Xəttab Divan toplantısında müsəlmanlarla məşvərət edirdi. Bu zaman Əli ibn Əbu Talib ona dedi: “Hər il toplanan bütün malı paylayıb bitirirsən, gələcək üçün isə bir şey saxlamırsan.” Osman ibn Əffan (Allah ondan razı olsun!) isə belə dedi: “Mənim fikrimcə mal, insanların hamısına çatacaq qədər çoxdur. Lakin bunun qeydiyyatı aparılmır deyə, bilmirik ki, kimə verilib, kimə yox. Qorxuram ki, bu insanlar arasında da yayıla.” Bu zaman Vəlid ibn Hişam ibn əl-Muğira dedi: “Ey möminlərin əmiri! Mən Şama getdiyimdə oranın rəhbərlərinin toplantı keçirdiklərinin şahidi olmuşam. Onlar toplantı zamanı yazaraq insanları qeydiyyata alırdılar. Sən də belə et.” Ömər onun bu sözü ilə razılaşaraq Qureyşin əsilzadə şəxslərindən olan Əqil ibn Əbu Talibi, Məxrəmə ibn Nəufəli, Cubeyr ibn Mutimi yanına çağırıb dedi: “İnsanları səviyyələrinə görə bölün.” Onlar da yazmağa başladılar. İlk öncə Haşim oğullarını, sonra Əbu Bəkr və onun yaxınlarını, sonra Öməri və onun xilafətdəki yaxınlarını yazıb qeyd etdilər. Ömər siyahıya nəzər saldıqda dedi: “Vallahi ki, mən də belə düşünürdüm. Lakin ilk öncə Peyğəmbərin ən yaxın qohumlarından başlayaraq tədricən bütün qohumlarını yazın. Ömərin adını isə Allahın onu təyin etdiyi yerə qoyun.” Muhəmməd ibn Ömər demişdir: “Usamə ibn Zeyd ibn Əsləm öz atasından, o da babasından rəvayət edərək demişdir: “Mən gördüm ki, siyahı Ömərə göstərildikdə o, Teym oğullarının Haşimi oğullarından sonra, Adiy oğullarının da Teym oğullarından sonra qeyd olunduğunu gördü. Elə bu zaman mən onun belə dediyini eşitdim: “Öməri öz yerinə qoyun və daha yaxın olanlardan başlayın.” Bu zaman Adiy oğulları Ömərin yanına gəlib dedilər: “Sən Rəsulullahın xəlifəsisən və ya Əbu Bəkr Rəsulullahın xəlifəsidir, sən də Əbu Bəkrin xəlifəsisən. Yaxşı olar ki, onlar səni hansı məqama layiq biliblərsə sən də adının həmin yerdə olmasına etiraz etməyəsən.” O dedi: “Bəh bəh! Ey Adiy oğulları! İstəyirsiniz ki, mənim kürəyim üzərindən yemək yeyəsiniz və mən də sizə gö¬rə savablarımı itirim? Vallahi ki, xeyr. Sizlər dəvət olunanadək gözləyin. Hətta dəftər üzünüzə bağlansa belə, yəni, mənim adımı ən sonda yazmış olsanız belə, bilin ki, mənim iki dostum var ki, onların getdikləri yola müxalif olsam, mənə də müxalif olarlar. Vallahi ki, dünyada əldə etdiyimiz elə bir fəzilət, habelə axirətdə əldə etməyə çalışdığımız Allahın elə bir mükafatı yoxdur ki, onu Muhəmmədin sayəsində əldə etmiş olmayaq. Şübhəsiz ki, o, bizim şərəfimizdir. Onun qövmü isə ərəblərin ən şərəfliləridir.”(7)
Zəhəbinin “Siyər Əlam ən-Nubələ” əsərində nəql olunur ki, bir dəfə Ömər səhabələrin övladlarına libas paylayırdı. Lakin həmin libaslar Həsənlə Hüseyn (radıyallahu anhumə) üçün layiqli deyildi. Odur ki o, Yəmənə bir nəfər göndərdi ki, onlar üçün xüsusi libas gətirsin. Libas gəlikdən sonra Ömər dedi: “Bax indi nəfsim rahat oldu.”(8) Bir bax gör – Allah sənə rəhm etsin – Ömər Həsənlə Hüseynə (Allah onlardan razı olsun!) necə diqqət və qayğı göstərər, hətta libas aldıqda da başqalarından fərqli libas alar, onları adi insanlarla eyni tutmazdı.
İbn Əsakirin “Tarix Diməşq” əsərində rəvayət olunur ki, bir dəfə Ömər Hüseynə belə dedi: “Oğlum! Bəlkə gəlib bizləri də ziyarət edəsən.” Hüseyn dedi: “Bir gün Ömər Müaviyə ilə təkbətək görüşərkən mən onlara getdim. Həmin vaxt İbn Ömər qapıda idi. Onun içəri daxil olmasına izin verilmədi. Odur ki, mən geri qayıtdım. Bir müddət sonra o, məni görüb yenə soruşdu: “Oğlum niyə bizə gəlmədin?” Hüseyn dedi: “Sən Müaviyə ilə təkbətək görüşdə ikən mən gəlmişdim, qapıda isə oğlun Abdullah ibn Ömər durmuşdu. Onun qayıtdığını görüb mən də qayıtdım.” Ömər dedi: “Sən Abdullah ibn Ömərdən fərqli olaraq izinsiz içəri daxil olmağa layiqsən. Sadəcə başımıza gördüklərini yeridirəm. Allah, sonra da siz.” Bunu deyib Ömər əlini Hüseynin başına qoydu.”(9)
Bir baxın görün – Allah sizə rəhm etsin – Hüseyn yaşca Ömərdən kiçik olmasına baxmayaraq Ömər ona qarşı xüsusi diqqət göstərirdi. Məgər bu Ömərin əhli-beytə nə qədər qayğı göstərməsinə və onların hamısını sevməsinə dəlil deyilmi?
Buxarinin “Səhih” əsərində Ömərin ümmətin, əhli beytin alimi Abdullah ibn Abbası tərif etdiyi barədə hədis nəql olunmuşdur. Hə¬disdə İbn Abbas demişdir: “Ömər məni Bədr döyüşündə iştirak etmiş ağsaqqallarla eyni məclisə dəvət edərdi. Bu zaman bəziləri ondan soruşdular ki, bu yeniyetməni niyə bizimlə məclisə dəvət edirsən?” Ömər dedi: “O, bildiyiniz adamın nəslindəndir.”(10)
İbn Abdulbərr nəql edir ki, Ömər əhli-beytdən olan İbn Abbasa belə de-mişdir: “Abdullah ibn Abbas Quranın necə də gözəl tərcümanıdır.” Həmçinin onunla qarşılaşdıqda deyərdi: “Bu yeniyetmə gən¬cin çoxlu sual soruşan dili, çox ağıllı qəlbi vardır.”(11)
Hakimin “Mustədrək” əsərində Əli ibn Hüseyndən belə rəvayət olnur: “Ömər ibn əl-Xəttab Əlinin qızı Ummu Gülsümlə nişan göndərərkən Əliyə dedi: “İcazə ver onunla nikah bağlayım.” Əli dedi: “Mən onu qardaşım oğlu Abdullah ibn Cəfər üçün nəzərdə tutmuşdum.” Ömər dedi: “İcazə ver onunla nikah bağlayım. Allaha and olsun ki, heç kim mənim qədər ona dəyər verə bilməz.” Beləliklə Əli razılaşdı. Ömər mühacirlərin yanına gələrək dedi: “Məni təbrik etməyəcəksinizmi?” Onlar dedilər: “Nə münasibətlə ey möminlərin əmiri?” Mən Rəsulullahın qızı Fatimənin övladı Ummu Gülsüm bint Əli ibn Əbu Taliblə nikah bağlamışam. Mən Peyğəmbərin belə dediyini eşitmişəm: “Qiyamət günü mənim səbəbimdən və nəsəbimdən başqa bütün səbəblər və nəsəblər qırılacaqdır.”(12)
Zəhəbinin “Siyər Əlam ən-Nubələ” əsərində Muhəmməd ibn Əli ibn əl-Hənəfiyyənin belə dediyi rəvayət olunur: “Mən bacım Ummu Gülsümün yanında ikən Ömər yanımıza daxil olub məni qucaqlayıb dedi: “Ona şirniyyat verməklə nəvaziş gösrət.”(13)

Sunna.az - saytının rəsmi heyəti tərəfindən hazırlanmışdır.

(1) Peyğəmbər həyatda ikən onun duası vasitəsi ilə təvəssül olunurdu. Peyğəmbər vəfat etdikdən sonra isə onun qohumu olduğuna görə Abbasın duası vasitəsi təvəssül olundu
(2) Buxarinin “Səhih” əsəri, № 1010, “Abbas ibn Abdulmuttalibin zikr olunması” fəsli
(3) “ət-Təbəqat əl-Kubra” əsəri, 4/23; “əl-Bidayə vən-Nihayə” əsəri, 2/298
(4) Kitabı təhqiq etmiş Vasiyyullah Abbas bu rəvayəti səhih hesab etmişdir
(5) “əl-İstiyab” əsəri, 1871 saylı tərcümeyi-hal
(6) İbn Əsakirin “Tarix Diməşq” əsəri, 14/1790
(7) “ət-Təbəqat əl-Kubra” əsəri, 3/295-296
(8) “Siyər Əlam ən-Nubələ” əsəri, 3/285; “Tarix Diməşq” əsəri, 14/180
(9) “Tarix Diməşq” əsəri, 14/179
(10) Buxarinin “Səhih” əsəri, № 4294, “Məkkənin fəthi günü Peyğəmbərin mənzili” fəsli
(11) İbn Abdulbərrin “əl-İstiyab” əsəri, 1447 saylı tərcümeyi-hal
(12) Hakimin “Mustədrək” əsəri, 3/153, № 4684; Şeyx Albani “Silsilətu əl-Əhadis əs-Səhihə” əsərində, bu hədisin başqa isnadlarını da gətirərək onu “Səhih” hesab etmişdir 5/58, № 2036
(13) “Siyər Əlam ən-Nubələ” əsəri, 4/115