Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Kəbə evinin tarixi və xüsusiyyətləri

Bir çox insan üçün yer üzündə Məkkə qədər möhtəşəm və müqəddəs bir yer yoxdur. Bütün obyektiv meyarlara görə, Ərəbistanın Hicaz bölgəsindəki bu dərə yer üzündəki ən məşhur yerdir. İl boyu dünyanın müxtəlif yerlərindən gələn müsəlmanlar İslam dünyasının qəlbində - Kəbədə görüşürlər. Buna Beytullah və ya Allahın evi deyilir. Bu Məkkədəki “Məscid əl-Haram”ın içərisindədir və qibləni, yəni beş vaxt namazın istiqamətini təmsil edir. Minlərlə insan 24 saat ərzində Kəbənin ətrafında təvaf edir. Milyonlarla ev onun şəkilləri ilə bəzədilib və milyarddan çox insan gündə beş dəfə onu gözləri önündə canlandırır. Bu bina bəşəriyyətin ən məşhur yerlərindən birinin mərkəzində yerləşir. Bu məqalədə Kəbənin tarixçəsi, inşa edilməsi, ziyarət qaydası və digər maraqlı faktlar haqqında bilgilər əldə edə biləcəksiniz.


Yaradılma tarixi
Kəbənin tikilməsinin dəqiq vaxtı məlum deyil. Bəzi mənbələrdə Kəbənin Adəm peyğəmbər tərəfindən inşa edildiyi iddia edilir. Sonra Kəbə daşqın səbəbi ilə dağıldı və unuduldu. Bundan sonra İbrahim peyğəmbər və oğlu İsmail tərəfindən bərpa edildi. Uca Allah buyurur:
Biz evi (Kəbəni) insanlar üçün ziyarət və əmin-amanlıq yeri etdik. “İbrahimin dayandığı yeri namazgah edin!” Biz İbrahimə və İsmailə: “Evimi təvaf edənlər, etikafa girənlər, rüku və səcdə edənlər üçün təmizləyin!”– dedik. (Bəqərə surəsi, 125)
İsmail peyğəmbər inşaat üçün daş gətirər, İbrahim Peyğəmbər isə Kəbə evini tikərdi. Uca Allah buyurur:
O zaman İbrahim və İsmail evin (Kəbənin) bünövrəsini qaldırarkən belə dua etdilər: “Ey Rəbbimiz! bunu bizdən qəbul et! Həqiqətən, Sən Eşidənsən, Bilənsən! (Bəqərə surəsi, 127)
Kəbə evi inşa edilərkən İsmail atası üçün üzərinə çıxıb tikintini davam etdirməsi üçün bir daş gətirir və İbrahim peyğəmbər həmin daşın üstünə çıxaraq tikintini tamamlayır. İbrahim peyğəmbərin həmin daş üzərindəki ayaq izləri hələ də qalmaqdadır.
Tikinti əsnasında daş çatmadığından İsmail daş axtarmağa gedir. Lakin qayıdanda artıq atası İbrahimin uyğun daşı tapdığını görür. Oğul atanın bu daşı haradan aldığını soruşur. İbrahim isə cavab verir ki, bunu Cəbrail mələk cənnətdən birbaşa onun üçün gətirmişdir. Bu daş Kəbədəki məşhur Qara daşdır. Kəbənin tikintisi başa çatdıqda o, yer üzündə ilk məscid oldu.
Uca Allah buyurur:
Həqiqətən, aləmlərdən ötrü bərəkət və doğru yolu göstərən rəhbər kimi insanlar üçün ilk qurulan ev Bəkkədədir. (Ali İmran surəsi, 96)
Müxtəlif mənbələrə görə, Kəbədə 5-12 dəfə yenidənqurma işləri görülmüşdür. Buna səbəb sel və yanğınlar olmuşdu. "Müqəddəs ev"-in ən məşhur yenidən qurulması Muhəmməd peyğəmbərin hələ peyğəmbər olmadığı dövrünə təsadüf edir.
Məhz bu yenidənqurma zamanı Kəbənin forması düzbucaqlıdan kuba dəyişdirildi. Qureyşlilər "Müqəddəs ev"-in yenidən qurulması üçün yalnız təmiz puldan istifadə etmək qərarına gəlmişdilər; fahişəlik, soyğun, qumar oyunu, sələmçilik və sair bu kimi qazanc mənbəsi olan vəsaitlər ianə üçün qəbul edilmədi. O dövrdə insanların günahlara batması səbəbi ilə lazımi miqdarda təmiz pul yığılmadı və məscid qısaldılmalı oldu.
Bir neçə dəfə Kəbəni orijinal formasına qaytarmaq cəhdləri olmuşdu, lakin bir müddət sonra müqəddəs quruluşla oynamamaq və olduğu kimi tərk etmək qərarı verildi. Bununla yanaşı, bu bina üçün kosmetik yenidənqurma işləri aparılır, lakin bu strukturun formasına təsir göstərmirdi. Son təmir 1996-cı ildə edilmişdi.


Kəbə evinin tikintisi və dekorasiyasi
Bina mərmər baza üzərində dayanır, küncləri yer kürəsinin 4 tərəfinə - kordinatlarına yönəlmişdir. Qahirə Universitetinin coğrafiya üzrə professoru Hüseyn Kəmaləddin Yerin maqnit mərkəzinin Kəbənin yerində olduğunu aşkar etmişdi. Kəbə Kub şəklində tikilmişdir, tərəfləri təxminən eyni uzunluqdadır. Hündürlüyü 13,1 m, uzunluğu 11,03 m, eni 12,86 m, sahəsi isə 191 m²-dir.


Kəbənin komponentləri
1. Qara daş - Kəbənin şərq küncündə 1,5 m hündürlükdə yerləşdirilmiş daşdır, tünd qırmızı parçalardan ibarətdir, sementlə birləşdirilmiş və gümüşü çərçivə ilə qorunur.
2. Qapı - Kəbənin şərq hissəsində yerdən olduqca böyük məsafədə, təxminən 2,5 m hündürlükdə yerləşir. Bu, onu mümkün daşqınlardan qorumaq istəyi ilə izah olunur. Qapını Səudiyyə Ərəbistanının dördüncü kralı Xalid ibn Abdul Əziz təqdim etmişdi. Tamamlanması üçün təxminən 280 kq təmiz qızıl istifadə edilib. Muhəmməd peyğəmbərin vəsiyyətinə görə Kəbənin açarları yalnız Bəni Şeybə ailəsində qorunub saxlanılır. Bu insanlar Kəbəyə baxır və onu təmiz saxlayırlar.
3. Novalça - binanın çökməsinə səbəb ola bilən yağış suyunun axması üçün qoyulmuşdur.
4. Kürsü - Kəbənin dayandığı divarların təməlini qrunt sularından qorumaq üçün 1627-ci ildə əlavə edilmişdir.

5. Hicri İsmail - yarımdairə şəklində alçaq bir divardır. Qədim Kəbənin divarı burada yerləşirdi. Peyğəmbərin ﷺ vaxtında vəsait azlığından bu hissə tikilməmişdi.
6. Mültəzəm - Qara daş ilə Kəbə qapısı arasındakı divarın təxminən 2 metr uzunluğundakı bir hissəsidir.

7. İbrahim məqamı - İbrahim peyğəmbərin Kəbəni inşa edərkən dayandığı yerdir.
8. Qara daş guşəsi - Qara daşın qoyulduğu Kəbənin şərq hissəsindəki küncdür.
9. Yəmən guşəsi - Kəbənin cənub küncüdür.
10. Şam guşəsi - Kəbənin qərb küncüdür.
11. İraq guşəsi - Kəbənin şimal küncüdür.
12. Kisva - üzərində qızılı sapla tikilmiş qara ipək parçadır. Kəbəni kirdən və yağışdan qorumaq üçün örtük olaraq istifadə olunur. Örtük hər il dəyişdirilir. Adətən, Zül-hiccə ayının 9-cu və ya 10-cu günü dəyişdirilir.
13. Mərmər zolağı - xüsusi bir işarədir, onun köməyi ilə həcc edərkən keçid yerləri göstərilir. Son vaxtlara qədər yaşıl idi, sonra ağ rəngə boyandı, bu da onu daha az nəzərə çarpdırır.

Kəbə evi daxildən
Keçmişdə Kəbənin giriş və çıxış üçün iki ayrı qapısı və bir pəncərəsi var idi. Hazırda cəmi bir qapı var və ildə iki dəfə - Ramazan ayı və həcc ziyarəti öncəsi təmizlik işləri üçün açılır. Həmçinin, müsəlman ölkələrinin başçıları Məkkəni ziyarət etdikdə onlar üçün Kəbə evinin qapısı açılır. Bizim ölkəmizin başçısı da Kəbə evində olmaq şərəfinə layiq görülmüşdü.
Daxildən divarlar və yer ağ mərmərdən döşənmişdir. Ortasında bir sıraya düzülmüş tavanı saxlayan üç sütun var. Həmçinin, tavana çıxmaq üçün nərdivan (pilləkan) da var. Təmizlik işləri vaxtı divarlar zəm-zəm suyu, ətir və gül suyunun qarışığı ilə yuyulur.
İslam dini gəlməmişdən öncə Kəbə ətrafında və içərisində yüzlərlə büt var idi. Peyğəmbər ﷺ Məkkə şəhərini fəth etdikdən sonra bütlərin hamısını dağıtmış və həqiqi islamda bütə, qəbirə, heykələ sitayiş etməyin qadağan olmasını bəyan etmişdi. O, bütləri dağıdarkən bu ayəni oxuyurdu: De: “Haqq gəldi, batil puç olub getdi. Həqiqətən də batil puçluğa məhkumdur!” (İsra surəsi, 81)

Kəbənin ziyarəti (Həcc və ümrə)
Kəbə evini ziyarət etmək İbrahim peyğəmbərin vaxtından qalmış ibadətdir. Uca Allah buyurur:
Bir zaman Biz İbrahimə evin (Kəbənin) yerini nişan verib: “Mənə heç bir şeyi şərik qoşma, evimi təvaf edənlər, namaza duranlar, rüku və səcdə edənlər üçün təmizlə!”– demişdik.
İnsanlar arasında həcci elan et ki, onlar sənin yanına piyada və ya hər bir uzaq yoldan gələn yorğun dəvələr üstündə gəlsinlər.
(Həcc surəsi, 26-27)
Yüz illər keçməsinə və ərəblərin İbrahim dinindən uzaq düşmələrinə baxmayaraq Kəbənin müqəddəsliyini qoruyar, həcc və ümrə ibadəti üçün Kəbəni ziyarət edərdilər. İslam dini gəldikdə bu ibadəti qoruyub saxladı. Uca Allah buyurur:
Sonra həcc ayinlərini tamamlasınlar, nəzirlərini yerinə çatdırsınlar və qədim evi (Kəbəni) təvaf etsinlər. (Həcc surəsi, 29)
Bu məqamda qeyd etməliyik ki, müsəlmanlar Kəbəyə deyil, Kəbənin Rəbbinə ibadət edirlər. Uca Allah buyurur:
Qoy onlar bu evin Rəbbinə ibadət etsinlər. (Qureyş surəsi, 3)
Bəzi xurafat dalınca gedən tayfalar Kəbəni təvaf etməyi qəbir ətrafında fırlanmaqla bir tuturlar. Onlar zənn edirlər ki, Kəbənin içində, yaxud altında qəbir var. Bəzi savadsızlar isə Muhəmməd Peyğəmbərin ﷺ Kəbədə dəfn edildiyinə inanırlar. İslam dini tövhid – tək olan Allaha ibadət dinidir. Müsəlman olan kəs Allahla yanaşı nə daşa, nə ağaca, nə günəşə, nə aya, nə mələyə, nə də ki Peyğəmbərə ibadət etməz. Bilmək lazımdır ki, bizi yaradan Allah digər məxluqları da yaratmış və özü ilə yanaşı onlara ibadət etməyi haram etmişdir. Uca Allah buyurur:
Gecə və gündüz, günəş və ay Onun dəlillərindəndir. Əgər siz Ona ibadət edirsinizsə, onda günəşə və aya səcdə etməyin, onları yaradan Allaha səcdə edin. (Fussilət surəsi, 37)
O sizə mələkləri və peyğəmbərləri özünüzə tanrılar qəbul etməyi buyurmaz. Məgər o sizə, siz müsəlman olduqdan sonra kafir olmağı əmr edərmi? (Ali İmran 80)
Kəbə evini ziyarət etmək böyük ibadət, şərəfli ziyarətdir. Lakin unutmaq lazım deyil ki, biz bunu yalnız Allahın əmrini yerinə yetirərək edirik. Kəbəni ziyarət etməyi əmr edən Allah qəbirləri ziyarət edib orada olanları çağırmaq, onlara dua etməyi qadağan etmişdir.
Həqiqətən, Səfa və Mərvə Allahın qoyduğu nişanələrdəndir. Kim evi (Kəbəni) həcc və ya ümrə (niyyəti ilə) ziyarət edərsə, bunları təvaf etməsində ona heç bir günah olmaz. Kim yaxşı bir iş görsə, (bilsin ki,) Allah əvəzini verəndir, Biləndir. (Bəqərə surəsi, 158)

Kəbə haqqında maraqlı faktlar


Kisva – örtük.
Günümüzdə Kəbənin örtüyünün qara olduğuna alışmışıq. Lakin bu həmişə belə olmayıb. Qədimdə örtük yaşıl, qırmızı və ağ rənglərdən ibarət olub. Qara örtüyə üstünlük Abbasi xilafəti dövründə verilmişdir.


Kəbənin açarına nəzarət
İslam dini gəlməzdən öncə Kəbənin açarları “Bəni Şeyba” ailəsində qorunurdu. Peyğəmbər ﷺ Məkkəni fəth etdikdə bu ənənəni qorudu və açarı bu ailədən olan Osman ibn Talhaya verdi. Zamanımızda da Kəbə Evinə daxil omaq üçün bu ailədən izin istənilir.


Kəbə Evi açıq olub
Yaxın keçmişə qədər həftədə iki dəfə Kəbə qapıları açılar və istənilən kəs orada namaz qıla bilərdi. Lakin son illərdə İslam dininin sürətlə yayılması və Kəbəyə gələnlərin sayının artması səbəbi ilə bağlı qalması qərarı verilmişdir.


Qara daş qırılmışdır
Günümüzdə qara daşı gümüşdən hazırlanmış qoruyucu çərçivədə görürük. Bu ona görədir ki, Abbasi xəlifələri dövründə Kəbəyə fanatik dəstələr tərəfindən hücüm edilmiş, minlərlə insan qətlə yetirilmiş və Qara daş oğurlanmışdır. İllər sonra xəlifə böyük məbləğ müqabilində onu geri qaytarmışdır. Lakin qayıtdıqda Qara daşın parçalandığını gördükdə onu gümüş çərçivəyə saldırmışdılar.


Qara daşı öpmək
Peyğəmbər ﷺ bunu etmiş və müsəlmanlar da öz Peyğəmbərinə oxşamaq üçün bunu edirlər. Ömər (Allah ondan razı olsun) deyərdi: “Allaha and olsun ki, sənin daş olduğunu, nə bir xeyir və nə də bir ziyan verəcəyini bilirəm. Allahın Elçisinin səni öpdüyünü görməsəydim bunu etməzdim”. Qeyd edək ki, Ömər daş ilə danışıb onun eşidəcəyini etiqad etmirdi. Sadəcə fikrini səsli deyib insanlara eşitdirirdi.


Kəbə ətrafında üzmək
Kəbənin ətrafı dağlar olduğundan və alçaqlıqda yerləşdiyindən çox vaxt yağış və sel zamanı onun ətrafını su basar və insanlar yerimək əvəzinə onu üzərək təvaf edərdilər. Müasir dövrdə artıq bu problem həll olunub və çətin ki, kiməsə Kəbəni üzərək təvaf etmək nəsib olsun.

Sunna.az - saytının rəsmi heyəti tərəfindən hazırlanmışdır.

Məqalənin video variantını buradan izləyə bilərsiniz.