Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Quran və Sünnədən dəlillərlə namazın vaxtları

Quran və Sünnədən dəlillərlə namazın vaxtları
Hörmətli oxuyucular! Namazın vaxtları ilə bağlı maraqlı və bilməmiz gərəkən bir mövzunu sizlərə təqdim edirik. Bizi izləməkdə qalın.
Namazın şərtləri, rüknları və vacibləri ilə bağlı öncə təqdim etdiyimiz videomuzda (https://www.youtube.com/watch?v=earOWLwAmIg&list=PL8KVB9YD6nuwUJLAGUJP-j7tRBT1sXsan&index=2) qeyd etdiyimiz kimi namazın şərtlərindən biri də vaxtın daxil olmasıdır. Namaz qılan hər bir şəxs namazların vaxtlarını bilməlidir. Vaxtı girmədən qılınan namaz məqbul deyildir. Bu cür qılınan namaz vaxtı girdikdən sonra yenidən qılınmalıdır. Vaxtı çıxandan sonra qılınan fərz namazına isə qəza namazı deyilir. Hər bir namaz gecikdirilmədən vaxtında qılınmalıdır. Hər hansı üzrlü səbəb olmadan namazı qəzaya saxlamağın Allah qatında məsuliyyəti böyükdür. İnşəAllah, qəza namazı haqqında geniş məqaləmizi sizlərə təqdim edəcəyik.
Fərz və sünnə namazları, vitr, təravih və bayram namazları müəyyən vaxtlarda qılınır. Cümə namazı günorta namazını əvəz edir. Namaz vaxtları Kitab və Sünnə ilə müəyyənləşdirilmişdir.
Qurani-Kərimin müxtəlif ayələrində “salət, təsbeh, həmd və səcdə etmək” kimi ifadələrlə namaz vaxtlarına işarə edilmişdir. Quranda namaz sözü “salət” kəlməsi ilə ifadə olunmuşdur. “Salət” kəlməsi Quranda dua və namaz mənasında 78 ayədə tək, 5 ayədə isə cəm formada (saləvət) işlənmişdir. “Şübhəsiz, namaz möminlərə müəyyən olunmuş vaxtlarda vacib edilmişdir” (Nisa, 4/103) ayəsi də xüsusilə fərz namazların müəyyən vaxtlarda qılınmalı olunduğunu göstərir. Bu namazların bəlli vaxtlarda ayrı-ayrı qılınmasının hikmətlərindən biri də odur ki, bir qul bu namazların hamısını eyni vaxtda qıldıqda, bu ona sıxıcı və ağır gələ bilər. Hər şeyi hikmətli şəkildə yerli-yerinə qoyan Uca Allah şəni uca olan və hakimlərin ən hikmətlisidir.


Gündəlik beş vaxt namaza aid bəzi ayələr
“Gün batmağa meyl edəndən gecənin qaranlığınadək (bəlli vaxtlarda) namaz qıl və sübh çağı Quran oxu (fəcr namazını da qıl)! Çünki sübh çağı oxunan Quranın şahidləri olur.” (İsra, 17/78) Burada beş vaxt namaza: sübh, zöhr, əsr, məğrib və işa namazlarına işarə vardır.
“Odur ki, siz axşama çatanda və səhərə çıxanda Allahın şərəfinə çoxlu tərif söyləyin. Göylərdə və yerdə həmd Ona məxsusdur. Axşam çağında da, günortaya yetişəndə də (Onun şərəfinə təriflər deyin!)” (Rum, 30/17-18) İbn Abbasa (Allah ondan razı olsun) görə bu iki ayə beş vaxt namaz haqqındadır. Belə ki, “axşama çatanda” ifadəsi məğrib və işa namazlarına, “səhərə çıxanda” ifadəsi sübh namazına, “Axşam çağında” ifadəsi əsr namazına, “günortaya yetişəndə” ifadəsi də zöhr namazına işarədir. (Qurtubi)
“…Günəş doğmamışdan və batmamışdan əvvəl Rəbbini həmd-səna ilə təriflə, gecənin bəzi saatlarında və gündüzün başlarında Ona təriflər de ki, bəlkə razı qalasan.” (Taha, 20/130) Müfəssirlərin əksəriyyətinə görə, bu ayə də beş vaxt namaza işarədir. Belə ki, “günəş doğmamışdan əvvəl” ifadəsi sübh namazını, “batmamışdan əvvəl” ifadəsi əsr namazını, “gecənin bəzi saatlarında” ifadəsi işa namazını, “gündüzün iki başında” ifadəsi də zöhr namazını bildirir. (Qurtubi)
Müxtəlif namaz vaxtlarına işarə edən ayələr: “Gündüzün iki başında (əvvəlində və axırında), və gecənin bəzi saatlarında namaz qıl!” (Hud, 11/114) “Səhər-axşam Rəbbinin adını zikr et! Gecənin bir hissəsində Ona səcdə et və gecədə uzun müddət Onun şəninə təriflər de!” (İnsan, 76/25, 26) Bu ayələr sübh, məğrib və işa namazlarının vaxtına dəlalət edir. “Gündüzün iki başında” günəşin çıxma və batma zamanlarını ifadə edir.
Peyğəmbərin ﷺ fərz namazlarının hansı vaxtlarda qılınacağına dair müxtəlif hədisləri vardır. Onlardan fərz namazlarının vaxtlarını açıq-aydın izah etmiş bir hədisi qeyd edəcəyik.
“Zöhr namazının vaxtı günəşin zenitdə olmasından başlayır, insanın kölgəsinin özü boyda olmasınadək, yəni əsr namazının vaxtı girənədək davam edir. Əsr namazının vaxtı isə günəşin saralmasınadək, məğrib namazının vaxtı isə axşam şəfəqlərinin itməsinədək davam edir. İşa namazının vaxtı gecənin tam yarısına kimidir. Sübh namazının vaxtı isə dan yeri söküləndən başlayır, günəşin çıxmasına kimi davam edir. Günəş doğarkən namaz qılma, çünki günəş şeytanın iki buynuzu arasında doğar.” (Müslim, 612)
Namaz vaxtlarını saat olaraq təyin etməyə gəlincə, bu ölkədən ölkəyə, yerdən yerə dəyişir.
Gəlin, namaz vaxtlarının hamısını bir-bir açıqlayaq:


Zöhr namazı
Peyğəmbər ﷺ yuxarıdakı hədisdə zöhr namazının başlanğıc və bitiş vaxtının həddi göstərmişdir. Zöhr namazının başlanğıcı günəşin zenitdə olmasından başlayır. Zenit deyildikdə isə günəşin tam ortadan qərbə doğru meyl etməsi nəzərdə tutulur.
Zöhr namazının başlanğıc vaxtını praktik olaraq belə təyin etmək olar: “Açıq bir yerə dirək kimi bir şey qoy. Günəş şərqdən doğduqda bu dirəyin kölgəsi qərbə doğru olacaqdır. Günəş yüksəldikcə kölgənin boyu qısalacaqdır. Kölgənin boyu qısalmaqda davam etdiyinə görə günəş zenitə çatmamışdır. Nəhayət, kölgə bir yerdə duracaq, sonra şərqə doğru artmağa başlayacaq. Günəşin kölgəsi şərqə doğru az bir miqdarda artmaya başlayarsa, artıq günəş zenitə çatmışdır deməkdir. Bu vaxt artıq zöhr namazının vaxtı girmiş hesab edilir. Saat olaraq günəşin zeniti aşmasının əlaməti belədir: “Günəşin doğuşu ilə batışı arasındakı zamanı ikiyə böldükdə bu zenit vaxtı olur. Məsələn, günəş səhər saat 7-də doğarsa və axşam 7-də batarsa, demək zenit vaxtı günorta saat 1-dir.”
Zöhr namazının vaxtının bitməsi isə günəşin zeniti keçdikdən sonra hər şeyin kölgəsinin boyu öz boyuna bərabər hala gəlməsidir.
Zöhr namazının bitmə vaxtını praktik olaraq belə təyin etmək olar: “Az öncə açıq bir yerə qoyduğumuz dirək misalına dönək. Bu dirəyin kölgəsinin boyunun bir metr olduğunu zənn edək. Kölgənin boyunun yavaş-yavaş qısaldığının bəlli bir nöqtədə durduğunu görəcəksən. Bu nöqtənin durduğu yerə bir işarə qoy. Sonra kölgənin boyu şərqə doğru artmağa başlayar. Nəhayət, kölgənin boyu dirəyin boyuna bərabər olar. Yəni, kölgənin boyu öncə nöqtənin durduğu yerə qoyduğun işarədən həmin yerə bir metr olar. İşarədən öncəki kölgə hesaba daxil edilməz. Buna zenitin kölgəsi deyilir. Artıq bu vaxtdan etibarən zöhr namazının vaxtı bitmiş və dərhal sonra əsr namazının vaxtı girmiş hesab edilir.


Əsr namazı
Əsr namazının vaxtı zöhr namazının sona çatması ilə yəni, hər şeyin kölgəsi özü boyda olması ilə başladığını artıq qeyd etmişik. Əsr namazının bitməsinin iki vaxtı var:
1. Sərbəst olan vaxt - əsr namazının ilk vaxtından başlayar və günəş saralmağa başlayana qədər sürər. Öncəki hədisdə qeyd edildiyi kimi: “Əsr namazının vaxtı isə günəşin saralmasınadək davam edər.” Yəni, günəş sarı olmadığı müddətcə o vaxt əsr vaxtı hesab edilir. Bu vaxtı saat olaraq təyin etmək isə mövsümdən mövsümə fərqlənir.
2. Məcburi olan vaxt – bu vaxt günəşin saralmağa başladığı andan etibarən başlayar və günəşin batışına qədər sürər. Necə ki, hədisdə Peyğəmbər ﷺ belə buyurmuşdur: “Günəş batmamışdan öncə əsr namazının bir rükətini qılan əsr namazını qılmış hesab edilir.” (Buxari 579, Müslim 608)


Məğrib namazı
Məğrib namazının vaxtı əsr namazının vaxtının çıxmasından dərhal sonra girir. Bu vaxt isə günəşin batmasından üfüqdəki şəfəqin itməsinə qədər olan vaxtdır. Necə ki, hədisdə qeyd edilmişdir: “Məğrib namazının vaxtı isə axşam şəfəqlərinin itməsinədək davam edir.”
Göydəki şəfəqin (qırmızılığın) yox olduğu zaman məğrib namazının vaxtı çıxar və işa namazının vaxtı girər. Bu vaxtı saat olaraq təyin etmək isə mövsümdən mövsümə fərqlənir. Üfüqdəki qırmızılığın yox olduğunu görsən, bil ki, məğrib namazının vaxtı sona çatmışdır.


İşa namazı
İşa namazının vaxtı məğrib namazının vaxtının çıxmasından, yəni göydəki şəfəqin (qırmızılığın) itdiyi andan etibarən başlayır və hədisdə qeyd edildiyi kimi “gecənin tam yarısına kimi” davam edir.


Gecənin yarısı necə hesablanır?
Günəşin batmasından (məğribdən) fəcrin (sübhün) girməsinə qədər olan vaxtın tən yarısı gecə yarısıdır. Bu da işa namazının son vaxtı hesab edilir. Məsələn, günəş axşam 6-da batır və sübh səhər 6-da girirsə, gecənin yarısı gecə saat 12-yə düşür.


Sübh namazı
Sübh namazının vaxtı fəcrdən (dan yeri söküləndən) günəş çıxana qədər olan vaxtdır. Rəsulullah ﷺ belə buyurmuşdur: “Sübh namazının vaxtı fəcrdən (dan yeri söküləndən) günəş çıxana qədərdir. Günəş doğanda namaz qılmayın. Çünki günəş şeytanın iki buynuzu arasında doğar.” (Müslim, Əbu Davud, Nəsai)
Fəcr ərəbcədən günəş çıxmazdan qabaq göydə görunən qırmızılıq, dan yerinin sökulməsi anlamına gəlir.
Sübh namazının vaxtı, ikinci fəcrin (fəcri sadiq) doğuşu ilə başlayar və günəş doğmağa başlayanda bitər. İkinci fəcr sabaha doğru şərq üfüqlərindən yayılan aydınlıqdır. Bu aydınlıq şimaldan cənuba doğru uzanır. Bu aydınlıqla sübh vaxtı girir. Birinci fəcr isə ikinci fəcrdən təxminən 1 saat öncə doğur. Birinci və ikinci fəcr arasında bəzi fərqliliklər vardır:
1. Birinci fəcr şərqdən qərbə doğru uzanır. İkinci fəcr isə şimaldan cənuba doğru üfüq boyunca uzanır.
2. Birinci fəcr qaranlıq olur. Yəni az bir müddət aydınlıq olur, sonra qaranlıq çökür. İkinci fəcr isə aydınlıq olur və getdikcə nuru və aydınlığı artır.
3. İkinci fəcr üfüqlə birləşmiş olur. Özü ilə üfüq arasında heç bir qaranlıq yoxdur. Birinci fəcr isə üfüqdən ayrıdır. Özü ilə üfüq arasında qaranlıq vardır.


Vitr namazı
Vitr namazı vacib namazdır və işa namazından sonra qılınır.
Gecə oyanacağına əmin olan şəxsin vitr namazını gecənin sonunadək gecikdirməsi müstəhəbdir. “Gecənin sonunda (təhəccüd namazı üçün) oyana bilməyəcəyindən əmin olmayan, vitr namazını gecənin əvvəlində (işa namazından sonra) qılsın. Gecənin sonunda (təhəccüd namazı qılmaq üçün) duracağından əmin olan şəxs isə, vitri gecənin sonunda qılsın. Çünki gecə namazı həm gecə, həm də gündüz mələklərinin iştirak etdiyi namazdır. Bu səbəblə daha fəzilətlidir.” (Müslim, İbn Macə, Ə. İbn Hənbəl)
Hörmətli oxuyucu, xeyirə səbəb olub məqaləni paylaşmağı unutma.
Sonda aləmlərin Rəbbi olan Allaha sonsuz həmd və sənalar edirik.

Sunna.az - saytının rəsmi heyəti tərəfindən hazırlanmışdır.

Məqalənin video variantını buradan izləyə bilərsiniz.