Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)
Əvvələ qayıt
Nəzirin şərtləri və qaydası
Əvvəlcə nəzirin tərifi olaq və bilək ki, nəzir nədir. Şəriətdə, nəzir hansısa işin baş verməsinə görə vacib olmayan bir şeyi özünə vacib etməkdir. Nəzir etmək bəyənilməsə də ümumən icazəlidir. Uca Allah buyurur: “(Allah yolunda) xərclədiyiniz və nəzir etdiyiniz hər hansı şeyi, şübhəsiz ki, Allah bilir, lakin…”. (əl-Bəqərə, 270).
“Sonra həcc əməllərini (dırnaq kəsmək, saçını qırxmaq, yaxud qısaltmaq və s.) yerinə yetirsinlər (və ya kirlərini təmizləsinlər), nəzirlərini versinlər və qədim evi (Kəbəni) təvaf etsinlər!” (ə-Həcc, 29).
Uca Allah başqa bir ayədə nəzir edib nəzirini yerinə yetirənləri tərifləyərək belə buyurur: “Onlar (Cənnətə nail olacaq müttəqilər) elə kimsələrdirlər ki, etdikləri nəziri yerinə yetirər və dəhşətli (aləmi) bürüyəcək (şəri hər tərəfə yayılacaq) gündən (qiyamət günündən) qoxarlar”. (əl-İnsan, 7).
Aişə (Allah ondan razı olsun) Peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Kim Allaha itaət etməyi nəzir edibsə itaət etsin. Kim Allaha asi olmağı nəzir edibsə, asi olmasın”. (əl-Buxari).
Məqbul və Qeyri Məqbul nəzirlər hansılardır
Əvvəla qeyd edək ki, hər bir halda hər hansı bir şərtin müqabilində Allah üçün bir əməl edəcəyinə nəzir demək bəyənilmir. Məsələn; Nəzir edilir ki, ey Allahım filan işim düzəlsin və ya filan arzum-istəyim həyata keçsin sənin yolunda qurban kəsəcəm və ya filankəsə filan qədər sədəqə verəcəm
Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) əvvəl işin düzəlməsini gözləyib sonra edilən nəzirə “paxılın nəziri” demişdir. O demişdir: “Uca Allah buyurur: “Adəm övladının etdiyi hər bir nəziri Mən əzəldən təqdir etmişəm. Onun nəzir etməsi qədəri dəyişmir, çünki Mən bunu əzəldən təqdir etmişəm. Mən bunu sadəcə xəsis adam¬dan çıxardıram. O, əvvəlcədən Mənə verməli olduğunu sonradan verir”. (İmam Əhməd, 7499).
Başqa hədisdə isə belə deyilir: “Nəzir heç nəyi dəyişmir. Sadəcə olaraq onunla paxıldan mal çıxarılır”. (əl-Buxari, Muslim).
Amma bu şəkildə nəzir edilərsə belə, vacibdir ki, Allah qarşısında nəzir və ya niyyət qismində verilən söz yerinə yetirilsin. Necə ki, Uca Allah buyurur: “ (Bu elə) bir bulaqdır ki, Allahın qulları ondan içər və onun mənsəbini istədikləri səmtə yönəldərlər. Onlar vəd etdikləri nəziri verər və vəhşəti (hər yeri) sarsıdacaq Gündən qorxarlar”. (əl-İnsan, 5-9).
Hansı hallarda nəzir doğru və ya qeyri məqbul sayıldığına gəlincə isə Allaha yaxınlaşmaq üçün deyilən nəzir doğru və məqbul sayılır, onu vermək vacibdir. Aişənin: “Kim Allaha itaət etməyi nəzir edibsə itaət etsin!” – hədisi, buna dəlalət edir. Məsələn bir insan Allaha qurban kəsib ətini sədəqə etməyi nəzir edibsə, bunu mütləq etməlidir. Həmçinin oruc, namaz, dəstəmaz, dua və.s buna bənzər əməllər nəzir edilibsə, bunu yerinə yetirmək vacibdir və bu əməli Allah qəbul edəcəkdir.
Asilik üçün edilmiş nəzir məqbul sayılmır və o nəzir tərk edilməlidir, asilik edilməməlidir. Amma buna görə and kəffarəsi vermək vacibdir. Aişə Peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət edir: “Asilik üçün edilən nəzir məqbul sayılmır. Belə nəzirin kəffarəsi andın kəffarəsi kimidir”. (Əbu Davud, ət-Tirmizi). Nəzirin və Andın Kəffarəsinin hansı formada verilməsini qarşıda izah edəcəyik.
Mübah işlər üçün edilən nəzirlər sayılmır və buna görə kəffarə də yoxdur.Buna, piyada həcc etməyi, yaxud günəşin altında dayanmağı və s. bu kimi işləri nəzir deməyi misal olaraq göstərmək olar. Əbu Hureyrə (Allah ondan razı olsun) deyir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) bir kişinin oğlanlarına dirsəklənərək onların köməyi ilə çətinliklə getdiyini gördü və soruşdu: Ona nə olub? Oğlanları dedilər: Ey Allahın elçisi, onun nəziri var. Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: «Ey qoca, miniyinə min. Allahın sənə və sənin nəzirinə ehtiyacı yoxdur”. (Müslim).
İbn Abbas (Allah ondan razı olsun) deyir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) Məkkədə, günəşin altında dayanmış bir kişi ilə qarşılaşdı və dedi: Bu nədir? Orada olanlar dedilər: O, oruc tutub gecəyə qədər kölgədə dayanmayacağını, danışmayacağını və oturmayacağını nəzir edib. Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: Ona deyin, “qoy danışsın, kölgədə dursun, otursun və orucunu davam etsin”. (əl-Buxari).
Allaha itaət olan bir şeyi nəzir edib, nəzirini yerinə yetirməkdə aciz olan isə and içmək kəffarəsi verməlidir. Uqbə ibn Amir Peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət edir: “Nəzirin kəffarəsi andın kəffarəsi kimidir”. (Muslim).
Kim nəzir edib nəzirini yerinə yetirmədən öncə vətat etmiş olarsa, qəyyumu onun əvəzinə nəziri yerinə yetirir. Sə’d ibn Ubadə (Allah ondan razı olsun) anasının nəzirə niyyət edib, sonra vəfat etmə səbəbi ilə nəzirini yerinə yetirməməsi haqqında Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) soruşdu. O isə belə dedi: “Onun əvəzinə nəziri sən ver”. (Muslim, əl-Buxari).
And kəffarəsi necə verilir.
Bayaq qeyd etdik ki, asilik etməyi nəzir edən, asiliyi etməməlidir və nəzirini pozduğuna görə andın kəffarəsi kimi kəffarə ödəməlidir. Həmçinin, nəziri yerinə yetirməyə aciz olan da bu kəffarəni ödəməlidir. And Kəffarəsinin keyfiyyətini isə Uca Allah Quranda belə bəyan edir:
“Allah sizi bilmədən (səhvən) içdiyiniz andlarınıza görə cəzalandırmaz (məzəmmət, sorğu-sual etməz), lakin (bilə-bilə və ya qəsdən) içdiyiniz andları (pozmağa) görə cəzalandırar. Belə bir andın pozmağın kəffarəsi ailənizə yedirtdiyinizin orta hesabından on yoxsulu yedirdib doyurmaq, yaxud geyindirmək, yaxud da bir kölə azad etməkdir. Bunları etməyə imkanı olmayan şəxs üç gün (dalbadal) oruc tutmalıdır. Bu, içdiyiniz andların kəffarəsidir. Bununla belə, andlarınızı qoruyun (onları pozmaqdan çəkinin). Allah ayələrini sizə belə izah edir ki, bəlkə, şükür edəsiniz!” (Maidə, 5/89)
Ayədə deyildiyi kimi, verilən əhdi pozduqda on nəfərə özümüzün və ailəmizin gündəlik yediyi tərzdə bir porsiya yeməyi yedirmək, yaxud ehtiyac sahibi on nəfərə bədənini örtəcək paltar almaq və yaxud bir kölə azad etmək əmr olunur. Kölə azad eləmək bu gün keçərli deyil. Bunlara maddi imkan çatmadıqda isə dalbadal üç gün oruc tutulmalıdır.
Nəticə etibarı ilə deyə bilərik ki, əhd etmişiksə, onu mütləq yerinə yetirməliyik. Verilən söz sənəddir və buna görə də məsuliyyət daşıyırıq. Ancaq əhdimizi pozmaq məcburiyyətində qaldıqda və ya əhdimizi pozmağın bizim üçün daha xeyirli olduğunu gördükdə poza bilərik. Əhdimizi yerinə yetirmək Allah Təalaya qarşı boynumuzda borcdur və həmin borcu vaxtında yerinə yetirmək lazımdır.
Maraqlı bir sualın cavabı
Hər dəfə günah edən şəxs, günah edərsəm sədəqə verəcəyəm deyə nəzir edə bilərmi?
Günah etməmək üçün nəzir etməyi ümmətin öndə gedənlərindən bəziləri icazəli görmüşdür. Onlar bununla özlərini cəzalandırmaq və günaha düşməmək üçün özlərini ədəbləndirirdilər. Lakin onlar bu nəziri gücü çatdıqları və iqtidarında olduqları şeylərə görə edirdilər.
Hərmələ demişdir: Mən İbn Vahbın belə dediyini eşitdim: Nəzir dedim ki, hər dəfə birinin qeybətini etsəm bir gün oruc tutacam və bu (oruc tutmaq) məni tükəndirdi. Çünki mən qeybət edirdim və oruc tuturdum.
Ona görə də niyyət etdim ki, hər dəfə bir kəsin qeybətini etsəm bunun əvəzinə bir dirhəm sədəqə verəcəm. Dirhəmə olan sevgimdən dolayı qeybət etmək vərdişindən əl çəkdim.
İmam Zəhəbi demişdir: Baxın, vallahi alimlər belə idi. Bu faydalı elmin səmərəsindən biridir. (Siyar Əlam əl-Nubala, 9/228)
And içmədən və yaxud nəzir demədən günahlardan imtina etmək müsəlman üçün ən yaxşısıdır. Çünki, andı pozmaq yaxşı əməl deyildir və özü də günahdır.
Hörmətli izləyici, nəzirlənizlə bağlı suallarınızı videoçarxın şərhlər bölümünə yazın. Bacardığımız qədər suallarınıza cavab verəcəyik. Həmçinin məlumat bölümündə kanalımızın Teleqram səhifəsinə keçiddən istifadə etməklə üzv ola və suallarınızı orada verə bilərsiniz. Videoçarxı bəyənin və paylaşın ki, haqqın yayılmasına kömək etmiş olasınız. Allaha əmanət olun..
Sunna.az - saytının rəsmi heyəti tərəfindən hazırlanmışdır.
Məqalənin video variantını buradan izləyə bilərsiniz.
SON ƏLAVƏLƏR