Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)
Əvvələ qayıt
İslama görə ruhun mahiyyəti və insan bədəni ilə olan əlaqəsi - 1
Hörmətli oxuyucu, “Ruh nədir? Necədir? Necə bədəndən çıxır? Çıxdıqdan sonra hara gedir?” kimi suallar yəqin ki, sənin də qarşına çıxmış, səni də düşündürmüşdür. Hətta çoxumuz ruh barəsində İslam dininin təlimlərinə zidd bir çox sənədli və bədii filmləri görmüşük... Ruh haqqında dinimizdə keçən ən düzgün məlumatları öyrənmək üçün videoçarxın hər iki hissəsini axıra qədər izlə, bəyən və digər yaxınlarınla da paylaş ki, dinimizi olduğu kimi daha çox insan öyrənə bilsin və faydalansın.
İslam alimlərinin ruh haqqında dedikləri
Hörmətli oxuyucu,
Hər şeyi yaradan Allahdır və ruh da digər məxluqlar kimi Allahın yaratdığı məxluqlardandır. Ruh sözü "rih" sözündən əmələ gələrək "xəfif külək" mənasını ifadə edir. Ruh görən və eşidən, bədənə daxil olaraq onu canlandıran, yuxu və ölüm anında bədəndən çıxan müstəqil varlıqdır. Ruh haqqında islam alimlərinin müxtəlif sözləri vardır. Gəlin onlardan bəzilərini dinləyək:
● İnsanı canlı edən ruhun mahiyyəti, insanın bədənində gördüyü funksiyasnı, cisimlə birləşməsinin şəkli və əlaqəsi Allahdan başqa heç bir kimsə tərəfindən bilinə bilməz. (Qurtubi)
● Ruh, uca, nurani və həyat sahibi bir varlıqdır. Ancaq, duyğu orqanlarıyla hiss edilə biləcək cisimlər kimi deyil. Bir mənada, suyun gül içində gəzməsi kimidir. Bədəndə gəzdiyi müddətcə ona bağlı olaraq bütün orqanlara həyat verər. (İbn Qayyum əl-Cəvziyyə)
● Uca Allah, insanları yaratmazdan öncə Qiyamət gününə qədər olacaq Adəm övladının ruhlarını öz hüzuruna toplamış, “Mən sizin Rəbbiniz deyiləmmi?” deyə soruşmuşdu. Bütün ruhlar da Allahın Rəbbləri olmasına şahidlik verərək “bəli” demişlər. (İbn Kəsir, Hədislərlə Qurani Kərim Təfsiri)
● Ölüm mələyi tərəfindən ruh tutularaq bədəndən geri alınar, qiyamət gününə qədər müvəqqəti olaraq qalacağı aləmdə "Bərzax Aləmi"-ndə saxlanılar. Dünya ilə axirət arasında bir keçid olan Bərzax Aləminin mahiyyətini ancaq Uca Allah bilməkdədir. Ancaq Bərzax Aləmində ruhlar cəza və ya mükafat görə bilərlər. Qəbir ya Cənnət bağçalarından bir bağça və ya Cəhənnəm çuxurlarından bir çuxurdur. (Tirmizi)
Quran və Sünnədə Ruhun mahiyyəti
Ruhun həqiqi mahiyyəti haqqında olan elm birbaşa İzzət sahibi olan Allaha məxsus olan elmdir. Allah bu elmi yalnız Özündə saxlamışdır. Necə ki, Abdullah ibn Məsudun (Allah ondan razı olsun) rəvayət etdiyi hədisdə deyilir: “Bir gün mən Peyğəmbərlə birgə Mədinə xarabalıqlarının birindən keçirdim. Peyğəmbər xurma ağacından olan bir əsaya söykənə–söykənə gedirdi. Bu vaxt biz bir dəstə yəhudinin yanından keçərkən onlar bir-birlərinə: “Ondan ruh barəsində soruşun”– dedilər. Onlardan bəziləri: “Soruşmayın! Ola bilsin ki, onun verdiyi cavab sizin xoşunuza gəlməsin (sizdə şübhə oyatsın)”, digərləri isə: “Yox! Mütləq soruşacağıq”– dedilər. Bir kişi ayağa qalxıb: “Ey Əbul-Qasım! Ruh nədir?”– deyə soruşdu. Peyğəmbər susdu. Mən öz-özümə: “Yəqin ki, ona vəhy nazil olur” – dedim və ayağa qalxdım. Vəhy nazil olduqdan sonra Peyğəmbər bu ayəni (İsra surəsi, 17/85) onlara oxudu: “Səndən ruh haqqında soruşurlar. De: “Ruh Rəbbimin əmrindəndir. Sizə yalnız az bir bilik verilmişdir.” (Buxari, 125).
Uca Allah artıq Öz kitabında və Peyğəmbər ﷺ öz sünnəsində ruh və onun bəzi vəsfləri haqqında məlumat vermişdir. Onlardan “Tutmaq, yaxalamaq”, “can almaq”, “o bükülür, bağlanır”, “o gəlir və gedir”, “o qalxır və enir”, “o xəmirdən tük çıxardıldığı kimi çıxardılır” kimi vəsflər varid olmuşdur. İslamda bu vəsflərə inanmaq vacibdir, çünki bunlar hər iki vəhy ilə, yəni Quran və Sünnə ilə sübut edilmişdir. Həmçinin, bilmək lazımdır ki, ruh bədən kimi deyildir.
Allahın Adəmə Öz ruhundan üfürməsi nə deməkdir?
Uca Allah Adəmi yaratdı və ona Öz ruhundan üfürdü, necə ki, bu haqda Qurani-Kərimdə və Peyğəmbərin hədislərində bildirilmişdir.
Allah Adəmi yaradıb ona ruh üfürəndə, başqa bir hədisdə ruh başına çatdıqda, Adəm asqırdı və Allaha həmd etdi (“Əlhəmdulilləh” dedi), o bunu Allahın izni ilə etdi. Allah da ona “Rəbbin sənə rəhm etsin” (YərhəmukəLlah) — deyə cavab verdi. Sonra Rəbbi ona belə dedi: “Ey Adəm! Orada gördüyün oturmuş halda olan mələklərin yanına get və onlara: “Əssələmu aleykum (Sizə Allahın salamı olsun)” — de. Adəm gəlib salam verdi və onlar isə cavabında: “Va aleykəssələm va rahmətullahi (Sənə də Allahın salami və rəhməti olsun)” — dedilər. Sonra o geri Rəbbinin yanına qayıtdı və Rəbbi ona belə dedi: “Ey Adəm! Bu sənin və nəslinin salamıdır”. (Tirmizi “Sünən”-ində həsən olaraq rəvayət etmişdir, 3290)
Başqa hədislərdə bu hadisənin digər təfsilatları da verilmişdir:
Əhməd bin Hənbəl dedi ki: “Abdüssaməd, Ənəsdən (Allah ondan razı olsun) rəvayət edərək Peyğəmbərin ﷺ belə buyurduğunu dedi: “Uca Allah Adəmi (vücudunu palçıqdan) yaratdıqda, özü dilədiyi bir müddət qədər onu (ruhsuz olaraq) saxladı. İblis (o ruhsuz) cəsədin ətrafında dolanmağa başladı. İçərisinin boş olduğunu görəndə, onun heç bir şeyə sahib və heç nəyə iqtidarı olmayan bir məxluq olduğunu anladı.”
Ruh Adəmin gözlərinə girdiyində o, Cənnətin meyvələrinə baxdı. Ruh qarnına girdikdə o, yemək yemək istədi. Ruh hələ ayağa çatmamış, o Cənnətin meyvələrinə çatmaq üçün tələsik sıçradı. Allah da bu əsnada belə deyirdi “İnsan tələsən yaradılmışdır.” (Ənbiya surəsi, 21/37.)
Qayıdaq Allahın Ruhu kəliməsinin mənasına.. Uca Allah Adəm (Allahın ona salamı olsun) haqqında buyurur: “Bir zaman Rəbbin mələklərə dedi: “Mən başqa şəklə düşmüş qara palçıqdan, toxunduqda saxsı kimi səs çıxaran quru gildən insan yaradacağam! Mən ona biçim verib Öz ruhumdan üfürdüyüm zaman siz ona səcdə edin!” (Hicr surəsi, 15/28-29).
Quranın dil üslubları ilə tanış olmayan bir kəs ayədən, sanki Allahın Adəmə Öz ruhundan, yəni Öz zatına aid olan bir hissəsindən üfürdüyünü başa düşə bilər. Lakin bu belə deyildir. Sadəcə, Uca Allah ruhu mükəmməl olaraq yaratdığına və şərəfləndirdiyinə görə onu Özünə nisbət edir. Uca Allah Qurani-Kərimdə Kəbəni və ümumiyyətlə, bütün məscidləri “Allahın evi” adlandırır. Uca Allah məscidləri şərəfləndirmək və əzəmətləndirmək məqsədilə onları Özünə nisbət edir. Həmçinin, Səmud peyğəmbərə möcüzə kimi göndərilən dəvə də, eyni üslubla “Allahın dəvəsi” adlandırılmışdır.
Həmçinin, Peyğəmbərin səhih hədislərində İsa peyğəmbər (Allahın ona salamı olsun) Ruhullah “Allahın Ruhu” adlandırılır. O, Allahın yaratdığı, Məryəmə göndərdiyi və Cəbrayılın onun bətninə üfürdüyü bir ruh olduğuna görə, Uca Allah onu şərəfləndirərək Özünə nisbət edir. Uca Allah buyurur: “Ey Kitab əhli! Dininizdə ifrata varmayın və Allah barəsində yalnız həqiqəti deyin. Məryəm oğlu İsa Məsih ancaq Allahın elçisi, Onun Məryəmə göndərdiyi (“Ol!”) kəlməsi və Onun tərəfindən (göndərilən) bir ruhdur. Allaha və Onun elçilərinə iman gətirin və: “(İlah )üçdür!” deməyin. (Batil əqidənizə) son qoyun! (Bu) sizin üçün xeyirli olar. Həqiqətən, Allah Tək İlahdır! O, pakdır, müqəddəsdir, övladı olmaqdan uzaq-dır. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Qoruyan olaraq Allah yetər." (Nisa surəsi, 4/171).
Uca Allah bu ayədə xaçpərəstlərə xitab edərək Məryəm oğlu İsanın ancaq Allahın elçisi olduğunu, yəni onun rəbb və ya Allahın oğlu olmadığını, Allahın onu “Ol!” kəlməsi ilə yaratdığını və Onun tərəfindən Məryəmə göndərilən bir ruh olduğunu təsdiq etməyə, haqqı söyləyərək iman gətirməyə və Allah barəsində həddi aşmamağa çağırır.
Vəhy mələyi Cəbrayılın ruh adlanması
Uca Allah Qurani-Kərimdə Cəbrayıl adlı mələyi və onun gətirdiyi vəhyi ruh adlandırır. Ruh bədənə daxil olaraq onu diriltdiyi kimi Quran da insanın qəlbini dirildir. Uca Allah öz Peyğəmbərinə buyurur: “Biz sənə Öz əmrimizdən olan ruhu (Quranı) vəhy etdik. Sən kitab nədir, iman nədir bilmirdin. Lakin Biz onu, qullarımızdan istədiyimizi doğru yola yönəltmək üçün, bir nur etdik. Həqiqətən, sən onları doğru yola, göylərdə və yerdəkilərin sahibi Allahın yoluna yönəldirsən. Şübhəsiz ki, bütün işlər Allaha qayıdır.” (Şura surəsi, 42/52-53).
Cəbrayıl Uca Allahın tapşırıqlarını yerinə yetirməkdə etibarlı olduğuna görə Qurani-Kərimdə Sadiq Ruh (Ruhul-Əmin) adlandırılır. Uca Allah buyurur: “Şübhəsiz ki, bu, aləmlərin Rəbbindən nazil edilmişdir. Onu Sadiq Ruh sənin qəlbinə endirdi ki, xəbərdar edənlərdən olasan. Bu Quran açıq-aydın ərəb dilində nazil edildi. Şübhəsiz ki, o, keçmiş ümmətlərin kitablarında da xatırlanır” (Şuəra surəsi, 26/192-196).
Həmçinin, Allahın dərgahında üstün məqama sahib olduğuna görə ona Müqəddəs Ruh (Ruhul-Qudus) da deyilir. Uca Allah buyurur: “De: "Müqəddəs Ruh onu (Quranı) sənin Rəbbindən iman gətirənləri sabitqədəm etmək üçün, həm də müsəlmanlara doğru yol göstəricisi və müjdə olsun deyə gerçək olaraq nazil etmişdir” (Nəhl surəsi, 16/102).
Ruhlar bədənlərə üfürülməzdən öncə bir yerə toplanan əsgərlərə bənzəyirlər
Rəvayət edilir ki, Aişə anamız demişdir: “Mən Peyğəmbərin ﷺ belə dediyini eşitmişəm: “Ruhlar bir toplum əsgərdir. Onlardan xasiyyətcə bir-birinə uyğun gələnlər bir-birinə qovuşur, uyğun gəlməyənləri isə ayrılırlar.” (Səhih Buxari, 3336).
Digər rəvayətdə isə bu hədisin əvvəlində Amra bint Abdur-Rəhman demişdir: “Məkkədə zarafatçıl bir qadın vardı. Bir gün o, Mədinədə yaşayan özü kimi zarafatçıl bir qadınla görüşdü. Bu haqda Aişəyə xəbər verildikdə o, dedi: “Sevgilim (yəni Peyğəmbər) doğru söyləmişdir. Mən Rəsulullahın belə dediyini eşitmişəm: “Ruhlar bir toplum əsgərdir...” (Musnəd Əbu Yə’la, 3/1082-1083; Şoəbul-İman, 8621).
Burada söhbət Adəm oğullarının ruhlarından gedir. Uca Allah bu ruhları fərqli yaratmışdır. Bunların bir qismi xeyirli işlərə meyilli, digəri də şər əməllərə meyillidir. Təbiətcə xeyirli işlərə meyilli olan özü kimisinə meyil edir, onunla görüşməyə can atır, onunla oturub-durmaqdan həzz alır, şər əməllərə meyilli olan da, həmçinin, özü kimisinə meyil edir.
Ana bətnində ruh nə zaman verilir və nə deyilir?
Allah ruhu bətndəki dölə üfürmək üçün bir mələk göndərir, necə ki, Abdullah ibn Məsudun (Allah ondan razı olsun) belə dediyi rəvayət edilmişdir: “Doğru danışan və doğruluğu təsdiq edilmiş Rəsulullah ﷺ bizə belə bir hədis danışmışdır: “Sizlərdən hər kəs anasının bətnində xəlq edilərkən ilk qırx gün ərzində nütfə halında, sonrakı qırx gündə qan laxtası, daha sonrakı qırx gündə isə ət parçası olur. Sonra Allah onun yanına bir mələk göndərir ki, ona ruh üfürsün. Bu mələyə dörd şeyi yazmaq əmr edilir və ona: “Bu uşağın əməlini, ruzisini, əcəlini, bədbəxt və ya xoşbəxt olacağını yaz!”– deyilir.” (Müslim, 4781).
Beləliklə, bətndəki uşaq 120 günlük, yəni 4 aylıq olduqda artıq ona ruh üfürülür. Əlavə fayda üçün qeyd edək ki, hamilələyin bütün mərhələlərində ana bətnindən uşağı götürmə, yəni abort əməliyyatı böyük günahlardandır. Lakin 4 ay tamam olduqdan sonra bunu edən artıq ruhu olan bir insanı öldürmə kimi ən şiddətli günahı etmiş olur. Üstəlik, o öz övladını öldürməklə günahını lap şiddətləndirir. Ona görə bütün müsəlmanları bu günahı etməkdən çəkindirir, bunu edənləri isə acil tövbə etməyə səsləyirik.
Hörmətli oxuyucu, məqalənin ikinci hissəsində yuxuda ruhun necə çıxması, ölərkən ruhun necə çıxması, çıxdıqdan sonra hansı proseslərin baş verməsi, şəhidlərin ruhları barədə öyrənmək fürsətini əldən qaçırma. Allah eşidib faydalananlardan etsin...
Sunna.az - saytının rəsmi heyəti tərəfindən hazırlanmışdır.
Məqalənin video variantını buradan izləyə bilərsiniz.
SON ƏLAVƏLƏR