Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)
Əvvələ qayıt
Uca Allahın Kəlam sifəti
Əhli-sünnətin etiqadına əsasən Uca Allah Özünün zatı sifəti olan və məxluq olmayan kəlamı ilə danışır, yəni Uca Allahın həqiqi mənada kəlam sifəti vardır və Quran da Allahın kəlamıdır. Onun kəlamı nə məxluq deyil ki, sonu gəlib bitsin, nə də hər hansı bir məxluqun sifəti deyil ki, yox olub tükənsin.
Əhli-sünnət bu etiqadı ilə Quranın Allahın kəlamı olduğunu inkar edən Cəhmiyyə firqəsinə qarşı çıxmışdır. Belə ki, onlar Allahın həqiqi bir şəkildə danışdığını inkar etmiş və demişlər ki, Allahın kəlam sifəti yoxdur. Uca Allah rəsullarından kiməsə xitab etmək istədikdə, xitab etmək istədiyi kəlamı yaradır və onu o elçisinə eşitdirir və nəticədə “Allahın kəlamı” dediyimiz məfhum Onun yaratdığı bir məxluq olur. Həmin yaradılmış kəlamın Allaha nisbət edilərək “Allahın kəlamı” adlandırılması isə məcazi mənadadır və məscidlərə “Allahın evi”, Salehin dəvəsinə “Allahın dəvəsi” deyildiyi kimi, bu yaradılmış kəlama da “Allahın kəlamı” deyilir. Məscidlər həqiqi mənada Allahın evi olmadığı kimi, sonradan yaradılmış bu kəlam da həqiqi mənada Allahın kəlamı sayılmaz. Bu fikri ilk dəfə Cəhm ibn Səfvan və Cəd ibn Dirhəm kimi zəlalət imamları ortaya atmış və daha sonra isə bu zəlalət və bidətlərində mötəzilə və şiələr onlara tabe olmuşlar.
• “Uca Allah, Musa (Əleyhissəlam) ilə Özünün zatı sifəti olan və məxluq olmayan kəlamı ilə danışdı”.
Uca Allah buyurur: “Allah Musa ilə sözlə danışdı”(1); “Musa təyin etdiyimiz vaxtda gəlib, Rəbbi onunla danışınca...”.(2) Kəlam sifəti əsli etibari ilə Uca Allahın zatı sifətlərindəndir. Çünki bu sifət Allahın Zatı ilə qaim – sabit olan bir sifətdir və heç vaxt Ondan ayrılmamışdır. Allahın kəlamı Onun şəninə layiq, həqiqi bir sifətdir. Uca Allah əzəli və əbədi olaraq kəlam sifəti ilə vəsflidir. Onun kəlamının bir başlanğıcı olmadığı kimi, sonu da yoxdur. Digər yönü ilə kəlam sifəti feili sifətlərdən sayılır. Çünki Allahın kəlamı Onun iradəsinə bağlıdır(3) və istədiyi vaxt, istədiyi formada, istədiyi dildə, hərf(4) və səslə(5) danışır. Ümumiyyətlə, kəlam sifəti ilə vəsf edilmək kamillik, əksi isə naqislik sifətlərindən sayılır. Belə ki, Uca Allah müşriklərin ilahlarının batil olduğunu isbat etməkdən ötrü onların danışa bilmədiklərini, kəlam sifətindən yoxsul olduqlarını dəlil olaraq qeyd edir və belə buyurur: “Musanın ardınca qövmü zinət əşyalarından böyürən bir buzov heykəli düzəltdilər. Məgər bu heykəlin onlarla danışmadığını, onlara düz yol göstərmədiyini görmədilərmi?”(6) Elə atamız İbrahim (Əleyhissəlam) də bu hüccət ilə qövmünün qarşısına çıxmışdı: “İbrahim dedi: «Xeyr, bunu o bütlərin böyüyü etmiş olar. Əgər danışa bilirlərsə, özlərindən soruşun»...Sonra yenə öz bildikləri batil əqidələrinə qayıdıb dedilər: «Axı sən bilirsən ki, bunlar danışmırlar»”.(7) Deməli, bütlərin danışa bilməməsi onların həqiqi ilah olmadıqlarına dəlil təşkil edən bir naqislik sayılır. Elə bu səbəbdən bəzi alimlər Allahın kəlam sifətini inkar edən bidətçiləri bu yöndən bütlərə ibadət edən və öz məbudlarının danışmaqdan aciz olduqlarını iqrar edən müşriklərə bənzətmişdir. Fikir verin, biz yuxarıda “Uca Allah, Musa (Əleyhissəlam) ilə Özünün zatı sifəti olan kəlamı ilə danışdı” deməklə kifayətlənmədik və bu cümləyə “məxluq olmayan kəlamı ilə danışdı” əlavəsini etdik. Bu çox önəmli bir qeyddir. Düzdür, əsli etibari ilə bəlkə də bu qeydi qoymağa ehtiyac yoxdur. Çünki “Allahın kəlamı” dedikdə onsuzda bu ibarədən başa düşülən məna “Allahın həqiqi kəlamı”dır. Lakin bəzi hiyləgər bidətçilər ortaya çıxıb “biz də Quranın Allahın kəlamı olduğunu deyirik”, – deyib, bununla da məcazi mənanı qəsd etdiklərindən dolayı, Əhli-sünnət alimləri onların bu hiylələrinin önünü kəsmək üçün “Quran Alahın kəlamıdır” ibarəsinə “və məxluq deyildir” ibarəsini də əlavə etmişlər. Mötəzilə firqəsi iddia etmişdir ki, Uca Allah Musa (Əleyhissəlam) ilə danışarkən ağac vasitəsi ilə danışmışdır. Yəni Allah Musaya xitab etmək istədiyi sözü ağacda yaratmış və Musa (Əleyhissəlam) da Rəbbi tərəfindən xəlq olunmuş o kəlamı eşitmişdir. Dəlilləri isə “Musa oraya gəlib çatdıqda mübarək yerdəki vadinin sağ tərəfindəki ağacdan ona nida gəldi”(8) ayəsidir. Uca Allah kəlamını ağacda yaratmamışdır. Sadəcə olaraq, Musa (Əleyhissəlam) peyğəmbərə edilən səsləniş vadinin sağ tərəfindən, ağacdan, yaxud ağac yaxınlığından olmuşdur. Necə ki “mən evdən Zeydin səsini eşitdim” dedikdə bu ibarədəki “evdən” kəlməsi səsin çıxış nöqtəsini ifadə edər, evin danışdığını deyil. Əgər kəlam ağacda yaradılmış olsaydı, o zaman “Ey Musa! Aləmlərin Rəbbi olan Allah Mənəm!”(9); “Həqiqətən, Mən Allaham. Məndən başqa haqq məbud yoxdur. Mənə ibadət et!”(10) sözlərini söyləyənin də ağac olması labüd olardı. Məgər aləmlərin Rəbbindən başqa kiminsə belə bir sözü deməyə haqqı çatırmı?! Həmçinin Musa (Əleyhissəlam) eşitdiyi səsə xitabən "Ey Rəbbim!”(11) deyə müraciət etdi. Məgər bir peyğəmbərin aləmlərin Rəbbi olan Allahdan qeyrisinə, hər hansısa bir məxluqa xitabən bu cür səslənməsi mümkündürmü?! Bütün bunlar açıq bir şəkildə onu göstərir ki, Uca Allah qulu və elçisi Musa (Əleyhissəlam) ilə arada heç bir vasitəçi olmadan birbaşa danışmışdır. Həmçinin məlumdur ki, Uca Allah bir şeyi yaratmaq istədikdə ona əmri yalnız “ol!” deməkdir.(12) Allahın “ol!” əmri də Onun kəlamıdır. O zaman elə çıxır ki, həmin “ol!” kəlamını xəlq etməsi üçün ayrıca bir “ol!” əmri də lazımdır, həmin “ol!” əmri üçün də ayrıca bir “ol!” əmri. Bu isə təsəlsül sayılır.(13) Təsəlsül də bütün İslam alimlərinin ittifaqı ilə batildir. Elə bu səbəbdən də Uca Allah “yaratmaq da, əmr etmək də Ona məxsusdur”(14) deyərək, yaratmaq ilə əmr etməyi bir-birdən ayırmışdır.(15) Çünki Allahın əmri Onun kəlamıdır və yaradılmamışdır.
• “Həqiqətən də, Quran Allahın kəlamıdır”.
Quran məcazi mənada yox, həqiqi mənada Uca Allahın kəlamıdır. Ondan gəlmiş və Ona da dönəcəkdir. Məxluq deyildir.(16) İnsanların Qurani-Kərimi oxuyub, səhifələr üzərində yazmaları onu Allahın kəlamı olmaqdan çıxarmaz. Çünki ləfzi və mənası ilə onu kəlam olaraq söyləyən Allahdır. Bəndələr isə Quranı oxuduqları təqdirdə, öz səsləri ilə oxumuş olurlar. Yəni Quranı oxuyan kəsin qiraətində eşidilən kəlam Allahın sözüdür, oxuyanın sözü deyildir. Onu oxuyan şəxs isə onu məxluq – yaradılmış olan səsi ilə oxumuş olur.
• “Allahın kəlamı nə məxluq deyil ki, sonu gəlib bitsin, nə də hər hansı bir məxluqun sifəti deyil ki, yox olub tükənsin”.
Uca Allah buyurur: “Əgər yer üzündəki bütün ağaclar qələm olsaydı, dəniz də mürəkkəb olub ardından ona yeddi dəniz də qatılsaydı, yenə də Allahın sözləri qurtarmazdı. Həqiqətən, Allah Qüdrətlidir, Müdrikdir”.(17) Bu ayə Uca Allahın kəlam sifətini isbat edən ayələrdəndir. Onun kəlamının nə əvvəli, nə də sonu vardır. Yer üzündəki bütün ağaclar qələm, dənizlər isə mürəkkəb olsaydı, yenə də Allahın sözləri yazılmaqla bitməz, ağaclar və mürəkkəb olan dənizlər isə tükənərdi. Çünki bütün bunların hamısı məxluqdur və məhdud saydadır. Allahın kəlamı isə məhdudsuzdur və məxluq deyildir.
Müəllif: Əbu Zeyd Həbibli
(1) Ən-Nisə: 164
(2) Əl-Əraf: 143
(3) “Bir şeyi yaratmaq istədikdə ona əmri təkcə "ol!" deməkdir, o da həmən olar” (Yasin: 82), – ayəsi kəlam sifətinin Allahın istəyinə bağlı olan feili sifətlərindən olduğunun dəlilidir. Çünki Uca Allahın “ol!” əmri Onun kəlamındandır və məhz Onun istəyinə bağlıdır.
(4) “Bu Quran açıq-aydın ərəb dilində nazil edildi” (Əş-Şuəra: 195). Bu ayə Allahın kəlamının hərflərdən ibarət olduğunun dəlilidir. Çünki Quran ərəb dilində nazil olmuşdur və ərəb dili də hərflərdən ibarətdir.
(5) Uca Allah Tur dağında Musaya (Əleyhissəlam) xitabən demişdir: “Mən səni seçmişəm. Sənə vəhy olunanı dinlə!” (Ta ha: 13). Bu ayə isə Allahın kəlamının səslərdən ibarət olduğunun açıq bir dəlilidir. Çünki eşidilən və dinlənilməsi əmr edilən yalnız və yalnız səsdir. “O zaman Rəbbi onu müqəddəs Tuva vadisində səslənmişdi” (Ən-Nəziət: 16). “Səslənmək” yalnız səs ilə mümkündür. Şeyx Əbdülqadir əl-Ceylani demişdir: “İmam Əhmədin əshabından bir dəstənin ondan rəvayət etdiklərinə əsasən, o (yəni imam Əhməd) Allahın kəlamında səsin olduğunu qeyd etmişdir. Bu, “Allahın kəlamı Öz nəfsində qaim olan mənadır”, – deyən əşarilərə müxalif bir sözdür. Allah hər bir zəlalət əhli olan və insanları azdıran bidətçidən hesab soruşacaqdır...” (“əl-Ğunyə” 1/131).
(6) Əl-Əraf: 148
(7) Əl-Ənbiya: 63 və 65
(8) Əl-Qasas: 30
(9) Əl-Qasas: 30
(10) Ta ha: 14
(11) Əl-Qasas: 33
(12) “Bir şeyi yaratmaq istədikdə ona əmri təkcə "ol!" deməkdir, o da həmən olar” (Yasin: 82).
(13) Təsəlsül – sonu gəlməyən bir formada işlərin sıralanmasına deyilir (Bax! əl-Curcəni “ət-Tərifət” səh. 57).
(14) Əl-Əraf: 54
(15) Əgər “əmr” də yaradılmış olsaydı, yuxarıda da qeyd edildiyi kimi təsəlsül ortaya çıxardı.
(16) Uca Allah buyurur: “Mərhəmətli Allah Quranı öyrətdi. İnsanı yaratdı” (ər-Rəhman: 1-3). Fikir verin, Allah Təala “Mərhəmətli Allah Quranı və insanı yaratdı” demədi. Əksinə, “öyrətmək” ilə “yaratmağ”ı bir-birindən ayırdı və öyrətməni Qurana, yaratmanı isə insana aid elədi.
(17) Loğman: 27
SON ƏLAVƏLƏR