Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)
Əvvələ qayıt
Əhli-beyt kimlərdir?
Bu məsələ barəsində alimlər müxtəlif fikirlər səsləndirmişlər. Lakin daha üstün rəy ondan ibarətdir ki, Əhli-beyt deyildikdə Haşimi övladları nəzərdə tutulur. Çünki sədəqə almaq onlara haram buyurulmuşdur(1). Muslim “Səhih” əsərində Zeyd ibn Ərqamın (radıyallahu anhu) belə dediyini rəvayət etmişdir: “Bir gün Rəsulullah ﷺ Məkkə ilə Mədinə şəhəri arasında Xum adlanan yerdə bizə xütbə verdi. O Allaha həmd sənalar etdikdən sonra bizə moizələr verib bəzi şeylər xatırladı, sonra da belə buyurdu: “Ey insanlar! Şəkk yoxdur ki, mən də bir insanam. Ola bilsin ki, Allah öz elçisini (mənim canımı almaqdan ötrü) göndərsin və mən də ona tabe olum. Sizə iki şeyi qoyub gedirəm. Onlardan birincisi Allahın kitabıdır, onda hidayət və nur vardır. Ona əməl edərək ondan möhkəmcə yapışın.” Beləcə o, insanları Allahın kitabına təşviq etdikdən sonra buyurdu: “Allah xatirinə əhli-beytimi də sizə tapşırıram, Allah xatirinə əhli-beytimi də sizə tapşırıram, Allah xatirinə əhli-beytimi də sizə tapşırıram.” Hədisin ravilərindən biri Husayn soruşdu: “Ey Zeyd! Peyğəmbərin ﷺ əhli-beyti kimlərdir? Məgər onun xanımları əhli-beytdən deyillərmi?” O dedi: “Bəli, Peyğəmbərin ﷺ xanımları da əhli-beytdəndirlər. Lakin ümumən əhli-beyt deyildikdə Peyğəmbərdən ﷺ sonra özlərinə sədəqə qəbul etmək haram buyurulmuş kəslər nəzərdə tutulur.” O, yenə soruşdu: “Onlar kimlərdir?” O, dedi: “Əlinin ailəsi, Əqilin ailəsi, Cəfərin ailəsi və Abbasın ailəsi…”(2)
Başqa bir dəlil odur ki, Abdulmuttalib ibn Rabiə ibn əl-Haris ibn Abdulmuttəlib və Fadl ibn Abbas (radıyallahu anhu) Peyğəmbərin ﷺ yanına gəlib evlənmək üçün sədəqə almalarına icazə istədikdə Peyğəmbər ﷺ onlara belə cavab verdi: “Şübhəsiz ki, sədəqə insanların artığıdır. Bu isə Muhəmmədin ailəsinə yaraşmaz.”(3)
Bu dəlillərə əsasən Əlinin, Cəfərin, Əqilin, Abbasın, Əbu Ləhəbin, Haris ibn Abdulmuttalibin övladları kimi, Peyğəmbərin ﷺ İslamı qəbul etmiş bütün əmisi oğulları, Peyğəmbərin ﷺ əhli-beytindəndirlər.
Peyğəmbərin ﷺ xanımları da əhli-beytdəndirlər
İzzət və Cəlal Sahibi olan Allah buyurur: “Evlərinizdə qərar tutun! İlk cahiliyyə dövründə olduğu kimi açıq-saçıq gəzməyin. Namaz qılın, zəkat verin, Allaha və Onun Rəsuluna itaət edin. Ey ev əhli! Allah sizdən günahınızı silib aparmaq və sizi tərtəmiz etmək istəyir.”(4) Ayə açıq-aşkar xanımların əhli-beytdən sayıldıqlarını göstərir. Lakin bu yalnız onların əhli-beytdən sayılmaları anlamında deyil. Sadəcə bu məqamda onlar xüsusi olaraq qeyd olunurlar.
İkrimə rəvayət edir ki, İbn Abbas (radıyallahu anhu) bu ayə barəsində belə demişdir: “Bu ayə Peyğəmbərin ﷺ xanımları barəsində nazil olunmuşdur.” Sonra İkrimə dedi: “Bu ayələrin Peyğəmbərin ﷺ xanımları barəsində nazil olunması xüsusunda kim istərsə onunla lənətləşərəm.”(5)
İbn Qeyyim Peyğəmbərin ﷺ xanımlarını əhli-beytdən sayanların dəlillərini gətirərək bu fikiri “Cəla əl-Əfham” əsərində (səh. 331-33) zikr etmiş və demişdir: “Ayədə Peyğəmbərin ﷺ xanımları xüsusi olaraq qeyd olunur, çünki onlar Peyğəmbərlə ﷺ bilavasitə qohumdurlar. Peyğəmbərin ﷺ istər sağ ikən, istərsə də vəfat etdikdən sonra xanımlarının başqalarına ərə getmələri haramdır. Onlar Peyğəmbərin ﷺ həm bu dünyada, həm də axirətdə xanımları sayılırlar. Səbəb isə onlarla Peyğəmbərin ﷺ arasında olan əlaqənin nəsəbə görə qohumluq əlaqəsi sayılmasıdır. Peyğəmbər ﷺ onlara salavat deməyi tövsiyə etmişdir. Bu səbəbdən də düzgün rəy – İmam Əhmədin dediyi kimi – sədəqənin onlara haram olmasıdır. Çünki Uca Allah bu pak adamları insanların artığından yüksəkdə tutmuşdur.”
Çox qəribədir! Necə ola bilər ki, aşağıdakı hədislərə Peyğəmbərin ﷺ xanımları şamil olunsun!?
Peyğəmbər ﷺ demişdir: “Allahım Muhəmmədin ailəsinin ruzisini onları doyduracaq qədər et.”(6)
Qurban barəsində isə belə demişdir: “Allahım bu Muhəmməd və onun ailəsinin adındandır.”(7)
Aişədən (radıyallahu anhə) rəvayət olunur ki, “Muhəmmədin ﷺ ailəsi heç vaxt buğda çörəyindən doyunca yeməmişdir.”(8)
Habelə Peyğəmbər ﷺ demişdir: “Allahım Muhəmmədə və onun ailəsinə xeyir-dua ver.”(9)
Amma bu hədisə onun xanımları şamil olunmasın?
“Şübhəsiz ki, sədəqə Muhəmmədə və onun ailəsinə haram buyurulmuşdur.”(10)
Halbuki, Peyğəmbərin ﷺ xanımlarının insanların artığından uzaq olmaları daha məqsədəuyğundur.
Birdən desələr ki, əgər sədəqə Peyğəmbərin ﷺ xanımlarına haramdırsa onda gərək onların azad etdikləri kölələrə də haram olsun. Necə ki, Haşim oğullarına sədəqə haram olduğu üçün, onların azad etdikləri kölələrə də haram oldu. Amma Səhih hədisdə rəvayət olunur ki, Aişənin (radıyallahu anhə) mövlası (azad etdiyi köləsi) Bəriraya sədəqə olaraq ət verilmiş, o da onu yemişdi. Peyğəmbər ﷺ isə bunun haram olduğunu ona söyləməmişdi.
Cavab: Əslində bu Peyğəmbərin ﷺ xanımlarına sədəqə yeməyi caiz görənlərin gətirdikləri bir şübhədir. Bunun cavabı odur ki, Peyğəmbərin ﷺ xanımları Peyğəmbərin ﷺ kökündən olmadığına görə sədəqə onlara birbaşa haram olmamışdır. Sədəqə onlara sadəcə Peyğəmbərə ﷺ haram olduğu üçün haram olmuşdur. Axı Peyğəmbərlə ﷺ ailə qurmamışdan öncə onlara sədəqə halal idi. Demək Peyğəmbərin ﷺ xanımları bu qadağanın bir qoluna aiddirlər. Azad olunmuş kölələrin ağalarına nəyinsə birbaşa haram olunması həmin kölələrə də şamil olunur. Çünki onlar da bu qadağanın bir qoluna aiddirlər. Odur ki, Peyğəmbərin ﷺ kökündən olduqlarına görə Haşimi oğullarına sədəqə birbaşa haram buyurulduğu üçün bu haramlıq onların azad etdikləri kölələrə də aid edilir. Amma Peyğəmbərin ﷺ xanımlarına sədəqə Peyğəmbərə ﷺ görə haram olduğu üçün bu haramlıq həmin xanımların azad etdikləri kölələrə aid edilmir. Çünki bu həmin qadağanın qolunun qolu hesab edilir.
Uca Allah buyurur: “Ey Peyğəmbərin zövcələri! Sizlərdən hər kim açıq-aşkar bir çirkin iş görsə, onun əzabı ikiqat artar. Bu, Allah üçün asandır. Sizlərdən hər kim Allaha və Onun Rəsuluna itaət edib yaxşı işlər görsə, ona mükafatını ikiqat verərik. Biz onun üçün bol ruzi hazırlamışıq. Ey Peyğəmbərin zövcələri! Siz hər hansı bir qadın kimi deyilsiniz. Əgər Allahdan qorxursunuzsa, yad kişilərlə nazlana-nazlana danışmayın, yoxsa qəlbində xəstəlik olan kəs tamaha düşər. Şəriətə müvafiq qaydada danışın. Evlərinizdə qərar tutun! İlk cahiliyyə dövründə olduğu kimi açıq-saçıq gəzməyin. Namaz qılın, zəkat verin, Allaha və Onun Rəsuluna itaət edin. Ey ev əhli! Allah sizdən günahınızı silib aparmaq və sizi tərtəmiz etmək istəyir. Evlərinizdə oxunan Allahın ayələrini və hikməti yada salın. Hə-qiqətən, Allah Lütfkardır, hər şeydən Xəbərdardır.”(11)
Bu ayələrdən bəlli olur ki, Peyğəmbərin ﷺ xanımları əhli-beytdən sayılırlar. Çünki ayələrdəki xitabların hamısı onlara olunur. Odur ki, onları ayələrdəki xitabların heç birindən kənarlaşdırmaq olmaz. Daha doğrusunu isə Allah bilir.” İbn Qeyyimin sözləri burada bitir. Güman edirəm ki, onun sözləri kifayət edir.
Əhli-beytin müxtəlif fəzilətləri və çoxlu sayda üstünlükləri vardır. Onlardan bəziləri bunlardır:
Uca Allah öz kitabında buyurur: “Ey ev əhli! Allah sizdən günahınızı silib aparmaq və sizi tərtəmiz etmək istəyir.”(12)
Muslimin “Səhih” əsərində Yəzid ibn Hibbanın belə dediyi rəvayət olunur: “Bir dəfə mən, Husayn ibn Sibrə və Ömər ibn Məsləmə ilə birlikdə Zeyd ibn Ərqamın (radıyallahu anhu) yanına getmişdik. Gəlib onun yanına əyləşdikdə Husayn ona dedi: “Ey Zeyd, sən bir çox xeyrə nail olmusan. Peyğəmbəri ﷺ görmüsən, onun söylədiklərini dinləmisən, onunla birlikdə vuruşmuş və arxasında namaz qılmısan. Ey Zeyd sən bir çox xeyirə nail olmusan. Nə olar bizə də Peyğəmbərdən ﷺ eşitdiklərindən söhbət aç.” O dedi: “Ey qardaşım oğlu, mən artıq yaşa dolmuş və qocalmışam. Ona görə Peyğəmbərdən ﷺ eşitdiyim bəzi şeyləri də unutmuşam. Odur ki, sizə nəyi danışsam onu qəbul edin, danışmadığım məsələlərə isə məni mükəlləf etməyin. Bir gün Rəsulullah ﷺ Məkkə ilə Mədinə arasında Xum adlanan yerdə bizə xütbə verdi. O Allaha həmd sənalar etdikdən sonra bizə moizələr verib bəzi şeylər xatırladı, sonra da belə buyurdu: “Diqqət edin ey insanlar! Şəkk yoxdur ki, mən də bir insanam. Ola bilsin ki, Allah öz elçisini (mənim canımı almaqdan ötrü) göndərsin və mən də ona tabe olum. Sizə iki şeyi qoyub gedirəm. Onlardan birincisi Allahın kitabıdır, onda hidayət və nur vardır. Ona əməl edərək ondan möhkəmcə yapışın.” Beləcə o, insanları Allahın kitabına təşviq etdikdən sonra buyurdu: “Allah xatirinə əhli-beytimi də sizə tapşırıram, Allah xatirinə əhli-beytimi də sizə tapşırıram, Allah xatirinə əhli-beytimi də sizə tapşırıram.” Hədisin ravilərindən biri Husayn soruşdu: “Ey Zeyd! Pey-ğəmbərin ﷺ əhli-beyti kimlərdir? Məgər onun xanımları əhli-beytdən deyillərmi?” O dedi: “Bəli, Peyğəmbərin ﷺ xanımları da əhli-beytdəndirlər. Lakin ümumən əhli-beyt deyildikdə Peyğəmbərdən ﷺ sonra özlərinə sədəqə qəbul etmək haram buyurulmuş kəslər nəzərdə tutulur.” O, yenə soruşdu: “Onlar kimlərdir?” O, dedi: “Əlinin ailəsi, Əqilin ailəsi, Cəfərin ailəsi və Abbasın ailəsi…” O soruşdu: “Bunların hamısına sədəqə almaq haramdırmı?” O dedi: “Bəli.”(13)
Buxarinin “Səhih” əsərində Əbu Humeyd əs-Saididən (radıyallahu anhu) belə rəvayət olunur: “Bir gün Peyğəmbərdən ﷺ soruşdular: “Ey Allahın rəsulu, sənə necə salavat deyək?” Peyğəmbər ﷺ buyurdu: “Deyin ki: “Allahım, İbrahimin ailəsinə xeyir-dua verdiyin kimi, Muhəmmədə, onu xanımlarına və zürriyyətinə də xeyir-dua ver. Allahım, İbrahimin ailəsinə bərəkət verdiyin kimi, Muhəmmədə, onun xanımlarına və zürriyyətinə də bərəkət ver. Həqiqətən, Sən Tərifəlayiqsən, Şan-şöhrətlisən!”(14)
Uca Allah İslamın əsas rüknü olan namazda Peyğəmbərin ﷺ əhli-beytənə salavat deməyi buyurmuşdur. Möminlərin əmiri Ömər ibn əl-Xəttabdan (radıyallahu anhu) rəvayət olunur ki, Peyğəmbər ﷺ buyurmuşdur: “Qiyamət günü mənim səbəbimdən və nəsəbimdən başqa bütün səbəblər və nəsəblər qırılacaqdır.”(15)
(1) Kim bu məsələnin təfsilatına varmaq istəyirsə əs-Səxavinin “İrtiqa əl-Ğuraf” əsərinə (səh. 127) baxsın
(2) Muslim, “Səhabələrin fəzilətləri” kitabı, “Əlinin fəzilətləri” fəsli № 2408
(3) Muslim, “Peyğəmbərin ailəsinə sədəqədən istifadə etməyin qadağan olunması” fəsli № 1072
(4) əl-Əhzab surəsi, 33
(5) “Siyər Əlam ən-Nubələ” əsəri, 2/208. Kitabı təhqiq edən alim rəvayətin həsən olduğunu bildirmişdir
(6) Hədisi Muslim “Zəkat” kitabında, “Dolanışıq üçün ğərəkli olan ərzaqlar və aza qane olmaq” fəslində (№ 1055) Əbu Hureyrədən (radıyallahu anhu) rəvayət etmişdir
(7) Əbu Davudun “Sünən” əsəri, “Həccin ayinləri” kitabı, “Saçları yapışqan bir maddə ilə yapışdırmaq” fəsli № 1750. Şeyx Albani bu hədisi “Səhih” hesab etmişdir
(8) Bu hədis Buxarinin “Səhih” əsərində, “Yeməklər” kitabının “Peyğəmbərin ﷺ və onun əshabələrinin yedikləri” fəslində bu ləfzə yaxın mənada rəvayət edilmişdir № 5416. Muslimin “Səhih” əsəri, 2970.
(9) Buxarinin “Səhih” əsəri, “Təfsir” kitabı, “Doğrudan da, Allah və Onun mələkləri Peyğəmbərə xeyir-dua verirlər” fəsli № 4797
(10) Muslim № 1072
(11) əl-Əhzab surəsi, 30-34
(12) əl-Əhzab surəsi, 33
(13) Muslim, “Səhabələrin fəzilətləri” kitabı, “Əlinin fəzilətləri” fəsli № 2408
(14) Buxarinin “Səhih” əsəri, “Dualar” kitabı, “Peyğəmbərdən qeyrisinə salavat gətirmək olarmı?” fəsli № 3660
(15) Bu hədisi Təbərani “əl-Mocəm əl-Əvsat” əsərində (№ 5606) Ömərdən (radıyallahu anhu) rəvayət etmişdir. Şeyx Albani “Silsilətu əl-Əhadis əs-Səhihə” əsərində, 5/58, (№ 2036) demişdir: “Bu hədis Abdullah ibn Abbasdan, Ömər ibn əl-Xəttabdan, Misvar ibn Məxrəmədən və Abdullah ibn Ömərdən (radıyallahu anhu) rəvayət olunmuşdur.”
SON ƏLAVƏLƏR