Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

İmam Cəfər əs-Sadiqin Səhabələri mədh etməsi

İmam Cəfər əs-Sadiq bir dəfə Peyğəmbərin səhabələrini vəsf edərək demişdir: “Peyğəmbərin on iki min səhabəsi var idi. Onlardan səkkiz mini Mədinəli, iki mini Məkkəli, digər iki mini isə Məkkənin fəthi zamanı əfv olunanlardan idi. Onların arasında qədəri, murciə, həruri, mötəzili və ya rəy əhli olmamışdı. Onlar gecə-gündüz ağlayaraq deyərdilər: “Allahım! Yeni bişmiş çörəyi dadmamışdan öncə canımızı al.”(1)
Əgər səhabələr arasında qədəri, murciə, həruri, mötəzili və ya rəy əhli olmamışdırsa – bəzilərinin iddia etdiyi kimi – onların arasında bunlardan daha təhlükəli hesab olunan münafiq necə ola bilərdi?!
İmam Sadiqin bu rəvayətdə söylədiyi sözlər Peyğəmbərin
səhabələrini tərif edən, habelə onları Allahın razılığı və əbədi qalacaqları cənnəti ilə müjdələyən Qurani Kərimdəki ayələrin təsdiqidir. Bütün bu deyilənlər hara, sayları əldəki barmaqların sayından çox olmayan bir neçə səhabə istisna olmaqla bütün səhabələrin mürtəd olduğunu iddia edən batil rəvayətlər hara?!
Bir gün Mənsur ibn Hazim İmam Cəfər əs-Sadiqdən Peyğəmbərin
səhabələri barədə soruşub dedi: “Bəzən mən səndən bir məsələ barəsində soruşduqda mənə bir cavab verirsən, başqası gəlib soruşduqda isə ona başqa cür cavab verirsən?” O dedi: “Biz bəzi insanlara uzun, bəzilərinə isə qısa cavab veririk.” O yenə soruşdu: “Mənə Peyğəmbərin səhabələri barədə xəbər ver görüm, onlar Muhəmmədə sadiq oldular, yoxsa onu yalanladılar?” O buyurdu: “Əlbəttə ki, sadiq oldular.” O yenə soruşdu: “Bəs nə üçün ixtilaf etmişdilər?” O buyurdu: “Məgər bilmirsən ki, bəziləri gəlib Peyğəmbərdən bir məsələ barəsində soruşar, o da ona cavab verərdi. Bu cavabdan bir müddət sonra isə bəzi hədislər bir-birilərini nəsx edərdi.(2)(3)
Bu da İmam Cəfər əs-Sadiqdən Peyğəmbərin
səhabələrinin sədaqətli olmalarına dair şahidlikdir.
Necə şahidlik etməsin, axı onun özü babası Muhəmməddən
rəvayət edir ki, Peyğəmbər Vida həccində Minada Xayf məscidində insanlara xütbə vermiş, Allaha həmd sənalar etdikdən sonra belə demişdi: “Mənim sözlərimi eşidib, onu mənimsəyən, sonra da onu eşitməyənlərə çatdıran kəslərin Allah üzlərini nurlandırsın. Bəzən elə olur ki, fiqhi öyrənmiş kəs fəqih olmur, bəzən də elə olur ki, öyrənən kəs öyrədəndən daha çox anlayışlı olur. Üç şeydə müsəlmanın qəlbi xəyanət etməz: Əməli Allah üçün səmimi qəlbdən etmək, müsəlmanların rəhbərlərinə nəsihət etmək və onların camaatlarına tabe olmaq. Onların etdikləri dualar onları əhatə edəcəkdir. Müsəlmanlar qardaşdırlar, onlardan ən zəifi belə bir zimmidən əhd almış olsa digərləri də onun qanını qorumalıdır. Həmçinin müsəlmanlar başqalarına qarşı birlikdə olmalıdırlar.”(4)
Peyğəmbərin
öz sözlərinin təbliğini səhabələrə etibar etməsi onların dürüst və sadiq insanlar olmasına açıq-aşkar dəlillərdir.
Bu xüsusda imam Cəfər əs-Sadiq babası İmam Əlinin (radıyallahu anhu) bu vəsiyyətini əzbərləmişdir: “Mən sizlərə Peyğəmbərinizin
səhabələrini tövsiyə edirəm, onları təhqir etməyin. Onlar Peyğəmbərdən sonra dinə heç bir yenilik gətirməmiş və yenilik gətirmiş birisini də dəstəkləməmişlər. Peyğəmbərin özü də onları tövsiyə edib.”(5)
Bəssam əs-Seyrafinin belə dediyi rəvayət olunur: “Mən Cəfər əs-Sadiqdən Əbu Bəkr və Ömər barədə soruşduqda o, belə cavab verdi: “Vallahi ki, mən onları özümə dost tutur, onlar üçün bağışlanma diləyirəm. Əhli-beytdən mənim tanıdığım hər kəs də onları özlərinə dost tutmuşlar.”(6)
Cəfər ibn Muhəmməd öz atalarından Rəsulullahın
belə dediyini rəvayət etmişdir: “Sirat körpüsündə ən çox sabit olanlarınız əhli-beytimi və səhabələrimi daha çox sevənlərinizdir.”(7)
Allahım bizləri onların hamısını möhkəmcə sevən qullarından et və bizi onlarla birlikdə həşr et! Ey Mərhəmətlilərin Mərhəmətlisi!

(1) “əl-Xisal” əsəri, səh. 638, № 15; “Bihar əl-Ənvar” əsəri, 22/305
(2) Şəriət hökmləri nazil olduğu (Peyğəmbərin
sağ olduğu) zamanda olurdu ki, bir hökm nazil olar, bundan bir müddət sonra isə başqa bir hökm onu nəsx edərdi. Necə ki, Uca Allah buyurur: “Biz hər hansı bir ayəni nəsx edir və ya onu unutdururuqsa, ondan daha yaxşısını, yaxud ona bənzərini gətiririk.” (əl-Bəqərə surəsi, 106). Odur ki, bəzi səhabələrə yalnız nəsx olunmuş hökmlər çatardı. Onlar nəsx edən hökmlərdən isə bixəbər olardılar. Bu səbəbdən də onlar bildikləri hökmə uyğun cavab verərdilər.
(3) “Usul əl-Kafi” əsəri, 1/52, “Elmin fəziləti” fəsli
(4) “əl-Xisal” əsəri, səh. 149-150, 172 saylı hədis
(5) “Bihar əl-Ənvar” əsəri, 22/306
(6) “Siyər Əlam ən-Nubələ” əsəri, 4/403
(7) “Bihar əl-Ənvar” əsəri, 27/133