Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Dinlərin oxşarlığı bir haqq dinə ziddir?

Sual: Bir çoxlarımız tez-tez ateist səhifələrində dinlər arasındakı oxşarlıq elementlərinə aid şəkillər, çox vaxt heykəllər, bütlər, bəzən isə oxşar ayinlərin şəkillərinə dəlalət edən yazıların gündəmə gətirilməsinin şahidi oluruq. Görəsən bu şəkillərdəki bəzi oxşarlıqlar və ya oxşarlıq olduğu iddia edilən məlumatlar Allah qatında həqiqi bir dinin olması anlayışına zidd ola bilərmi? Qeyd edək ki, ateistlər bu şübhə ilə dinlərin hamısının bir mənşədən olduğunu ifadə etmək, sonra isə dini insanların uydurduğunu demək istəyirlər. Onlara cavabımız necə olmalıdır?

Cavab:

Birincisi: Dinlər birdən çox olduğu üçün bunlar arasında oxşarlıq mümkündür; Ələxsus da təhrif olunmuş dinlər arasında oxşarlıq var və biz bunu inkar etmirik. Bir çox dinlərdə müxtəlif inanclar bənzəyə bilər. Elə oxşarlıqlar var ki, bu, İslamdan başqa bütün batil dinlərdə var. Məsələn; reinkarnasiya inancı İslamda yoxdur. Ərəbcə buna تناسخ الأرواح "tənəsuxul-ərvah" deyilir. Mənası: İnsan öldükdə cisminin fani olması, onun ruhunun isə başqa bir canlının bədəninə keçməsi hadisəsidir. Bu onun ilk həyatında etdiyi əməllər nisbətində (yaxşı və pis) baş verir. Beləcə onun ruhu yeni bir mərhələyə başlayır. (Dinlər haqqında "Müyəssəra" ensiklopediyası. 2/722)

Bu inanc bütpərəstlikdən gəlmədir. Hansı ki, çox dinlərə də sirayət etmişdir. İslam etiqadının saflığı və bu etiqadın sərhədlərinin sağlamlığı reinkarnasiya inancını İslamdan uzaqlaşdırmağa kifayət etmişdir. Baxmayaraq ki, bu inanca İslamdan anlayışı olmayan zəif əqidəli kimsənin inanması da uzaq ehtimal deyil. Qaldı ki, bəzi dinlərdəki ayinlərin İslama aid edilən bəzi firqələrə nisbət edilməsinə, əksər müsəlmanların isə o inancdan uzaq olması, bu cür şeylər əksər müsəlmanların icmasıyla dinə sonradan artırılan şeylərdir. İslam peyğəmbəri ﷺ dinə sonradan artırılan şeylərə qarşı öz ümmətini xəbərdar etmiş, onları dində yeniliklər çıxarmaqdan uzaq olmağa çağırmışdır. Bu əmri ilə İslam peyğəmbəri ﷺ dinin saflığını qorumağa çağırmaqla bərabər, dinə qarşı gələcəkdə edilə biləcək bütün təhrif, dəyişiklik, dinin mahiyyətini dəyişdirmə cəhdlərinə qarşı müsəlmanların ayıq olmalarını təmin etmişdir. O buyurmuşdur: "Kim bizim bu (dində) əməlimizə uyğun olmayan yenilik gətirərsə, bu əməl ondan rədd olunar". (Buxari. 2697; Muslim. 1718). "Yenilik" dedikdə dünyəvi işlər deyil, dinin daxilinə, əsaslarına, özəyinə, mahiyyətinə yenilik gətirmək qəsd olunur.

Yenə İslam dininin daxilinə fikir versək, Qurani-Kərim də dinin tamamlandığına işarə etmişdir. Din tamamlanıbsa, kimlərinsə onu təhrif edib başqa dinlərdən nələrisə İslama daxil etməsi mümkünsüzdür. Uca Allah buyurur: "Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və bir din olaraq sizin üçün İslamı bəyənib seçdim". (əl-Maidə. 3).

İkincisi: Təhrif olunmuş "dinlərdəki oxşarlıqlar" barədə bəzi misallar çəkək, elə misallar ki, ateistlər öz səhifələrində bu haqda şəkillər paylaşırlar; məsələn sosial şəbəkələrdə paylaşılan şəkillərdən birində sağda İsanın uşaqlığı, solda krişnanın uşaqlığı və hər iki şəkildə onların başına yığışan insanları və "üç münəccim" təsvir edilib. Təbii ki, İslam dinində şəkil çəkmək qadağandır. Yenə İslam dininin mühafizəkarlığı bu cür təhriflərdən İslamı qoruyur və bu cür şəkillərin çoxusunda ateistlər İslama aid bir şey tapa bilmir, başqa dinlərdən misallar gətirmək zorunda qalırlar, necə ki, bu şəkildə də xristianlıq və bütpərəstlik müqayisə edilir. Əslində isə xristianlığı təhrif edən əsas fikirlərin bütpərəstlikdən gəldiyi çoxumuza məlumdur və bir çox bütpərəstlik elementlərinin xristianlığa məhz bu yolla gəldiyini adi müsəlmanlar da bilirlər; "Ata, oğul və müqəddəs ruh" anlayışı, təslis (üçlük) inancı da bütpərəstlikdən xristianlığa keçmişdir.

İndi sizə ateistlərin ziddiyyətinə bir misal gətirəcəyik; səmavi dinlər arasında bəzi oxşarlıqların mümkünlüyünü qəbul etməyən ateistlər novruzun Azərbaycanın da bayramı olduğunu, farslara xas bayram olmadığını isbat etmək üçün qədim misirlilərin də buğda cücərtmələrini göstərən şəkilləri məşhur ateist səhifələrindən birində paylaşmışdılar. Qəribədir elə deyilmi? Bir ayini özününküləşdirmək üçün farsların buğda cücərdən şəkillərinə qarşılıq olaraq misirlilərin buğda cücərtmə şəkillərini tapıb paylaşırlar. Belə hallar da olur. Deməli, ateistlər iki xalqın buğda cücərtmə ayinini misal gətirib "bənzərlik" anlayışına sərf edəndə "daha geniş" və daha "adil" yanaşmağa çalışırlar. Dinlərə gəldikdə isə dinlər arasındakı bənzərliklər mütləq mənada bir Allahdan gələn yeganə, tək dinə yozulmur, əksinə mütləq mənada dinlərin "uydurma" olmasına yozulur. Özü də bu arqumenti qeyri-səmavi dinlərdən çox, səmavi dinlərə qarşı istifadə edirlər.

Üçüncüsü: Qurani-Kərimdə bir çox dinlərdəki təhriflərə diqqət çəkilmişdir; Xristianlığın təhrifi, bu dinə bütpərəstlik, politeizm və ya şirkin daxil olunması Quranda xüsusi çəkisi olan mövzulardandır. Yəhudilik dininin təhrifi haqda da Qurani-Kərimdə bəhs edilir. Tövrat və incilin təhrif edilməsi haqda olan ayələrdən biri belədir: "Vay o şəxslərin halına ki, onlar öz əlləri ilə kitab yazır, sonra da: “Bu, Allah tərəfindəndir!”– deyirlər ki, onunla cüzi miqdarda pul əldə edə bilsinlər. Öz əlləri ilə yazdıqlarına görə vay onların halına! Qazandıqları şeyə görə vay onların halına!" (əl-Bəqərə, 79). Deməli, dinin daxilində təhrif pislənilir.

Dördüncüsü: Səmavi dinlərin əsli eynidir; peyğəmbərlik ağacı eynidirsə, tövrat, incil və quranda eyni peyğəmbərlərdən danışılması da normaldır. Yəni bu üç din arasındakı oxşarlığı yalnız mənfi qiymətləndirənlər əslində hansı dinin təhrif olunduğuna, hansının təhrif olunmadığına baxmalı idilər. İslam dini peyğəmbərləri təsdiqləyir, səmavi dinlər də təsdiqləyir. Ümumiyyətlə oxşarlıq, bənzərlik olan müxtəliflik daima bir şeyin uydurma olmasına dəlalət etmir. Əksinə, bəzən oxşarlıq, bənzərlik bir şeyin mahiyyətini daha da qüvvətləndirən amildir. Məsələn; yüzlərlə, minlərlə quş növlərinin olması heç də bu canlıları quş sinfindən kənara çıxarmır. Əksinə quşların canlı faunasının nə qədər zəngin olmasına dəlalət edir. Dinlərin müxtəlifliyi də bir dinin doğru olması ehtimalını aradan götürmür. Dinlərin müxtəlifliyinə kiminsə yalnız bir prizmadan yanaşması, başqa amillərə fikir vermədən analiz etməsi doğru deyil. "Dinşünaslıq" elminə görə dinlər iki kateqoriyaya bölünür; Səmavi dinlər və qeyri-səmavi (və ya bəşəri) dinlər. Bu elmdə də dinlərin vahid mənşəyinin olması geniş tədqiqat predmetlərindən biri sayılır. Qeyri səmavi (bəşəri) dinlərin insanlar tərəfindən çıxarıldığı məlumdur. Ateistlər bunu sübut etməyə çalışarkən, biz müsəlmanlar dinimizin bunu sübut etdiyi üçün bu məsələdə heç ateistlər kimi canfəşanlıq etmədən bu həqiqəti bilirik. Qaldı ki, səmavi dinlər (yəhudilik, xristianlıq və İslam), məhz bu dinlər arasındakı oxşarlıqlar və fərqliliklər dəqiq analiz edildikdən sonra hansısa bir nəticəyə gəlmək olar. Ədalətli yanaşma isə bu dinlərdən ikisinin (yəhudilik və xristianlığın) təhrif olunmasını, İslamın isə təhrifdən qorunduğunu göstərir. Əslində səmavi dinlərin bir kökdən gəlməsi və əsas etibarilə eyni kökə söykənməsi, onların "müxtəliflik" görünən tərəfi və "oxşarlıq" görünən tərəflərini düzgün anlamağımıza yardım etmiş olur. Bir misal deyək; bir ağacın çoxlu budaqları olduğu kimi, onun kökü və başqa hissələri də olur. Budaqlar varsa, avtomatik olaraq onun kökü də var deməkdir. Köksüz ağacı təsəvvür etmək mümkün olmadığı kimi, budaqların çoxluğunu görüb bu ağacın kökü yoxdur demək də axmaqlıqdır. Budaqlar bir-birinə oxşaya bilər. Lakin bir kökün olmasını inkar etmək problemdir. Eləcə də dinlər çox ola bilər. Lakin, çoxlu dinlər içindən bir dinin doğru olması ehtimalı da bunun kimi məntiqi, ağlı yerində olan bir ateistin inkar edə bilməyəcəyi məsələdir.

Yazdı: Sahib Əsədov