Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)
Əvvələ qayıt
Qurbanlıq
Həqiqətən, qurban İslamın şüarlarından biri və böyük bir ibadətdir. Allah Təala onu Quranda namazla birgə əmr etmiş, sünnə onun fəzilətini bəyan etmiş, Peyğəmbər isə (ﷺ) bu ibadəti davamlı şəkildə yerinə yetirmişdir.
Qurban Allaha ibadət niyyəti ilə qurban bayramı günlərində bayram səbəbiylə kəsilən heyvana deyilir.
Qurban kəsmək İbrahim peyğəmbərin (Allahın salamı onun üzərinə olsun) qoyduğu yoldur. Belə ki, ona oğlunu Allaha qurban kəsmək əmr olunduğunda, o Allahın əmrini yerinə yetirmək istəyir və bu əmrə boyun əyir. Lakin Allah, Öz lütfü və mərhəməti ilə bu əməlini bir böyük qoç göndərməklə əvəzləyir.
Eyni zamanda qurban kəsmək Peyğəmbərimizin də yoludur və bu əzəmətli ibadətə Quran və sünnə dəlalət etməkdədir.
Allah Təala buyurmuşdur: “Sən də Rəbbin üçün namaz qıl və qurban kəs!”. (Kövsər surəsi 2-ci ayə).
Həmçinin, belə buyurmuşdur: “De: “Şübhəsiz ki, mənim namazım da, qurbanım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi Allaha məxsusdur!” (Ənam surəsi 162-ci ayə).
Peyğəmbər ﷺ buyurmuşdur: “Kim qurbanı namazdan sonra kəsmişsə, onun qurbanı tamamlanmış və müsəlmanların sünnəsinə uyğun olmuşdur”. (Buxari və Muslim).
Abdullah ibn Ömər (Allah hər ikisindən razı olsun) demişdir: “Peyğəmbər Mədinədə on il qaldı və (hər il) qurban kəsərdi”. (Əhməd və Tirmizi).
Əksər alimlər qurban kəsməyin təkid olunan sünnət olmasını söyləmişdir. Bir çox alimlər isə söyləmişlər ki, müsəlman qadir olduğu halda qurban kəsməyi tərk etməməlidir.
Gücü çatmayana isə qurban kəsmək vacib deyildir. Qurban bayramı günlərində qurban kəsmək qurbanın qiyməti qədər sədəqə etməkdən daha fəzilətlidir. Belə olmasaydı, Peyğəmbər və səhabələri qurban kəsməz, əvəzinə sədəqə verərdilər.
Qurban kəsərkən nə deyilir?
İnsan özü və ailəsinin adından qurban kəsə bilər. Həmçinin, müsəlmanlardan istədiyini də niyyətlə bu qurbana ortaq edə bilər. Aişədən (Allah ondan razı olsun) gələn hədisdə Peyğəmbərimiz qurban kəsərkən belə deyərdi: «Bismilləh, Allahım bunu Muhammədin, Muhammədin ailəsinin və Muhammədin ümməti adına qəbul et» (Muslim).
Ölülərin adına qurban kəsmək
Ölülərin adına kəsilən qurbana gəldikdə isə, bu üç qismə bölünür:
1) Bir kişi özü və ailəsi adına qurban kəsməsi və niyyətinə ailə üzvlərindən sağ olanları da, vəfat edənləri də daxil etməsi icazəlidir. Çünki Peyğəmbər özünün və ailəsinin adına qurban kəsmişdir. Ailə üzvlərindən bəzisi də ondan əvvəl vəfat etmişdir.
2) Vəfat edən şəxsin qurban kəsmək barədə vəsiyyətini yerinə yetirmək üçün kəsə bilər. Allah Təalə buyurmuşdur: «Kim (ölənin vəsiyyətini) eşitdikdən sonra onu dəyişdirsə, günahı ancaq onu dəyişdirənlərin üzərinə düşər. Şübhəsiz ki, Allah Eşidəndir, Biləndir!» (Bəqara, 181).
3) Qurbanın savabının vəfat etmiş şəxsə çatması üçün onun adına ayrıca qurban kəsmək də icazəlidir, çünki bu vəfat etmiş şəxsin adına sədəqə verməyə qiyas olunur. Lakin bu əməl icazəli olsa da sünnət deyildir. Çünki şəriətimiz bu əmələ təşviq etməmişdir.
Qurbanın qəbul olması üçün şərtlər
Qurbanın qəbul olması üçün 4 şərtə əməl etmək lazımdır:
1. Qurban kəsməyin vaxtı:
Qurbanın vaxtını şəriət təyin etmişdir. Vaxtından əvvəl və ya vaxtından sonra kəsilərsə, qurban sayılmaz. Üzrlü səbəbə görə qurbanı öz vaxtında kəsməyi gecikdirən isə, başqa ibadətlərdə olduğu kimi bunda da qəza edir.
Qurban kəsməyin ilk vaxtı qurban namazından sonradır. Bu, bayram namazı qılanlara aiddir. Bayram namazı qılmayan müsafirlər və ya bayram namazı qılınmayan yerlərdə yaşayan müsəlmanlar isə, qurban bayramı günü bayram namazının bitmə vaxtını təxmin edərək qurbanlarını kəsməyə başlayırlar. Kim qurbanı namazdan öncə kəsərsə, kəsdiyi heyvan qurban sayılmaz, adi ət sayılar və onun əvəzinə namazdan sonra düzgün şəkildə başqa bir qurban kəsmək vacib olar. Peyğəmbər ﷺ buyurmuşdur: “Kim (heyvanı) namazdan öncə kəsibsə, bu, ailəsi üçün təqdim etdiyi bir ətdir və qurbana aidiyyatı yoxdur”. (Buxari və Muslim).
«Kim qurbanını bayram namazından əvvəl kəsərsə, o həmin qurbanın əvəzinə başqasını kəssin. Kim namaza qədər kəsməyibsə, «bismilləh» deyərək qurbanını kəssin». (Buxari və Muslim).
Qurban kəsməyin son vaxtı isə, təşriq günlərinin (Zül-hiccənin 11-i,12-si,13-ü) sonuncusunun (13-cü günü) günəşinin batmasına qədərdir. Beləliklə, qurban dörd gün (bayram günü, 11-ci, 12-ci və 13-cü günlər) ərzində kəsilir. Qurbanı gündüz vaxtı kəsmək daha yaxşıdır, lakin gecə vaxtı da icazəlidir.
2. Qurban üçün ancaq dəvə, inək, qoyun və keçi kəsilə bilər.
Allah Təala buyurmuşdur: “Biz hər bir ümmət üçün qurbangah müəyyən etdik ki, Allahın onlara ruzi olaraq verdiyi heyvanları (qurban kəsərkən) Allahın adını çəksinlər”. (Həcc surəsi 34-cü ayə).
Burada nəzərdə tutulan heyvanlar dəvə, inək, qoyun və keçidir. Qurban ibadət olduğu üçün Peyğəmbərin əmr etdiyi və kəsdiyi növlərdən başqa heyvanları qurban kəsmək icazəli deyildir. Bunlardan ən əfzəli dəvə, sonra inək, sonra qoyun, sonra keçi, sonra dəvənin 1/7, sonra isə inəyin 1/7-dir. Hər növdən ən yaxşısı isə, əti ən çox olan və görünüşü ən gözəl olandır.
3. Qurban kəsilən heyvan şəriətin təyin etdiyi yaşda olmalıdır.
Qurban kəsiləcək dəvənin beş yaşı, inəyin iki yaşı, keçinin bir yaşı, qoyunun isə altı ayı tamamlanmalıdır. (Muslim, 1963).
Cabirin hədisində Peyğəmbər demişdir: “Bir yaşdan kiçik keçi kəsməyin. Kimsə tapmazsa, o zaman altı aylıq qoyun kəssin”. (Muslim)
4. Qurban kəsilən heyvan sadalayacağımız eyiblərdən salamat olmalıdır.
Peyğəmbər ﷺ belə buyurmuşdur: “Qurbanlıq heyvanlarda dörd şey icazəli deyildir: “Taygözlüyü aşkar bilinən taygöz, xəstəliyi aşkar bilinən xəstə və ayağı sınıq, hansı ki, sümüyündə ilik yoxdur”. (Əhməd, Əbu Dəvud, Tirmizi, Nəsəi və İbn Məcə). İmam Məlikin rəvayət etdiyi hədisdə “ayağı sınıq, hansı ki, sümüyündə ilik yoxdur” ifadəsinin yerinə “zəif, hansı ki, sümüyündə ilik yoxdur” keçməkdədir.
Bu eyiblər heyvana yaxşı otlamağa, böyüməyə mane olur və ətinə təsir edir. Hədisdə keçən eyiblərin mənasında olan və ya daha pis olan eyiblər də qurbanlıq heyvanda olmamalıdır. Misal kimi hər iki gözü kor olan, gəzə bilməyən, əli və ya ayağı kəsilmiş olan və s. göstərmək olar. Əgər belə bir heyvan qurban kimi kəsilərsə, qurban sayılmaz.
Qulağında və ya buynuzunda kəsik olan, buynuzu dibindən qırılan, dişlərinin bəzisi tökülən və başqa bunu kimi kiçik eyibləri olan heyvanı, dəvənin, inəyin və keçinin quyruğu kəsilmişini qurban kimi kəsmək bəyənilmir. Qoyunun quyruğunun (piyinin) yarısından çoxu və ya hamısı kəsilmiş olarsa, onu kəsmək olmaz, lakin yarısı və ya yarısından azı kəsilmiş olarsa, onu qurban kəsmək olar, lakin bəyənilmir.
Heyvanın xayaları kəsilmiş olarsa, onu qurban kəsməkdə problem yoxdur, lakin cinsiyyət üzvü kəsilərsə, həmin heyvanı kəsmək bəyənilmir.
Bir heyvanı neçə nəfər qurban kəsə bilər?
Bir qoyun və ya keçini yalnız bir nəfər kəsə bilər, dəvə və inəyi kəsməkdə isə, yeddi nəfərə qədər insan şərik ola bilərlər. Cəbir (Allah ondan razı olsun) belə rəvayət edir: “Hudeybiyyə (sülhü) ilində Peyğəmbərlə ﷺ birlikdə dəvəni yeddi nəfərin yerinə, inəyi də yeddi nəfərin yerinə kəsdik”. (Muslim).
Hər bir qurban kəsən şəxs, istər qoyun kəssin, istər dəvə və ya inəkdə başqalarıyla şərik olsun, istədiyi kəsləri öz qurbanının savabına şərik edə bilər. Hətta bu insanların sayı çox olsa belə. Çünki Allahın lütfü genişdir. Peyğəmbər ﷺ qurbanlıq qoçu kəsəndə demişdir: “Bismilləh. Allahım, Muhəmməddən, onun ailəsindən və ümmətindən qəbul et”. (Muslim, 1967). Başqa hədisdə isə, belə gəlib: “İki qoç kəsərdi: biri özü və ailəsinin, o biri isə, bütün ümmətinin əvəzinə”. (Əhməd).
Qurbanın şərikli kəsilməsinə görə savab tərtibi belədir:
• Tək adamın dəvə kəsməsi
• Tək adamın iribuynuzlu mal kəsməsi
• Tək adamın qoyun kəsməsi
• Tək adamın keçi kəsməsi
• Yeddi nəfərin bir dəvəyə ortaq olması
• Yeddi nəfərin bir iribuynuzlu mala ortaq olması
Qurbanda bəyənilən odur ki, qurban kök, əti çox və görünüşü gözəl olsun.
Qurbanı kəsərkən hansı ədəblərə, sünnələrə riayət etmək lazımdir:
Qurban kəsərkən heyvanla yaxşı davranmaq, bıçağı itiləmək və heyvanı sol tərəfinə yerə uzatmaq bəyənilən əməllərdəndir.
Sünnə olan odur ki, üçdə birini özü yesin, üçdə birini hədiyyə etsin və üçdə birini sədəqə etsin. Lakin çoxunu özünə saxlayarsa da, bir problem yoxdur. Qurbanı insanın özünün kəsməsi də sünnətdir. Əgər özü kəsmirsə, ən azı kəsilən zaman orda iştirak etsin. Qəssaba əməli qarşılığında qurbandan nə isə (dərisini və. s) vermək olmaz. Mütləq ücrət olaraq pul şəkilində verilməlidir. Bundan sonra istəsə qurban ətindən qəssaba da hədiyyə edə bilər.
Qurban kəsdiyi heyvanın dərisini özü istifadə edə, yaxud istifadə edən birinə hədiyyə edə bilər. Lakin satmaq olmaz.
Kəsilmiş qurban necə paylanılmalıdır?
Allah Təala buyurmuşdur: “Qoy onlar öz mənfəətlərinin şahidi olsunlar və məlum günlərdə Allahın onlara verdiyi heyvanları (qurban kəsərkən) Allahın adını çəksinlər. Onlardan özünüz də yeyin, məzlum yoxsullara da yedirdin!” (Həcc surəsi 28-ci ayə).
Peyğəmbər isə belə buyurmuşdur: “Yeyin, yedizdirin və ehtiyata saxlayın”. (Buxari).
Bəzi səhabələrdən rəvayət olunan əsərlərə əsasən alimlər demişdirlər ki, qurban ətinin üçdə birini yemək, üçdə birini qohum-qonşuya paylamaq, qalan üçdə birini isə kasıblara sədəqə etmək müstəhəbdir.
Qurban kəsilmiş heyvanın ətini, dərisini, piyini və s. satmaq və ya heyvanı kəsən işçiyə pul əvəzinə vermək olmaz.
Qurban kəsmək istəyən kəs bilməlidir ki, zül-hiccə ayı girəndən qurbanı kəsənə qədər nə saçından, nə də dırnağından kəsməməlidir. Peyğəmbər ﷺ buyurmuşdur: “Zül-hiccənin hilalını gördünüzsə, sizdən biriniz qurban kəsmək istəyirsə, saçından və dırnaqlarından götürməsin”. (Muslim).
Və sonda, unutmayaq ki, hər bir ibadətdə olduğu kimi, qurbanda da bu iki mühüm şərtə riayət etməliyik:
Ibadətin qəbul olunması üçün mühim iki şərt
1. İxlas. Qurbanı yalnız Allah üçün kəsməliyik. Kiməsə göstərmək və ya eşitdirmək üçün, vəzifə, hörmət sahibi olmaq üçün, məxluqa yaxınlaşmaq üçün və ya dünya məqsədlərindən hər hansı biri üçün qurban kəsmək olmaz. “De: “Şübhəsiz ki, mənim namazım da, qurbanım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi Allaha məxsusdur!” (Ənam, 162).
2. Peyğəmbərin ﷺ sünnəsinə müvafiq olmaq. “Kim bizim əmrimiz olmayan bir şeyi edərsə, ondan rədd olunar”. (Buxari və Muslim).
Sonda Uca Allahdan istəyirik ki, kəsdiyimiz qurbanları bizdən qəbul etsin. Keçən ilki videçarxımızın sonunda etdiyimiz dualarda Allahdan növbəti qurban bayramlarımızı Qarabağda keçirməyimizi istəmişdik. Bu duamızın qəbul olunmasına görə Allaha sonsuz həmd-sənalar edirik. Dua edirik ki, Uca Allah ölkəmizdəki evlərin hər birində qurban kəsməyi bizlərə nəsib etsin.
Məqalənin video variantını buradan izləyə bilərsiniz.
SON ƏLAVƏLƏR