Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Quranın tərcümələri düz gəlmir?

Şübhə: Müsəlmanlara Quran haqqında bir söz deyən kimi ya "sən düz başa düşməmisən, ya da Quranı səhv tərcümə ediblər" deyirlər. Axı bu kitab daha aydın və hər kəsin anlayacağı dildə olmalı deyildimi?

Cavab: Sualdakı son cümləyə yaxın günlərdə yazdığım "Quran Allah kəlamıdırsa, niyə onu başa düşmək çətindir?" adlı suala cavab verdiyimiz məqalədə ətraflı şəkildə cavab vermişəm. Quran tərcümələrinə gəldikdə isə, bütün iddialara qarşı "Quran səhv tərcümə olunub" deyilmir, bu sadəcə ateistlərin dillərinin öyrəşdiyi bir iddiadır. Müsəlman daha çox" siz düzgün başa düşməmisiniz" deyə bilər. Təbii ki, tərcüməçilərin tərcümə səhvləri də var. Əlavə izah etmək istədiyim məsələlər bunlardır;

1 - Quranın dəqiq tərcüməsi yoxdur; Bunu başa düşmək çox mühümdür. Bir çox dinsizlər Quranın ərəb dilində və onun öz saf xüsusiyyətləri üzərində nazil olduğunu qəbul etmək istəmirlər.
“Həqiqətən, Biz onu ərəbcə Quran olaraq nazil etdik ki, başa düşə biləsiniz". (Yusuf. 2). Bu ayəni eşitdikdə onun yalnız ərəblərə gəldiyini başa düşən dinsizlər ayənin mənasını təhrif etmək istəyirlər. Heç kəsə gizli deyil ki, ərəb dilində 12 milyon söz var və bu söz ehtiyatı ilə o dünyanın ən güclü dili hesab edilir. Allahın kəlamı da məhz ən incə ifadələri işlədə bilən, bu qüdrətə malik olan bir dildə gəlmişdir. Bu qədər qüvvətli bir dilin yalnız mənaca tərcüməsi mümkündür. Dəqiq tərcüməsi isə qeyri-mümkündür. Ona görə də bu məsələni başa düşməyən və ya başa düşmək istəməyən dinsizlər daim Quranın tərcüməsi haqda deyilən bu məsələyə bilərəkdən, ya da bilməyərəkdən etiraz edirlər. Həqiqəti isə qəbul etmək lazımdır. Quran ərəbcə gəlsə də bütün bəşəriyyətə xitab edir, bu da dəlil: "«Biz səni bütün insanlara müjdə verən və xəbərdarlıq edən bir peyğəmbər kimi göndərdik. Lakin, insanların çoxu bunu bilmir.» (Səba, 28)

2 - Tərcüməçilərin üslub fərqləri də var. Kimisi öndən arxaya tərcümə edir, kimisi arxadan önə. Kimisi də hərfi tərcümə edir. Xüsusilə də İslam haqqında geniş araşdırmalar edən, dünyaya İslam haqqında çoxlu şübhələr yaymış şərqşünasların ərəb dili və onun incəliklərinə bələd olmamaları bir yana, həmçinin hərfi tərcümələrə yol vermələri, Quran, təfsir, bəlağət, fiqh, hədis elmi və s. İslami elmlərdən xəbərləri olmadan tərcümələr etmələri, özlərindən Qurana mənalar vermələri, bir çox yersiz ittihamlara səbəb olmuşdur. Azərbaycan dilində Quranı şeir kimi tərcümə edən ən bərbad nümunələrdən birində tərcüməçi Allahı "hiyləgər" adlandırmaqdan çəkinməmişdi. (Əslində isə "Ali İmran" surəsinin 54-cü ayəsinin sonu "Allah hiyləgərlərə qarşı ən yaxşı tədbir görəndir" kimi tərcümə olunmalıydı. Çünki, haşa, Allahın "hiyləgər" sifəti yoxdur). Lakin, həmin tərcümə insanlar arasında heç bir "dəyər" görmədi, baxmayaraq ki, müəllif Quranı ərəbcə orjinalındakı kimi tərcümə etmək, qafiyələndirmək istəmişdi. Bu qəbildən də çoxlu xətalara yol vermişdi. Lakin, o Quranın dəqiq tərcüməsinin mümkün olmadığını bilsəydi, Quran tərcüməsinə girişib nə vaxtını israf edər, nə də yüzlərlə ciddi xətalara yol verməzdi. Təsəvvür edin ki, ateistlərdən kimsə N.Qasımoğlunun tərcüməsini oxuyub müsəlmanlara ordan sitatlar gətirir.

Arxadan tərcümə etdikdə bəzən bir neçə cümlə birləşir, öndən tərcümə etdikdə isə bəzən məna tam verilmir, ya da istənilən məna alınmır. Baxmayaraq ki, Quranın dəqiq tərcüməsi yoxdur. Lakin, bu o demək deyil ki, onun mənaca tərcüməsi də mümkün deyil. Elə söz var ki, o yalnız ərəbcə orjinalında oxunduqda öz təsirini qoruyur. Quranın ecazkarlığı onun məhz ərəbcəsində ifadə olunur, başqa dilə çevrildikdə onun insanlara təsiri də ərəbcəsindəki kimi olmur.

Hərfi tərcümə bəzən mənanı itirir, hətta təhrifə yol açır. Ona görə Quran öz orjinal dilində daha yaxşıdır. Başqa dillərə tərcümədə təfsirlərə baxılması tərcümənin səhvlərini azalda və onu daha mükəmməl edə bilər. Allahın adlarının bir çoxlarının dilimizdə dəqiq tərvüməsi yoxdur, ona görə də bəzən təxmini məna ifadə edən sözlərlə Allahın bəzi adları verilir.

3 - Tərcüməçilər təfsirlərdən istifadə etdikdə təfsirlərin üslubunu və xüsusiyyətlərini bilməlidirlər. Ən mötəbər təfsirləri tanımalıdırlar. Təbərinin, İbn Kəsirin, Bəğavinin və s. təfsirləri ola-ola son dövr müəllifi bilinməyən, tanınmayan şəxslərin təfsirlərinə də baxmalı deyillər. Üslub fərqinə gəldikdə isə əl-Qurtubinin təfsirində bilmək lazımdır ki, kitab fiqhi məsələləri daha çox izah etməyə üstünlük verib. Bəzən bir ayənin tərcüməsində otuza yaxın fiqhi məsələdən danışıb. Şəkk yoxdur ki, bunlar hamısı elmi üslublardır. Məsələn, Zəməxşərinin təfsiri daha çox rəmzlər, batini mənalara, hətta mötəzilə məzhəbinə uyğun izahlarla da doludur. Bunu firqələri bilən arsşdırmaçı hiss edə bilər. Dil və bəlağət baxımından yaxşı hesab olunsa da bəzi batini izahlara getdiyi üçün bu təfsir elm əhli arasında geniş istifadə olunmamışdır. Tərcümədə dil məsələsi qabardığı üçün fiqhi təfsir olan Qurtubinin, ya da mötəzilə mədrəsəsinə meyl edən Zəməxşərinin deyil, digər lüğəvi mənalara üstünlük verən təfsirlərə baxıla bilər. Lakin bilmək lazımdır ki, tərcümədə təkcə dil deyil, ən əsas məsələ Allahın muradı, məqsədi, ayənin düzgün mənasını başa düşməkdir.

4 - Güclü dildən zəif dilə tərcümə mənanı o qədər kasadlaşdıra bilər ki, bu kasadlıq mənanı təhrif həddinə çata bilər. Artıq bu barədə söhbət əsnasında məlumat verdik. Bəzi tərcüməçilər mötərizələrdən istifadə edirlər ki, kimlərsə bunu tənqid edə, kimlərsə haqlı hesab edə bilər. Çünki, tərcümədə bəzən elə zəruri qeydlər ola bilər ki, bunu normal tərcümələrdə belə mötərizədə vermək olur. Lakin, Allahın kitabının tərcüməsində bu mötərizələrdəki mənalar həmişə birbənalı qarşılanmır. Xülasə, tərcümə özü bir elmdir, lakin çox vaxt bu elmlə onu mükəmməl bilənlər deyil, sadəcə mənanı başa düşdüyü kimi çatdırmaq istəyənlər məşğul olurlar. Şəkk yoxdur ki, yaxşı tərcümələr də mövcuddur. Lakin, onlar da xətadan xali deyillər.

5 - Ateistlərin "yenə tərcümədə səhv var deyəcəklər" sözləri hər birimizə məlumdur. Xeyr. Müsəlmanların ayənin düzgün mənası haqda edilən iradlara cavabı həmin anda bilməməsi yol vermir ki, hər şübhəyə "tərcümədə səhv var" deyib keçsin. Sadəcə "ola bilsin ki, mən bunun cavabını bilmirəm" deyib keçməsi və sual verib öyrənmədən qərar verməyə tələsməməsi lazımdır. Çünki, uca Allah buyurmuşdur: "Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun". (ən-Nəhl. 43). Bir də hər müsəlman bilməlidir ki, dinsizlərin hansısa ayəni şübhə olaraq gətirmələri, orada ya "ziddiyyət", ya "yalan" axtarışına çıxmaları, hər zaman tərcümə səhvindən olmur, bəzən sadəcə ayələrin mənasını "təhrif" edirlər, ya da zahiri mənaya özlərindən "başqa məna" verirlər.

Yazdı: Mədinə Beynəlxalq İslam universitetinin tələbəsi Sahib Əsədov