Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Ərəfə günü belə dua et ki, Allah bütün hacətlərini versin!

Hörmətli oxuyucular!
Uca Allah bəzi vaxtları duaların qəbul olunması üçün daha fəzilətli etmişdir. İlin, ayın, həftənin yaxud da günün elə vaxtları vardır ki, bu vaxtlarda edilən dualar həm Allah tərəfindən qəbul olunmasında, həm də savabına görə başqa vaxtlarda edilən dualardan üstündür. Bu vaxtlardan biri də Ərəfa günü edilən duadır. Peyğəmbər ﷺ həmin gün əsr namazından gün batana qədər dua edərdi. Ərəfa günü edilən bütün ibadətlər başqa günlərdəki ibdətlərdən üstün olduğu kimi, bu gün edilən dua da digər vaxtlarda edilən duadan üstündür. Bu gün edilən ən mühüm dua isə belədir

«Allahdan başqa məbud yoxdur, O təkdir, Onun şəriki yoxdur. Mülk Onundur və həmd Onadır! O hər şeyə Qadirdir!» (Tirmizi)

Duanın ədəbləri və əhkamları:
Duanın müəyyən ədəbləri vardır. Bu ədəblərə riayət etmək lazımdır ki, edilən dua qəbul olunsun. Bu ədəblərdən:

1. Dəstəmazlı olmaq. Əbu Musa (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər ﷺ Hüneyn döyüşü qurtardıqdan sonra su gətizdirdi, dəstəmaz aldı və sonra əllərini qoltuğunun altının ağlığı görünənədək qaldırdı və dua etməyə başladı. (Buxari və Muslim)

2. Qibləyə tərəf yönəlmək. Ömər ibn əl-Xattab (Allah ondan razı olsun) demişdir: “Bədr döyüşündə Peyğəmbər nəzər salıb gördü ki, səhabələrinin sayı üç yüzdən bir az çox, müşriklərin sayı isə min nəfərdən bir az çoxdur. Sonra o üzünü qibləyə tərəf çevirdi və əllərini açıb dua etdi”. (Muslim)

3. Duaya başlamazdan əvvəl Allaha həmd-səna etmək, Peyğəmbərə isə salavat gətirmək. Peyğəmbər ﷺ buyurmuşdur: “Sizlərdən biriniz duaya başladıqda, Rəbbinə həmd-səna etsin. Sonra Peyğəmbərə salavat gətirib istədiyini diləsin”. (Əbu Davud, Tirmizi, Nəsai, Əhməd.)

4. Duanın qəbul olmasında tələsməmək. Peyğəmbər buyurmuşdur: “Sizlərdən biriniz tələsməyib "dua elədim qəbul olmadı" deməzsə, duası qəbul olar”. (Buxari və Muslim)

5. Dua etdikdə əllərini səmaya tərəf qaldırmaq. Peyğəmbər buyurur: "Sizin Rəbbiniz həyalı, kərəm Sahibidir, əllərini Ona tərəf qaldırıb dua edən qulunun əllərini boş qaytarmaqdan utanır". (Buxari və Muslim)

6. Dua edərkən Allahı gözəl adları ilə çağırmaq və bu adlarla Allaha yaxınlaşmaq. Uca Allah belə demişdir: “Ən gözəl adlar Allahındır. Ona bu adlar vasitəsi ilə dua edin” (Əraf surəsi, 180)
Həmçinin, Peyğəmbər belə söyləmişdir “Allahın 99 adı vardır. Kim bunları sayarsa, Cənnətə daxil olar”. (Buxari, Muslim)

7. Ehtiyac anında ixlasla, Allaha şərik qoşmadan, sırf onun razılığı üçün edilən əməli xatırlatmaqla Allaha yaxınlaşmaq və Ondan istəmək. Peyğəmbər söyləmişdir ki, 3 nəfər yağışdan mağaraya sığınarkən mağaranın ağzına böyük daş düşür və onlar orada qalırlar. Sonra hər biri sırf Allah üçün etdiyi bir əməli zikr edərək Allaha yaxınlaşır və Allahdan onları xilas etmələrini istəyirlər. Mağaranın girişi açılır və onlar oradan xilas olurlar. (Buxari)

Xatırlatdığımız son iki ədəb, dua edərkən icazəli təvəssül formalarındandır. Bu zaman dua edən ancaq Allahı çağırır, Allahın adları və saleh əməllərlə duada Allaha yaxınlaşır. Qeyd edək ki, bəzilərinin Allahdan qeyrisinə dua edib, onlardan ancaq Allahın qadir olduğu şeylərdə ehtiyaclarını ödəmələrini istəmələri, Allaha yox, bu vasitəçilərə yalvarmaları və sonra da “onlar bizi Allaha yaxınlaşdıracaq” deyə etiqad etmələri təvəssül yox, məhz Allaha şərik qoşmaqdır və bu da Quranda qəti qadağan edilmişdir. Dua ibadət olduğu üçün, bu əməl Allahdan qeyrisinə ibadət etmək və ibadət etdiyinin də Allahla onun arasındaki şəfaətçi olduğunu iddia etməkdir.

Onlar Allahı qoyub özlərinə nə bir zərər, nə də bir fayda verə bilənlərə ibadət edir və: “Onlar Allahın dərgahında bizim şəfaətçilərimizdir!”– deyirlər. De: “Yoxsa Allaha göylərdə və yerdə bilmədiyi bir şeyimi xəbər verirsiniz?” (Allah) onların qoşduqları şəriklərdən uzaqdır və ucadır. (Yunus surəsi 18-ci ayə)

8. Ehtiyacı olan hər bir şeyi Allahdan istəmək. Bu məsələdən bir çox müsəlmanlar qafildirlər. Lakin, bilmək lazımdır ki, hər bir insan ehtiyacı olan şeyi kiçik, yaxud böyük olmasından asılı olmayaraq Allahdan istəməlidir. Müsəlmanların əksəriyyətinə yalnız böyük bəla üz verdikdə Allahdan istəyirlər. Bu bir çox müsəlmanların etdikləri xətalardandır. Səhabələr (Allah onlardan razı olsun) ayaqqabılarının bağları itdikdə belə onu tapmaları üçün Allaha dua edərdilər. Həmçinin, Peyğəmbər ﷺ söyləmişdir: “Namazda təşəhhüd duasını dedikdən sonra qoy nəyə ehtiyacı varsa istəsin”. (Buxari və Muslim)

9. Dua etdikdə onu üç dəfə təkrar etmək. Abdullah ibn Məsud (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər dua etdikdə üç dəfə edərdi. (Buxari və Muslim)

10. Dua etdikdə səsi çox qaldırmamaq. Uca Allah buyurur: “Dua etdikdə nə uca səslə, nə də pıçıltı ilə et”. (İsra surəsi 110)

Dua edərkən Quran və Sünnədə, yəni səhih hədislərdə varid olmuş dualardan istifadə etmək. Bu cür dualar Allaha daha sevimli olduğundan daha tez qəbul edilir. Həmçinin, bu cür dualar daha kamil olduğundan qula lazım olan daha çox və böyük məsələləri də əhatə edir. Onlardan bir neçəsini sizlərə nümunə olaraq təqdim edirik.

Zəkəriyyə peyğəmbərin ovlad istəyərkən belə dua etməsi: “Ey Rəbbim! Öz tərəfindən mənə pak bir nəsil bəxş et! Şübhəsiz ki, Sən duaları Eşidənsən”. (Ali-İmran 38)

Eyyub peyğəmbər xəstəlikdən xilas olması üçün belə dua etmişdi – “Mənə, həqiqətən də, bəla düçar olubdur. Sən rəhmlilərin ən rəhmlisisən!” (Ənbiya 83)


Duada edilən xətalar
İnsanların çoxu dua etdikləri zaman bir çox xətalara yol verirlər.
Əksər hallarda elmsizlikdən, bəzən də unutqanlıqdan edilən bu xətalar duanın qəbul olunmamasına səbəb olur.

1. Dua etdikdə şirkə yol vermək. Yəni, Allahla yanaşı başqa bir şeydən, kimsədən istəmək. Bu şeyin insan, mələk, daş, ağac və s. olmasının da fərqi yoxdur. Bu, duada edilən ən böyük xəta və duanın rədd edilməsi üçün ən böyük amildir. Qudsi hədisdə uca Allah belə demişdir: “Mənim şərik qoşulmağa heç ehtiyacim yoxdur. Kim hər hansı əməlində mənə başqasını şərik edərsə onu da, şirkinə tərk edərəm”. (Muslim)
Yəni, onu həmin şərik qoşduğu ilə baş-başa buraxaram, ondan əməlini qəbul etmərəm. Hədisin başqa ləfzlərindən ondan və şərik qoşduqlarından uzağam da deyilir.

2. Bidət etməklə Allahdan istəmək. Məsələn: Peyğəmbərin, övliyaların xətrinə istəmək və s. Bu cür dua edib Allahdan istəməyə nə Quranda, nə də Peyğəmbərdən varid olan hədislərdə dəlil yoxdur. Həmçinin, Peyğəmbərin tərbiyəsini almış səhabələr və onların davamçıları da bu cür dua etməmişlər. Peyğəmbər söyləmişdir: Kim bizim əmrimiz, işimiz üzrə olmayan bir iş görərsə, əməli rədd olunar” (Buxari, Muslim)

3. Allahın onun duasını qəbul edib-etməyəcəyini yoxlamaq üçün edilən dua. “Bu dəfə də dua edim, görüm Allah qəbul edər, ya yox” və s. bu kimi niyyətlə edilən dualar.

4. Fəsad yaymaq üçün edilən dua.

5. İnsanlara özünü göstərmək məqsədi ilə, malının çoxalmasını istəmək üçün edilən dualar.

6. Ümid etməmək. Çox zaman insanlar xəstələndikdə, və ya övlad istəyən kimsənin övladı olmadıqda ümidlərini Allahdan üzürlər. Bəziləri tamamilə duanı tərk edir, bəziləri isə dua etsələr də ümidləri az olur. Bu cür insanlar Allahın hər şeyə qadir olduğunu dərk edib, yəqinliklə Ondan istəməlidirlər. Zəkəriyyə (Allahın ona salamı olsun) yaşlı olmağına baxmayaraq Allahdan övlad istəyir və öz duasında duanın ədəblərinə gözəl şəkildə riayət etdiyinə görə Uca Allah ona istədiyini verir.

Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) buyurmuşdur: “Allaha dua edib, ümidlə cavabını gözləyin”. (Tirmizi)

7. Allah haqqında "duamı qəbul etməyəcək" deyə pis zənnə qapılmaq.
Bir hədisdə belə buyurulur: “Uca Allah buyurur: “Mən qulumun barəmdəki zənni yanındayam. O Məni çağırarkən, dua edərkən, Mənə olan zənni yanındayam”. (Buxari)

8. Ürəkdən istəməmək (yəni, fikri yayındırmaq). Dua edən kəs etdiyi duanın əzəmətini dərk edib, dediyi sözləri anlamalıdır. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) buyurmuşdur: “Bilin ki, Allah qəlblə istənilməyən duanı qəbul etmir”. (Tirmizi)

9. Yeməyin, içməyin və geyimin haram olması. Buna dəlil, səhrada əlini səmaya doğru açıb Allahı çağıran, lakin, yeməyi, içməyi və geyimi haram olduğuna görə Uca Allahın onun duasını qəbul etmədiyi kimsənin hədisidir. (Muslim)


Dualarımız niyə qəbul olunmur?
Bir nəfər İbrahim ibn Ədhəmin yanına gəlib dedi: “Uca Allah buyurur: “Mənə dua edin, Mən də sizə cavab verim”
Amma biz dua edirik duamız qəbul olmur”. İbrahim ibn Ədhəm dedi: “Bunun beş səbəbi vardır”. O adam soruşdu: “Onlar nədir?” İbrahim cavab verdi:

1. Allahı tanıdınız haqqını vermədiniz.
2. Quranı oxudunuz, onda olanlara əməl etmədiniz.
3. Dediniz ki, Allahı sevirik amma yolunu tərk etdiniz.
4. Dediniz ki, İblisə lənət edirik, amma ona tabe oldunuz.
5. Öz eyiblərinizi buraxıb, insanların eyibləri ilə məşğul olmağa
başladınız.

Uca Allah hamımızı düzgün formada dua etməyə müvəffəq etsin və dualarımızı qəbul etsin.

Məqalənin video variantını buradan izləyə bilərsiniz.