Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Quran Allah kəlamıdırsa, niyə onu başa düşmək çətindir? 

Ateistlərin bir şübhəsi var: Əgər Quran Allahın kəlamıdırsa, niyə onu başa düşmək bu qədər çətindir? Niyə təfsirlərə ehtiyac var? Məgər o Allah kəlamı olsaydı, onu hər kəs rahat başa düşməli deyildimi? Tərcümələr də düz gəlmir deyirlər.

Cavab: Birinci: Quranın nə üçün nazil olduğunu başa düşməliyik. Qurani-Kərim İslam dininin dünya və axirət səadətini əldə etmək üçün Allahın əmr və qadağalarını çatdıran, dinin qayda və hökmlərini bəyan edən bir kitabdır. Quran bir qanun kitabıdır. Müsəlmanların konstitisiyasıdır. Konstitusiya kitabını fizika, kimya, riyaziyyat kitabı ilə müqayisə edənlər əlbəttə ki, Quranın mənasını başa düşməyəcək və Onun ilahi məqsədindən başqa istiqamətdə yozacaqlar.

İkincisi: Quran ayələri muhkəm və mutəşabih ayələrə bölünür. Əksər ayələr başa düşüləndir. Uca Allah buyurur: "Kitabı sənə nazil edən Odur. O Kitabın bir qismi mənası aydın ayələrdir ki, bunlar da Kitabın anasıdır. Digərləri isə mənası aydın olmayan ayələrdir. Qəlblərində əyrilik olanlar fitnə-fəsad törətmək və istədikləri kimi yozmaq məqsədilə mənası aydın olmayanın ardınca düşərlər. Onun yozumunu isə Allahdan başqa heç kəs bilməz. Elmdə qüvvətli olanlar isə deyərlər: “Biz onlara iman gətirdik, hamısı bizim Rəbbimizdəndir”. Bunu isə ancaq ağıl sahibləri dərk edərlər". (Ali İmran, 7). Bu ayədən də göründüyü kimi Quran ayələrinin bir qismi mənası aydın ayələrdir.
مِنۡهُ ءَایَـٰتࣱ مُّحۡكَمَـٰتٌ هُنَّ أُمُّ ٱلۡكِتَـٰبِ وَأُخَرُ مُتَشَـٰبِهَـٰتࣱۖ
Özü də bu qism, yəni mənası aydın ayələr Kitabın anası adlandırılmışdır.

Başqa bir ayədə uca Allah buyurur:

وَلَقَدْ يَسَّرْنَا الْقُرْآنَ لِلذِّكْرِ فَهَلْ مِنْ مُدَّكِرٍ

«Biz Quranı yada salmaq üçün asanlaşdırdıq. Amma heç bir yada salan varmı?» (əl-Qəmər, 17)

Doğurdan da qəlblərində mərəz olanlar Quran ayələrini Allahın qəsd etdiyi mənadan başqa mənaya yozurlar. Ateistlər də Quranın həqiqətini başa düşmədən bu kitabı konstitusiya kitabından daha çox fizika, kimya, astonomoya kitabı kimi görməyə çalışır, görə bilmədikdə isə "bu Allahın kəlamı deyil" deyirlər.

Üçüncüsü: 14 əsr əvvəlki ərəbləri heyran qoyduğu kimi, bu günün müasir insanlarını da öz bəlağəti, ecazkarlığı ilə heyran qoyur. Ərəb şairləri özlərinin ən gözəl şeirlərini Kəbənin üzərindən asırdılar. Lakin Qurani-Kərim nazil olduqda ərəb şairləri bunun insan sözü olmadığını təsdiqlədilər. Onlar şeiri və onun dərinliklərini yaxşı bilirdilər. Oxumaq və yazmaq bilməyən bir peyğəmbərin birdən-birə ən güclü yazıçıları heyran qoyan ilahi bir kəlamın ayələrini oxuması onları heyrətə gətirmişdi. Hətta bəziləri Qurani-Kərimi dinləmək üçün gizlincə gedib səhabələrin və peyğəmbərin Quran oxumasını izləyirdilər. Sonra inanmayanlar öz dostlarının da özləri kimi gizlincə Quran dinləməyə gəldiklərini görürdülər.

Dördüncüsü: Təfsirlərə nə üçün ehtiyac var?

Təfsirlər Qurani-Kərimin mənalarının Peyğəmbərin və səhabələrinin başa düşdüyü kimi düzgün başa düşülməsi, ən əsası isə Allahın Quran ayələrindəki muradının insanlara düzgün çatdırılması üçün yazılmışdır. Təfsirlərin özü də ayələrin nazil olma səbəbləri elmi ilə başlamışdır. Yəni insanların uydurduğu bir elm deyil, Quranı ilk dəfə elə peyğəmbər özü izah etmişdir. Ondan da səhabələr bu elmi götürmüşlər. Təfsir elmində "əsbəbun-nuzul" (Quran ayələrinin nazil olma səbəbləri) elmi haqda əsərlər çox mühüm yer tutur. Bu kitablar peyğəmbərin Quran ayələrini izah edən hədislərinə əsasən, həmçimin, ayələrin hansı şəraitdə, hansı hadisədən sonra və ya kimin haqqında nazil olmasını izah edir. Bu kitablardan; Əli ibn Əhməd əl-Vahidinin "Əsbəbun-Nuzul" əsəri, İbn Həcər əl-Asqalaninin "əl-Ucəb fi bəyənil-Əsbəb" əsəri, Cəlaləddin əs-Süyutinin "Lubəbun-Nuqul fi Əsbəbin-Nuzul" əsəri, Muqbil ibn Hədi əl-Vadinin "əs-Sahih əl-Musnəd li-Əsbəbin-Nuzul" əsəri və s. əsərləri misal çəkmək olar. İslam alimi İbn Dəqiq əl-İyd demişdir: "Quran ayələrinin nazil olma səbəblərini bilmək, Quranın mənalarını başa düşmək üçün çox qüvvətli bir yoldur". (əl-İtqan fi ulumiı-Quran. Süyuti. 1/108).

Quranı ən gözəl başa düşənlər, Quranın təfsirini ən yaxşı bilənlər elə peyğəmbərin səhabələri idilər. Onlar Peyğəmbərin quranı necə təfsir etməsinin şahidi olmuşdular. Bu elmi peyğəmbərin səhabələrindən ən gözəl bilənlərdən bəzi tanınmışları: Abdullah ibn Abbas, Abdullah ibn Məsud, Əli ibn Əbu Talib, Zeyd ibn Sabit, Ubey ibn Kəb, Əbu Hüreyrə, Abdullah ibniz-Zubeyr, Əbi Musə əl-Əşari (Allah onlardan razı olsun) və başqaları idilər. Abdullah ibn Abbasa da onlardan idi. Peyğəmbərimiz ona dua etmişdi ki, Allah ona Quranın mənalarını öyrənməyə müvəffəq etsin! Deməli, təfsir elmini ilk dəfə Muhəmməd (Sallallahu aleyhi və səlləm) peyğəmbər özü öyrətmişdir.

Təfsirlər Quranın mənalarının başa düşülməsini asanlaşdırır, eyni zamanda təfsir kitablarında ilk müsəlmanların Quranı necə Allahın muradına uyğun başa düşmələri qeyd olunmuşdur. Həmçinin, təfsirin faydalarından biri də odur ki, insanların Quranın mənalarını təhrif etmək istəyənlər peyda olduqca təfsir kitabları təhrifçilərin işini çətinləşdirir. Onları Allahın Qurandan muradı olmayan mənaları özbaşına çıxarmalarına maneə olur. Həmçinin, təfsir kitabları kateqoriyalara bölünür; onlardan bəziləri ümumi şəriət əhkamların, İslam fiqhinin izahına üstünlük vermiş, bəziləri Quran ayətlərindəki ərəb dilinin incəliklərini izah etmiş, bəziləri Quranın bəlağətini izah etmiş, bəziləri Qurandakı hekayələrin təfsirinə və tarixi məsələlərin izahına üstünlük vermiş, bəziləri nəsix və mənsux məsələlərini (hökmü qalan və hökmü silinən ayələr haqda elm) araşdırmış, bəziləri Məkkə və Mədinə ayələrini fərqləndirməyə çalışmış, bəziləri muhkəm və mütəşabihi (mənası bəlli olan və bəlli olmayan ayələr) izah etmiş, bəziləri Qurani-Kərimin bir neçə ləhcədə oxunuşu haqda qaydaları izah etmiş, bəziləri Quranın "təcvid (oxunuş) elmi" haqda izahlar etmişlər və s. Bütün bunlar onu göstərir ki, İslam alimləri Qurani-Kərimdəki müxtəlif İslam elmlərinə xidmət etmək istəmişlər, müsəlmanların Qurandan daha çox faydalanmasına çalışmışlar. Yoxsa, bəzi ateistlərin düşündüyü kimi Quran təfsirləri heç də mənaları müsəlmanların istədikləri kimi yozmaq cəhdləri olmamışdır. Buna mane olan səbəblərdən ən əsası da Quranın təfsir qaydaları və təfsir elminə daxil olmaq üçün qoyulan ağır şərtlərdir. Bu şərtlər bir çox İslami elmləri dərindən bilməklə əlaqəlidir. Hətta, hal-hazırda Mədinə Beynəlxalq İslam universitetinin "Quran fakultəsində" təhsil almaq üçün ilk şərt tələbənin Qurani-Kərimi əzbərdən bilməsidir. Hələ sonrakı elmi mərhələlərdən danışmırıq. Quranın təfsir növlərinə baxsaq, yenə bəzi məsələlər aydın olacaq. 1 - Quranın Quranla təfsiri, 2- Quranın hədislərlə və rəvayətlərlə təfsiri, 3 - Quranın rəylə təfsiri. 4 - Quranın feyz, rəmz və işarələrlə təfsiri… Birinci və ikinci növ təfsirlər icazəlidir. İkinci növ təfsir bəzi şərtlərlə icazəlidir. Çünki, rəylə təfsirdə həm haqq həm də batil mənalar ola bilər deyə alimlər müəyyən şərtlərlə bu cür təfsiri qəbul etmişlər. Sonuncu növ təfsir isə icazəli deyildir. Çünki, bu xurafatçıların, işbazların Qurandan öz, ağılllarına görə "gizli xurafi mənalar" çıxarmalarına səbəb ola bilər deyə alimlər bu növ təfsiri qadağan etmişlər.

Beşincisi: Hədislər Quranı təfsir edir. Dedik ki, Quranın əksər hissəsi asan bir dildədir. Qurani-Kərim asan bir dildədir. Məsələn, Qurani-Kərimdə Allah buyurur ki, "Namaz qılın", amma namazın necə qıllnmasını hədislər izah edir. Allah buyurur ki: "Oruc tutun" orucun necə tutulma qaydasını isə bizə hədislər izah edir. Yəni, Qurani-Kərimdə bir çox təfsilatların olmaması o demək deyil ki, Qurani-Kərim çətindir. Məgər "Namaz qılın" sözünü başa düşmək çətindirmi? Xeyir. Amma, namazın neçə rükət olmasını biz hədislərdən öyrənirik. Deməli, hədislərlə Qurani-Kərim bir-birini tamamlayır.

Altıncısı: Əgər Quran ayələrinin hamısı asan və bəsit olsaydı, ərəblər deyəcəkdilər ki, görürsünüzmü, bu insan sözü, bəşər kəlamıdır, çox asan yazılıb, çünki, onu insan yazıb. Lakin, Uca Allah buyurmuşdur:

(إِنَّا سَنُلۡقِی عَلَیۡكَ قَوۡلࣰا ثَقِیلًا)
"Həqiqətən Biz sənə ağır bir Söz (Quran) vəhy edəcəyik". (Muzzəmmil, 5).

Göründüyü kimi Qurani-Kərim hər tərəfdən qorunmuşdur. O həm lazımlı, mühüm məsələləri çox asan dildə izah edən kitabdır, həm də öz ilahiliyini qoruyan ağır bir kəlamdır.

Yazdı: Sahib Əsədov