Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Heyvanları, bitkiləri məhv etmək ədalətsizlik deyil?

Birincisi: İslam etiqadına görə heyvanların canı insanın canı ilə əvəzlənə biləcək bir funksiyada deyil. Həm də heyvanların yaranmasında hikmət ya birbaşa insanın xidmətinə verilmək (istər ətindən yemək, südündən və yunundan faydalanmaq olsun) ya da dolayısı yolla insanların xidmətində (istər də ümumi təbiət müvazinətinin qorunması üçün) olmaqdır.

Bütün heyvanlar insan üçün (insana xidmət və insanın onlardan faydalanması üçün) yaranmışdır. Allah buyurmuşdur: «Yer üzündə olanların hamısını sizə görə xəlq etmişdir.» (əl-Bəqərə, 29).

Həmçinin, buyurmuşdur: «Atları, qatırları və uzunqulaqları sizə həm minik, həm də zinət olsun deyə Allah yaratdı. O, sizin hələ bilmədiyiniz bir çox şeyləri də yaradır.» (ən-Nəhl, 8)

Başqa bir ayədə isə: «Bəzilərini minəsiniz, bəzilərindən də yeyəsiniz deyə, heyvanları sizin üçün yaradan Allahdır.» (əl-Ğafir, 79)

Həmçinin: «Həqiqətən, ev heyvanlarında da sizin üçün ibrət var. Biz onların bətnində olandan sizlərə içirdirik. Sizin üçün onlarda başqa faydalar da var. Üstəlik onlardan yeyirsiniz də. Siz həm o heyvanlarla, həm də gəmilərlə daşınırsınız.» (əl-Muminun, 21, 22).

İkincisi: Bizim heyvanların psixikasını bilməyimiz olduqca məhduddur. Bu da heyvanların idrakına yanaşmanın zahiri dəyərləndirmə ilə edildiyi üçündür. Bu və digər səbəblərə görə insan hissiyyatının qeyri-bəşəri varlıqlarla müqayisəsi zamanı açıq-aydın səhv müqayisələrə yol verilir.

Üçüncüsü: İslam mükəmməl bir dindir və yüksəlişi məsuliyyəti yerinə yetirməklə nəsib edir. Buna "ət-təklif" deyilir. İnsan ağlı olduğu üçün mükəlləfdir. Heyvanlar isə mükəlləf deyillər, bitkilər də bunun kimi. Allahın onları yoxdan var etməsi, onlara həyat verməsi özü-özlüyündə bir lütfdür. Uca Allah buyurur: "Biz əmanəti göylərə, yerə və dağlara təklif etdik. Onlar onu daşımaqdan qorxub imtina etdilər. Lakin insan onu boynuna götürdü. Doğrudan da, o, zalım və cahildir". (Əhzab, 72).

Dördüncüsü: Allah öz yaratması ilə lütf etdiyi kimi, öz mülkündə istədiyini etməkdə də sorğu sual olunmur. Necə ki, sən öz mülkünü istədiyin kimi xərcləyirsən və kimsə "niyə bu qədər xərcləyirsən?" desə, deyəcəksən ki, öz mülkümdür, özüm bilərəm. Allah da yoxdan yaradıb, istəsə əbədi həyat verər, necə ki, insana əbədi həyat vəd edib. İstəsə də heyvanlar və bitkiləri əbədi həyatdan məhrum edər.

Beşincisi: İnsanın ədalət anlayışı dar çərçivədədir. Bəzən də ədalət anlayışı insandan insana dəyişir. İnsan Allahın heyvan və bitkiləri nə üçün yaratdığını başa düşməsə, o özü bu məsələdə ədaləti tapa bilməz. Heyvandan ibadət tələb edilmir, insandan isə ibadət tələb edilir. Allah insanı heyvan və bitkilərdən ağıl, elm ilə üstün etmişdir. Əgər heyvanlar, bitkilər və insanlar ağılda, elmdə bir olsaydılar, onda Allahın ədalətini sorğulayanlar istəklərinə çatardılar. Lakin, belə bir şey yoxdur. Öhdəlik, məsuliyyət artdıqca, öhdəliyi yerinə yetirmək insanı daha da ucaldır. Uca Allah buyurur: "Biz Adəm oğullarını hörmətli etdik, onları quruda və dənizdə minik üstündə daşıdıq, onlara pak ruzilər verdik və onları yaratdıqlarımızın çoxundan xeyli üstün elədik". (əl-İsra, 70).

Allah qatında öhdəliyi yerinə yetirənlər ucalar, Allahın vacib etdiyi öhdəliyə və onun əmrinə müxalif olanlar, onu inkar edənlər isə heyvanlardan da aşağı səviyyəyə düşərlər. Allah buyurmuşdur: "Yoxsa elə hesab edirsən ki, onların əksəriyyəti eşidəcək və ya anlayacaq? Onlar heyvan kimidirlər, hətta, haqq yoldan daha çox uzaqlaşmışlar". (əl-Furqan, 44).

Yazdı: Sahib Əsədov