Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Mən insan olmaq istəmirdim, Allah niyə məni insan yaratdı?

Birincisi: Bunu soruşan demək istəyir ki, həyatımda azad olduğum kimi hər şey mənim ixtiyarımla olmalıdır. Mən bu dünyaya gələndə məndən gərək soruşaydılar ki, bu dünyaya gəlmək istəyirsən? Bu sual doğru deyil. Yalnız belə deyə bilərsən. O da nə vaxt deyə bilərsən? Rəbbim mənə ixtiyar vermədi deməyin haqq olsa, de ki mənə zülm etdi. Lakin, sənə ixtiyar verib. Sənə ixtiyar, seçim haqqı verib deyə deyə bilməzsən ki, sənə zülm edib. Allah sənə ixtiyar verib, istəsən yemək yeyərsən, istəsən uzanarsan, istəsən yatarsan, istəsən gəzməyə gedərsən.

İkincisi: Yenə sual doğru deyil. Çünki, sən əgər mövcud deyilsənsə, səndən necə soruşulsun ki, ay "Ələmdar", istiyirsənmi dünyaya gəlmək?! Axı sən yoxsan! Səndən bu suallar necə soruşulsun?

Əvvəla, bilməlisən ki, sən atanın əmələ gəlməmişdən milyonlarla spermatozoiddən biri idin. O milyonların içində yalnız bir spermatozoid ana bətninə keçib sonda insan kimi əmələ gələcəkdi. Deməli, o biri milyonlarla spermatozoidin hamısı ölüb, bir sənə yaşamaq fürsəti verilib. O biri spermatozoidlər hamısı ölüb ki sən yaşayasan. Sən də yaşamaq istəmirsən)). Qəribədir.

Əgər sən yaşamaq istəmirdinsə, onda niyə başqa spermatozoidlərlə yarışa girib qalib çıxdın, niyə özünü bu qədər yordun ki? İndi də deyirsən ki, mənim xəbərim yoxdur. "Elm, elm" deyə bağırırsan. İndi də elmi danış, kişi ol. Əgər yaranmağının sirrini tənqid etmək istəyirsənsə, onda birinci özünü danla, sonra valideynlərini... Çünki, onlar sənin yaranmağına səbəb olublar.

Əgər Darvinin "Növlərin Mənşəyi" kitabına baxsan, görəcəksən ki, belə yazılıb: "Həyatda qalmaq uğrunda mübarizə. Həyatda qalan isə daha qüvvətli olandır. Yəni daha uyğun və daha münasib olandır". Al hazırda sənin fürsətin var həyatda olmağı dəyərləndirib düzgün yola gəlməyə. Öz halına şükür etməyə.

Üçüncüsü: Bu bilirsinizmi nəyə oxşayır? Sənə Allah göz verib! Şükür etmək əvəzinə deyirsən ki, Allah mənə niyə göz verib? Sənə dil verib. Şükür etmək yerinə deyirsən ki, mənə niyə dil verib? Sənə ağıl verib, deyirsən ki, mənə niyə ağıl verib. Əslində bu şeyləri sənə verməklə o sənə yaxşılıq edib. Sən isə o sanki sənə pislik edibmiş kimi məsələni qələmə verirsən. Bu sualı verən insanların çoxusu yalan danışırlar. Dünyanı hamıdan çox sevirlər. Əslində insan olduqları üçün sevinirlər. Nemətlərdən ləzzət aldıqları üçün sevinirlər. Amma, bir gün şükür etmirlər ki, Allah onları insan olaraq yaradıb, məsələn uzunqulaq ola bilərdilər və s.

Dördüncüsü: Dünya yalnız həyatın mərhələlərindən biridir. Ruhlar aləmi. Ana bətni. Dünya. Qəbir həyatı. Axirət. Sən yalnız dünyada olduğunu düşünürsən. İnsanın keçdiyi bu beş mərhələ barədə düşünmürsən.

Beşincisi: Yaradılışın məqsədini bil. Boşuna yaranmamısan. Sınaq dünyasındasan.

"Əməl baxımından hansınızın daha yaxşı olduğunuzu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, Qüdrətlidir, Bağışlayandır". (əl-Mülk. 2).

Həyata bəla, problem gözü ilə baxma. Həyata nemət gözü ilə bax. Həyatı gözəl yaşa. Məgər nemətlərdən zövq almırsanmı? Gününü faydalı keçir, insanlara faydalı ol. Hər gün yeni nə isə öyrən.

فمن اتبع هداي فلا يضل ولا يشقى

"Kim Mənim doğru yoluma tabe olarsa, nə yolunu azar, nə də bədbəxt olar". (Ta ha, 123).

Bədbəxtçilik ağılın, fikrin və qəlbin bədbəxtçiliyidir.

Yazdı: Sahib Əsədov