Admin

Dərc olundu: 19 Noyabr 2023

QURANİLƏRİN TARİXİ, FİRQƏLƏRİ, TƏBLİĞATÇILARI VƏ DÜŞÜNCƏLƏRİ BARƏDƏ MƏLUMAT

Quranilərin qısa tarixi
Peyğəmbər sünnəsini inkar edərək yalnız Quranla getmək iddiası İslamın ilkin çağlarında xəvaric və digər təriqətlər tərəfindən meydana gəlmiş və sonra da bu azğın fikrə mötəzililər də dəstək vermişdir. Onlardan bəziləri səhih sünnəni tamamilə, bəziləri isə müəyyən bir qismini inkar edirdilər. İlk dəfə o fikirdə olanlara rəddlər verərək şübhələrini puça çıxaran alim İmam Məhəmməd ibn İdris əş-Şafii (Allah ona rəhmət etsin) olmuşdur. Belə ki, o, “əl-Umm” kitabında xüsusi fəsildə hədisləri bütünlüklə inkar edənlərlə etdiyi mübahisəsindən danışmışdır. Lakin vaxtdan indiyə qədər Peyğəmbər sünnəsini inkar edənlər yox vəziyyətində olarkən bizim bu əsrimizdə İslam dininin köklü əsasını dağıtmağa cəhd etmək üçün müstəmləkəçilərin maddi və mənəvi dəstəyi səbəbilə Peyğəmbər sünnəsini inkar edənlərin yeni modeli cücərməyə başladı.


Quranilərin sünnəni inkar etməkdə olan rəyləri
Ümumən quranilərin istər sünnəni inkar etməkdə, istərsə də etiqadi və məşhur fiqhi məsələlərdə vahid bir fikri yoxdur. Əlbəttə ki, bunun da səbəbi Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) qoyduğu haqq yolundan uzaq olmalarıdır. Ona görə də quranilərə rast gələn insan onlardan müxtəlif iddialar və müxtəlif etiqadi və fiqhi məsələlər eşidən zaman təəccüblənməsin. Onların sünnəni inkar etməkdə olan rəyləri aşağıdakılardır.
-Bəziləri sünnəni ümumi və xüsusi olaraq inkar edir.
-Bəziləri sünnənin əksəriyyətini inkar edir və bəzi hissəsini bəzi şərtlərlə qəbul edir.
-Bəziləri Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) qövli (dediyi) sünnəsini ümumi olaraq inkar edir, lakin feli (etdiyi) sünnəsini isə ümumi olaraq qəbul edir.
-Bəziləri qövli sünnənin bəzisini inkar edir, feli sünnəni isə ümumi olaraq qəbul edirlər.
-Bəziləri qövli sünnənin və feli sünnənin bəzisini inkar edir.
-Bəziləri sünnəni ümumi olaraq qəbul edir, müfəssəl olaraq inkar edir.
-Bəziləri ümumi olaraq sünnəni qəbul edir, lakin hədis elminə və şərtlərinə əsaslanaraq deyil, öz nəfsi istəklərinə uyğun olaraq müəyyən hədisləri inkar edirlər.


Quranilərin keçən və bu əsrdə olan ən məşhur dəvətçiləri
Quranilərin Hindistanda, Misirdə, Suriyada və digər ölkələrdə dəvətçiləri vardır. Hindistanda olan ən məşhur dəvətçiləri bunlardır:
–Abdullah Cakaralvi.
–Əhməd əd-Din əl-Əmr Təsri.
–Əsləm Çıracuburi.
–Ğulam Əhməd Pərviz.

Hal-hazırda Hindistanda quranilərin dörd təriqəti vardır ki, digər qurani təriqətləri də bu dörd təriqətlərdən bəhrələnmişdirlər. Lakin bütün bu təriqətləri iki etiqad özündə cəm edir:
Birincisi: Dünya və Axirət işlərində Quranla kifayətlənmək;
İkincisi: Məhəmməd Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) sünnəsi dində sübut deyildir.

Həmin təriqətlər bunlardır:
Birinci təriqət: “Ummət muslim əhluz zikr val-Quran” (Zikr və Quran əhli müsəlman ümməti);
İkinci təriqət: “Ummət muslimə” (Müsəlman ümməti);
Üçüncü təriqət: “Tuluu İslam” (İslamın doğuşu);
Dördüncü təriqət: “Təhrik təmir insanit” (İnsani təhrik və təmir).

1-“Ummət muslim əhluz zikr val-Quran” firqəsinin üzvləri demək olar ki, quranilər hərəkatının təsisçisi olan Abdullah Cakaralvinin davamçılarıdır. Bu firqənin Pakistanın bir çox şəhərlərində mərkəzləri var. Baş mərkəz isə Lahordakı “Dərul-Quran” binasında yerləşir. Bu firqənin özünün “Bələğul-Quran” adlı jurnalı vardır ki, bununla da Pakistanın digər bölgələrinə öz fikirlərini çatdıra bilirlər. Bu firqədə diqqəti cəlb edən odur ki, bu firqəyə mənsub olanlar xüsusi kitab və məqalələrində öz adlarını deyil, məhz “Bələğul-Quran idarəsi” adı ilə çap etdirirlər.

2-“Ummət muslimə” firqəsinin isə əsasını Xoca Əhməd əd-Din Hindistanın Əmr təsr bölgəsində qoymuşdur. Lakin 1947- ci ildə Pakistanın müstəqil olduğu günlərdə əsl vətənindən köçərək Lahora gəlmişdir. Bu firqənin çoxlu yazarları, kitabları və onları müdafiə edən qələm sahiblərinin olmasına baxmayaraq, firqə üzvləri lazımi tələblərə uyğun olmadığı üçün maddi dəstək edənlər öz dəstəklərini saxlayır və beləliklə də zəifləməyə başlayır. Keçmişdə bu firqənin “Bələğ” və “əl-Bəyən” adlı iki jurnalı var idi. Birinci jurnal 1939-cu ilin iyun ayında dayanır və onu ikinci jurnal əvəz edir. Maddi çətinliklərə görə ikinci jurnal da 60-cı illərin əvvəllərində çap etdirilmir və bu səbəblərdən də bu firqə demək olar ki, yoxluğa məhkum olur. Lakin son zamanlar bu firqənin üzvləri işlərini yenidən nizama salaraq planları üçün əliaçıqlıqla iştirak etməyə başlayır və bir daha dirçəlirlər. Hal-hazırda Pakistanın hər bir şəhərində bu hərəkatın üzvləri vardır. Pakistanın əksər mərkəzi şəhərlərində bu firqənin mərkəzləri vardır. Baş mərkəz isə Lahorda olan “Dərul-Quran” binasındadır. Qeyd etmək yerinə düşərdi ki, bu firqəyə nisbət edilənlər beş vaxt namaz qılmaqla, Ramazan ayını oruc tutmaqla və.s müsəlmanlara İslamın zahiri əməllərində uyğun gəldikləri üçün digər müsəlmanlardan seçilməməkdədirlər.

3-“Tuluu İslam” firqəsi qeyd edilən firqələrin içərisində ən fəalı idi. Lakin İslam alimlərinin bu firqənin təsisçisi olan Pərvizin küfrdə olduğu fətvalarından sonra zəifləməyə başladı. Bu firqənin təsisçisi Pakistanın müstəqilliyindən öncə Hindistanda yaşayan Ğulam Əhməd Pərvizdir. Dehlidən Pakistana köçdükdən sonra isə öz hərəkatında fəallaşmağa başlayır və Pakistanın elə bir şəhəri qalmır ki, orada bu firqənin mərkəzləri olmasın. İş bununla kifayətlənməyərək, hətta Avropa ölkələrində belə Pərvizin fikirlərini yayan Pərvizçilərin mərkəzləri meydana gəlir. Nəzərə çarpanı budur ki, Quranilərin digər firqələri olan Ummət muslimə və Əhluz zikr val-Quran firqəsinin bir çox camaatı da bu firqəyə qoşulurlar. Bunların da baş mərkəzləri Lahorda olan Gül park binasındadır. Həmçinin aylıq “Tuluu İslam” adlı jurnalları da vardır. Hətta məxfi yerlərdən gələn maddi dəstəyə görə jurnal 1960-cı illərdə bir neçə müddət aylıq deyil, həftəlik çap olunaraq Pakistan müsəlmanlarının duyğuları ilə oynamağa başlayır.

4-“Təhrik təmir insanit” firqəsi isə 1970- ci illərdə zənginlərdən olan Abdul-Xaliq Məlvadəh tərəfindən yaradılmışdır. Bu firqələr içərisində yeganə ərəb dilini gözəl bilən Qazi Kifayətullahdır. Bu firqənin mərkəzi də Lahordadır. Müstəqil nəşirləri yoxdur. Lakin Kifayətullahın Cümə günündəki dərslərini “Məşriq” gündəlik qəzetində dərc etdirirlər. Yaxınlarda isə həftəlik müstəqil qəzet çap etmək niyyətindədirlər. Bu firqə 1979-cu ildə Ummət muslimə firqəsini özlərinə cəlb etməyə çalışsa da müvəffəq olmamışdır.

Ərəblərdən olan ən məşhur Qurani dəvətçiləri:
–Məhəmməd Tovfiq Sidqi.
–Mahmud Əbu Rayyə.
–Əbu Şadi Əhməd Zəki.
–İsmayıl Ədhəm.
–Mahmud Əbu Zeyd Dəmənhori.
–Adnan Rifai.
–Məhəmməd Rəşad Xəlifə.
–Əhməd Sübhi Mənsur.

Keçən əsrin azğın quranilərindən biri də Misir əsilli amerikalı Məhəmməd Rəşad Xəlifədir. O, özünün Allah rəsulu olduğunu, Cəbrayılın (Allahın ona salamı olsun) ona vəhy gətirdiyini, möcüzəsinin bütün rəsulların möcüzələrindən üstün sayıldığını və digər batil inancları iddia etmişdir.
Günümüzün müasir quranilər içində ən məşhur olanlarından biri isə Əhməd Sübhi Mənsurdur. Onun İslamı yıxan çürük əqidəsinə görə, hətta qeyri-İslami televiziya kanalları da onu öz proqramlarında sevə-sevə qonaq edirlər. Hətta Əzhər Universiteti onu səksəninci illərdə universitetdən qovaraq dindən çıxdığını da bəyan etmiş, sonralar isə o ABŞ-a köçərək İslama olan iftiralarını oradan yaymağa daha əlverişli şərait tapmışdır. Aşağıda bu şəxsin bəzi fikirlərinə toxunacağıq.

Quranilərin tamamilə İslama zidd olan bəzi etiqadi və fiqhi rəyləri
-Məhəmməd Peyğəmbərə (Allahın ona salavat və salamı olsun) Qurandan başqa heç bir vəhy nazil olmayıb.
-Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) Qiyamət günü şəfaət etməyəcək.
-Qəbr əzabı yoxdur.
-İsanın (Allahın ona salamı olsun) və Mehdinin gəlməsi yalandır.
-Qadının başını örtməsi İslamda yoxdur.
-Siqaret orucu pozmur və siqaret çəkmək haram deyil, əksinə icazəlidir.
Çox qəribədir ki, bu fətvanı iddia edən müasir Quranilərin ən böyüyü olan Əhməd Subhi Mənsur siqaretin haram olmadığını iddia etdikdən sonra deyir: “Siqaret çəkmirəm və Allahın izni ilə heç vaxt da çəkməyəcəm”.
-Bəziləri namazın saylarını və hərəkətlərini fərqli qılır, bəziləri isə ümumi müsəlmanlar kimi. Hətta Əhməd Sübhi Mənsur deyib: “İnsan namazın rükətlərində özünün üstün etiqad etdiyi formada dəyişikliklər edə bilər. Məsələn, rükudan (qalxmadan) bir başa səcdəyə getmək və ya bir rükətdə bir səcdə etmək kimi. Lakin bizim üçün daha üstün olanı namazın məşhur olan formasına tabe olmaqdır. Çünki namaz İslam ümmətinin əqli cəmi ilə Peyğəmbərdən (Allahın ona salavat və salamı olsun) sabit olmuş və buna Quranda İlahi razılıq verilmişdir. Ona görə də sünnə olsa belə, namazın məşhur formasına tabe olmağımız daha yaxşıdır. Lakin kim Zöhr namazını qılmaq istəməz və ya namazın formasında və rükətlərində dəyişiklik etmək istəyərsə, biz ona sənin namazın məqbul, yaxud doğru deyildir sözünü deyə bilmərik”.
Qəribəsi budur ki, Əhməd Sübhi və onun kimiləri namazda İslam ümmətinə tabe olmağa çalışırlar, lakin ümmətin həcc, zəkat, oruc və.s kimi mühüm ibadətlər üzərində etdiyi ittifaqlara isə məhəl qoymayaraq əks çıxırlar. Beləliklə də, guya iddia etdikləri kimi İslam ümmətini cəm etmək əvəzinə, daha da parçalamış olurlar.
-Zöhr namazı vacib deyil, lakin ehtiyat olaraq qılınır. Vacib olmamasının səbəbi iddialarına görə, Quranda keçən ayənin Zöhr namazına aid olub olmaması şübhəsi səbəbilədir.
-Namazı hər dildə qılmaq olar.
Həmçinin namazı hər millətin öz dilində qılması da müsəlmanları ən mühüm ibadət olan namazda parçalamaq deməkdir. Çünki hər bir millət namazını öz dilində qılarsa, onun dilini bilməyən digər millətin bir-birilərinə tabe olması mümkünsüz olar və bu zaman millətlərə görə fərqli məscidlər və fərqli camaatlar meydana gəlmiş olar ki, bu da eyni din mənsubları arasında böyük bir təfriqəyə və parçalanmaya gətirib çıxarar.
-Heyizli qadın namaz qılıb oruc tutmalıdır.
-Həcc etmək təkcə Zülhiccə ayında deyil 4 ayın istənilən günündə olar… Kəbəni təvaf etmək (başına fırlanmaq) düz deyildir. Yalnız Səfa və Mərva təvaf edilməlidir.
-Məhəmməd Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) adı azandan və namazdan çıxarılmalıdır.

 

Sunna.az - saytının rəsmi heyəti tərəfindən hazırlanmışdır.