Admin

Dərc olundu: 01 Noyabr 2023

MÜSƏLMAN RƏHBƏRLƏRİNƏ TABE OLMAQ VƏ ONLARA QARŞI ÇIXMAMAQ ƏHLİ-SÜNNƏTİN ƏQİDƏ ƏSASLARINDANDIR.

İslam şəriətinə zidd olmayan hər bir məsələdə müsəlman rəhbərlərinə itaət etmək, onları dinləmək və onlara qarşı çıxmamaq Əhli-sünnətin əqidə əsaslarındandır. Çünki rəhbərsiz cəmiyyət başsız bədən kimidir. Elə bu səbəbdən də Əli ibn Əbu Talib (Allah ondan razı olsun) demişdir: “İnsanlar üçün yaxşı və ya pis bir başçının olması labüddür”.(1) Ümumiyyətlə, şəriət dəlillərinin tələbi olaraq deyə bilərik ki, yer üzündə idarəçilik sistemi qaçınılmaz bir zəruriyyətdir. Belə ki, Uca Allah bu barədə buyurur: “Bəlkə də, Rəbbiniz düşməninizi məhv edib sizi yer üzünün xəlifələri (varisləri) edəcək, sonra isə nə etdiyinizə (özünüzü necə apardığınıza) baxacaq!”(2) ; “Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə vəd etmişdir ki, özlərindən əvvəlkiləri varislər etdiyi kimi onları da yer üzünün xəlifələri (varisləri) edəcək”.(3) Şeyxülislam İbn Teymiyyə demişdir: “Bilinməlidir ki, insanları idarə etmək, onların işlərinə rəhbərlik etmək dinin ən vacib əmrlərindən biridir. Ümumiyyətlə, idarəçilik sistemi olmadan nə dini qorumaq olar, nə də dünyanı. Adəm övladı öz işlərində bir-birlərinə möhtac olduqlarına görə cəmiyyət halında bir yerdə yaşamadan onların ehtiyacları ödənə bilməz. Cəmiyyət halında yaşaya bilmələri üçün də mütləq bir başçıya ehtiyacları vardır. Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə demişdir: “Əgər üç nəfər səfərə çıxsa, aralarından birini əmr təyin etsinlər”. Hədisi Əbu Davud Əbu Səid əl-Xudridən və Əbu Hureyrədən rəvayət etmişdir. İmam Əhmədin Müsnədində Abdullah ibn Amrdan rəvayət etdiyi hədisə əsasən, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə demişdir: “Üzərlərində özlərindən biri əmr olmadan üç nəfərin səfərdə olmaları onlara icazəli deyildir”. Allah Rəsulu (sallallahu aleyhi və səlləm) cəmiyyət üçün bir xəbərdarlıq olsun deyə səfər zamanı kiçik bir qrup içində belə müvəqqəti olaraq bir nəfərin əmir olaraq təyin edilməsini əmr etmişdir”.(4) Həmçinin belə demişdir: “Uca Allah yaxşılığı əmr edib, pisliklərdən çəkindirməyi əmr etmişdir. Bu da yalnız və yalnız idarəçilik sistemi və icbari tətbiq yolu ilə tamamlana bilinəcək bir işdir. Həmçinin icbari tətbiq və idarəçilik sistemi olmadan cihadın, həccin, cümə və bayram namazlarının tətbiqi, məzlumlara yardım və cəzaların tətbiq olunması da qeyri-mümkündür. Elə bu səbəbdən də bəzilərindən belə dedikləri rəvayət olunmuşdur: “Həqiqətən də, sultan Allahın yer üzündəki kölgəsidir”. Həmçinin belə deyilmişdir: “Altmış il zalım rəhbərin hökmü altında yaşamaq bir gecə rəhbərsiz qalmaqdan daha xeyirlidir”. Elə təcrübə də bunu təsdiqləyir. Bu səbəbdən də Fudayl ibn İyad, Əhməd ibn Hənbəl və sələfdən digərləri belə demişdir: “Əgər mənim müstəcəb (yəni Allah tərəfindən qəbul olunacaq) bir duam olsaydı, onu yalnız rəhbər üçün edərdim”.(5) Başqa bir yerdə isə belə deyir: “Şəriətin məqsədlərindən biri, xeyrin əldə edilməsi və onun tamamlanması, fəsadın uzaqlaşdırılması və ya azaldılması, yaxud iki xeyirli işdən daha xeyirli olanın təyin edilməsidir. Əmr sahibinin təyin olunmasında olan əsas məqsəd və fayda da məhz budur. Avam insanların zənn etdiyi kimi olsaydı, o zaman başçının varlığı ilə yoxluğu arasında bir fərq olmazdı. Bu sözü nəinki müsəlman, ümumiyyətlə, heç bir aqil insan dilə gətirməz. Əksinə, aqil insanlar belə deyərlər: “Altmış il zalım rəhbərin hökmü altında yaşamaq bir gecə rəhbərsiz qalmaqdan daha xeyirlidir”. Abdullah ibn Mübarək (öz şerində) nə gözəl demişdir:


“Rəhbərlər olmasaydı, yollarımızda əmin-amanlıq olmazdı
Zəiflərimiz qəsbkarların zülmündən qurtulmazdı”.(6)

 

(1)İbn Əbi Şeybə “əl-Müsənnəf” 7/557, səhih sənədlə rəvayət olunmuşdur.
(2)Əl-Əraf: 129
(3)Ən-Nur: 55
(4)İbn Teymiyyə “Məcmu əl-Fətava” 28/390
(5)İbn Teymiyyə “Məcmu əl-Fətava” 28/390-391
(6)İbn Teymiyyə “Məcmu əl-Fətava” 30/136