Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

"Peyğəmbərin gəlişi ilə bütün insanlara hüccət çatıb, ondan sonra kiməsə hüccət çatdırmağa ehtiyac yoxdur" şübhəsi

Şübhənin əsli:

Uca Allah buyurur: “Biz bir qövmə peyğəmbər göndərməmiş onlara əsla əzab etmərik.” (əl-İsra, 15)

Bəziləri iddia edir ki, Peyğəmbərin gəlişi ilə bütün insanlara hüccət çatıb, ondan sonra kiməsə hüccət çatdırmağa ehtiyac yoxdur. Başqa sözlə, özünə müsəlman deyərək bilmədən şirk əməllər edənlərin kafir olduğunu iddia edirlər.

Şübhəyə cavab: Bu şübhəyə bir çox yöndən cavab vermək olar.

Birincisi: Yuxarıda qeyd olunan ayəni heç bir təfsir alimi bu mənada təfsir etməmişdir. Təfsir kitablarında belə bir mənaya rast gəlinmir. Yəni heç bir alim bu ayədən siz anlayan mənanı anlamamışdır.

İkincisi: Quran və Sünnədə Peyğəmbərin ﷺ gəlişindən sonra təkfirin şərtlərinin və maneələrinin ləğv olunmasını bildirən heç bir dəlil də yoxdur. Əksinə, bu günə kimi maneələr aradan qalxmadıqca təkfir etməyin təhlükəli və haram olması barədə kitablar yazılmış və yazılmaqdadır. Əgər Peyğəmbərlərin gəlişi və risaləti ilə hüccət bəzilərinin başa düşdüyü formada tamamlanmış olsaydı, onda bütün maneələr ardan qalxmış sayılardı. Bütün maneələr aradan qalxmış olsaydı, o zaman alimlər nə üçün təkfirin maneələrini hələ də zikr edib bu haqda kitablar yazırlar? Peyğəmbərin ﷺ dövründə İslamın əvvəlində, ortasında və axırında bilməməzlikdən küfr və şirk edənlər hər zaman üzürlü sayılmışlar. Üzürün İslamın yalnız əvvəlinə, ortasına və ya axırına aid olmasına dair bir dəlil olmadığı kimi, o dövrdə Peyğəmbərin ﷺ gəlişinin bu günkü insanlara hüccətin çatması kimi başa düşülməsinə aid də bir dəlil yoxdur.

Üçuncüsü: Elçilərin gəlişində məqsəd insanlara haqqın çatdırılması deyilmi? Əgər müəyyən insanlara haqq çatmayıbsa, nə vaxtsa Peyğəmbərlərin gəlişi onlara necə hüccət sayıla bilər? Ayələrin zahiri ləfzinə deyil, Allahın peyğəmbərləri göndərməsi ilə nəyi qəsd etdiyini anlamaq lazımdır. Qeyd olunan ayəni iddia edildiyi kimi anlamaq, nə əqllə (ağılla), nə də nəqllə (dəlillərlə) düz gəlmir. Çünki, bir bölgəyə peyğəmbərin göndərilməsi digər bölgəyə belə kifayət etmədiyi halda, necə iddia edə bilərik ki, hüccət bütün insanlara çatıb. Necə ki, eyni vaxtlarda müxtəlif yerlərdə peyğəmbərlər olub. Bir peyğəmbərin gəlişi bütün insanlar üçün hüccət olaraq kifayət etsəydi, nə üçün Uca Allah digər peyğəmbərləri göndərirdi? “Peyğəmbər göndərməmiş onlara əsla əzab etmərik”- deyildikdə ümumi nəzərdə tutulan məna “insanlara haqq çatdırılmamış onlara əzab etmərik” sözüdür. Ayələrdəki hökmlər isə mənalara bağlıdır, ayənin zahirinə deyil.

Dördüncüsü: “Biz bir qövmə peyğəmbər göndərməmiş onlara əsla əzab etmərik” – ayəsinə əsasən biz deyə bilərik ki, Peyğəmbərin ﷺ gəlişi ilə insanlıq aləminə, yəni bütün insanlar “ümumi hüccət” çatdırılmış və nəticədə də “ümumi cəhalət” aradan qalxmış və cahiliyyət dönəmi bitmişdir. Lakin hər hansısa fərdlər üzərindən “xüsusi cəhalət”in aradan qalxdığını və “xüsusi hüccət”ə belə ehtiyacın olmadığını iddia etmək isə, bu günəcən heç bir İslam aliminin demədiyi bir şeyi iddia etməkdir ki, bu da zəlalət qapılarından bir qapı sayılır. “Ümumi və xüsusi cəhalət və ya hüccət” məfhumlarını qısa bir şəkildə bir misal ilə açıqlayaq: Məsələn, biz deyə bilərik ki, Peyğəmbər ﷺ biz ümmətinə və ya bütün insanlığa haqqı və hidayət yolunu tam olaraq əksiksiz bir şəkildə çatdırıb, bizə gecəsi də gündüzü kimi ağappaq olan bir din qoyub gedib. Bizlərə namazın qılınma formasını, orucun tutulma və zəkatın verilmə qaydası, dinin digər əhkamlarını, etiqadın əsaslarını, tövhid və şirkin nə olduğunu və s. öyrədib. Bütün bu deyilənlər “ümumi hüccət” sayılır. Bu “ümumi hüccət” ilə ümmətin üzərindən “ümumi cəhalət” qalxıb. Lakin bu gün namaz qılmaq istəyibdə qıla bilməyən nə qədər insanlar var. Yəni, namaz qılmaq istəyirlər, lakin qılınma qaydasını bilmirlər. Deməli, bu insanlar üzərindən “xüsusi cəhalət” qalxmayıb və onların “xüsusi hüccət”ə (namaz təliminə) ehtiyacları var. Yaxud nə qədər namaz qılanlar var ki, zəkatın və s. əhkamların qayda-qanunlarını, nəyin şirk və ya bidət olub-olmadığını bilmirlər. Deməli, peyğəmbər risaləti ilə hasil olan “ümumi hüccət”, “xüsusi hüccət”i ehtiyacsız etməyib və peyğəmbər risaləti ilə yox olan “ümumi cəhalət” isə “xüsusi cəhalət”i aradan qaldırmayıb.

Hazırladı: sunna.az saytının rəsmi heyəti