Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

İbn Qudamə və təfvid etiqadı

İbn Qudamə — rahiməhullah – hənbəli məzhəbinin məşhur alimlərindən və imamlarından biridir. Bir çox islami fəndə kitab yazmış bu alimin müxtəlif məsələlərdəki görüşü hər zaman marağa səbəb olub. Onun əqidə sahəsində sahib olduğu görüşlər də alimlərin maraq dairəsində olub. Bu əqidə məsələlərindən biri də “mənaları təfvid” etmək məsələsidir. İbn Qudamə təfvid əhlindən olub ya yox? Bu yazımızda bu suala cavab verməyə çalışacağıq.
İbn Qudamənin təfvid əhlindən olduğunu deyənlərin gətirdiyi dəlilləri ilk olaraq zikr etməyimiz lazımdır. Gətirilən sitatların bəzisinin ümumiyyətlə sözü gedən məzhəb ilə əlaqəsi yoxdur. İbn Qudamə deyir:
“Sünnisi və bidətçisi ilə birlikdə nəql əhli arasında heç bir ixtilaf yoxdur ki, sələfin — radiyallahu anhum — Allahın — subhənəhu və təala — sifətləri haqqındakı məzhəbi onları iqrar etmək, onları (gəldiyi kimi) ötürmək və onları deyənə təslim olmaq və təfsirinə dalmamaqdır.” (1)
Gətirilən bu sifətdə İbn Qudəmənin mufəvvid olmasına dair heç bir dəlil yoxdur. Çünki təfsirinə dalmamaq sözü bir çox məna daşıması möhtəməldir. İbn Qudamə’dən gətirilən ikinci sitat budur:
“Beşinci: «Ona iman etdik, hamısı Rəbbimiz qatındandır» sözləri, bilmədikləri şeyi təfvid etdiklərini və onlara təslim olduqlarını bildirən bir sözdür, çünki onun Rəblərinin qatından olduğunu bilirdilər.” (2)
Bu söz də mucməl bir sözdür və “bilmədikləri şey” həmin sözlərin mahiyyəti və keyfiyyəti ola bilər. Burada həmin sözlərin zahirinin isbat olunmamasına dair heç bir məna yoxdur. Gətirilən daha bir sitat budur:
“(Sifət naslarından) ehtimal olunan mənaların nəfyinin bilinməsi, şəriətin bu barədə xəbər verməsinə bağlıdır. Allahu Təalanın sifətləri şəriətdən bir xəbər olmadan nə isbat, nə də nəfy edilməz. Əgər bu, mümkün deyildirsə onlardan mücməl olanın (həqiqi mənasını) doğru şəkildə təyin etmək də batil olur və onlara onları söyləyənin murad etdiyi məna üzrə iman etmək vacib olur.” (3)
Bu nəql də əvvəlki nəqllər kimi təfvid ehtimalı daşıyan sözlərdir, lakin bunların heç birində zahiri mənaların isbat edilməyəcəyinə dair bir şey yoxdur. Burada İbn Qudamə sadəcə olaraq təvil əhlinin məzhəbini tənqid edir və bunun üçün müxtəlif dəlillər qarşıya qoyur. Qarşıya qoyduğu dəlillərdən biri də muhtəməl olan təvillərdən hansının doğru olduğunu təyin etməyin imkansızlığıdır.
İbn Qudamə’dən gətirilən daha bir sitat isə budur:
“Bunlardan problemli olanlara gəldikdə isə, onları ləfzdə isbat etmək, mənasına dalmağı tərk etmək vacibdir. Onun elmini onu Deyənə həvalə edirik və məsuliyyətini onu nəql edənə tərk edirik və bu işimizdə elmdə qüvvətli olanların yoluna tabe oluruq, o kəslər ki, Allah – Subhənəhu va Təalə — onları mənası aşkar olan kitabında tərifləyərək deyir: “Elmdə qüvvətli olanlar isə — “Biz onlara iman gətirdik, onların hamısı Rəbbimizin dərgahındandır.” – deyərlər.” (Ali-İmran, 7)
Qurandakı mütəşabihləri təvil etmək məqsədini güdənləri isə tənqid edərək onlar haqqında deyir: “Lakin ürəklərində əyrilik olanlar isə fitnə-fəsad salmaq və təvil etmək məqsədi ilə mütəşabih ayələrə uyarlar…” (Ali-İmran, 7)
Onların təvil etmək məqsədlərini ürəklərindəki əyriliyin bir əlaməti saymışdır və onların pisliklərinə işarə edərkən bunu onların fitnə çıxarmaqları ilə birlikdə qeyd etmişdir.
Sonra – Subhənəhu – “Halbuki onun təvilini Allahdan başqa heç kəs bilmir” – deyərək onlarla arzu etdikləri arasına sədd çəkmiş və istəklərini məqsədlərindən ayırmışdır.
İmam Əbu Abdillah Əhməd bin Muhamməd bin Hənbəl peyğəmbərin – salləllahu aleyhi va səlləm – “Şübhəsiz ki, Allah dünya səmasına enir” və “Şübhəsiz ki, Allah Qiyamət günü görüləcəkdir” sözləri və buna bənzər hədislər haqqında deyir: “biz bunlara iman gətiririk və bunları keyfiyyətsiz və mənasız təsdiqləyirik. Bunlardan heç bir şeyi rədd etmirik. Bilirik ki, Allah Elçisinin gətirdiyi hər bir şey haqqdır və Allah Elçisinə — salləllahu aleyhi va səlləm — qarşı gəlmirik. Allahı Özünü vəsf etdiyindən artıq bir şeylə vəsf etmirik; nə az, nə də çox: “Onun bənzəri yoxdur və O, Eşidəndir və Görəndir!” (əş-Şura, 11) Onun dediyi kimi deyirik, Özünü Özünün vəsf etdiyi kimi vəsf edirik və bu həddi aşmırıq. Onu vəsf edənlər vəsf etməkdə acizdirlər. Quranın hamısına, həm möhkəm ayələrinə, həm də mütəşabih ayələrinə iman gətiririk. Qınayanların qınaması üzündən Onun sifətlərindən heç bir sifətdən əl çəkmirik. Quranın və hədisin qoyduğu həddi aşmırıq, bunların mahiyyətinin necəliyini yalnız peyğəmbərin – salləllahu aleyhi va səlləm – təsdiqi və Quranın sübutu ilə bilirik.
İmam Əbu Abdilləh Muhamməd bin İdris əş-Şafi – radiyallahu anhu – deyir: “Allaha və Allah haqqında Ondan gələn xəbərlərə Onun qəsd etdiyi mənada iman gətirdim. Allahın Elçisinə və onun haqqında ondan gələn xəbərlərə Allahın Elçisinin qəsd etdiyi mənada iman gətirdim.”
Sələf və onlardan sonra gələn imamlar – Allah onlardan razı olsun! — bu etiqad üzərində hərəkət ediblər. Onların hamısı ittifaq edirlər ki, Allahın Kitabında və peyğəmbərinin sünnətində sifətlər haqqında gəlmiş hər bir şey haqqında, onları təvil etmədən iqrar etmək, (onları gəldikləri kimi) ötürmək və (onları) isbat etmək lazımdır.” (4)
Bu qədər böyük sitatın içində nəzərə çarpacaq hissə yalnız bir cümlədən ibarətdir və bu, İbn Qudamə’nin “bunlardan problemli olanlara gəldikdə isə, onları ləfzdə isbat etmək, mənasına dalmağı tərk etmək vacibdir” şəklində işlətdiyi sözlərdir. Bu sözlər İbn Qudamə’nin təfvid əhlindən olmasını söyləməyə əsas gətirilən sözlərdən biridir. Çünki “ləfzən isbat etmək” zahiri mənanı nəfy etmək kimi başa düşülə bilər. Lakin biz İbn Qudamə’nin belə bir şeyi qəsd edib etmədiyini digər sözlərinə baxdıqdan sonra anlayacağıq. O zaman növbəti sitata keçək:
“Təfsiri haqda susmağa tən edirsə, xəta edir, çünki biz onların təfsirini bilmirik. Kim bir şey bilməzsə o şey haqqında susmaq ona vacib, o şey barədə söz demək ona haram olar.” (5)
Sözsüz ki, burada qəsd olunan sözlərdən anlaşıla biləcək muhtəməl mənalardır. Yoxsa həmin sözlərin zahiri mənaları bilinir. Məsələ İbn Qudamə’nin zahiri mənaları isbat edib etməməsi məsələsidir, çünki biz istənilən halda İbn Qudamə’nin təvil əhlini qınadığını və onların məzhəblərini batil çıxardığını bilirik. Bu sitat da buna dəlalət edir ki, biz təfsirin, yəni Allahın həqiqi muradının nə olduğunu bilmirik. Buna görə də susmaq vacib olur.
Daha sonra bu sitatları gətirən İbn Qudamə’dən əlavə olaraq bir iki sözünü daha gətirir. İbn Qudamə deyir:
“Uca Allahın — cəllə və azzə — öz sifətlərindən murad etdiyi mənanı bilməyə ehtiyacımız yoxdur, çünki bu naslarla əməl etmək istənməyib və onlar haqda, onlara iman etməkdən başqa bir sorumluluq da yoxdur. İmana gəlincə mənalarını bilmədən də iman etmək olar.” (6)

Yenə buyurur:
“Həmçinin bu sözə tən edən Allahın elçisinə — sallallahu aleyhi və səlləm — tən etmiş olur, çünki Allahın elçisi Allaha, kəlimələrinə iman edərdi və bunlardan heç bir şeyə təfsir verməz və mənasını açıqlamazdı.” (7)
Bu sözlər də mücməl sözlərdir və daha öncə dediklərimiz bu sözlərə də aiddir, çünki bu sözlərdə zahiri mənaların isbat olunmayacağına dair qəti bir şey yoxdur.
İbn Qudamə’dən nəql olunan növbəti sözlər bunlardır:
“Sifət ayələri və hədislərə imanımıza gəlincə o, səhihliyində şəkk, doğruluğunda şübhə olmayan mücərrəd ləfzlərə imandır. Onları deyən mənalarını ən gözəl biləndir. O naslara Rəbbimizin — təbərakə və təala — murad etdiyi məna üzrə iman edirik…
Onun (İbnu Aqilin) özü bu sözündən tövbə etdikdən sonra əhlus-sünnətin bu məsələdəki sözünü nə qədər şərh etmişdir. Bildirmişdir ki, əgər birisi bizdən bu ləfzlərin mənaları haqda soruşarsa ona belə deyərik: «Sənə ləfzlərindən başqasını demirik, o ləfzlərə bir məna ifadə edəcək əlavələr etmirik, əksinə mənanın özü olmadan və təfsirin özü olmadan onun oxunuş elə təfsiridir.
Lakin bilirik ki, onların ümumən bir mənası vardır ki, onu da onları söyləyən bilir. Biz də onlara bu mənalar əsasında iman edirik.” (8)
Bu sitat zahirində təfvidə dəlalət edən bir sitatdır, çünki mücərrəd olaraq ləfzlərə iman etmək onların zahirini nəfy etmək ehtimalını özündə daşıyır. Bu, gətirilən sitatlar içində məsələ ilə bir başa əlaqəsi olan bir sözlərdir. Gətirilən sonuncu iki sitatın da zahiri bir dəlaləti yoxdur, lakin mucməl sözlərdir. Əksinə onlardan biri hətta müxaliflərin gətirdiyi dəlillər arasında sayılmalıdır. Bunun izahını biz təqdim edəcəyik.
Beləliklə iddia sahibi iddia edir ki, bu sitatlara əsasən İbn Qudamə’nin təfvid əhli olduğunu demək olar. İbn Qudamə’nin təfvid əhli olduğunu söyləmək isə onun həmin nasların nə zahiri mənalarını, nə də digər möhtəməl təvilləri isbat etməməsi anlamına gəlir. Təfvid əhli bir qayda olaraq Allahın və elçisinin – salləllahu aleyhi va səlləm – sifətlərləbağlı sözlərinin heç bir mənasının xitab olunmuş mükəlləflər tərəfindən isbat edilməyəcəyini təqdir edirlər. Lakin sözlərin zahiri mənalarını isbat edib, həmin naslara zahiri mənalarına uyğun olaraq iman edənlər isə təfvid əhlindən sayılmırlar. O zaman biz burada İbn Qudamə’nin həmin naslardakı zahiri mənaları isbat etdiyini, yoxsa onları da digər möhtəməl mənalar kimi isbat etmədiyini araşdırmalıyıq.
Qeyd: Zahiri mənalar dedikdə hər bir sifətdə onların ərəbcə anlaşılan hərfi mənaları qəsd olunmur. Zahiri mənalar deyildikdə xitabın zahirindən anlaşılan məna qəsd olunur və bu, məcaz da ola bilər, həqiqi məna da ola bilər. Üzərində ixtilaf edilmiş bu cür sifət naslarının zahirinə iman etmək dedikdə biz onların Allahın həqiqi mənada sifətləri olduğunu təsdiq edirik. Yəni Allahın həqiqi mənada — misal üçün — əlinin, iki gözünün olduğuna iman edirik, lakin eyni zamanda etiqad edirik ki, əl və gözlər orqanlar deyildir, hissələr və cüzlər deyildir, çünki Allah bundan münəzzəhdir.
Qarşı tərəfdən fərqli olaraq biz İbn Qudamə’nin məzhəbinin həqiqətdə təfvid deyil, lakin nasların zahiri mənalarını isbat etmək məzhəbi olduğunu deyirik. İbn Qudamə də digər hənbəli imamları kimi bu məzhəbə tabe olmuşdur. Biz bunu İbn Qudamə’nin öz sözləri ilə isbat edəcəyik.
Birinci: Qarşı tərəfin özünün də gətirdiyi sitatlardan birində İbn Qudamə — rahiməhullah – deyir:
“Sələfin – Allahın rəhməti üzərlərinə olsun – görüşü, Allahu Təalanın, ayələrində, endirdiyi kitabında və elçisinin dilində Özünü vəsf etdiyi sifətlərinə və adlarına, üzərinə nəyisə əlavə edib, ondan nəyisə əskiltmədən, həddlərini aşmadan, onları təfsir etmədən, zahirinə müxalif təvil etmədən, yaradılmışların sifətlərinə və xüsusiyyətlərinə bənzətmədən iman etməkdir.”[9]
İbn Qudamə’nin bu sözlərinin zahirindən anlaşılan məna budur ki, ümmətin sələfi zahirinə müxalif təvilləri qınamışdır, lakin zahirinə müvafiq təvillər isə qınanmamalıdır. Zahirinə müvafiq təvillər isə istər həqiqi məna olsun, istərsə də məcaz olsun, isbat olunmalıdır. Bu, alimin sözlərinin zahirindən anlaşılan mənadır.
Bir kimsə etiraz edərək burada bir ehtimalın olduğunu söyləyə bilər. Ehtimal isə budur ki, İbn Qudamə burada sadəcə olaraq zahirə müxalif olan təvili rədd etmiş, lakin zahiri isbat etməmişdir. Bəli, belə bir ehtimal vardır. Lakin bu ehtimal İbn Qudamə’nin digər sözləri işığında rədd olunur və biz, qarşıdakı sitatlarda bunu Allahın izni ilə göstərəcəyik.
İkinci: Öncə yuxarıda gətirilən mucməl mənaya bir izahat verək. Yuxarıdakı sitatlardan anlaşılan budur ki, ümmətin sələfi bu sifətlərin mənasını bilməmişdir və İbn Qudamə bunu təsdiqləyir. Lakin həmin sifətlərdəki mənanın həqiqətini bilməməkləri yoxsa ümumiyyətlə heç bir mənanın bilinməməsi qəsd olunmuşdur? Bu sualın cavabı mühümdür, çünki biz bilirik ki, səhabələr bir çox sifət ayələrinin təfsirində onların zahiri mənalarını isbat ediblər. Onlar “istiva” sözünü “yüksəlmək, qalxmaq” mənasında olduğunu təsdiq ediblər. İbn Qudamə — rahiməhullah – bunu çox gözəl bilir. Ona görə də sələfin məzhəbi barədə yuxarıdakı sözlərindən sonra deyir:
“Onlar (yəni sələf) bilirdilər ki, bunları söyləyən sözündə doğrudur, Onun doğru sözlü olmasında şəkk yoxdur, beləliklə Onu təsdiq ediblər və onların mənasının həqiqətini bilməyiblər, buna görə də bilmədikləri şey barədə susublar.” (10)
Mənanın həqiqətini bilməmək ilə mənanı bilməmək arasında fərq böyükdür, belə ki, məna isbat edilsə də mənanın həqiqəti dərk olunmur. Buradan da belə nəticəyə gəlmək olar ki, təfvid sifətlərin zahiri mənasına şamil edilməz, lakin mənanın həqiqətinə şamil edilər.
Üçüncü: İbn Qudamə “Zəmmut-Təvil” kitabında əl-Hafiz Əbu Bəkr ət-Tayyib’in sözlərini gətirir:
“Sifətlər haqqındakı kəlama gəldikdə isə, onlardan səhih “əs-Sünən” kitablarında rəvayət olunanlar barəsində sələfin – radiyallahu anhum – məzhəbi onları isbat etmək, zahiri mənalarına əsasən ötürmək, onlardan keyfiyyəti və bənzətməni nəfy etməkdir.” (11)
Əgər təfvid zahiri mənalara da şamil olunsaydı o zaman həmin sifətləri zahiri mənalarına əsasən deyil, mücərrəd hərflərdən ibarət ləfzlər olaraq ötürmək lazım olardı.
Dördüncü: Zahiri mənanın isbat olunması barədə İbn Qudamə’nin söylədiyi ən güclü sözlər bəlkə də onun bu sözləridir:
“Əgər desələr ki, “siz də bəzi ayələri və xəbərləri təvil etmisiz, Allahu Təalənin “Harada olsanız O, sizinlədir” (12) sözü barədə dediniz ki, “yəni elmi ilə (hər yerdədir)”. Buna bənzər ayə və xəbərləri (təvil etmisiz), bizə aid olan hər bir şey sizə də aid olmalıdır.”
(Buna cavab olaraq) deyərik: Biz heç bir şeyi təvil etməmişik və bu ləfzləri bu mənalara həml etmək təvil sayılmır, çünki təvil sözü öz zahiri mənasından çıxarmaqdır. Bu mənalar isə bu ləfzlərin zahiri mənalarıdır və dəlili budur ki, ağla ilk gələn mənalardır.” (13)
Beləliklə bu söz açıq-aşkar bir nasdır ki, İbn Qudamə təvili qadağan edərkən və mənalara dalmağı qadağan edərkən zahiri mənaları inkar etməmişdir, əksinə onları isbat etmişdir. Buna görə də eyni kitabında “zahirinə müxalif olan təvilləri” qadağan etməsi ilə onun zahirə müvafiq təvili caiz gördüyünü söyləyə bilərik.
Beşinci: İbn Qudamə etiraf etdiyimiz kimi bəzi yerlərdə müşkil olan sözlər işlətmişdir. Lakin digər sözləri onun məqsədini çox gözəl izah edir. Bir başqa yerdə İbn Qudamə deyir:
“Belə ki, Allahu Təalənin Öz sifətləri ilə – azzə va cəllə — qəsd etdiyi mənanı bilməyə ehtiyacımız yoxdur, çünki bununla əməl etməyimiz istənilmir və onlara iman etməkdən başqa hər hansı bir məsuliyyət ona bağlı deyildir. Mənasını bilmədən də onlara iman etmək olar, çünki məchul bir şeyə olan iman səhihdir. Belə ki, Allah Təalə mələklərə, kitablara və peyğəmbərlərə və onlara nazil edilənlərə iman etməyi əmr etmişdir, baxmayaraq ki, biz bunların adlarından başqa bir şey bilmirik.” (14)
Hər bir müsəlman mələklərin həqiqi mənada varlıqlar olduğunu bilir. Biz onların zahiri mənalarına iman edirik, lakin onların həqiqətlərini dərk edə bilmirik. Həmçinin peyğəmbərlərdən yalnız adlarını bildiyimiz kəslər də bizim üçün məchul olsa da onların bəşər övladları olduğunu bilirik. Beləliklə İbn Qudəmə’nin bu misal ilə «mənanı bilməmək» dedikdə nəyi qəsd etdiyi ortaya çıxır və misal aşkar şəkildə həqiqətin, keyfiyyətin məchul olmasını göstərir.
Altıncı: İbn Qudamə — rahmətullahi aleyhi – Allahın ərşin üzərində olması barədə müstəqil bir kitab yazmışdır. Kitabın müqəddiməsində deyir:
“Allah Özünü səmada uluv(15) ilə vəsf etmişdir və Onu belə peyğəmbərlərin sonuncusu Muhamməd vəsf etmişdir. Təqva sahibi olan səhabələr və fəqih imamlardan olan bütün alimlər bunun üzərində icma ediblər. Yəqinlik hasil olacaq şəkildə bu barədə çox sayda xəbərlər gəlmişdir. Allah müsəlmanların qəlblərini bunun üzərində birləşdirmişdir və bunu yaratdıqlarının hamısının təbiətində yerləşdirmişdir. Belə ki, bir üzücü hal ilə üzləşdikdə gözləri ilə səmaya nəzər salırlar və dua üçün əllərini o istiqamətdə qaldırırlar və Rəblərindən çıxış yolunun gəlişini gözləyirlər və dilləri ilə bunu söyləyirlər. Bunu bidətində həddi aşan bidətçidən və ya zəlalətinə baxmayaraq onu təqlid etmək, ona tabe olmaqla fitnəyə düşmüş kəslərdən başqa heç kəs bunu inkar etməz.” (16)
Təfvid əhli sözdə mümkün olan mənalardan hər hansı birini təyin etmədiyi halda İbn Qudamə burada “uluv” sifətinin zahiri mənasını isbat etmişdir. Bunun üçün Qurandan bir çox ayəni dəlil olaraq zikr etmişdir. “Sonra ərşin üzərinə istiva etdi” ayəsini dəlil olaraq gətirmişdir. Bu isə onu göstərir ki, İbn Qudamə “istiva” sözü üçün zahiri mənanı isbat etmişdir, əgər isbat etməsəydi bunu Allahın ucalıq sifəti üçün dəlil gətirməsi ziddiyət olardı. Həmçinin eyni kitabda deyir:
“Firondan onun belə dediyini xəbər verir: “Ey Haman! Mənim üçün bir uca qəsr tik ki, bəlkə yollara yetişim. Göylərin yollarına (yetişim) və Musanın Allahını görüm. Doğrusu, mən onu yalançı sayıram!” Yəni səmadakı ilahın Allah olması sözündə Musanın yalançı olduğunu güman edirəm. Bu məsələdə müxalif olan bunu inkar etmişdir, qətiyyətlə və yəqinliklə Musanın bunda yalançı olduğunu iddia etmişdir…” (17)
Sözsüz ki, bu sözlər mənanın təfvidinə inanan birindən sadir olmaz.
Yeddinci: Həmçinin onun Quran haqqında bidət əhlindən biri ilə münazirəsi vardır ki, özü bu münazirəni müstəqil bir kitabda nəql etmişdir. Orada Allahın səs və hərflərlə danışdığını isbat edir və dediyi sözlər arasında bu sözləri də vardır:
“Əgər desələr ki, səs yalnız iki cism arasından çıxan hava ilə olur, buna cavab olaraq deyərik ki, bu da ağılsız sözlərdən biridir ki, bunun bənzərinə hərf məsələsində cavab vermişik. Dedik ki, bu, sizin tərəfdən Rəbbimizi – təbərakə va təalə — Öz yaratdıqları ilə müqayisə etməkdir və Onu Öz qullarına bənzətməkdir və Onun sifətinin yalnız məxluqatın sifəti kimi olması ilə Onun haqqında hökm verməkdir və bu, dərin bir zəlalətdir.” (18)
Məlumdur ki, əşarilər və maturudilərdən olan mütəkəllimlər Allahın səs və hərflərlə danışdığını inkar edirlər. Onlardan bunu təfvid edənlər də mücərrəd hərflərdən ibarət sözləri təsdiq edir, lakin mənasını müəyyən etmirlər. Lakin burada İbn Qudamə — rahiməhullah – digər hənbəli alimləri kimi bu məsələdə nasların zahiri mənasına tabe olmuşdur.
Burada bəzi etirazlar irəli sürülə bilər. Deyə bilərlər ki, bu, İbn Qudamə’nin fikir dəyişdiyini göstərə bilər və yaxud da görüşlərində ziddiyətli olduğunu göstərə bilər. Buna cavab olaraq deyərik ki, heç bir alim İbn Qudamə haqqında belə bir mülahizə etməyib. İbnul-Cəvzi, əl-Qadi Əbu Yalə və bəzi digər hənbəlilərin iztirablı və ziddiyətli görüşlərə sahib olduqları deyilmişdir, onların görüş dəyişdirdikləri deyilmişdir. Lakin İbn Qudamə haqqında heç kəs belə bir söz söyləməmişdir. Üstəlik əgər alimin sözlərini cəm etmək mümkündürsə o cür etmək vacib olur və biz də burada aşkar dəlillərlə onun muradının nə olduğunu izah etdik, beləliklə İbn Qudamə’nin sözlərin zahiri mənasını isbat etdiyini göstərdik.
Üstəlik bu dediyimizin doğruluğuna şahidlik edən digər məqamlar da mövcuddur. Onlardan bəzilərini burada zikr edirik.
Məlumdur ki, Şeyxul-İslam əl-Ənsari – rahiməhullah – sifətləri isbat etmək məsələsində çox şiddətli olmuşdur, hətta buna görə bəziləri onu təşbihdə ittiham etmişdi. Lakin İbn Qudamə onu müdafiə edərək onun təşbih əhlindən olmadığını deyir.
“əs-Seyf (əl-Məqdisi) dedi: “İbnul-Cəvzi, Şeyxul-İslam əl-Ənsari’nin sözü barəsində yazaraq dedi: “Abdullah əl-Ənsari təşbihə meyl edirdi, buna görə də onun sözü qəbul olunmaz.” Babam buna əlavə etdi: “O, təşbihdən uzaqdır və İbnul-Cəvzi’nin onun barədəki sözü qəbul olunmaz.” (19)
Təfvid əhlindən olan biri sözsüz ki, belə məqamda İbnul-Cəvzi ilə razılaşmalı idi, çünki əl-Ənsari ən aşkar şəkildə kitablarında sifətlərin zahirini isbat edir və İbn Qudamə bunu gözəl bilir. İbn Qudamə’nin sifətləri təfsir edənlərə qarşı necə sərt olduğunun şahidi olduq, əgər sifətlərin zahirini isbat etmək ona görə təfsir etmək sayılsaydı, əgət zahirini isbat etmək ona görə müşkil olsaydı bu məqamda da əl-Ənsarini müdafiə etməzdi, əksinə onu tənqid edərdi.
Digər məqam isə budur ki, hətta onu yaxından tanıyan əşari alimləri belə onun hənbəlilərdə məşhur olan məzhəbə tabe olduğuna şahidlik ediblər. Onun öz tələbəsi Əbu Şamə əl-Məqdisi onun haqqında deyir:
“Fiqh və digər sahələrdə çoxlu gözəl kitablar yazmışdır, lakin sifətlər və kəlam elmi ilə bağlı əqidə məsələlərində öz məzhəbinin əhli arasında məşhur olan görüş üzərində olmuşdur.” (20)
Həmçinin Şeyxul-İslam İbn Teymiyyə — rahiməhullah – bəzi hənbəli alimlərinin təfvid bidətinə düşdüklərini zikr etdiyi halda İbn Qudamə’nin məzhəbinin səhih olduğunu demişdir. O, əl-Qadi Əbu Yalə, Əbul-Xattab, əz-Zəğunu və digərlərinin etdiyi xətalara işarə etmişdir və Əbu Yalə’nin təfvid etdiyini açıq şəkildə söyləmişdir. Lakin İbn Qudamə’nin kitabları barədə geniş məlumatı olduğu hada onun haqqında belə bir mülahizəyə yol verməmişdir, əksinə o, deyir:
“Lakin Əbu Abdilləh ibn Batta’ya gəldikdə isə onun məzhəbi məhz Əbu Bəkr əl-Acurri’nin “əş-Şəria” kitabında, əl-Laləkai’nin “əs-Sünən”də izlədiyi kimi mühəddislərin məzhəbidir. əl-Xalləl də onun kimidir, ona yaxındır və Şeyx Əbu Muhamməd (İbn Qudamə) də, son dönəm mühəddislər də onun məzhəbinə meyl edir.” (21)
Bu və digər dəlillərə əsasən İbn Qudamə’nin təfvid əhlini olmadığını deyirik. Ona təfvid nisbət edənlər sözlərinin bir hissəsinə əsaslanaraq bu nəticəyə gəliblər. Doğrusunu Allah bilir!


[1] “Təhrimun-Nəzar fi Kutubil-Kələm”, səh: 36-37; Dar Aləmil-Kutub, birinci nəşr: 1410/1990, Riyad
[2] “Zəmmut-Təvil”, səh: 36; Darul-Fəth, birinci nəşr: 1414/1994, Şəriqa
[3] “Zəmmut-Təvil”, səh: 41-41; Darul-Fəth, birinci nəşr: 1414/1994, Şəriqa
[4] “Lumətul-İtiqad”, səh: 4-7; əl-Məktəb əl-İsləmi, dördüncü nəşr: hicri 1395, Beyrut,
[5] “Təhrimun-Nəzar fi Kutubil-Kələm”, səh: 54; Dar Aləmil-Kutub, birinci nəşr: 1410/1990, Riyad
[6] “Təhrimun-Nəzar fi Kutubil-Kələm”, səh: 51-52; Dar Aləmil-Kutub, birinci nəşr: 1410/1990, Riyad
[7] “Təhrimun-Nəzar fi Kutubil-Kələm”, səh: 55; Dar Aləmil-Kutub, birinci nəşr: 1410/1990, Riyad
[8] “Təhrimun-Nəzar fi Kutubil-Kələm”, səh: 55; Dar Aləmil-Kutub, birinci nəşr: 1410/1990, Riyad
[9] “Zəmmut-Təvil”, səh: 36; Darul-Fəth, birinci nəşr: 1414/1994, Şəriqa
[10] Eyni mənbə
[11] Eyni mənbə; səh: 13
[12] əl-Hədid, 4
[13] “Zəmmut-Təvil”, səh: 43; Darul-Fəth, birinci nəşr: 1414/1994, Şəriqa
[14] “Təhrimun-Nəzar fi Kutubil-Kələm”, səh: 51-52; Dar Aləmil-Kutub, birinci nəşr: 1410/1990, Riyad
[15] Uluv: ucalıq, alilik
[16] “İsbətu Sifətil-Uluvv”, səh: 41; Dar əs-Sələfiyyə, birinci nəşr: 1406/1986, Küveyt
[17] Eyni mənbə: səh: 44
[18] “Hikəyətul-Munəzara fil-Quran”, səh: 43; Məktəbətur-Ruşd, ikinci nəşr: 1418/1997, Riyad
[19] ”əz-Zeyl alə Tabəqatil-Hənəbilə”, 3/304; Məktəbətul-Ubeykən, birinci nəşr: 1425/2005, Riyad
[20] “Təracum Ricəlil-Qarneyn əs-Sədis vas-Səbi”, səh: 139; Darul-Cil, ikinci nəşr, 1974, Beyrut
[21] “Məcmu əl-Fətəva”, 6/52-53

Sunna.az - saytının rəsmi heyəti tərəfindən hazırlanmışdır.