Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

İmam Albani və ona atılan “irca” iftirası − alimlərin dili ilə

Mərhəmətli, Rəhmli Allahın adı ilə!

“Həqiqətən, Allah-taala elçisi Muhəmmədi (ona Allahın salavatı və salamı olsun) bu din ilə göndərmiş və açıq-aydın olan Quranı ona nazil etmişdir. Öz Kitabına və Rəsulunun sünnətinə əməl edənlər üçün isə izzət və ucalıq qərar vermişdir.

“Müşriklərin xoşuna gəlməsə də, onu bütün dinlərdən üstün etmək üçün öz elçisini hidayət və haqq din ilə göndərən Odur!” (1)

Peyğəmbərimiz (ona Allahın salavatı və salamı olsun) buyurmuşdur:

“Ümmətimdən bir dəstə daim haqq üzərində qalacaqdır, onları köməksiz buraxanlar onlara zərər verməyəcəkdir”.(2)

Əhli-sünnət və camaat daima dini qorumaqdadır, onlar haqqı iqrar edir və ona dəvət edirlər; batili isə inkar edir və ondan çəkindirirlər. Müxaliflər isə, bütün növləri ilə, onlara rədd verdiklərinə görə və insanları onların batillərindən çəkindirdiklərinə görə əhli sünnətdən razı qalan deyillər.

Bu əsrdə baş vermiş ən böyük fitnələrdən biri təkfir və əmr sahiblərinə qarşı çıxmaq fitnəsidir ki, bundan da partlayışlar, qanların tökülməsi, tikililərin dağıdılması və yandırılması kimi böyük müsibətlər doğmuşdur.

Ona görə də dinin imamları, əqidənin qoruyucuları, din qeyrətinin sahibləri bu fitnəni çıxaranlara rədd etmiş, onların şərrini, fitnəsini və bəlasını üzə çıxarmış, eləcə də insanları onlardan çəkindirmişdir. Onlar bunu dində möhkəm olmaq və müsəlmanlara yaxşılıq etmək üçün etmişdir. Təkfir əhli, onun dəvətçiləri və nəzəriyyəçiləri isə insanları onlardan uzaqlaşdırmaq üçün əhli-sünnətə böhtanlar atmaqdan və pis ləqəblər qoşmaqdan başqa bir yol tapmamışdır.

Alimlər onların düşdüyü təkfirdən insanları çəkindirdiklərinə görə onlar da alimlərə “irca” bidətinin damğasını vurdular. Alimlər onların əmr sahiblərinə qarşı çıxmağından çəkindirdiklərinə görə isə alimlərə “saray alimləri” dedilər.

Bununla da bidət əhlindən olan öz sələflərinin yolunu tutmuş oldular, çünki onlar da çıxardıqları bidətlərlə razı olmayan əhli-sünnətə böhtanlar atıb adlar qoşurdular.

Rafizilər əhli-sünnəti “nasibilər”; Allahın ad və sifətlərini inkar edənlər “mücəssimə”, “həşəviyyə”, “müşəbbihə”; Allahın ad və sifətlərini məxluqlarına bənzədənlər isə “muəttilə” adlandırırlar.

Təkfirçilərin “irca” (3) bidətində ittiham etdikləri alimlərdən biri də imam, əllamə, mühəddis, şeyx Muhəmməd Nasiruddin Əl-Albanidir.

Onu barədə danışıb ona böhtan atanların ilklərindən biri “ixvanul-muslimin” fikrinə aid olması ilə tanınan dok. Səfər Əl-Həvali olmuşdur. O, “Zahiratul-irca” kitabını çıxarmış və onu Seyyid Qutba həddindən artıq səna, Albaniyə isə tənələrlə doldurmuşdur. Hətta bu kitab barədə belə deyilir: “Yarısı Seyyid Qutba tərif, yarısı da Albaniyə tənədir”.

Bu iki şəxsin halına fikir verən görər ki, Seyyid Qutb təkfirin bu əsrdə ən böyük nəzəriyyəçisi, Albanin isə sələfin əqidəsindən bərk yapışmış, təkfir və “xuruc”dan(4) şiddətlə çəkindirən biridir. Sonra isə bu kitabın və müəllifin halına, onun Seyyid Qutbun fikrindən, mənhəcindən necə təsirləndiyinə baxan kəs şeyx Albaniyə atılan “irca” böhtanının həqiqi baisinin nə olduğunu dərk edər.

Əllamə, şeyx Muhəmməd ibn Saleh ibn Useymin şeyx Albaninin ircadan uzaq olmasını bəyan etdiyi əsnada nə gözəl demişdir:

“Biz o kişini, Allah ona rəhmət eləsin, kitablarından tanıyırıq. Mən isə onu ara-sıra birlikdə oturmağımızdan tanıyıram. O, əqidəsi sələfi, mənhəci də salamat olan biridir. Lakin bəzi adamlar Allahın təkfir etmədiyi səbəblərə görə insanları təkfir etmək istəyirlər, sonra da bu təkfirdə onlara müxalif olanın “murci” olduğunu yalan və böhtanla iddia edirlər”.

Sonra bu fitnə yayıldı, təkfir dəvətçiləri bunu yaymağa başladılar, məclislərində, kitab və kasetlərində təkrar-təkrar deməyə başladılar ki, Albani murcidir, onun bu fikrində davamçıları var və onlara “albaniçilər”, “əsrin murciələri” adları qoşdular. Sonra isə iş o yerə çatdı ki, təkfir əhlindən olmayan, sələfi-salehin mənhəcində olan bəzi kəslər də bu hiylədən salamat qala bilməyib fitnəyə düşdülər”.

Yuxarıdakı bu sözlər şeyx İbrahim Ər-Ruheylinin şeyx Albaninin müdafiəsi üçün qələmə aldığı “Təbriətul-iməmil-muhəddis min qovlil-murciətil-muhdəs” kitabındakı müqəddiməsindəndir. Kitabın yazılmasından uzun illər keçsə də, bu məsələ daim aktual olaraq qalır. Müxtəlif insanlar, əsasən də təkfir əhli və müxtəlif növ hizbilər ara-sıra şeyx Albaninin bəzi sözlərini çıxararaq onları ya təhrif edirlər, ya da şeyxin nəzərdə tutmadığı mənalara yozurlar.

Bəli, şeyxin iman mövzusunda müəyyən sözləri vardır ki, bəzi alimlər onlarla razı olmayıblar və bu sözləri tənqid ediblər. Lakin edilən tənqidlər həmişə cüzi məsəsələrdə, əsasən sözün deyilmə formasında olub ki, “belə deyilməsi yaxşı deyil”, “bundan səhv məna anlaşıla bilər” və s. Lakin iman barədə əhli-sünnətin əsaslarına gəldikdə isə, şeyx Albani onları daim iqrar edən və onlara müxalif olanlarla elmi savaş edən bir alim olub.

Yaxın günlərdə böyük alimlərimizdən birindən də belə bir ittiham səsləndi ki, haqq əhli bunu normal qəbul etdilər. Çünki onlar bilirlər ki, alimlər ictihad edərək hansısa məsələlərdə ixtilaf edə bilərlər və əsrlər boyu alimlərin bir-biri haqda sözləri olub, bu sözlərdən doğru olan qəbul edilib, doğru olmayan isə qəbul edilməyib. Lakin bir alimin sözünü qəbul etmiriksə, bu o demək deyil ki, onu sevmirik və ya ona hörmət etmirik.

Yuxarıda barəsində danışdığımız alimin bu sözü sanki batil əhlinin ürəyinə bal kimi yaxıldı, onu tərcümə edib insanlar arasında yaydılar və adətləri üzrə, öz çirkin məqsədləri üçün istifadə etməyə başladılar. Halbuki həmin alimin şeyx Albani haqda tərif dolu sözləri də mövcuddur.

Biz də öz növbəmizdə əhli-sünnətin zamanımızdakı böyük alimlərindən bir neçəsinin şeyx Albani barədə dedikləri sözləri seçib onları tərcümə etdik ki, məsələdən agah olmayan müsəlman qardaş və bacılarımız onlarla tanış olsun, şeyxin qədir-qiymətini bilsin və batil əhlinin hiylələrinə aldanmasınlar. Həm də Peyğəmbərimiz (ona Allahın salavatı və salamı olsun) buyurumuşdur: “Kim qardaşının irzini müdafiə edərsə, Allah da Qiyamət günü onun üzünü oddan müdafiə edər”.(5) Şeyx İbrahim Ər-Ruheyli qeyd etdiyimiz kitabında bu hədisi qeyd etdikdən sonra deyir: “Bu, (sıravi) müsəlmanların irzini müdafiə etməyin savabı barədədir, gör indi müsəlmanların alimlərinin necə!”

Onu da qeyd etmək lazımdır ki, şeyx Albani barədə əhli-sünnətin demək olar ki bütün alimləri xoş sözlər söyləmişdir, lakin yazı çox uzanmasın deyə, onlardan məqsədə ən uyğun olanlarını seçib sizə təqdim edirik:

1. Əbdüləziz ibn Bəzdən (Allah ona rəhmət etsin) soruşurlar:
“Bəziləri əllamə şeyx Muhəmməd Nasiruddin Əl-Albaninin (Allah onu qorusun) əqidəsi barədə şübhələr yayırlar, onu murciələr kimi bəzi bidət firqələrinə nisbət edirlər. Onlara nəsihətiniz nədir?”

Şeyx belə cavab verir:

“Şeyx Muhəmməd Nasiruddin Əl-Albani əhli-sünnət və camaatdan olan mühəddislərdən, tanınan qardaşlarımızdandır. Allahdan həm özümüz üçün, həm də onu üçün müvəffəqiyyət və bütün xeyirlərdə yardım istəyirik. Hər bir müsəlmana vacib olan odur ki, Allahdan qorxsun, alimlər barədə Allahdan çəkinsin və bəsirət üzərində olmadan heç nə danışmasın”.(6)

Həmçinin şeyx İbn Bəzz belə demişdir:

“Zamanımızda səma altında əllamə Muhəmməd Nasiruddin Əl-Albaninin mislində hədis alimi görməmişəm”.(7)

Digər bir sualda isə şeyxdən: “Həqiqətən, Allah bu ümmət üçün hər yüzilliyin əvvəlində dinlərini yeniləyən bir kəs göndərir”, ̶ hədisi barədə soruşurlar ki, bu əsrdə dini yeniləyən kimdir?

O belə deyir: “Şeyx Muhəmməd Nasiruddin Əl-Albani, hesab edirəm ki, bu əsrdə dini yeniləyən kəs odur, Allah daha yaxşı bilir”.(8)

2. Muhəmməd ibn Saleh ibn Useymindən (Allah ona rəhmət etsin) soruşurlar:
“Bəziləri deyir ki, şeyx Albaninin (Allah ona rəhmət etsin) iman məsələlərindəki görüşü murciənin görüşüdür. Sizin bu barədə rəyiniz nədir?

Şeyx belə cavab verir:

“Albani (Allah ona rəhmət etsin) alimdir, hədis elmində fiqh elminə baxmış daha güclü olsa da, o həm mühəddis, həm də fəqihdir. Mən onun “irca”ya dəlalət edən heç bir sözünü bilmirəm. Mən şeyx Albaninin (Allah ona rəhmət etsin) doğru yolda, salamat əqidə və xoş niyyət üzərində olduğuna şahidlik edirəm. Lakin bununla bərabər biz demirik ki, o heç vaxt səhv etmir, çünki Peyğəmbərdən başqa məsum yoxdur. Kim şeyx Albanini “irca”da ittiham edirsə, səhv edir, o ya Albanini tanımır, ya da ircanın nə olduğunu bilmir.

Albani əhli-sünnətdən biridir, Allah ona rəhmət etsin, sünnəti müdafiə edən, hədis elmində imamdır, əsrimizdə onunla yarışa bilən birini tanımırıq. Biz o kişini, Allah ona rəhmət eləsin, kitablarından tanıyırıq. Mən isə onu ara-sıra birlikdə oturmağımızdan tanıyıram. O, əqidəsi sələfi, mənhəci də salamat olan biridir. Lakin bəzi adamlar Allahın təkfir etmədiyi səbəblərə görə insanları təkfir etmək istəyirlər, sonra da bu təkfirdə onlara müxalif olanın “murci” olduğunu yalan və böhtanla iddia edirlər. Ona görə də bu sözə qulaq asma, kimin deməsindən asılı olmayaraq”.

Sonda isə şeyx İbn Useymin şeyx Albanini sevdiyi barədə Allahı şahid tutur və sual verəndən bu fətvanı yaymasını rica edir.(9)

Həmçinin şeyx Albani dəfn edilən gecə Şeyx İbn Useymin onun aiiləsini zəng edir, başsağlığı verir və ona deyirlər ki, şeyx tez dəfn olunmasını vəsiyyət edib. Bunu eşitdikdə şeyx İbn Useymin deyir: “Şeyx Albani sağ ikən də, öləndən sonra da sünnəti yaşatdı!” (10)

3. Muhəmməd ibn İbrahim (Allah ona rəhmət etsin):
“O, sünnət sahibi, haqqa yardım edən və batil əhli ilə savaşandır”.(11)

4. Elmi bəhslər və fətva üzrə daimi komitə (şeyx İbn Bəzzin başçılığı ilə):
“Bu kişi bizə elmi, fəziləti, sünnəti təzim etməsi ilə, ona xidmət etməsi ilə, təəssübkeşlikdən və kor təqliddən çəkindirməsində əhli-sünnət və camaatın məzhəbini dəstəkləməsi ilə tanışdır. Onun kitabları faydalıdır. Lakin digər alimlər kimi o da məsum deyil, xəta da edir, doğruya da isabət edir. Ümid edirik ki, doğruya isabət etdikdə iki savab qazanır, xəta etdikdə isə ictihadının savabını qazanır. Peyğəmbərdən (ona Allahın salavatı və salamı olsun) belə sabit olmuşdur: “Hakim hökm verdikdə ictihad edib doğruya isabət edərsə, ona iki əcr vardır; hökm verdikdə ictihad edib xəta edərsə, bir əcr vardır”.

Allahdan istəyirik ki, bizi də, sizi də, onu da haqq üzərində sabit qalmağa və azdırıcı fitnələrdən salamat qalmağa müvəffəq etsin”.(12)

5. Muhəmməd Əmin Əş-Şinqiti (Allah ona rəhmət etsin):
Əbdüləziz Əl-Hədəh demişdir: “Əllamə Şinqiti şeyx Albaniyə əcaib bir hörmət bəsləyərdi, hətta Mədinədə peyğəmbər məscidindəki öz dərsində oturarkən onu oradan keçən görsəydi, ona hörmət əlaməti olaraq dərsini yarımçıq saxlayar, durub onunla salamlaşardı”.(13)

6. Humud Ət-Tüveyciri (Allah ona rəhmət etsin):
“Albani hazırda sünnətin rəmzidir, ona tənə etmək sünnətə tənə etməyə yardım göstərməkdir”.

7. Şeyx Muqbil Əl-Vadii (Allah ona rəhmət etsin):
“Həqiqətən, hədis elmində şeyx Muhəmməd Nasiruddin Əl-Albaninin tayı-bərabəri yoxdur. Allah onun və onun kitablarının vasitəsilə islama o elmsiz şəkildə həmas göstərən qiyamçılardan, inqilabçılardan qat-qat çox fayda vermişdir. Mən etiqad edirəm və din olaraq inanıram ki, şeyx Muhəmməd Nasiruddin Əl-Albani Peyğəmbərin: “Həqiqətən, Allah bu ümmət üçün hər yüzilliyin əvvəlində dinlərini yeniləyən bir kəs göndərir”, ̶ hədisində qeyd olunan “mücəddid”lərdən (dini yeniləyənlərdən) biridir”.

8. Şeyx Saleh Əl-Lüheydan (Allah onu qorusun):
“Elm tələbələrindən hər birinə nəsihətim odur ki, şeyx Nasiruddin Albaninin irzinə toxunmaqdan çəkinsinlər”.(14)

9. Əbdüləziz Ər-Racihi (Allah onu qorusun):
“Şeyx Albani bu əsrin mühəddisidir, Allah ona rəhmət eləsin. O, sünnətə xidmət edib, böyük kitablar yazıb, böyük əlyazmalar araşdırıb. Necə onu qəsd edərək deyə bilərəm ki, “zeyğ” əhli (haqq yolda olmayanlar) deyəndə şeyx Albani nəzərdə tutulur?!”

10. Şeyx Saleh Əlüş-Şeyx (Allah onu qorusun):
“Şəkk yoxdur ki, əllamə, şeyx Muhəmməd Nasiruddin Əl-Albanini itirmək müsibətdir. Çünki o, ümmətin böyük alimlərindən, mühəddislərindən biridir. Allah onların vasitəsilə dini qorumuş, sünnəti yaymışdır…”

11. Şeyx Rabi Əl-Mədxali (Allah onu qorusun):
“Albani deyir ki, iman söz, əməl və etiqaddır, itaətlə artır, asiliklə azalır. O, nəinki aşırı murciələri, eləcə də “murciətul-fuqaha”dan olan hənəfiləri də tənqid etmişdir. Allahdan afiyət istəyirik. Niyə bunlar “irca” adı ilə Albaninin tələbələri ilə müharibə edirlər, Seyyid Qutba isə toxunmurlar? Hansı ki onun kitabları şərqdə də, qərbdə də “hülul” (15), “vahdətul-vücud” (16) kimi zəlalətlər ilə ümməti işğal edir…

Sonra isə belə deyir:

“Albaninin çox vuruşduğu bidətlərdən biri də “irca” bidətidir. O, murciələrlə güclü savaşdadır, Əbu Ğuddə ilə, Kövsəri ilə, həm keçmiş, həm də indiki murciələrlə. Bütün bunlardan sonra heç ona “murci” vəsfi verilərmi?!” (17)

12. Şeyx Süleyman Ər-Ruheyli (Allah onu qorusun):
“Görünən odur ki, Allah isə daha yaxşı bilir, şeyx Albaniyə “murci” deyənlər iki qismə bölünürlər.

Bir qisim haqqı axtaran, bununla tanınan kəslərdir ki, şeyxin bir sözünə rast gəliblər və zənn ediblər ki, o, “irca”ya dəlalət edir və bunu deyiblər. Bu kəslər xəta ediblər.

O biri qisim isə pis məqsədlər güdən hava əhlidir. Onlar deyirlər ki, şeyx “murci”dir, çünki o, Allahdan başqasının hökmü ilə hökm vermək barədə təfsilatın olduğunu deyir. Həmçinin təkfir barədə olan rəylərinə görə və ya sünnət sahibi olduğuna görə, sünnət əhlini təriflədiyinə, onları müdafiə etdiyinə görə ona belə deyirlər. Bu kəslər məqsəd güdənlərdir.

Bəsirət sahibi olan kəs şeyx Albaninin sözlərinə baxsa, görər ki, onun çoxluq təşkil edən, sabit sözlərində “irca” əhlina qarşı savaş vardır. Onun hər hansı bir ehtimal qəbul edən sözü varsa da, onu digər çoxluq təşkil edən sözlərinə qaytarmaq lazımdır. Namaz qılmayanın kafir olmadığını deməsinə görə ona “murci” demək isə cahillikdir…” (18)

Bütün bunları oxuduqdan sonra özünü əhli-sünnət hesab edən bir kəs şeyx Albani barədə necə “murci” deyə bilər?!

Bu yazını məşhur islam alimi İbn Əsəkirin (Allah ona rəhmət etsin) gözəl nəsihəti ilə bitirirəm:

“Bil ki, alimlərin ətləri zəhərlidir və məlumdur ki, onları alçaldanları rüsvay etmək Allahın adətidir və kim alimlərə dil uzadarsa, ölməmişdən öncə Allah onun qəlbini öldürməklə ona bəla verər…” (19)

Allah daha yaxşı biləndir. Onun salavatı və salamı elçisi Muhəmmədin, onun ailəsinin, səhabələrinin və Qiyamətə qədər onun yoluna tabe olanların üzərinə olsun.

[1] “Tövbə” surəsi, 33-cü ayə.

[2] Buxari (3641); Muslim (1920).

[3] Tərc.: “Əl-irca” (الإرجاء): əməlləri imandan hesab etməmək bidətidir. Bu bidət səhabələrin dövrünün sonunda izhar olmuşdur. Murciələrin əhli-sünnətə müxalif olduğu əsas etiqadları aşağıdakılardır:

1) İmanın yalnız qəlbdə və ya qəlb və dildə olduğuna etiqad edirlər, əməlləri imandan saymırlar.

2) İmanın bölünməz vahid bir şey olduğuna etiqad edirlər, onu şöbələrə bölmürlər, onlara görə, iman ya vardır, ya da yoxdur. Varsa, hamıda eynidir, ən günahkar möminin imanı ilə Cəbrayılın (əleyhis-sələm) imanı eynidir. İmanın bir hissəsi getsə, hamısı getmiş hesab olunur. Ona görə də, onlara görə, iman nə artır, nə də azalır.

3) “Mən möminəm, inşallah” ̶ deməyi icazəli görmürlər və imanda şəkk etmək kimi qəbul edirlər.

Murciələr üç növə ayrılır:

1) Cəhmiyyə. Onlara görə, iman yalnız qəlb ilə bilməkdən ibarətdir.

2) Kərramiyyə. Onlara görə, iman yalnız dil ilə deməkdir.

3) Murciətul-fuqaha. Onlara görə, iman qəlbdə təsdiq etmək və dil ilə deməkdir. “İrca”nın ən yumşaq forması da budur.

Quran və sünnətin dəlillərinə baxdıqda aydın olur ki, iman təkcə qəlb ilə etiqad etmək və dil ilə deməkdən ibarət deyil, əzalarla etdiyimiz əməllər də imanın tərkib hissəsidir. O, artıb-azalır, kimdəsə daha çox, kimdəsə daha az olur. Bu, əhli-sünnətin iman barədə olan əqidəsinin müxtəsər tərifidir. Həmçinin əhli-sünnət bir kəsin: “Sən möminsənmi?” ̶ soruşulduğunda: “Möminəm, inşallah” ̶ deməsini icazəli görürlər. Çünki həmin kəs bunu iman gətirməsində şəkk etdiyinə görə demir, özünü tərifləməmək üçün, kamil iman sahibi olduğunu iddia eməmək üçün deyir. Bu barədə saytımızın kitabxana bölümündə yerləşən “İbn Əbu Zeyd Əl-Qayravaninin müqəddiməsinin şərhi” kitabından (s.102-105) daha geniş oxuya bilərsiniz.

[4] Tərc.: Müsəlman hakimləri təkfir edərək onlara qarşı əl və ya dil ilə çıxmaq. Bu, müsəlman camaatından ayrılmış ilk firqənin ̶ xavariclərin bidətidir.

[5] Tirmizi rəvayət etmiş və “həsən” olduğunu demişdir.

[6] “Burhənul-bəyən bitəhqiq ənnəl-əmələ minəl-imən”, s.337.

[7] “Albanin həyatı”, s.65-66.

[8] Bax: “Əl-Əsaləh” jurnalının 23-cü sayı.

[9] Bax: “Mənəbirul-hudə” jurnalı, 2/23-24).

[10] Bax: “Əl-Əsaləh” jurnalının 23-cü sayı.

[11] Şeyxin fətvalar toplusu (4/92).

[12] “Fətəva əl-ləcnə əd-dəimə”12/244.

[13] Bu və bundan sonra gələn digər məsdəri göstərilməyən sözlər “Əl-Əsaləh” jurnalının şeyx Albaniyə həsr olunmuş xüsusi 23-cü sayında çap edilmişdir.

[14] https://www.youtube.com/watch?v=zT3XVZlJvsg

[15] Tərc.: Allahın məxluqatda həll olmasını iddia edən küfr əqidəsi. Bu bəzi aşırı sufi və aşırı rafizilərə xristianlardan və digər batil din və fəlsəfələrdən keçmiş bir etiqaddır.

[16] Tərc.: Bütün varlığın, hər şeyin Allah olduğunu, Ondan başqa heç nəyin var olmadığını iddia edən küfr əqidəsi. Bu, İbn Arabi kimi bəzi fəlsəfəçilərin və aşırı sufilərin batil dinlərdən götürdükləri bir etiqaddır.

[17] Bax: “Təbriətul-iməmil-muhəddis”, s.14-15.

[18] https://www.youtube.com/watch?v=BmVwuIwYAfc

[19] “Təbyin kəzibil-muftəri”, s.29-30.

Hazırladı: Fərhad Adayev.