Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Müsəlman rəhbərlərinə tabe olmaq və onlara qarşı çıxmamaq Əhli-sünnətin əqidə əsaslarındandır.

İslam şəriətinə zidd olmayan hər bir məsələdə müsəlman rəhbərlərinə itaət etmək, onları dinləmək və onlara qarşı çıxmamaq Əhli-sünnətin əqidə əsaslarındandır. Çünki rəhbərsiz cəmiyyət başsız bədən kimidir. Elə bu səbəbdən də Əli ibn Əbu Talib (Allah ondan razı olsun) demişdir: “İnsanlar üçün yaxşı və ya pis bir başçının olması labüddür”.(1) Ümumiyyətlə, şəriət dəlillərinin tələbi olaraq deyə bilərik ki, yer üzündə idarəçilik sistemi qaçınılmaz bir zəruriyyətdir. Belə ki, Uca Allah bu barədə buyurur: “Bəlkə də, Rəbbiniz düşməninizi məhv edib sizi yer üzünün xəlifələri (varisləri) edəcək, sonra isə nə etdiyinizə (özünüzü necə apardığınıza) baxacaq!(2) ; “Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə vəd etmişdir ki, özlərindən əvvəlkiləri varislər etdiyi kimi onları da yer üzünün xəlifələri (varisləri) edəcək”.(3) Şeyxülislam İbn Teymiyyə demişdir: “Bilinməlidir ki, insanları idarə etmək, onların işlərinə rəhbərlik etmək dinin ən vacib əmrlərindən biridir. Ümumiyyətlə, idarəçilik sistemi olmadan nə dini qorumaq olar, nə də dünyanı. Adəm övladı öz işlərində bir-birlərinə möhtac olduqlarına görə cəmiyyət halında bir yerdə yaşamadan onların ehtiyacları ödənə bilməz. Cəmiyyət halında yaşaya bilmələri üçün də mütləq bir başçıya ehtiyacları vardır. Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə demişdir: “Əgər üç nəfər səfərə çıxsa, aralarından birini əmr təyin etsinlər”. Hədisi Əbu Davud Əbu Səid əl-Xudridən və Əbu Hureyrədən rəvayət etmişdir. İmam Əhmədin Müsnədində Abdullah ibn Amrdan rəvayət etdiyi hədisə əsasən, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə demişdir: “Üzərlərində özlərindən biri əmr olmadan üç nəfərin səfərdə olmaları onlara icazəli deyildir”. Allah Rəsulu (sallallahu aleyhi və səlləm) cəmiyyət üçün bir xəbərdarlıq olsun deyə səfər zamanı kiçik bir qrup içində belə müvəqqəti olaraq bir nəfərin əmir olaraq təyin edilməsini əmr etmişdir”.(4) Həmçinin belə demişdir: “Uca Allah yaxşılığı əmr edib, pisliklərdən çəkindirməyi əmr etmişdir. Bu da yalnız və yalnız idarəçilik sistemi və icbari tətbiq yolu ilə tamamlana bilinəcək bir işdir. Həmçinin icbari tətbiq və idarəçilik sistemi olmadan cihadın, həccin, cümə və bayram namazlarının tətbiqi, məzlumlara yardım və cəzaların tətbiq olunması da qeyri-mümkündür. Elə bu səbəbdən də bəzilərindən belə dedikləri rəvayət olunmuşdur: “Həqiqətən də, sultan Allahın yer üzündəki kölgəsidir”. Həmçinin belə deyilmişdir: “Altmış il zalım rəhbərin hökmü altında yaşamaq bir gecə rəhbərsiz qalmaqdan daha xeyirlidir”. Elə təcrübə də bunu təsdiqləyir. Bu səbəbdən də Fudayl ibn İyad, Əhməd ibn Hənbəl və sələfdən digərləri belə demişdir: “Əgər mənim müstəcəb (yəni Allah tərəfindən qəbul olunacaq) bir duam olsaydı, onu yalnız rəhbər üçün edərdim”.(5) Başqa bir yerdə isə belə deyir: “Şəriətin məqsədlərindən biri, xeyrin əldə edilməsi və onun tamamlanması, fəsadın uzaqlaşdırılması və ya azaldılması, yaxud iki xeyirli işdən daha xeyirli olanın təyin edilməsidir. Əmr sahibinin təyin olunmasında olan əsas məqsəd və fayda da məhz budur. Avam insanların zənn etdiyi kimi olsaydı, o zaman başçının varlığı ilə yoxluğu arasında bir fərq olmazdı. Bu sözü nəinki müsəlman, ümumiyyətlə, heç bir aqil insan dilə gətirməz. Əksinə, aqil insanlar belə deyərlər: “Altmış il zalım rəhbərin hökmü altında yaşamaq bir gecə rəhbərsiz qalmaqdan daha xeyirlidir”. Abdullah ibn Mübarək (öz şerində) nə gözəl demişdir:


“Rəhbərlər olmasaydı, yollarımızda əmin-amanlıq olmazdı
Zəiflərimiz qəsbkarların zülmündən qurtulmazdı”.(6)


Peyğəmbər (sallallahu aleyhi və səlləm) rəhbərlərə itaəti əmr edərək demişdir: “Üzərinizdə başı sanki qurumuş üzümə oxşar həbəşli bir kölə rəhbər təyin edilsə belə, eşidib ona itaət edin!” (7) ; “«Məndən sonra istismar halları (8) və xoşagəlməz işlər olacaq». Biz dedik: «Ey Allahın Rəsulu, bizlərdən o zamana yetişəcək olan olsa, ona necə hərəkət etməsini əmr edirsən? » Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə cavab verdi: «Sizin üzərinizdə olan haqlarını ödəyin və öz haqlarınızı isə Allahdan diləyin»”.(9) Ənəs ibn Məlik (Allah ondan razı olsun!) demişdir: “Allah Rəsulunun əshabından olan ağsaqqallarımız bizlərə əmr edərək demişdirlər ki, rəhbərlərinizi söyməyin, onlara xəyanət etməyin və onları qəzəbləndirməyin. Allahdan qorxun və səbir edin!” (10) Həmçinin insanlar onun yanına gəlib Həccacın zülmündən ona şikayət etdikdə, onlara belə cavab vermişdi: “Səbir edin! Çünki bundan sonra ta Qiyamətəcən elə bir zaman gəlməyəcək ki, həmin zamanın şəri özündən əvvəlkindən daha pis olmasın. Bunu sizin peyğəmbərinizdən eşitdim”.(11) Bilmək lazımdır ki, rəhbərlərə qarşı çıxmaq fəsada qapı açmaqdır. Bu həm şəriət əhlinin, həm də aqil insanların üzərində ittifaq etdikləri bir məsələdir. Bu barədə şeyxülislam İbn Teymiyyə demişdir: “Nə zaman ki rəhbərin aradan getməsi üçün səy göstərilib, bununla ortaya çıxan fəsad onun rəhbər olaraq qalması ilə hasil olan fəsaddan daha böyük olub. Ona görə də daha böyük olan fəsad ilə kiçik fəsadın aradan qaldırılmasına cəhd göstərmək icazəli deyildir. Elə bu səbəbdən də Əhli-sünnətin məşhur nəzər nöqtəsinə əsasən, onlar rəhbərlər zalım olsalar belə, onlara qarşı çıxmağı və onlarla qılınc vasitəsilə döyüşməyi düzgün hesab etmirlər. Buna dəlil Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) nəql olunmuş çoxsaylı hədislərdir. Çünki döyüş və fitnə ilə hasil olan fəsad mücərrəd olaraq rəhbərin zülmü ilə döyüşsüz və fitnəsiz hasil olan fəsaddan daha böyükdür. Beləcə, iki işdən fəsadı daha böyük olanı ilə ondan daha kiçik olan fəsad aradan qaldırılmaz. Demək olar ki, rəhbərə qarşı çıxması ilə əvvəlkindən daha böyük bir fəsada səbəb olmayan bir dəstə tarixən bilinmir (yəni kim rəhbərə qarşı çıxıbsa, mütləq daha böyük bir fəsada səbəb olub)”.(12) Həmçinin belə demişdir: “Nadir hallar istisna edilməklə, rəhbərə qarşı çıxan hər bir şəxsin bu əməli xeyrindən qat-qat artıq şərlə nəticələnmişdir”.(13) Şeyxülislam sözünün davamında buna dair tarixi bəzi misallar qeyd edəndən sonra belə deyir: “Beləcə, onlar (yəni rəhbərə qarşı çıxan dəstələr) məğlub edildilər. Bu əməlləri ilə də nə dinlərini saxlaya bildilər, nə də ki dünyalarını qura bildilər (yəni həm dinləri, həm də dünyaları əldən getdi). Uca Allah isə nə dünyəvi, nə də ki dini bir qazancı, faydası olmayan bir işi (yəni rəhbərə qarşı çıxmağı) heç vaxt əmr etməz... Bütün bunlar bizə onu göstərir ki, Allah Rəsulunun (sallallahu aleyhi və səlləm) öz ümmətinə rəhbərlərin haqsızlıqlarına səbir etməyi, onlarla döyüşməməyi və onlara qarşı qiyam qaldırmamağı əmr etməsi onların dünya və axirətləri üçün daha xeyirlidir. Kim bilərəkdən və ya səhvən Allah Rəsulunun (sallallahu aleyhi və səlləm) bu əmrinə müxalif olarsa, o, fəsaddan başqa heç bir şey əldə etməyəcəkdir”.(14) Bu məqamda onu qeyd etmək istəyirəm ki, rəhbərlərin pis və ya yaxşı olması, əslində, elə bizim öz əməllərimizin bəhrəsidir. Çünki insanların başına gələn müsibətlər elə onların öz əməllərinin nəticəsidir.(15) “İnsanların öz əlləri ilə etdiyi əməllərinin nəticəsi olaraq quruda və dənizdə fəsad ortaya çıxır...” (16) ; “Başınıza gələn hər bir müsibət öz əllərinizlə qazandığınız günahlar üzündəndir. Hələ Allah günahların çoxunu bağışlayır”.(17) İnsanlar ya saleh əməllərinin bərəkəti, ya da asiliklərinin cəzası və zilləti altında həyat sürürlər. Uca Allah isə hikmət sahibidir, Ədalətlidir və O, qullarından heç kəsə zülm etməz, insanlar isə öz nəfslərinə qarşı çox zülmkardılar. “Kim yaxşı iş görsə, (xeyri) özünə, kim də pislik etsə, (zərəri) özünə olar. Sənin Rəbbin bəndələrə zülm edən deyildir.” (18) Bəndə öz Rəbbinə qarşı itaətkar və öz nəfsinə qarşı adil olduğu, öz halını, həyat tərzini düzəltdiyi və Rəbbinin hökmlərinə boyun əydiyi təqdirdə, onun dünyası da düzələr, Axirəti də. Uca Allah bu barədə belə buyurur: “Əgər o məmləkətlərin əhalisi iman gətirib (Allahdan) qorxsaydı, əlbəttə, Biz onların üstünə göydən və yerdən bərəkət (qapılarını) açardıq. Lakin onlar (peyğəmbərləri) yalançı hesab etdilər. Biz də onları qazandıqları günahlara görə (əzabla) yaxaladıq” (19) ; “Əgər onlar Tövrata, İncilə və Rəbbindən özlərinə nazil edilənə düzgün əməl etsəydilər, onlar başları üstündə və ayaqları altında (olan nemətlərdən) yeyərdilər”.(20)
“Siz necə olsanız, üzərinizə də elə o cür rəhbər təyin edilər”.(21) Son dərəcə hikmətli olan bu kəlam Allah Rəsulundan (sallallahu aleyhi və səlləm) onun sözü olaraq (yəni hədis olaraq) nəql olunsa da, sənəd yönündən çox zəifdir.(22) Lakin sənəd yönündən zəif olsa da və hədis olaraq bu sözün Allah Rəsuluna (sallallahu aleyhi və səlləm) nisbət edilməsi düzgün sayılmasa da, mətn olaraq son dərəcə doğru və düzgün bir sözdür və alimlər tərəfindən də ümumi bir qayda kimi qəbul edilmişdir Əslində, bu qayda Quran və sünnət tərəfindən təsdiqlənmiş bir qaydadır. Belə ki, Uca Allah buyurur: “Beləliklə, qazandıqları günahlara görə zalımların bir qismini digərinə rəhbər təyin edərik”.(23) Həmçinin tarixə nəzər yetirdikdə görürük ki, əsrlər boyunca insanlar üzərində Allahın qədəri hökmü də elə məhz bu qaydaya müvafiq bir şəkildə yürümüşdür. Elə buna görə də Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) sonra Əbu Bəkr və Ömər, daha sonra isə Osman və Əli xəlifə olmuşdur. Heç şübhəsiz ki, Əbu Bəkr və Ömərin rəhbərliyi altında yaşayan insanlar Osman və Əlinin rəhbərliyi altında yaşayanlardan daha xeyirli idilər.(24) Uca Allah da öz lütfü ilə ən xeyirli insanlara daha üstün və daha fəzilətli insanları rəhbər təyin etmişdir. Bu səbəbdən də Əhli-sünnət alimləri dörd xəlifə arasında olan xilafət sırasını həm də fəzilət sırası olaraq qəbul ediblər. İbn əl-Qeyyim demişdir: “Uca Allah qulları üzərində olan rəhbərləri, vali və əmr sahiblərini məhz onların öz əməllərinə uyğun bir şəkildə seçmişdir. Allahın bu yöndə olan hikməti haqqında dərindən düşün! Sanki insanların əməlləri sultanlarının və rəhbərlərinin surətində ortaya çıxmışdır. Əgər onlar itaətkar olsalar, rəhbərləri də itaətkar olarlar. Əgər adil olsalar, onlara qarşı da adil davranılar. Yox, əgər həddi aşıb zalım olsalar, onların vali və rəhbərləri də onlara qarşı həddi aşıb zalım olarlar. Əgər onların içərisində hiylə və yalan ortaya çıxsa, rəhbərləri də elə bu cür olar. Əgər Allahın haqlarını ödəməz və bu haqları ödəməyə qarşı laqeydlik göstərərlərsə, sultanları və əmrləri də onların haqlarını ödəməz və onlara qarşı laqeyd davranarlar. Əgər zəif və gücsüz gördükləri insanlardan haqları çatmayan şeyləri tələb edər və götürərlərsə, rəhbərləri də onlardan haqları çatmayan şeyləri götürər və üzərlərinə də haqsızcasına vergi yükləyərlər. Onlar hər dəfəsində zəiflərdən istifadə edib qazanc əldə etməyə səy göstərsələr, rəhbərləri də zor gücü ilə onlardan qazanc əldə edərlər. Sanki rəhbərləri onların əməllərinin surətində ortaya çıxmışdır. Asi və şərli bir topluma onların öz əməllərinə müvafiq olmayan bir kəsin rəhbər gəlməsi ilahi hikmətə uyğun ola bilməz. İslamın ilk dönəmləri ən xeyirli əsrlər olduğuna görə onların rəhbərləri də ən xeyirli rəhbərlər idilər. O zaman ki onlar fəsada uğradılar, rəhbərləri də onlara qarşı elə o cür oldular. Hal-hazırki dövrdə də Allahın hikmətinə uyğun olaraq bizim üzərimizə nəinki Əbu Bəkr və Ömər, heç Muaviyə və Ömər ibn Abduləziz kimi rəhbərlər belə gələ bilməz. Çünki bizim rəhbərlərimiz bizim özümüzə uyğundur. Bizdən əvvəlkilərdə də onların özlərinə uyğun idilər. Hər iki halda da ilahi hikmət təcəlli edir. Dərin fəhmi və güclü zəkası olan hər kəs bu barədə düşündükdə ilahi hikmətin batinən və zahirən qəza və qədərdə seyr etdiyini görər. Öz batil zənnin ilə zənn etmə ki, Allahın qədər və qəzası ilahi hikmətdən xalidir. Əsla! Əksinə, Uca Allahın məxluqatı üzərində olan əzəli yazısı tam və kamil bir şəkildə ilahi hikmətə bağlıdır. Sadəcə olaraq, yarasanın gözləri zəif olduğuna görə günəş işığından məhrum olduğu kimi, bizim ağıllarımız da zəif və aciz olduğuna görə bu ilahi hikməti dərk edə bilmir. Yarasa gecənin zülmətinə rast gəldikdə uçub gəzişdiyi kimi, bizim zəif ağıllarımız da batil bir inancla birləşdikdə cuşa gəlib batil içərisində dolaşır və nə gəldi danışır”.(25) İbn Əbil-İzz demişdir: “Rəhbərlər zalım olsalar belə, onlara qarşı itaətkarlıqdan ayrılmamaq lazımdır. Çünki itaətdən əl çəkib onlara qarşı çıxmaqla ortaya çıxan fəsad onların zülmü səbəbi ilə ortaya çıxan fəsaddan qat-qat artıq olur. Onların zülmlərinə qarşı səbir etmək günahlar üçün kəffarə və əzəmətli əcr sayılır. Uca Allah o cür zalım rəhbərləri öz əməllərimizin cəzası olaraq bizim üzərimizə müsəllət edib. Necə deyərlər, insana verilən cəza onun əməlinin cinsindən olur. Bu səbəbdən də belə hallarda bizə vacib olan şey öz əməllərimizi islah edib, tövbə və istiğfarı çoxaltmaqdır. Deməli, əgər camaat rəhbərin zülmündən öz canını qurtarmaq istəyirsə, gərək ilk növbədə özü öz nəfsinə zülm etməyi tərk etsin”.(26)

Müəllif: Əbu Zeyd Həbibli

______________________________

(1)İbn Əbi Şeybə “əl-Müsənnəf” 7/557, səhih sənədlə rəvayət olunmuşdur.
(2)Əl-Əraf: 129
(3)Ən-Nur: 55
(4)İbn Teymiyyə “Məcmu əl-Fətava” 28/390
(5)İbn Teymiyyə “Məcmu əl-Fətava” 28/390-391
(6)İbn Teymiyyə “Məcmu əl-Fətava” 30/136
(7)Buxari (7142)
(8)Hədisdə qeyd edilən أثرة kəlməsi zalım rəhbərlərin müsəlmanların haqqı olan qənimət mallarını, beytul-malı haqsız yerə mənimsəməsi anlamını verir.
(9)Buxari (3603 və 7052) və Müslim (1843), bu hədis Müslimin rəvayət etdiyi ləfzdi.
(10)İbn Əbi Asim (1015), Əlbani sənədinin yaxşı və ravilərinin etibarlı olduğunu demişdir.
(11)Buxari (7068)
(12)Minhəcüs-sünnə 3/391
(13)Zamanımızda “Ərəb Baharı” adı altında ərəb ölkələrində baş vermiş inqilabları, İraq və Suriya kimi viran qalmış ölkələrin halını gözqabağına gətirmək kifayət edər.
(14)Minhəcüs-sünnə 4/527-531
(15)الجزاء من جنس العمل “cəza və ya mükafat əməlin növündəndir” qaydasında olduğu kimi.
(16)Rum: 41
(17)Əş-Şura: 30
(18)Fussilət: 46
(19)Əl-Əraf: 96
(20)Əl-Maidə: 66
(21)Ərəbcə: كيفما تكونوا يولى عليكم
(22)Əlbani “Silsilə əd-Daifə” (320)
(23)Əl-Ənam: 129
(24)Əli ibn Əbu Talibdən  soruşdular: “Nə üçün insanlar Əbu Bəkr və Ömərin xilafəti üzərində ittifaq etdikləri halda, sənin xilafətin üzərində ixtilaf etdilər?” Əlinin cavabı isə son dərəcə möhtəşəm olur: “Çünki Əbu Bəkr və Ömər mənim kimi insanların üzərində rəhbər idilər, mən isə sənin kimi insanların üzərində rəhbərəm” (İbn Xaldun səh. 109 və ya kitabın bəzi nəşrlərində səh. 264).
(25)İbn əl-Qeyyim “Miftəhu dər əs-Səadə” 1/253
(26)“Şərhul-əqidə ət-Təhaviyyə” 2/578