Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Hüseyni kim qətlə yetirdi?

Hüseynin qətlini kim icra etmişdir?

Tarix kitablarında qeyd olunan məşhur məlumata görə Hüseynin (Allah ondan razı olsun!) qətlinin iki nəfər icra etmişdir. Onlar Sinan ibn Ənəs ən-Nəxai və Şəmər ibn Zil Covşəndir. İşin məsuliyyəti isə Ubeydullah ibn Ziyadın üzərinə düşürdü. Ubeydullah və Şəmər Əlinin (Allah ondan razı olsun!) tərəfdarlarından idilər.

Tusi rical elmi haqqında olan kitabında Ubeydullah ibn Ziyadın Əlinin tərəfdarlarından olduğunu demişdir. ("Rical ət-Tusi" səh. 54, tərcümeyi hal № 120. Birinci nəşr. Heydəriyyə mətbəəsi, Nəcəf 1961. Bəhrul Ulum Muhəmməd Sadiqin tədqiqatı)

Ən-Nəmazi əş-Şəhrudi Şəmər haqqında demişdir: "Siffin günü möminlərin əmiri Əli əleyhissəlamın qoşununda idi". (Alləmə Əli Namazi əş-Şəhrudi "Mustədrəkat Ilmu Rical əl-Hədis" 4/220, tərcümeyi hal № 6899. Muəssə ən-Nəşr əl-İslami, Qum hicri 1425)

Hüseynin qatili olmuş Kufə camaatının xəyanəti:

İbn əl-Hənəfiyyə adı ilə məşhurlaşmış Muhəmməd ibn Əli ibn Əbu Talib qardaşı Hüseynə (Allah ondan razı olsun!) belə tövsiyə etmişdir: "Ey qardaşım, sən kufəlilərin atana və qardaşına xəyanət etdiklərini bilirsən. Qorxuram, birdən sən də əvvəlkilərin halına düşərsən". (İbn Tavus "əl-Luhuf" kitabı, səh. 39; İhsai "Aşura" kitabı, səh. 115; ƏbdülHüseyn "əl-Məcəlisul Fəxirə" kitabı, səh. 75)

Hüseyn (Allah ondan razı olsun!) Fərəzdəq adlı məşhur şairdən İraqlı tərəfdarları haqqında soruşduqda şair dedi: "Ürəkləri səninlə, qılıncları isə əleyhinədir. Əmr səmadan nazil olur və Allah istədiyini edəndir". Hüseyn (Allah ondan razı olsun!) dedi: "Doğru deyirsən, əmr Allahın əlindədir. Hər gün bir işdədir. Sevdiyimiz və razı qaldığımız iş başımıza gələndə Allahın nemətlərinə şükür edirik. Şükrü əda etməyə yardım edən Odur. Əgər qəza-qədər istədiyimizə nail olmağa mane olarsa, niyyəti haqq və daxili təqva olan kimsə uduzmaz". ("əl-Məcəlis əl-Fəxirə" səh. 79; "Alə Xuta əl-Hüseyn" səh. 100; Əl-Əmin "Ləvaicul Əşcan" səh. 60; "Məalim əl-Mədrəsəteyn" 3/ 62)

Hüseyn (Allah ondan razı olsun!) Kufə camaatına müraciət edərkən atasına və qardaşına etdiklərini onlara xatırlatmış və demişdir: "Əgər siz bunu etməsəniz, əhdinizi pozsanız və beyətimdən çıxsanız and olsun ki, bu sizin üçün qəribə iş sayılmaz. Siz artıq bunu atama, qardaşıma və əmim oğlu Muslimə qarşı etmisiniz. Sizinlə qürurlanan özünü aldadar". ("Məalim əl-Mədrəsəteyn" 3/ 71; "Məali əs-Sibteyn" 1/275)

Zeynəl Abidin adı ilə məşhurlaşmış Əli ibn əl-Hüseyn atası Hüseynə xəyanət edib onu öldürən tərəfdarlarını (yəni şiələrini) qınayaraq demişdir: "Ey insanlar, sizi Allaha and verirəm heç bilirsiniz siz atama məktub yazıb xəyanət etmisiniz?! Ona vəd verib, beyət edib sonra da ona qarşı döyüşüb alçaltmısınız. Etdikləriniz sizi məhv etsin! Peyğəmbər ﷺ sizə "mənim nəslimi qətlə yetirdiniz və hörmətimi ayaq altına atdınız. Siz mənim ümmətimdən deyilsiniz!" – dedikdə, hansı üzlə onun qarşısına çıxacaqsınız?!" Bu zaman hər tərəfdən qadınların ağlaşması eşidildi. Hamı bir-birinə: "Bilmədən özümüzü həlak etmişik!" – deyə təəsüfləndilər.

Zeynəl Abidin (Allah ona rəhmət etsin) Kufə camaatının ağı deyib ağladığını gördükdə onları bu işdən əl çəkməyə çağırıb dedi: "Bizə görə ağı deyib ağlayırsınız. Bəs bizi kim öldürüb?!" ("əl-Məlhuf" səh. 86; "Nəfs əl-Məhmum" səh. 357)

Əlinin (Allah ondan razı olsun!) qızı Ummu Kulsum (Allah ondan razı olsun!) belə demişdir: "Ey kufəlilər, vay sizə! Nə üçün Hüseynə (Allah ondan razı olsun!) xəyanət edib qətlə yetirdiniz. Sonra mal-dövlətini ələ keçirdiniz. Qadınlarını əsir götürdünüz. Sizi görüm rəhmətdən məhrum olub məhv olasınız... Peyğəmbərdən ﷺ sonra ən xeyirli insanları məhv etdiniz. Mərhəmət hissi qəlbinizdən çıxarılmışdır". ("əl-Məlhuf" səh. 91; "Nəfs əl-Məhmum" səh. 363)

Əlinin (Allah ondan razı olsun!) qızı Zeynəb (Allah ondan razı olsun!) ağlayaraq onu qarşılayan topluma belə demişdir: "Siz hönkür-hönkür ağlayırsınız?! Allaha and olsun siz gərək çox ağlayıb az güləsiniz. Siz artıq rüsvayçılıq etmisiniz. Bunu heç vaxt yuya bilməyəcəksiniz. Peyğəmbərlərin sonuncusunun nəslini qətlə yetirdiyinizi necə yuya bilərsiniz?!" ("Məal Hüseyn Fi Nəhdatihi" səh. 295)

Digər rəvayətdə deyilir ki bir dəfə o, başını kəcəvadan çıxarıb kufəlilərə dedi: "Ey kufəlilər səsinizi kəsin! Kişiləriniz bizi öldürür, qadınlarınız isə ağladır. Haqq hesab günü bizim ilə sizin aranızda hökmü Allah Özü verəcəkdir". (Abbas əl-Qummi "Nəfs əl-Məhmum" kitabı, səh. 365)

Şiə alimlərinin sözləri:

Cavad Muhəddisi:

"Bu səbəblərə görə İmam Əli əleyhissəlam onlardan şikayətlənmiş, İmam Həsən aleyhissəlam onlardan xəyanət görmüş, Muslim ibn Əqil onların gözü önündə məzlumcasına qətlə yetirilmiş, Hüseyn isə Kufənin yaxınlığında yerləşən Kərbəlada Kufə qoşununun əli ilə susuz öldürülmüşdür". ("Movsuəti Aşura" səh. 59)

Hüseyn Kurani:

"Kufəlilər İmam Hüseyni tək qoymaqla kifayətlənmədilər. Onlar qeyri səmimi mövqedə olduqları üçün üçüncü mövqeni tutdular. Yəni dərhal Kərbəlaya tərəf getdilər və orada İmam Hüseyn aleyhissəlama qarşı döyüşdülər. Kərbəlada şeytanı sevindirib Allahı qəzəbləndirən səhnələri göstərmək uğrunda sanki bir-biri ilə yarışırdılar". ("Fi Rihabi Kərbəla" səh. 60-61)

"Kufəlilərin ikiüzlüyünü göstərən digər bir səhnənin şahidi oluruq. Demək Abdullah ibn Hovzə ət-Təmimi adlı bir nəfər İmam Hüseyn Aleyhissəlamın qarşısında dayanıb "Hüseyn buradadır?" – deyib bağırır. Bu adam Kufəlidir. Dünən Əli əleyhissəlamın tərəfdarı idi. Ola bilər İmama məktub yazanlardan idi. Yaxud İmama məktub yazan Şibsin adamlarından idi. Həmin adam sonra belə deyirdi: "Ey Hüseyn! Sənə cəhhənnəm müjdə olsun!" ("Fi Rihabi Kərbəla" səh. 61)

Murtuza Mutahhiri:

O demişdir: "Heç şübhəsiz Kufəlilər Əlinin tərəfdarları idilər və İmam Hüseyni öz tərəfdarları qətlə yetirmişdilər". ("Əl-Məlhəmətul Hüseyniyyə" 1/129)

Həmçinin demişdir: "Biz əvvəldə sübut etdik ki, bu baxımdan hadisə çox əhəmiyyətlidir. Həmçinin qeyd etdik ki, Hüseynin qətli Peyğəmbərin ﷺ ölümündən əlli il sonra müsəlmanların, daha doğrusu onun öz tərəfdarları tərəfindən həyata keçirilmişdir. Bu doğrudan çox dəhşətli, qəribə və maraqlı məsələdir". ("Əl-Məlhəmətul Hüseyniyyə" 3/94)

Hüseynin qətlini əmr edən və buna sevinən Ubeydullah ibn Ziyad idi.

Hüseynin qətlini icra edən Şəmər ibn Zil Cövşən və Sinan ibn Ənəs ən-Nəxai idi. Bu üç nəfər Əlinin (Allah ondan razı olsun!) tərəfdarlarından idilər. Onlar Əli (Allah ondan razı olsun!) ilə birlikdə Siffin döyüşündə iştirak etmişdilər.

Kazım əl-İhsai ən-Nəcəfi:

O demişdir: "İmama Hüseyn əleyhissəlama qarşı döyüşməyə gedən qoşunun sayı üç yüz min nəfər idi. Onların hamısı kufəlilər idi. Onların arasında nə şamlı, nə hicazlı, nə hindistanlı, nə pakistanlı, nə sudanlı, nə misirli, nə də afrikalı var idi. Hamısı kufəli idilər. Onlar müxtəlif qəbilələrdən toplaşmışdılar". ("Aşura" səh. 89)

Hüseyn ibn Əhməd əl-Bəraqi ən-Nəcəfi:

"Qəzvini demişdir: Kufə camaatına irad tutulan məsələlər Həsən ibn Əli əleyhissəlamı zəhərləmələri, Hüseyn əleyhissəlamı çağırdıqdan sonra qətlə yetirmələri idi". ("Tarixul Kufə" səh. 113)

Muhsin əl-Əmin:

"Sonra İraq camaatından iyirmi min nəfər Hüseynə beyət edib xəyanətkar oldular. Ona beyət etdikləri halda qarşı çıxıb onu öldürdülər". ("Ə`yan əş-Şiyə" 1/26)

Yezidin Hüseynin qətlinə münasibəti:

Hüseynin öldürülməsində Yezidin əli yox idi. Bu sözlər onu müdafiə etmək üçün deyil, sadəcə olaraq haqqı üzə çıxarmaq üçün deyilir.

Yezid Ubeydullah ibn Ziyadı Hüseynin Kufəyə gəlişinə maneə olması üçün göndərmiş, amma onu öldürməyi əmr etməmişdi. Hətta, Hüseynin özü də Yezidə qarşı yaxşı fikirdə idi. Çünki o özü deyirdi ki, mənə icazə verin Yezidin yanına gedim, əlimi onun əlinin üzərinə qoyum.

Şeyxülislam ibn Teymiyyə deyir: Bütün rəvayətçi alimlərin qeydlərinə əsasən, Yezid ibn Müaviyə, Hüseynin öldürülməsini əmr etməmişdir. Sadəcə olaraq Yezid İbn Ziyada məktub yazıb bildirmişdi ki, Hüseynin İraqa rəhbərlik etməsinə imkan verməsin. Yezid Hüseynin qətlə yetirilməsini eşitdikdə kədərlənmişmi. Bu xəbərə görə, onun evindən ağlaşma səsi eşidilirdi. Yezid Hüseynin ailəsindən olan qadınların heç birini köləliyə almadı. Əksinə, Hüseynin ailəsinə yaxşı davranıb onları yaşadıqları yerə göndərdi.

Bidətçilərin kitablarında "Peyğəmbərin ﷺ ailəsinə mənsub olan qadınların təhqir edilməsi, Şama əsir kimi gətirilməsi, orada təhqir edilməsi haqda" yer alan bəzi rəvayətlərə gəlincə onların hamısı batil sözlər və iftiralardır. Çünki Bənu Umeyyə (Umeyyə oğulları) Bənu Haşimə (Haşim oğullarına) çox hörmət edirdilər. Ona görə də Həccac ibn Yusif Abdullah ibn Cəfərin qızı Fatimə ilə evləndikdə Əbdülməlik ibn Mərvan bununla razılaşmayıb Həccaca onu boşamağı əmr etmişdi. Çünki onlar Haşimilərə olduqca ehtiram bəsləyirdilər və heç vaxt Haşimi qadınları əsir götürməmişdilər. O vaxtlar Haşimi qadınlar sevilən, hörmət edilən insanlar idilər. Buna görə də Yezidin Peyğəmbərin ﷺ ailəsinə mənsub olan qadınların köləliyə alması fikri əsassızdır. ("Minhac əs-Sünnə" 4/557, 558, 559)

Həmçinin Hüseynin başının Yezidə göndərilməsi haqda səslənənlər də doğru deyil və heç bir mötəbər rəvayətə əsaslanmır. Əksinə Hüseynin kəsilmiş başı Kufədə Ubeydullah ibn Ziyadın yanında qalmışdı. Hüseyn dəfn edilmiş, lakin qəbrinin harada olması dəqiq bilinmir. Məşhur olan məlumata görə o, Kərbəlada, qətlə yetirildiyi yerdə dəfn edilmişdir. Allah ondan razı olsun!

Hazırladı: sunna.az saytının rəsmi heyəti