Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Əhli beyt haqda

SUAL:
Salam Aleykum. Rafizilərin əhli beyti ümümən məsum adlandırması və "əhli beyt pak və müqəddəsdi" deməsi nə dərəcədə düzgündü ? Ümid edirəm izah edə bildim. Cavab gözlüyəcəm. Allah razı olsun.
CAVAB:

Vaaleykum salam va rahmatullah

İlk öncə onu qeyd edək ki, Peyğəmbərlərin məsum olması (yəni Allah tərəfindən qəxətalardan qorunması) məhz dini təbliğə aiddir. Yəni Peyğəmbərlər Allahın onlara vəhy etdiklərini insanlara çatdırmaqda məsumdurlar (xətasızdırlar). Əgər onlar dini təbliğdə məsum olmasaydılar, Allahın dinini olduğu kimi insanlara necə çatdıra bilərdilər? Həmçinin peyğəmbərlər vəhyi təbliğ etmədə məsum olmasaydılar, o zaman xətaya yol verər və Allahın vəhyinə (yəni kəlamına - əmr və qadağalarına) kənar şeylər daxil olar və nəticədə Allahın vəhyində məhz elə peyğəmbərlər tərəfindən təhrifə (dəyişikliyə) yol verilərdi. Əgər bir peyğəmbər insanlara vəhyi qüsursuz olaraq çatdırmaqdan aciz olsaydı, o zaman onun peyğəmbərliyinin mənası olmazdı. Buna rəğmən, Peyğəmbərlər bəşər olaraq məsum deyillər. Yəni xəta edə bilərlər və buna dair Qurani-Kərimdə xeyli dəlillər vardır. Məsələn, Adəm peyğəmbərin xətası kimi və s. Peyğəmbərlərdən başqa digər insanlar Allahdan vəhy almadığına görə onların məsum olmaları nəyə xidmət edir ki? Məsumluq məhz vəhyə bağlı bir məfhumdur və məhz vəhyin qorunması üçündür. Peyğəmbərlərdən başqa heç kəs Allahdan vəhy almadığına görə, deməli, peyğəmbərlərdən başqa heç kəs məsum deyildir.