Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Cəməl döyüşü

Əli ibn Əbu Talibə (Allah ondan razı olsun!) beyət edildikdə Talha (Allah ondan razı olsun!) və Zubeyr (Allah ondan razı olsun!) Məkkəyə getmək üçün Əlidən izn istədilər və Əli onlara icazə verdi. Talha və Zubeyr Məkkədə möminlərin anası Aişə (Allah ondan razı olsun!) ilə rastlaşdılar. O da Osmanın (Allah ondan razı olsun!) qətli xəbərini eşitmişdi. Məkkədə toplaşıb Osmanının intiqamını almaq qərarına gəldilər. Yələ ibn Munəyyə Bəsrədən, Abdullah ibn Amir isə Kufədən gəlib onlara qoşuldu. Onlar Osmanın qisasını almaq fikrində idilər.

Beləliklə onlar öz tərəfdarları ilə Məkkədən çıxıb, Osmanın (Allah ondan razı olsun!) qatillərinin ardınca Bəsrəyə getdilər. Onlar Osmanın (Allah ondan razı olsun!) müdafiəsinə zəif yanaşdıqları üçün özlərini təqsirli hesab edirdilər. Bu zaman Əli (Allah ondan razı olsun!) Mədinədə idi. Həmin vaxt Osman ibn Hənif (Allah ondan razı olsun!) Əlinin əmri ilə Bəsrəyə vali təyin edilmişdi. Onlar Bəsrəyə çatanda Osman ibn Hənif (Allah ondan razı olsun!) adam göndərib gəliş səbəblərini soruşdu.

Onlar dedilər: "Biz Osmanın qatillərini istəyirik".
İbn Hənif "Gözləyin Əli gəlsin!" dedi və onlara şəhərə daxil olmağa imkan vermədi.

Sonra, Osmanın (Allah ondan razı olsun!) qətlində iştirak edən Cəbələ adlı bir nəfər yeddi yüz nəfərlik bir dəstə ilə onların üzərinə getdi. Talha və Zubeyr onlara qalib gələrək əksər tərəfdarlarını öldürdülər. Bəsrə əhalisinin çox hissəsi Talha, Zubeyr və Aişənin dəstəsinə qoşuldu. Allah bütün səhabələrdən razı olsun!

Əli (Allah ondan razı olsun!) Bəsrəyə rəhbərlik edən valisi Osman ibn Həniflə Talha, Zubeyr, Aişə və tərəfdarları arasında döyüş baş verdiyini eşitdikdə, Talha və Zubeyrə qarşı on minlik qoşun hazırlayıb Mədinədən Kufəyə yola düşdü.

Bu açıq-aşkar göstərir ki, onlar Əli (Allah ondan razı olsun!) ilə döyüşməyə getməmişdilər. Əli (Allah ondan razı olsun!) özü onların qarşısını kəsmək üçün Bəsrəyə gəlmişdir. Heç də iddia olunduğu kimi, Talha və Zubeyr Əliyə qarşı döyüşmək üçün toplaşmamışdılar. Əgər onlar Əliyə qarşı üsyan etmək istəsəydilər Bəsrəyə deyil, birbaşa Mədinə şəhərinə gedərdilər.

Talha, Zubeyr, Aişə və onlarla birlikdə olan camaat heç vaxt Əlinin (Allah ondan razı olsun!) xəlifəliyindən imtina etdiklərini söyləməmişdilər. Heç ona qarşı mənfi fikirdə olmamış, haqqında nalayiq danışmamış, nə də başqasına beyət etməmişdilər. Onlar heç ona qarşı döyüşməyə də getməmişdilər. Çünki həmin vaxt Əli Bəsrə şəhərində yox idi. O, Mədinədə idi.

Əl-Əhnəf ibn Qeys deyir: Osmanın qətlindən sonra mən Talha və Zubeyrlə qarşılaşdım və dedim: Osman artıq qətlə yetirilib, mənə nə məsləhət görürsünüz? Onlar dedilər: Sənə Əlinin yanında olmağı məsləhət görürük.

Əl-Əhnəf ibn Qeys deyir: Osmanın qətlindən sonra Məkkədə Aişə ilə qarşılaşdım və dedim: Mənə nə məsləhət verirsən? Aişə dedi: Sənə Əlinin yanında olmağı məsləhət görürəm.

Döyüşdən öncə sülh danışıqlarına cəhd:

Əli Miqdad ibn əl-Əsvəd və Qa`qa ibn Amrı Talha və Zubeyrlə danışığa göndərdi. Miqdad ibn əl-Əsvədlə Qa`qa ibn Amr bir tərəfdən, Talha və Zubeyr isə digər tərəfdən döyüşün baş verməməsi haqda yekdil rəyə gəldilər və hər iki tərəf məsələyə öz baxışını açıqladı.

Talha və Zubeyrin baxışına görə, Osmanın qatillərini boş buraxmaq olmazdı. Əli isə düşünürdü ki, hal-hazırda Osmanın qatillərinin izinə düşmək məsləhət deyil, bunu ara sakitləşdikdən və işlər yoluna qoyulduqdan sonra etmək lazımdır. Hamı Osmanın qatillərindən qisas alınmasının tərəfdarı idi. Sadəcə, bu işin icrasının vaxtı haqda səslənən fikirlər fərqli idi.

Hər iki tərəf arasında ittifaq əldə edildikdən sonra, qoşunlar ən xeyirli gecə yaşadıqları halda, Səb`ilər (Osmanın qatilləri) ən pis gecələrini keçirirdilər. Çünki hər iki tərəf qatillərdən qisas alınmasının zəruriliyi haqda ortaq rəyə gəlmişdilər. Bu fikir Təbəri, İbn Kəsir, İbn əl-Əsir, İbn Həzm və həmin hadisəni qələmə alan başqa tarixçi alimlərin qeydlərinə əsasən deyilir. ("Məcmu əl-Fətava" 3/517, "Əl-Bidayə vən Nihayə" 7/2509, "Əl-Kamil fit-Tarix" 3/120, "Əl-Fasl fil miləl vəl əhva vən nihəl" 4/293)

Bundan sonra Səb`ilər (Osmanın qatilləri) bu ittifaqın baş tutmaması üçün bir araya gəldilər. Gecə yarı idi və hamı yatırdı. Səb`ilərdən bir dəstə adam Talha və Zubeyrin ordusuna hücum edərək bir neçə nəfəri öldürüb qaçdılar. Talha və Zubeyrin dəstəsi Əlinin onlara xəyanət etdiyini düşünüb səhər açılanda Əlinin qoşununa hücum etdilər. Əlinin qoşunu da elə düşündü ki, Talha və Zubeyr ona xəyanət ediblər. İki tərəf arasında çəkişmələr davam etdi və günorta üstü döyüş qızışdı.

Döyüşü dayandırmaq cəhdləri:

Hər iki qoşunun ağsaqqalları döyüşün qarşısını almağa çalışdılar, lakin buna müvəffəq olmadılar. Talha deyirdi: "Ay camaat, siz səsinizi kəsəcəksiniz ya yox!" Lakin onun dediyinə məhəl qoyan yox idi. Bunu görən Talha dedi: "Təəssüflər olsun! Ay oda nəsib olan qurd-quşlar, müvəqqəti tamah dalınca düşmüsünüz". ("Tarix Xəlifə ibn Xəyyat" 182)

Əli onlara döyüşməməyi əmr edir, lakin onun sözünə əhəmiyyət verən yox idi. Aişə (Allah ondan razı olsun!) döyüşün dayandırılması üçün Kəb ibn Sur adlı bir nəfəri əlində Quranla göndərir. Lakin səb`ilər onu oxla vurub öldürürlər.

Allah qorusun! Döyüş qızışanda heç kəs onu sovuşdura bilmir. Buxari İmriul Qeys adlı şairin şeirindən bu beytləri qeyd etmişdir:

Döyüş ilk baxışdan gənc görünər,
gözəlliyiylə cahilləri aşiq edər.
Qızışanda, od tutub yananda
ərsiz qarı kimi öndən qaçar.
Çallaşmış, gözdən düşmüş, köhnəlmiş
qoxulamağa, öpməyə ikrah oyatmış.

Cəməl döyüşü hicrətin otuz altıncı ilində, yəni Əlinin (Allah ondan razı olsun!) xilafətinin ilk çağlarında baş vermişdir. Döyüş günortadan sonra başlamış və həmin gün günəş batana qədər davam etmişdi.

Əlinin (Allah ondan razı olsun!) qoşununda on min nəfər toplaşmışdı. Talha və Zubeyr tərəfdə isə beş-altı min adam var idi. Əlinin bayrağı Məhəmməd ibn Əli ibn Əbu Talibdə, qarşı tərəfin bayrağı isə Abdullah ibn Zubeyrdə idi.

Bu gündə çox müsəlman qətlə yetirildi. Bu böyük bir fitnə idi. Allahdan səhabələr üçün rəhmət və razılıq diləyirik.

Talha və Zubeyrin qətli:

Həmin gün Talha, Zubeyr və Məhəmməd ibn Talha vəfat etdi. Zubeyr və Talha bu döyüşdə iştirak etməmişlər. Rəvayətə görə, Zubeyr (Allah ondan razı olsun!) döyüş meydanına gəldikdə, Əli ibn Əbu Taliblə qarşılaşır. Əli (Allah ondan razı olsun!) ona deyir: "Xatırlayırsan, Peyğəmbər ﷺ demişdi ki, sən haqsız yerə mənə qarşı döyüşəcəksən". Bunu eşidən Zubeyr meydandan çıxır və döyüşdə iştirak etmir.

Bəli, onun döyüşdə iştirak etməməsi doğrudur. Lakin onunla Əli arasında belə bir söhbət olubmu? Daha doğrusunu Allah bilir. Bu rəvayətin tarix kitablarında mövcud olmasına baxmayaraq, mötərbər isnadı yoxdur. Zubeyrin bu döyüşdə iştirak etməməsi daha məşhur rəvayətdir. Zubeyr, İbn Cərmuz adlı bir nəfərin əli ilə xəyanətkarcasına qətlə yetirilmişdir.

Talha isə, camaatı döyüşü dayandırmağa səslədiyi zaman, səhvən tuş gəldiyi oxla qətlə yetirilmişdir. Məşhur rəvayətlərə görə oxu atan Mərvan ibn əl-Həkəm olmuşdur. Ox onun ayağında olan köhnə yarasına girmiş və bu səbəbdən də vəfat etmişdir. Allah ondan razı olsun!

Döyüş başa çatdıqda çoxlu insan həlak olmuşdu. Xüsusilə döyüşün qızğın çağları Aişənin (Allah ondan razı olsun!) dəvəsinin qorunması ətrafında gedirdi. Bu dəvə onlarda simvolik xarakter daşıdığı üçün qoşun bütün qüvvəsi ilə onu müdafiə edirdi. Ona görə də dəvənin yerə çökməsi ilə döyüş səngidi və dayandı. Beləliklə, Əli ibn Əbu Talib (Allah ondan razı olsun!) qələbə çaldı.

Əslində bu döyüşdə heç kəs qələbə çalmayıb. Əksinə həm İslam, həm də müsəlmanlar bu döyüşdən zərər görüblər.

Döyüşdən sonra:

Döyüş başa çatdıqdan sonra Əli (Allah ondan razı olsun!) ölən insanların cəsədləri arasında dolaşdı. Talha ibn Ubeydullahın cəsədini gördükdə onu qaldırıb, üzündən torpağı təmizlədi və dedi: "Ey Əbu Məhəmməd, səni səma ulduzları altında atılmış görmək mənə çox ağırdır". Bu sözlərdən sonra Əli (Allah ondan razı olsun!) ağladı və dedi: "Bunu görməkdənsə iyirmi il əvvəl ölmək mənə daha əzizdir". ("Tarix Dəməşq İbn Əsakir əl-Müxtəsər", 11/207. "Usudul Ğabə" 3/88. Busiri demişdir: Sənədin rəvayətçiləri etibarlıdır. Onun bu rəvayətini Hafiz ibn Həcər "Mətalibul Aliyə" adlı əsərində (4/302) bu rəvayətin sözlərini azacıq fərqli şəkildə qeyd etmişdir.)

Həmçinin, Əli (Allah ondan razı olsun!) Məhəmməd ibn Talhanı da ölmüş vəziyyətdə gördü və ağladı. Məhəmməd ibn Talha çox ibadət etdiyi üçün Səccad ləqəbi qazanmışdı. Allah ondan razı olsun!

İstisna olmadan bu döyüşdə iştirak edən bütün səhabələr onun baş verməsinə peşman oldular.

Zubeyri qətlə yetirən İbn Cərmuz, əlində onun qılıncını tutub Əlinin (Allah ondan razı olsun!) yanına daxil oldu və dedi: "Zubeyri öldürdüm, Zubeyri öldürdüm!" Bunu eşidən Əli (Allah ondan razı olsun!) dedi: "Bu qılınc bir çox məqamlarda Peyğəmbəri ﷺ qəm-qüssədən xilas etmişdir". Sonra Əli: "Səfiyyənin (yəni, Zubeyrin) qatilini cəhənnəmlə müjdələyin!" – deyərək həmin adamın onun yanına yaxınlaşmasına icazə vermədi. ("Tabaqat ibn Səd" 3/105. Sənədi həsəndir (məqbuldur))

Döyüş başa çatdıqdan sonra Əli (Allah ondan razı olsun!) Möminlərin Anası Aişəni (Allah ondan razı olsun!) hörmət-izzətlə Peyğəmbərin ﷺ şəhərinə yola saldı. Bu bir vaxtlar Peyğəmbərin ﷺ Əliyə (Allah ondan razı olsun!) verdiyi göstəriş idi.

Əli (Allah ondan razı olsun!) rəvayət edir ki, Peyğəmbər ﷺ ona belə demişdir: "Səninlə Aişə arasında bir hadisə baş verəcəkdir". Əli (Allah ondan razı olsun!) dedi: "Ey Allahın rəsulu, bədbəxt olan mən olacağammı?" Peyğəmbər ﷺ dedi: "Xeyr. O hadisə baş verəndə onu evinə geri qaytar". Əli (Allah ondan razı olsun!) də Peyğəmbərin ﷺ dediyini yerinə yetirdi. (Əhməd: 6/393. İbn Həcər "Fəthul Bari" əsərində (13/60) hədisin sənədinin həsən olduğunu demişdir.)

Nə üçün Əli (Allah ondan razı olsun!) Osmanın (Allah ondan razı olsun!) qatillərindən qisas almadı?

Əli məsələyə xeyir və zərər prinsipi ilə yanaşırdı. O, fikirləşirdi ki, qisası birdəfəlik tərk etmək yox, gecikdirmək daha məqsədəuyğundur. Bu səbəbdən o, qisası gecikdirdi. Bir vaxtlar "İfk" hadisəsində Peyğəmbərlə ﷺ buna bənzər hal baş vermişdi. O zaman bəziləri Aişəyə (Allah ondan razı olsun) böhtan atmış və onun haqqında dedi-qodular danışmışdılar. Dedi-qodu aparanlar arasında Həssan ibn Sabit, Həmnə bint Cəhş, Mistah ibn Əsasə və ən böyük böhtançı olan Abdullah ibn Ubey ibn Səlul var idi. Həmin ərəfədə Peyğəmbər ﷺ minbərə çıxaraq dedi: "Ailəmə əziyyət verən insana qarşı edəcəyim hərəkətə görə məni kim üzürlü sayar? (O, bu sözləri ilə Abdullah ibn Ubey ibn Səlula işarə edirdi) Səd ibn Muaz ayağa qalxıb dedi: "Ya Rəsuləllah, mən səni üzürlü sayıram. Əgər o bizdən – Ovs qəbiləsindəndirsə, onu öldürərik. Yox, əgər qardaş Xəzrəc qəbiləsindəndirsə, əmr edərsən, onu da öldürərik".

Səd ibn Ubadə qalxıb Səd ibn Muaza, Useyd ibn Hudeyr isə Səd ibn Ubadəyə etiraz etdi. Peyğəmbər ﷺ onları sakitləşdirməyə çalışdı. Bundan sonra o bu işin çətinliyini başa düşdü. Hələ Peyğəmbər ﷺ Mədinəyə hicrət etməmişdən əvvəl Ovs və Xəzrəc qəbilələri Abdullah ibn Ubey ibn Səlulu özlərinə başçı təyin etmək qərarına gəlmişdilər. Ona görə də Abdulla ibn Ubey Mədinəlilər arasında böyük hörmətə malik idi. O, Uhud döyüşündə Mədinə qoşununun üçdə bir hissəsini qoparıb geri döndərməsinə nail olmuşdu. Baxın bu məqamda Peyğəmbər ﷺ Abdullah ibn Ubey ibn Səlulu qamçılatmadı. Buna səbəb nə idi? Səbəb Peyğəmbərin ﷺ camaatın xeyrini düşünməsi idi. Çünki həmin adamın qamçılanması xeyirdən çox ziyana səbəb olardı.

Əli (Allah ondan razı olsun!) də qisası gecikdirməyin daha xeyirli olduğunu düşünürdü. Əslində Əli (Allah ondan razı olsun!) Osmanın (Allah ondan razı olsun!) qatillərini öldürə bilməzdi. Çünki qəbilələri onların müdafiəsində durur, fitnələr davam edir və dövlətdə əminamanlıq tam təmin edilməmişdi. Kim deyə bilərdi ki, onlar Əlini (Allah ondan razı olsun!) öldürməzdilər? Bundan sonra Əlini (Allah ondan razı olsun!) də onlar öldürdülər.

Baxın sonralar xilafət Müaviyənin (Allah ondan razı olsun!) əlinə keçəndə o da Osmanın (Allah ondan razı olsun!) qatillərini öldürmədi. Buna səbəb nə idi? Çünki artıq o da məsələyə Əlinin (Allah ondan razı olsun!) düşüncəsi ilə yanaşırdı. Əli (Allah ondan razı olsun!) xəlifəliyi dövründə məsələyə reallıq baxımından, Müaviyə (Allah ondan razı olsun!) isə nəzəri baxımdan yanaşırdı. Xilafətə gəldikdən sonra o da işin reallığını anladı. Doğrudur, Müaviyə (Allah ondan razı olsun!) adam göndərməklə onların bəzilərini öldürtmüşdü, lakin digərləri isə Əbdülməlik ibn Mərvanın xilafətində Həccacın sərkərdə olduğu vaxta qədər yaşayırdılar. Nəhayət o zaman sağ qalan qatillər də öldürüldü.

Sözün qısası, Əli (Allah ondan razı olsun!) qorxaqlıqdan deyil, ümmətin xeyirini düşündüyü üçün onları öldürə bilmirdi.

Hazırladı: sunna.az saytının rəsmi heyəti