Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Peyğəmbərin  Aişə ilə on səkkiz yaşı olduğu halda evlənməsinin yalan olmasının isbatı

Peyğəmbərin  Aişə ilə on səkkiz yaşı olduğu halda evlənməsinin yalan olmasının isbatı.
Aləmlərin rəbbi olan Allaha həmd olsun. Peyğəmbəri Muhəmmədə, onun ailəsinə, əshabına və onlara gözəl şəkildə tabe olanlara Allahın salavatı və salamı olsun.

Əvvəla səhih hədislərdə varid olub ki, peyğəmbər  Aişə ilə onun altı yaşı olanda nigah vağlayıb, onunla əlaqəyə isə doqquz yaşı olduğu zaman girib. Bu hədislərdən bir neçəsini qeyd edək.

1. Aişə (Allah ondan razı olsun) demişdir: "Peyğəmbər  mənimlə altı yaşımda nigah bağladı. Sonra biz Mədinəyə gəldik və əl-Həris ibn əl-Xazrəc oğullarının evində yerləşdik. Orda mən xəstələndim və saçım tökülməyə başladı. Lakin (sağaldıqdan sonra) saçlarım çoxalmağa başladı. (Bir dəfə) mən rəfiqələrimlə yelləncəkdə yellənərkən anam Ummu Ruman gəlib məni çağırdı. Mən də onun yanına gəldim, məndən nə istədiyini də bilmirəm. Əlimdən tutub evin qapısına kimi gətirdi. Mən tənginəfəs olmuşdum. Sonra nəfəs almağım rahatladı və anam bir az su götürdü, üzümə və başıma çəkdi. Sonra da məni evə daxil etdi. Bu əsnada orda ənsarlardan qadınlar da var idi. Onlar belə dedilər: "Xeyirli, bərəkətli və uğurlu olsun!" Sonra anam məni onlara təhvil verdi, onlar da məni toya hazırladılar. Duha vaxtı peyğəmbər  yanıma gəldi və qadınlar məni ona təhvil verdilər. O vaxt mənim doqquz yaşım var idi." (Səhih Əl-Buxari, 3894. Səhih Muslim, 1422)

Başqa bir hədisdə Aişə (Allah ondan razı olsun) belə demişdir: "Mən peyğəmbərin  yanında oyuncaq qızlarla (gəlinciklərimlə) oynayardım. Mənim qız rəfiqələrim var idi. Onlar da mənimlə oynayardılar. Biz oynayarkən peyğəmbər  içəri girdiyi zaman (pərdənin arxasına keçib) ondan gizlənərdilər. Peyğəmbər  mənimlə oynasınlar deyə onları mənim yanıma göndərərdi." (Səhih Əl-Buxari, 6130. Səhih Muslim, 2440)

Başqa bir hədisdə də belə demişdir: "Peyğəmbər  Təbuk və ya Xeybər döyüşündən gəldi. (Aişənin) rəfinin qarşısında pərdə var idi. Birdən külək əsib pərdənin Aişənin oynadığı oyuncaqlar olan tərəfini açdı. Peyğəmbər  bunu görüb belə dedi: "Ey Aişə, bu nədir?" Aişə dedi: "Gəlinciklərimdir." Peyğəmbər  onların arasında qanadlı bir at gördü və belə dedi: "Onların arasında gördüyüm bu (oyuncaq) nədir?" Aişə dedi: "Atdır." Peyğəmbər də belə dedi: "Onun üstündəki nədir?" Aişə dedi: "Qanadlarıdır." Peyğəmbər dedi: "Atın da qanadları olar?" Aişə dedi: "Sən Süleymanın qanadlı atları olduğunu eşitməmisən?" Aişə (rəvayəti davam edərək) dedi: "Peyğəmbər  elə güldü ki, hətta azı dişlərini gördüm." (Səhih sünən Əbu Davud, 4932)

Əl-Hafiz ibn Həcər belə deyib: əl-Xatabi deyib: "Aişə həddi buluğa çatmadığına görə oyuncaqları ilə oynamağa icazə verdi."
Deyirəm ki, (yəni, ibn Həcər) bu görüşdə dəqiqliyində zəiflik var, amma ehtimal da var. Çünki Aişə Xeybər döyüşü zamanı on dörd yaşında idi, ya on dörd yaşı tamamlamışdı, ya o yaşı keçmişdi, ya da yaxınlaşmışdı. Amma Təbuk döyüşündə qəti olaraq həddi buluğa çatmışdı. Buna görə də Xeybər döyüşü deyənlərin sözü doğru olaraq tərcih olunur." Söz burda bitir.
Xeybər döyüşü də hicrətin yeddinci ilində baş verib.

Başqa bir hədisdə rəvayət olunur ki, peyğəmbər (sallallahualeyhi va səlləm) onunla yeddi yaşı olduğu zaman kəbin kəsib. Doqquz yaşı olduğu zaman isə, toy gecəsi olub. Oyuncaqları da özü ilə idi. On səkkiz yaşı olduqda dünyasını dəyişib, oyuncaqları da özü ilə idi." (Səhih Muslim, 1422)

İmam ən-Nəvəvi demişdir: "Qız oyuncaqlardan murad kiçik qız uşaqlarının oynadığı gəlincik oyuncaqlardır. Burda Aişənin kiçik yaşına diqqət vardır." Söz bitdi.

Bu hədisdə Aişə deyir ki, "yeddi yaşım olduğu zaman". Əksər rəvayətlərdə isə "altı yaşım" deyir. Bu hədislər belə cəm olunur ki, onun yaşı altı yaş və bir neçə ay idi. Buna görə də bəzi hədislərdə tamamlandığı yaşı (yəni altı), bəzi hədislərdə də isə hansı yaşa keçibsə (yəni yeddi), o yaşı qeyd etməklə kifayətlənərdi. Bu faydanı İmam ən-Nəvəvi Səhih Muslimin şərhində qeyd edib.

İbn Kəsir belə demişdir: "Aişənin altı yaşında olarkən onunla evləndi, doqquz yaşında isə onunla yaxınlıq etdi" hədisinə gəlincə, bu insanlar arasında ixtilaf olmayan bir şeydir. Bu səhih kitablarda və digərlərində sabit olub. Peyğəmbərin  Aişə ilə yaxınlıq etməsi Mədinəyə hicrətindən sonra hicrətin ikinci ilində baş verib." Söz bitdi. (Əl-bidəyə va ən-nihəyə, 3/161)

Həmçinin məlumdur ki, icma xatadan məsumdur. Çünki ümmət zəlalət üzərində cəm olmaz. İbn Ömərdən (Allah hər ikisindən razı olsun) rəvayət olunan hədisdə peyğəmbər  demişdir: "Şübhəsiz ki, Allah ümmətimi zəlalət üzərində cəm etməz." (Sahih əl-cəmi, 1848)

Həmçinin bəzi şübhə əhli qeyd edirlər ki, ibn Kəsir əl-Bidəyə va ən-Nihəyə kitabında islamı ilk qəbul edənlər haqqında də belə deyib: "Qadınlardan Əsma bint Əbu Bəkr və Aişə, o da kiçik yaşda idi. Onlar islamı qəbul etmələri üç yaşlarında idi."
Lakin kitaba baxdıqda bu cümlələri tapmaq olmadı. Əksinə ibn Kəsir belə deyib: "İlk olaraq (peyğəmbəri) təsdiq edən azad kişilərdən Əbu Bəkr olub, uşaqlardan Əli ibn Əbu Talib, qadınlardan isə Xədicə bint Xuveylid olub." (əl-Bidəyə va ən-Nihəyə, 3/25)

Bu məsələdə nə Əsmanın, nə də Aişənin adları qeyd olunmayıb.
Həmçinin bəziləri deyirlər ki, guya Əsma Aişədən 10 yaş böyük idi. Lakin bu da belə deyil. Çünki İmam ə-Zəhəbi ("Siyər aləm ən-nubələ, 3/522) deyir ki, Əsma Aişədən on üç on doqquz (13-19) yaş arası fərqlə böyük idi.
Ərəbcədə "bibid'i aşara" (ببضع عشر) kəliməsi işlənir. Bid'un da ərəbcədə üçdən doqquza qədər olan ədədlərə deyilir. Aşara da (عشر) on deməkdir. Belə aydın olu Əsma Aişədən on üç on doqquz (13-19) yaş arası fərqlə böyük idi.

Daha sonra əlavə olaraq demək olar ki, peyğəmbərin Aişə ilə doqquz yaşında evlənməsində heç bir qəbahət yoxdur. Məlumdur ki, hər bir qadının həddi buluğ yaşı irqinə, soyuna və yaşadığı iqlimə əsasən fərqli olur. İsti yerlərdə qız uşağı erkən yaşlarda həddi buluğa çatır. Lakin soyuq qütb yerlərində həddi buluğa çatması iyirmi bir yaşa qədər gecikir.
İmam ət-Tirmizi demişdir: "Aişə belə dedi: "Əgər qız uşağı doqquz yaşına çatıbsa, artıq həddi buluğa çatıb." (Sünən ət-Tirmizi, 2/409)

İmam əş-Şafi demişdir: "Yəməndə doqquz yaşlı qızlar gördüm, çox heyz olurdular." (Siyər aləm ən-nubələ, 10/91)
İmam əl-Beyhəqi əş-Şafidən belə rəvayət edib: "Səna (Yəməndə) şəhərində iyirmi bir yaşlı nənə gördüm. Doqquz yaşında heyz oldu (yəni artıq həddi buluğa çatdı), on yaşında uşaq doğdu, qızı doqquz yaşında heyz oldu, on yaşında isə uşağı oldu." (əs-Sünən əl-Kubra,1/319)

Deməli peyğəmbər  Aişə ilə həddi buluğa çatdığı zaman yaxınlıq edib.
Buna görə də hər hansı bir elmdən danışan hər bir kəsə vacibdir ki, danışdığı söz elmi əsaslarla və insafla olsun. Cahillikdən, təəssübkeşlikdən və havaya uymaqdan uzaq olsun.
Allahdan istəyirəm ki, bizə haqqı haqq kimi göstərsin və ona tabe olmağı nəsib etsin. Eləcə də batili batil kimi göstərsin və ondan uzaqlaşmağı nəsib etsin.