Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)
Əvvələ qayıt
Şiəlikdə təkfir
Əziz şiə həmvətənim, imamət məsələsində səninlə eyni fikirdə olmayan insanların şiəliyə görə, yəni şiə elmi mənbələrinə görə, şiə alimlərinə görə, qeyd şərtsiz təkfir olunması – kafir elan edilməsi barədə xəbərlərlə tanışsanmı? Ola bilsin ki, necə ola bilər, axı mən Xameyni ağanın, Sistani ağa və digərlərinin islam ümmətində qardaşlığa çağırışlarını eşitmişəm, belə şey ola bilməz deyəcəksən, amma bu məqaləni oxusan, onların şiədən başqalarına hansı formada müsəlman dediklərini, niyə şiələrin cənazə namazlarında, 5 dəfə Allahu Əkbər, qeyri şiə müsəlmanların cənazə namazında 4 dəfə deyilməsinin arxasındakı sirri öyrənəcəksən. Qeyd edək ki, dediklərimizin isnadı həm üsuli, həm də əxbari çoxsaylı şiə alimlərinin mötəbər sözləridir. Hər bir isnadı dəqiq göstərmişik ki, bundan sonra artıq ancaq həqiqətləri görmək qalır.
Bunları öyrəndikdən sonra, bu etiqada dərindən daxil olan birisinin İslam ümməti ilə qardaşlığa çağırmasının nə qədər səmimi olması barədə fikirlərini bilmək istərdik:
İmamət məsələsi erkən şiə alimlərinin nəzərində bir mənalı olaraq dinin üsulundan sayılırdı və imaməti qəbul etməyənlər heç bir ixtilaf olmadan kafir hesab olunurdu. Bu barədə şiələrin ən böyük alimi Şeyx əl-Mufid yazır: “İmamilər ittifaq ediblər ki, imamlardan hər hansısa birinin imamlığını inkar edən və onlara Allahın vacib etdiyi itaət fərziyyətini rədd edən kafirdir, sapıqdır, atəşdə əbədi qalmağa layiqdir.” (1)
Şiələrin tanınmış alimlərindən İbn Bəbəveyh əs-Saduq deyir: “Möminlərin əmiri Əlinin və ondan sonrakı imamların imamlığını inkar edən barəsindəki etiqadımız budur ki, o, bütün peyğəmbərlərin peyğəmbərliyini inkar edənlə eyni mərtəbədədir. Möminlərin əmiri (Əli)ni təsdiq edən, lakin ondan sonrakı imamlardan birini inkar edən haqqında etiqadımız isə budur ki, o, bütün peyğəmbərləri təsdiq edib bizim peyğəmbərimiz Muhəmmədin – salləllahu aleyhi va alihi va səlləm – peyğəmbərliyini inkar edənlə eyni mərtəbədədir.” (2) Şeyxut-Taifə ləqəbi ilə tanınmış Əbu Cəfər ət-Tusi (385-460) yazır ki, “imaməti inkar etmək küfrdür, necəki peyğəmbərliyi inkar etmək də küfrdür, çünki bu ikisindən cahil olmaq eyni ölçüdədir.” (3) Cəməluddin ibn əl-Mutahhər əl-Hilli yazır: “İmamət bizə görə ən əzəmətli ərkanlardan biridir və onsuz iman sabit olmur.” (4)
Şiələr bu etiqadlarını dəstəkləmək üçün imamlarına bəzi sözlər nisbət edirlər. Misal üçün əl-Kuleyni isnadı ilə rəvayət edir ki, guya Əbu Cəfər əs-Sadiq deyib: “İslam beş şey üzərinə bina edilib: namaz, zəkat, həcc, oruc və vilayət; heç bir şey vilayətə çağırıldığı kimi çağırılmayıb. İnsanlar isə dördünü götürdülər və bunu tərk etdilər.” (5)
Bir məsələnin üsulud-dindən və ya üsulul-məzhəbdən hesab edilməsi həmin məsələnin küfr və imanla əlaqəli olması deməkdir.
Şiələrdə əş-Şəhid əs-Səni ləqəbi ilə tanınan Zeynuddin əl-Amili (911-965) “Həqaiqul-İmən” kitabında bu problemi müzakirə edir və qeyd edir ki, şiə alimləri, iki şəhadət kəliməsi ilə kifayətlənənlərə müsəlman hökmü veriblər, lakin eyni zamanda küfrün tərifində onu imanın yoxluğu kimi müəyyən ediblər. “Həmçinin daha əvvəl təqdim etdiklərimizdən bildin ki, imami tayfasına görə imamların imamlığını təsdiqləmək imanın üsulundandır, necəki bu, onların məzhəblərində zəruri olaraq bilinən bir şeydir və bunu daha əvvəl onlardan əl-Muhəqqiq (Nəsiruddin) ət-Tusi aşkar sözlərlə nəql etdi. Heç şübhə yoxdur ki, tərkib hissəsi olan əslin yox olması ilə bir şey tamamilə yox olur; beləliklə də iki şəhadəti təsdiq etmiş olsa da sözü gedən təsdiqi həyata keçirməyənin küfrünə hökm etmək lazımdır və bu, həm də on iki imamın imamlığını təsdiqləməyən kəsə müsəlman hökmü verməklə də uyğun gəlmir…”
əş-Şəhid əs Səni’nin burada qeyd etdikləri problemi oxucuya çatdırmaq məqsədini daşıyır. Yəni əgər imamət dinin əsillərindən bir əsildirsə və əsl yox olduqda din özü də yox olmalıdırsa o zaman imaməti qəbul etməyənlərə müsəlman hökmü vermək necə mümkün ola bilər? əş Şəhid əs-Səni bu problemin həllini belə izah edir: “Bunun cavabı budur ki, iki hökm arasında uyğunsuzluq yoxdur, beləki sözü gedən təsdiqi olmayan kəsin həqiqətdə kafir olduğuna hökm edirik və onun müsəlman olduğuna hökm etmək sadəcə zahirdədir, beləliklə də iki hökmün yeri fərqlidir, ona görə də uyğunsuzluq yoxdur." (6)
əl-Amili daha sonra sözünün davamında buyurur ki, imami şiələri sünnət əhlinin zahirən müsəlman olub olmamasında ixtilaf ediblər; bir qrup onların zahirən də kafir olduqlarını desə də, əksəriyyət zahirən müsəlman hökmü veriblər və daha sonra əlavə edir: “Aşkar olan budur ki, bu ixtilaf ləfzidir, çünki onların müsəlman olduqlarını deyənlər bununla, İslam hökmlərinin çoxunun onlar üçün keçərli olmağını qəsd edirlər, bununla heç də onların həqiqətdə müsəlman olduqlarını qəsd etmirlər, çünki eyni zamanda onların cəhənnəmə girəcəklərinə dair icma nəql edirlər...” (7)
Bu icmanı əl-Murtəda “ər-Risələ əl-Bəhira fi Fədl əl-İtratit Tahira” adlı risaləsində belə təsdiq edir: “Onları (yəni imamları) bilmək Allahu təaləni bilməkdə olduğu kimi iman və islamdır və onlardan cahil olmaq, onlarda şəkk etmək Allah haqqında cahil olmaq, Allaha şəkk etməkdə olduğu kimi küfrdür və imandan çıxmaqdır. Bu məqam peyğəmbərimizdən - salləllahu aleyhi va alihi - və ondan sonra möminlərin əmirindən, onun kökündən olan imamlardan - hamısına salam olsun! - başqa bəşəriyyətdən heç kəsə aid deyildir… Bizim zikr etdiklərimizin - onlara salam olsun! - imamlığını bilməyin imandan olmasına, bunda xələlin küfr və imandan dönmək olmasına dəlalət edən dəlil budur ki, imami şiələr bunda icma ediblər, beləki onlar bunda ixtilaf etmirlər…” (8)
Buradan anlaşılır ki, əksər imami şiələri sünnət əhlini zahirən müsəlman hesab etsələr də, onları batinən kafir hesab etməkdə ixtilaf etməyiblər və icma ilə onların cəhənnəmlik olduqlarına hökm edirlər. Hətta bəzi alimləri qeyd edirlər ki, imamların inkarı peyğəmbərlərin inkarından daha ağır, daha pisdir.
İbnul-Mutahhar əl Hilli yazır: “İmamət ümumi lütfdür, nübuvvət isə xüsusi lütfdür, çünki hansısa zaman kəsimi diri bir peyğəmbərdən xali ola bilər, imam isə belə deyildir… Ümumi lütfü inkar etmək xüsusi lütfü inkar etməkdən daha şərlidir.” (9)
Bəzi müasir şiələr iddia edirlər ki, imamət məsələsi müasir üsuli alimlərin çoxuna görə dinin əsaslarından yox, məzhəbin əsaslarından sayılır. Bununla əldə etməyə çalışdıqları təsəvvür isə budur ki, guya məzhəbin üsulundan olan şeylərə görə təkfir edilmir. Misal üçün müasir şiə alimlərindən Muhəmməd Asif əl-Muhsini yazır: “Sonra bil ki, imami şiələrinə görə imamət məsələsi furudan yox, üsuldan olsa da, lakin üsulul-məzhəbdən sayılır, üsulud-dindən deyildir; onu inkar edən İslam dinindən çıxmaz... ancaq şiə məzhəbindən çıxar, beləliklə də (imaməti) inkar edən müsəlmandır, mömin deyildir...” (10) Beləliklə də bu kimi sitatlardan elə nəticə çıxarmaq olar ki, “imamət” dinin üsulu olmadığı üçün yuxarıda dediklərimiz keçərli olmaz. Lakin bu, həqiqəti haqqı ilə təmsil etmir, doğru olanı tam çılpaqlığı ilə ortaya qoymur.
Doğru olan budur ki, imamətə “üsulud-din” yerinə “üsulul-məzhəb” demək digər firqələrə zahirən müsəlman hökmü vermək üçün ortaya atılmış bir incəlikdir, amma on iki imam şiəsi olmayan hər kəs - imami şiələrinə görə - batində kafir hesab olunur.
Gəlin müasir üsulu məktəbinin ən bariz üzvlərindən biri olan Əbul-Qasim əl-Xoyi’nin sözləri ilə tanış olaq. O, ümumiyyətlə on iki imam şiələrinə müxalif olan firqələrin, xüsusilikdə isə sünnət əhlinin hökmündən danışarkən “xəlifəlik mənasındakı vilayətin dinin zərurətlərindən yox, məzhəbin zərurətlərindən” olduğunu qeyd etdikdən sonra mövzunun axırında yekun rəyi belə ifadə edir: “Doğru olan budur ki, on iki imam şiələrinə müxalif olmuş bütün firqələrin təmizliyinə və zahirən müsəlman olmaqlarına hökm olunar və burada sünnət əhli ilə digərləri arasında fərq qoyulmaz. Bununla belə onların hamısı həqiqətdə kafirdirlər və onlar bizim, dünya müsəlmanı, axirət kafiri adlandırdıqlarımızdandırlar.” (11)
Gördüyümüz kimi əl-Xoyi imaməti üsulud-dindən deyil, üsulul-məzhəbdən saymasına baxmayaraq yenə də müxaliflərin həqiqətdə kafir olduqlarını deyir. Dinin üsulu ilə məzhəbin üsulu arasındakı fərqi şiə alimi Şihəbuddin əl-Məraşi ən-Nəcəfi belə izah edir: “İslam dininin əsasları iki qisimdir; Ondan bir qismi o əsaslardır ki, fiqhi məsələlərdə (kiməsə) müsəlman hökmü vermək ondan asılıdır və bura tövhid şəhadəti və risalət şəhadəti aiddir. Digər qismə gəldikdə isə, bundan yalnız axirətdə qurtuluş, Allahın əzabından xilas olmaq, Onun razılığını qazanmaq və cənnətə daxil olmaq asılıdır; beləliklə də bu qismi etiraf etməyənlərə Cənnətə daxil olmaq haramdır və kafirlər zümrəsinin içərisində atəşə atılacaqlar...Bu ikinci qismə imamət etiqadı, imamı etiraf etmək aiddir.” (12)
Bu məsələ şiə alimləri arasında o qədər məşhur və sabit bir məsələdir ki, hansı məktəbə aid olmasından asılı olmayaraq imami şiələrin alimləri bunu kitablarında təsdiq edirlər. Yuxarıda şiələrin fəqihlərindən, üsulilərindən misal verdik. Şiə tayfasına aid olan filosoflar da bu nöqtədə fərqlənmirlər. Misal üçün Muinuddin əş-Şirazi (vəfatı h. 1081) yazır: “Əgər soruşsan ki, buna binaən xilaf əhlinin kafir olması gərəkdir, halbuki alimlərimizin əksərinə görə onlar, müsəlmanlar zümrəsindəndir. Cavabımız budur ki, onların digər kafirlər kimi cəhənnəmdə əbədi qalmaqları mənasında kafir olmaqlarında alimlərimiz ixtilaf etmirlər. Başqa necə ola bilər?! Qurtulmuş haqq firqəsinin ittifaqına əsasən imamət dinin üsulundandır və dinin əsaslarından bir əsası inkar edən kafir olur. İxtilaf sadəcə olaraq onlara kafir hökmünün bu dünyada tətbiq olunması ilə bağlıdır; əshabımızdan əl-Murtəda kimi bəziləri bu rəydədir, əksəriyyət isə digər rəydədir.” (13) əl-Məclisi də təsdiq edir ki, “möminlərin əmirinin və onun nəslindən olan digər imamların - aleyhimussələm - imamlığına etiqad etməyənlər və başqalarını onlardan üstün tutanlar barəsində küfr və şirk sözlərinin işlədilməsi onların əbədi cəhənnəmlik olmaqlarına dəlalət edir.” (14)
Şiə alimləri səhabələri təkfir edərkən, onlara əbədi cəhənnəmlik hökmü verərkən də ən əsas səbəb olaraq Əlinin imamlığını inkar etməklərini göstərirlər. Şeyx əl-Mufid ilk üç xəlifənin “zalım asilər” olduğunu dedikdən sonra heç bir tərəddüd etmədən onların “zülmlərinə görə cəhənnəmdə əbədi qalacaqlar”ını yazır. Həmçinin “möminlərin əmirinə qarşı vuruşmuş Basra və Şam əhlinin hamısı kafirdir, sapıqdır, məlundur və onlar buna görə atəşdə əbədi qalacaqlar.” (15) Bu, Əliyə qarşı çıxmağı Allaha və elçisinə qarşı çıxmaqla eyniləşdirməkdir. Burada əl-Qadi Abdulcabbar’ın sözlərini bir daha xatırlamalıyıq ki, imami şiələri ilə digər firqələr arasındakı ayırışma nöqtəsi məhz imamət məsələləridir. Digər məsələlər ixtilafların periferiyasına düşür və ciddi bir əhəmiyyət kəsb etmir, əksinə bu məsələdə tutulan mövqe digər məsələlərə baxış açısına da təsir edir. Çünki digər firqələr ittifaq edirlər ki, etiqad baxımından bir müsəlmanın qurtuluşu üçün tələb olunan iki etiqad vardır; tövhid və nübuvvət. İmami şiələri bu cəhətdən digər firqələrdən seçilirlər.
Nəsiruddin ət Tusi yazır: “İmamilər digərlərindən onunla fərqlənirlər ki, onlara görə cənnətə daxil olmaq və qurtuluş yalnız Muhəmmədin ailəsinin - aleyhimussələm - vəlayətini qəbul etməkdən və onların imam olduqlarına etiqad etdikdən sonra mümkündür. Digər islami firqələrə gəldikdə isə onlar ittifaq ediblər ki, qurtuluşun əsli iki şəhadət kəliməsini iqrar etməkdir.” (16) Ona görə də əl-Mufid kimi bir şiə aliminin bu sözləri qəribə səslənməməlidir: “Vilayət məsələsində haqqa müxalif olanı(n ölüsünü) yumaq və ona cənazə qılmaq iman əhlindən heç kimsə üçün icazəli deyildir. Yalnız zərurət tələb etdikdə bunu təqiyyə baxımından etməsi istisnadır; o zaman xilaf əhlinin yuduğu kimi yumalıdır… ona cənazə qılmalı olsa namazında onu lənətləməli və onun üçün dua etməməlidir.” (17) əl-Muhəqqiq əl-Bəhrani yazır ki, Şeyx ət-Taifə ət Tusi’nin “ət-Təhzib” kitabında yazdıqlarının zahirindən anlaşılan budur ki, şeyxi əl-Mufid ilə bu məsələdə razılaşır. əl-Bəhrani əlavə edir ki, bu həmçinin Əbus-Saləh əl-Hələbi, Səllər əd-Deyləmi, İbn İdris əl-Hilli’nin məzhəbidir və özü də bu məzhəbi “aşkar olan haqq” hesab edir.(18)
Buyur bax əziz izləyici, şiəliyin bütün məktəbləri öyrədir ki, kelməyi şəhadəti desə belə, namaz qılsa belə, oruc tutsa belə bir məsələdə onlarla razılaşmayan görə əhl sünnəyə, özlərindən qeyri hər kəsə kafir desinlər, üzdə onunla müsəlman müamiləsi etməli olsalar belə, qəlblərində onları cəhənnəm əhli görsünlər. Bəs nə oldu pafoslu ümmət, qardaşlıq çağırışları...
Əbus-Saləh əl-Hələbi’nin öyrətdikləri xüsusilə maraqlıdır, beləki yazır: “(Ölü) əgər cəbr və ya təşbih və ya etizal və ya xaricilik və ya imaməti inkar etmək baxımından haqqa müxalif biridirsə dördüncü rükətdən sonra onu lənətləyər və cənazədən çıxar. Halı belə olan birinə təqiyyə halı istisna olmaqla heç cür cənazə namazı qılmaq olmaz.” (19)
Muhəmməd Baqir əl-Bəhbəhəni isə imamət məsələsinin dinin üsulundan olduğunu əsas gətirərək müxaliflərə sədəqə vermək, su vermək kimi bəsit insani əməllərin qadağan olduğunu yazır, bu barədə imamlardan xəbərlərin gəldiyinə diqqət çəkir.(20)
Cənazə məsələsi imami məzhəbində çox maraqlıdır, çünki imami şiələri mömin hesab etdikləri şəxslər üzərində cənazə namazı qıldıqlarında bunu beş rükət edirlər. Bir rəvayətdə gəlir ki, Əbu Bəsir deyir: “Mən Əbu Abdullahdan - aleyhissələm - soruşdum: “Niyə biz cənazə namazında beş dəfə təkbir deyirik, halbuki müxaliflərimiz dörd təkbirlə kifayətlənirlər?” O cavab verdi: “Çünki İslamın əsaslandığı sütunlar beşdir: namaz, zəkat, oruc, həcc və biz Əhli-Beytə olan vəlayət. Allah hər bir sütun üçün ölünün üzərində bir təkbiri təyin etdi. Siz bu beş sütunun hamısını qəbul etmisiniz, amma müxalifləriniz dördünü qəbul edib birini inkar etmişlər. Ona görə də onlar ölülərinə dörd təkbirlə, siz isə beş təkbirlə namaz qılırsınız.” (21) Bir başqa rəvayətdə İmam Rza’dan soruşuldu: "Ölünün üzərində beş təkbirin səbəbi nədir?" O cavab verdi: "Rəvayət edirlər ki, bu, beş günlük namazdan götürülmüşdür." Sonra əlavə etdi: "Bu, hədisin zahiri mənasıdır, amma başqa bir izah var. Allah qullarına beş vacib əməl təyin etmişdir: namaz, zəkat, oruc, həcc və vilayət. Ölünün üzərində hər bir vacib əməl üçün bir təkbir təyin edildi. Vilayəti qəbul edənlər beş təkbir deyir, qəbul etməyənlər isə dörd təkbir deyir. Buna görə də siz beş təkbir deyirsiniz, sizə müxalif olanlar isə dörd təkbir deyirlər." (22) Bu rəvayətlər şiələr ilə sünnət əhlinin arasında cənazə namazındakı fərqləri göstərir. İmami şiələri onlara müxalif olan müsəlmanlar üzərində neçə rükət cənazə namazı qılmaq barədə ixtilaf ediblər, ixtilafın səbəbi isə İmam ər-Rida’ya nisbət edilmiş bir xəbərdir ki, orada - iddiaya görə - İmam ər-Rida deyib: “Möminə gəldikdə onun üçün beş təkbir, münafiqə gəldikdə isə dörd təkbir gətirilər, orada salam verilməz.” (23) Əbul-Qasim əl-Xoyi qeyd edir ki, əl-Muhəqqiq əl Hilli müxalifin cənazəsinin dörd təkbir olaraq qılınmasının vacib olduğunu deyib. əl-Xoyi özü digər rəyi üstün saysa da əl-Hilli’nin rəyi haqqında buyurur: “Ola bilsin ki, ondan sonrakı alimlər arasında məşhur olan bu rəydir.” Heç kim elə düşünməsin ki, əl-Xoyi və digər şiələr müxaliflərin də cənazə namazını qılmağa icazə verməklə onların qurtulacaqlarına ümid edirlər. əl-Xoyi müxalif üçün qılınan cənazə namazının rükətləri barədə danışdıqdan sonra deyir: “Dua etməyə gəldikdə isə ikisi arasında fərq vardır; beləki müxalifin ölüsünə bəd-dua edilməli, mömin üçün isə xeyir-dua edilməlidir. Çünki müxalif - daha əvvəl hökmünü zikr etdiyimiz mustazaflar müstəsnadır - ya inadkardır, ya da müqəssir cahildir. Hər iki halda Allahın düşmənidir.” (24) Belə görünür ki, bu məsələdə şiə alimləri arasında ittifaq var. Əbul-Məcd əl Hələbi yazır ki, “dördüncü təkbirdən sonra ölüyə haqq əhlidirsə rəhmət diləyər, batil əhlidirsə bəddua edər.” (25)
Yəhya bin Said əl-Hilli yazır ki, “əgər batil əhlidirsə dördüncü təkbirdən sonra ona bəddua edər, onu lənətləyər və namazdan ayrılar.” (26)
Hətta şiə kitablarında verilən təfsilatlı məlumatlara əsasən əhlüs-sünnətdən olanların cənazə namazında hansı duaların edilməsi öyrədilir. əl-Feyd əl-Kəşəni yazır: “Müxalifə gəldikdə isə onun üçün qılınan cənazə namazı dörd təkbirdən ibarətdir… Səhih rəvayətlərdə deyilir ki, bir mömin üçün beş təkbir deyilir, münafiq üçün isə dörd təkbir edilir. Həsən xəbərə əsasən ona bəd-dua edilər; Əgər ölmüş kəs həqiqəti inkar edən biridirsə (duanda) belə de: "Allahım, onun içini atəşlə doldur."” (27) Əli bin Bəbəveyh əl-Qummi yazır: “Ölü əgər müxalifdirsə, dördüncü təkbirində belə de: “Allahım, bu bəndəni və bəndə oğlunu rüsvat et! Allahı, onu atəşə at! Allahım, verəcəyin cəzanın ən ağrılısını, üqubətinin ən şiddətlisini ona daddır! Onu atəşə sal və içini atəşlə doldur! Qəbrini onun üçün dar et, çünki o, Sənin dostlarına düşmənlik etdi və düşmənlərinə dost oldu. Allahım onun əzabını yüngülləşdirmə, əzabını onun üstünə yağdır!” Cənazəsini qaldırdıqda isə desin: “Allahım, onu qaldırma və təmizləmə!” (28) Məsələ o həddə çətib ki, Muhəmməd Həsən ən-Nəcəfi yazır: “Əksinə, ola bilsin ki, onların açıq şəkildə, insanların gözü qarşısında təhqir edilməsi, təqiyyə ilə qadağan edilmədiyi müddətcə, ən üstün ibadətlərdən biridir. Bundan da üstün isə, onların qeybətini etməkdir. Bu, bütün dövrlərdə və bölgələrdə şiələrin alimləri və sadə insanları arasında qəbul edilmiş bir təcrübə olmuşdur və elə bir həddə çatmışdır ki, bu mövzuda kitablar doldurulmuşdur. Həqiqətən, onların qeybəti şiələr arasında ən üstün ibadətlərdən və Allaha yaxınlaşmağın ən kamil yollarından biri hesab edilir.” (29) Davamında buyurur: “Rəvayətlərin təvatürü və ayələrin çoxluğu onların düşmən bilinməsini və onlardan uzaq durmağı vacib etdiyi halda mömin (yəni şiə) ilə müxalif arasında qardaşlığın ola biləcəyini necə təsəvvür etmək olar!? O zaman, (rəvayətlərdə keçən) "insanlar" və "müsəlman" ifadələri ilə "mömin" mənası başa düşülməlidir, necə ki, dörd rəvayətdə bu şəkildə ifadə olunmuşdur. (əl Muqaddəs əl-Ərdəbilinin qeybəti ümumən qadağan etməsi) fikri onları öldürməyi, kafirlərə qarşı edilənlərin onlara qarşı edilməsini icazəli görən - ki, bu mövqeyin nəticəsində onlar tərəfindən Bağdadda və ətrafında öldürülənlər öldürüldü - Xacə Nəsiruddin ət-Tusi, Alləmə əl Hillinin və digər alimlərin fikirlərindən nə qədər də uzaqdır!” (30)
Əziz şiə həmvətənim, gördüyün kimi, üzdə qardaşlığa səsləyən şiəlik, əslində özlərindən başqasının cənazəsində belə ikiüzlülüyü öyrədir, qeyri şiə müsəlmanın ölüsünə belə lənət oxumağı əmr edir. İndi son söz sənindir, bu zehniyyat islam ümmətini birləşdirə bilərmi?
Allah xalqımıza haqqı haqq kimi, batili isə batil kimi göstərsin. Amin
(1) əl-Mufid, “Əvailul-Məqalət”, səh: 44;
(2) əs-Saduq, “əl-İtiqadət”, səh: 331-332;Muəssəsətul-İməm əl-Hədi
(3) ət-Tusi, “Təlxisuş-Şəfi”, 4/131;
(4) əl-Hilli, “əl-Əlfeyn fi İməməti Əmir əl-Muminin Əli bin Əbi Talib”, səh: 46;
(5) əl-Kuleyni, “əl-Kəfi”, 2/18; əl-Məclisi “Mirətul-Uqul” kitabında (7/101) isnadına “muvassəq kəs-sahih” hökmü verir.
(6) əş-Şəhid əs-Səni, “Həqaiqul-İmən”, səh: 131-132;
(7) Eyni mənbə, səh: 133;
(8) əl-Murtəda, “ər-Rasəil val-Məsəil”, 3/219-220; Muəssəsətut-Tabi van-Nəşr, Məşhəd, 1442
(9) əl-Hilli, “əl-Əlfeyn fi İməməti Əmir əl-Muminin”, səh: 23; Darut-Təarif, Beyrut, 2010
(10) Muhsini, “Siratul-Haqq fi əl-Məarif əl-İsləmiyyə val-Usulil-İtiqadiyyə”, 3/174; Zəvil Qurba, 1428
(11) əl-Xoyi, “ət-Tənqih fi Şərh əl-Urvatil-Vusqa”, 3/80; Muəssəsətu əl-Xoyi əl-İsləmiyyə, 1430;
(12) ət-Tustəri, “İhqaq əl-Haqq va İzhəq əl-Batil”, 2/294-295;
(13) əş-Şirazi, “əl-Kəşf əl-Vafi fi Şərh Usul əl-Kəfi”, səh: 242-243; Darul-Hədis, Qum, 1429;
(14) əl-Məclisi, “Bihər əl-Ənvar”, 23/90;
(15) əl-Mufid, “Əvailul-Məqalət”, səh: 42
(16) Nimətullah əl-Cəzairi, “Nurul-Bərahin”, 1/64;
(17) əl-Mufid, “əl-Muqnia”, səh: 85;
(18) əl-Bəhrani, “əl-Hədəiq ən-Nədira”, 10/360;
(19) əl-Hələbi, “əl-Kafi fil-Fiqh”, səh: 157;
(20) əl-Bəhbəhəni, “Misbəhuz-Zaləm”, 10/473;
(21) əl-Amili, “Vasəil əş-Şiə”, 3/77;
(22) əl-Amili, “Vasəil əş-Şiə”, 3/76; əs-Saduq, “Uyun Əxbər ər-Rida”, 2/82
(23) ət-Tusi, “Təhzib əl-Əhkəm”, 3/193;
(24) əl-Xoyi, “ət-Tənqih fi Şərh əl-Urvatil-Vusqa”, 9/243-245;
(25) əl-Hələbi, “İşəratus-Səbq”, 1/104;
(26) əl-Hilli, “əl-Cəmi liş-Şərai”, səh: 121;
(27) əl-Kəşəni, “Məfətih əş-Şərai”, 2/168;
(28) İbn Bəbəveyh, “Fiqh ər-Rida”, səh: 178;
(29) ən-Nəcəfi, “Cəvahirul-Kələm”, 22/62;
(30) Eyni mənbə, 22/62-63;
SON ƏLAVƏLƏR