Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Azərbaycan yaslarında yol verilən yüz bidət və xurafat

Mərhəmətli və Rəhimli Allahın adı ilə

Azərbaycan yaslarında yol verilən yüz bidət və xurafat

Möhtərəm oxucu! Bu məqalədə Azərbaycan yaslarında baş verən bir çox dinə sonradan artırılmış, xurafat, mövhumat, dində əsli-kökü olmayan əməllə tanış olacaqsınız. Məqalədə say hesabı ilə verilən xurafatların sayı şərti saydır, sıralama məqsədi ilə verilmişdir. Burada yazılan bidət və xurafatlar heç də Azərbaycanda baş verən bütün yas bidət və xurafatları demək deyil. Buradakı qeydlər sadəcə araşdırmaçının topladığı miqdardır. Əslində isə Azərbaycan yaslarında yol verilən bidət və xurafatlar bu məqalədəki qeyd olunanlardan daha çoxdur. Qeyd edək ki, məqalədə qeyd olunan bidət və xurafatlar sorğu əsasında bir çox müsəlmanların dilindən toplanmışdır. Odur ki, bu məqaləni praktiki araşdırma da hesab etmək olar və mümkündür ki, bu yazıdakı bir çox bidət və xurafatlar sizlərə tanış gəlsin. Çünki tamamilə Azərbaycan cəmiyyətində baş verən söz və hərəkətlərdən ibarət bidət və xurafatları ehtiva edir. İndi isə gəlin həmin məsələləri qeyd edək:

Birinci: Evdə baş verən bidət və xurafatlar:

1 - Evdə güzgünün(1), televizorun üstünü bağlamaq.

2 - Ölünün şəklini çərçivəyə salıb evə qoymaq.

3 - Meyiti evdən çıxarandan sonra otaqda meyit qoyulan yerə xırda daş qoymaq, özü də gərək bunu ölən adamla qan bağlılığı olmayan adam qoysun, dəfndən sonra həmin adam daşı götürüb bayıra atır. Bunun mənası odur ki, daha bu ailədə belə ölüm halları tez-tez olmasın. Bəziləri isə evdən meyit götürüləndən sonra döşəməyə (yerə) mismar vururlar. Bu cür edənlər də olur.

4 - Ölünün qırxına kimi üçündən, yeddisindən əlavə cümə axşamlarına yas olan evə toplaşmaq. Xurafata görə hər adna (cümə axşamı) ölülərin ruhları ocaqlarına (evlərinə) baş çəkməyə gəlirlər. Ona görə həmin gündə ət yeməyi bişirmək və ocaqdan köçənlərin adlarını çəkərək, dua oxuya-oxuya yeməyə duz tökmək ənənəsi var. Bu xurafat təkcə adnalarda deyil, eləcə də il dönümlərində edilir(2).

5 - Şamaxıda meyitin dəfnindən evə qayıdanda ilk olaraq evə girməmək, birinci ayaqyoluna getmək, sonra evə girmək kimi bir adət var. Bəzi bölgələrdə də belə bir adət ola bilər.

İkinci: Cənazə namazında baş verənlər:

6 - Cənazə namazı qılındıqdan sonra birlikdə (xorla) dua edilməsi; Peyğəmbərin ( صلى الله عليه وسلم) sünnəsində belə bir əməl yoxdur. Bu məqamda dua yoxdur. Zatən cənazə namazının içində ölü üçün edilən xüsusi dua vardır.


Üçüncü: Cənazənin yuyulması zamanı edilənlər:

7 - Meyiti məscidə aparıb yuduzdurub kəfənləyəndən sonra (cənazə namazı qılındıqdan sonra) vidalaşmaq məqsədilə onu mütləq yenidən evə gətirməyi vacib hesab etmək; Bunu edənlər əsasən iki bəhanə gətirirlər: ölünü görməyənlərin onu görməsinə fürsət vermək və qadınların ağlayıb şivən salmasına şərait yaratmaq. Həqiqətdə isə ölü kəfənləndikdən sonra onun üzünü görmək mümkün deyil, qadınların ağlayıb şivən salması isə bir növ Allahın qəzavü-qədərinə etirazdır və dinimizdə qadağan edilmişdir. Üstəlik ölünün dəfnini səbəbsiz yerə gecikdirmək ölüyə əziyyətdir. Bu əməl nəticə etibarı ilə İslama ziddir və tərk olunmalıdır.

8 - Ölən şəxsi yumamışdan qabaq üzərinə qayçı və ya güzgü qoymaq da bu məqamda edilən bidət və xurafatlardandır.

9 - Meyiti yumağa aparanda meyitin yerinə daş qoymaq.

10 - Meyiti yuduzdurub evə gətirəndə qadınların başına yığılıb ağlaşıb ah-nalə deməsi, fəryad qoparıb ağlaşma qurması; Bu əməl birbaşa peyğəmbərin (صلى الله عليه وسلم) dilindən qadağan edilmişdir. Bir hədisdə peyğəmbər (صلى الله عليه وسلم) belə buyurmuşdur: “İki pis xislət vardır ki, ümmətim onları heç vaxt tərk etməyəcəkdir: ölüyə vay-şivən salıb ağlamaq və əsil-nəcabətə tənə vurmaq” (3).

11 - Meyitin yuyulduğu yerdə bir gecə işıq yandırmaq(4).

12 - Həyətdə meyitin yuyulduğu yerin yanında üç gecə lampa və şam yandırılması; Batil inanca görə belə etdikdə ölünün qəbrində işıq olur(5).

13 - Ölüyə əlin dəydisə qüsul almaq; Bu mövzuya fiqhi bir məsələ kimi yanaşmaq olardı, əgər söhbət ancaq dəstəmaz almağın müzakirəsi olsaydı. Bu mövzunu xurafata, batil inanca çevirən amillərdən başlıcası ölüyə toxunan adama "qüsul al ki, meyitin ruhu səni tutmasın" və s. buna bənzər sözlərin deyilməsidir.


Dördüncü: Qəbiristanlıqda baş verənlər:

14 - Qəbiristanlıqda qurban kəsmək; bu çirkin əməl xurafat olmaqla yanaşı, insanı ən böyük günah olan şirkə tərəf aparan təhlükəli əməllərdən biridir. Dinimiz qurbanın yalnız Allah üçün kəsilə biləcəyini xəbər verir. Uca Allah Qurani-Kərimdə buyurmuşdur: “De ki mənim namazım da, qurbanım da, həyatım da, ölümüm də aləmlərin rəbbi olan Allah üçündür”. (Ənam. 162).

15 - Cənazə basdırılmadan öncə üzərində Quran oxumaq; Bu zaman əsasən "Yasin" surəsi, həmçinin el arasında "Tükəzban" adı ilə bilinən "ər-Rəhman" surəsinin oxunması(6).

16 - Barmaqla qəbri göstərəndə barmağı dişləmək(7); Bəziləri daha da irəli gedib barmağı dişləyib ayağın altına qoyurlar.

17 - Qəbiristanlıqda qəbiri ziyarət edərkən balaca bir daşla baş daşına üç dəfə vurmaq.

18 - Birinci gecə qəbrin üstündə od yandırmaq, "vəhşət" namazı qılmaq.

19 - Qəbiristanlığın yanından keçərkən maşında qoşulmuş musiqinin səsini almaq; Halbuki bu səs daim alınmalıdır.

20 - Hicabsız qadınların qəbiristanlığa girəndə başlarını bağlaması.

21 - Qəbiristanlığın yanından keçərkən maşının içindəykən ayağa qalxmaq. Bu əməl bəzi şimal bölgələrində müşahidə olunur.

22 - Qəbirləri ancaq cüməaxşamı günləri ziyarət etmək(8); Bu xüsusiləşdirmə doğru deyil. İnsan özünə münasib olan, istədiyi zaman - şəriətə zidd olmayan - qəbir ziyarəti edə bilər.

23 - Öləni ziyarət üçün məzar başında talvar və oturacaq quraşdırmaq.

24 - Batil və şəri bayramlarda qəbirüstünə Quran oxuması üçün molla aparmaq.

25 - Ölüyə bir qarışdan hündür başdaşı qoymaq(9), sadə və şəriətə uyğun qəbirlərdən fərqli olaraq sinədaşı qoymaq.

26 - Qəbir ziyarəti zamanı qəbir üstünə güllər, əklil, çələng qoymaq(10).

27 - Qəbri bəzəkli bir şəkildə əhatəyə almaq, o əhatənin içində gül-çiçək əkmək.

28 - Qəbiristanlıqda ağaclar əkmək(11).

29 - Qəbirə başdaşı əvəzinə heykəl, büst qoymaq.

30 - Qəbir üzərində pir, məscid inşa etmək(12).

31 - Şar balonu içinə "Yasin" surəsi oxuyub sonra aparıb onu qəbirə boşaltmaq.

32 - Qəbiristanlıqları sadə və fəxri xiyabanlıqlara ayırmaq; Tarixdə neçə-neçə böyük şəxsiyyətlər olub ki, onlar sadə qəbirlərdə basdırılıblar. Müsəlman və xristian qəbiristanlığının ayrı olmasında isə bir problem yoxdur.

33 - Meyit yuyulan yerin hasara alınıb orada gül-çiçək əkilməsi.

34 - Halva bişirib sonra onu dürməyə (lavaşa) bükür, sonra onu xırda-xırda edib baş daşının yanına qoyurlar ki, qoy quşlar da yesin, bunun savabını meyit qazansın.

Beşinci: yas mərasimində baş verənlər:

35 - Cənazəni aparmaq istədikdə onu "üç dəfə" qaldırıb yerə qoyduqdan sonra aparmaq.

36 - Ağı deyən şəxs sifariş edilir, "elə olsun ki səsi yaxşı olsun". Hətta “ölənin ruhu şad olaraq getsin!” - deyirlər(13). Qadınlar tərəfdə ağı deyən, yas məclisini idarə edən şəxsə “mərsiyəxanım” deyilir. Mərsiyəxanımların məclislərində çoxlu xurafatlar, bidətlər baş verir, şirkə aparan sözlər səsləndirilir. Bu qeydi bu şəkildə də bizə yazıblar: “Qadınların məclisinə (üç, yeddi, qırx) qadın cinsindən "molla"nın çağrılması və hər kəsin məclisdən çıxdıqda ona pul verməsi”.

37 - Ölü "yiyəsiz deyil" düşüncəsi ilə ona ağlamaq(14).

38 - Mollaya deyirlər ki, “getmək istəyən var bir fatihə ver”. O da fatihə verir ki, camaat durub gedə bilsin(15).

39 - Təzə adamlar gələndə mollanın bəzi əməllər etməsi.

40 - Yasa gələnlər həyətdə oturur, hər həyətə girən üçün molla dua deyir. Hər kəs də duaya qoşulur, yəni əlini qaldırır və sonda "Fatihə" oxuyur.

41 - Dəfndən sonra camaatın evə gəlib ölü sahibinə təkrar baş sağlığı, səbir diləməsi; Ölü sahibi isə bu zaman insanları ehsan yemək üçün hazır olan süfrəyə dəvət edir(16).

42 - Üç gün hər axşam molla çağırıb "Yasin" oxutdurmaq, sonra da mollaya yemək vermək.

43 - Yas yerinə molla gətirmək, molla olmadan yasın keçirilməsini mümkünsüz hesab etmək; Bu batil adət yalnız insanların düzgün İslam inancına döndüyü zaman ortadan qalxa bilər(17).

44 - Mollanın qəribə bir şəkildə tez-tez salavat deməsi, bununla kifayətlənməyib məclisdə əziyyət çəkənlərə də salavat deməsi; Təəssüflər olsun ki, yaslarda belə hallar da müşahidə edilir.

45 - Bəzi bölgələrdə (məsələn, Xudatda) yas mərasimində tonqal qalamaq adəti var(18).


Altıncı: Başsağlığı (təziyə) ilə əlaqədar olanlar:

46 - Bir yas yerinə iki-üç dəfə başsağlığı vermək üçün gedilməsi.

47 - Üç gün hər səhər tezdən (fəcr vaxtı) camaatın qəbiristanlığa gedərək dua və s. edib sonra baş sağlığı üçün evə gəlməsi, bu zaman ölü sahibinin də insanları yemək üçün hazır süfrəyə dəvət etməsi.

48 - Başsağlığına gecikənə pis baxmaq; Çox adam işdən icazə alıb yasa gedir. Çünki, üçünə və ya yeddisinə saat on ikiyə, birə qədər mütləq ora çatmalıdır. Bu vaxtdan bir qədər gec gəlib başsağlığı verəndə adama pis baxırlar.


Yeddinci: Sözlərlə bağlı məsələlər:

49 - Ölən adamın hansısa felini (davranışını) danışanda deyirlər "indi eləməsin, rəhmətlik belə-belə edərdi" (19).

50 - Ölən adamı yad edərkən "rəhmətlik" və ya "mərhum" kəlimələrindən istifadə edilməsi;(20) Halbuki, Allah qatında insanın həqiqətən də rəhmətə nail olub olmamasını yalnız Allah bilir. Bunu bir hökm kimi deyib istifadə etmək doğru deyil.

51 - Yaslarda deyilən “Axır qəminiz olsun” sözünü müsəlmanlardan biri mənə xurafat olaraq yazdı. Bu sözü deməyin hökmü haqqında alimlərdən birindən soruşub bu araşdırmada qeyd etməyi daha doğru hesab etdim. Alimin cavabı belə oldu:
“Birincisi: bu sözü (elmi cəhətdən) xurafatlar içində qeyd etmək doğru deyil. Çünki xurafat bir şeydir, bidət başqa bir şeydir. İkincisi: Başsağlı verərkən sünnədə gələn dualara üstünlük vermək daha üstündür. Üçüncüsü: müzakirə mövzusu kimi "Axır qəminiz olsun" demək doğrudurmu? deyilərsə, - daha düzünü Allah bilir - belə demək icazəlidir. Çünki sən bu sözün haram olduğunu deyə bilməzsən. Çünki Muhəmməd peyğəmbər (صلى الله عليه وسلم) qəmdən, kədərdən Allaha sığınmışdır. "Qəm" sözü “hüzün” sözünün sinonimlərindəndir. Allaha dua etmək olar ki, "Allahım, qəmi məndən uzaq et!" və ya "Allahım, hüznü-kədəri məndən uzaq et!" O zaman Allaha dua etmək olar ki, səni qəmdən-kədərdən salamat etsin! Bu cür demək (yəni, axır qəminiz olsun) sünnəyə müxalifdir, amma qəmin, kədərin birindən uzaqlaşması üçün dua etmək icazəlidir. Necə ki, insan deyə bilər ki, Allahım xəstəliyi məndən uzaq et, eləcə də qəmin-kədərin uzaq olmasını istəyə bilər. Daha düzünü Allah bilir!” Alimin cavabı burda bitir.

İndi isə, gəlin alimin məsləhət gördüyü, sünnədə olan üstün dualardan birini öyrənək; O zaman ki, peyğəmbərin (صلى الله عليه وسلم) qızlarından birinin övladı vəfat edir, o bu sözlərlə qızına başsağlığı verir: “إِنَّ لِلَّهِ مَا أَخَذَ، وَلَهُ مَا أَعْطَى، وَكُلٌّ عِنْدَهُ بِأَجَلٍ مُسَمًّى، فَلْتَصْبِرْ وَلْتَحْتَسِبْ “Götürdüyü Allaha məxsusdur. Bəxş etdiyi də Onundur. Hər kəsin onun qatında yazılmış bir vaxtı var. Elə isə səbirli ol və əcrini Allahdan istə!” (21). Bəzi alimlərin belə bir duanı seçməsi də məlumdur: أَحْسَنَ اللَّهُ عَزَاءَكَ، وَجَبَرَ مُصِيبَتَكَ، وَأَعْظَمَ أَجْرَكَ، وَغَفَرَ لِمَيِّتِكَ “Allah təsəllini yaxşı etsin, bu müsibətə dözməyə güc versin, əcrini artırsın və ölünü bağışlasın”.


Səkkizincisi: Dəfn mərasimində edilənlər:

52 - Bəzi vəzifəliləri və məşhurları əl çalmaq və ya musiqi müşayiətilə (klarnetlə, zurna, nağara və s.) basdırmağa aparırlar.

53 - Ehsan və yemək israfçılığı; İslamda məlum olan ölüsü olan kimsə üçün qonşuların, qohum və yaxınıarın dəstək olmasıdır, ölünün öz dərdi ilə yanaşı əlavə xərclərlə yüklənməsi isə İslamdan deyil.

54 - Dəfndən sonra qəbrin üzərinə düyü səpmək

55 - Mollanın meyitə adını deməsi və "mələklər gələndə belə-belə deyərsən" deyərək təlqin etməsi(22).

56 - Qəbirə torpaq tökəndə beli(23) yerə qoyub yerdən götürmək, əldən ələ verməmək, bunun düşər-düşməzi olduğuna inanmaq(24).

57 - Meyiti basdırandan sonra əllərini qəbrin üzərinə qoyub üç dəfə “Qədr” surəsini oxumaq.

58 - Mollanın meyiti qəbrə qoyduğu zaman ərəbcə imamların adını meyitə xatırlatması.

59 - Ölünün qoltuq altına ağac kəsib qoymaq, xüsusilə söyüd ağacı qoymaq.

60 - Ölü basdırıldığı zaman quran oxunur, axırda onu ölüyə tapşırırlar, guya ərəbcə “tapşırma duası” edirlər, hər dəfə ölünün adını çəkəndə qəbirdə ölünü silkələyirlər.

61 - Dindar olmayan şəxslərin qəbirdəki suallara cavab verməsi üçün mollanın pul alıb qəbrin bir yerinə cavab vərəqi yazıb qoyması(25).

62 - Meyiti basdırdıqdan sonra qəbrin hər küncündə bir molla oturur və növbə ilə müəyyən dualar, zikirlər edib yenə umumi şəkildə dua etməklə tapşırırlar. Hər molla duasını bitirdikdən sonra qəbrin üzərinə su tökür.

63 - Qəbiristanlıqda ölü basdırılan müddətdə molla "Yasin" oxuyur, sonda ümumi şəkildə dua ilə tapşırır.

64 - Subay ölənləri qara zurnayla basdırmaq, qapıdan qara və ya qırmızı parça asmaq.

65 - Tabutu səhvən tərs götürərlərsə, guya "arxasınca kimlərisə aparacaq". Təbii ki, bu batil bir inancdır.

66 - Ölünün gözünə torpaq tökmək və belə demək; “insan oğlunun gözünü ancaq torpaq doyurar”. Yəni onu qəbrə qoyduqda kəfənin baş hissəsindən açıb ölünün gözünü aralayıb içinə torpaq tökməklə bunu edirlər(26).

67 - Ölünün qəbri üzərindən quşlar yesin, ölüyə savab olsun deyə qəbrin üstünə buğda, çörək qırıntıları səpmək.

68 - Zərurət olmadan dəfn vaxtını gecikdirmək.

69 - Cənazəni - şəri səbəb olmadan - dəfn üçün uzaq məsafələrə aparmaq, başqa yerlərə daşımaq.

70 - Halva bişirib sonra onu dürməyə (lavaşa) bükür, sonra onu xırda-xırda edib baş daşının yanına qoyurlar ki, qoy quşlar da yesin savabın alsın.

71 - Qəbrin üzərinə bayraq, qırmızı, yaşıl və s. rənglərdə parçalar atmaq.

72 - Ölünü basdıran zaman başının altına yastıq qoymaq(27), bəzən xalça ilə basdırmaq, bəzən isə vəsiyyət etdiyi xüsusi bir paltarla basdırmaq.

73 - Baş daşı üzərində şeir yazmaq.


Doqquzuncu: Yasla bağlı ümumi bidət və xurafatlar:

74 - Ölü yiyəsi mollaya pul verir ki, ölənin yerinə qılmadığı namazları qılsın.

75 - Gəncə tərəfədə bəzi yerlərdə torpağa dəfn etmirlər. Ölünü sərdabə deyilən, yerin altında zirzəmi kimi bir otağa qoyurlar. İstədikləri vaxt sərdabəni(28) açıb baxa bilirlər və ya oraya yeni meyit qoyulduğu zaman köhnələri görə bilirlər.

76 - Beyləqanda yerləşən “Günəşli” qəsəbəsində bir pir var, - ora əsasən Cəbrayıl camaatı gəlir - ölünü gətirib o pirə dolandırıb sonra dəfn edirlər(29).

77 - Dəfnə qədər 70.000 dəfə "lə iləhə illəllah" zikrinin edilməsi; Molla bu rəqəmi on, on beş nəfər arasında bölür, hərə özünə düşən payı edir. Sonda da bu sayın müəyyən hissəsini xorla edirlər.

78 - Üçüncü gün yemək verilməsi; Söhbət üçüncü günün xüsusiləşdirilməsindən gedir. Şəriətdə üç gün yas anlayışı olsa da biri, ikisi yas etməyib üçüncü günü elan etməyin tənqidindən söhbət gedir. Yasın üçüncü günü yas sahibi ya ət alır, ya da heyvan kəsir, yemək hazırlanıb gələnə-gedənə yedizdirilir.

79 - Yas düşdükdən müəyyən müddətə kimi (qırx gün, əlli iki gün, hətta bir il müddətində) evli kimsələrin halal cinsi münasibətdən tamamilə imtina etməsi.

80 - Qadını kişidən daha dərin basdırmaq; Bu haqda araşdırma etdikdə aydın olur ki, İslamda bu mövzu haqqında heç bir əmr, göstəriş yoxdur. Bu, bəzi təriqətlərin, məzhəblərin basdırılma adəti olaraq qəbul etdiyi metoddur. Deyilənə görə guya qadınların cəsədi daha pis qoxu verir deyə onu daha dərin basdırmaq gərtəkdiyini iddia edirlər. Təbii ki, bu batil bir sözdür. Bəziləri isə qadınların dirildiyi zaman vücudunun (övrət yerinin) görünməməsi üçün belə edilməsinin gərəkdiyini deyiblər. Hər bir halda şəriətdə belə bir əmr yoxdur.

81 - Mərasim zalında meyitin şəklini asmaq.

82 - Şəmkirdə belə bir adət var: Dəfndən sonra "lopa yandırmaq" deyirlər, gün batandan sonra dörd-beş ədəd ağac çubuğuna əski bağlanır və qəbrin dörd bir tərəfində yandırılır. Ola bilsin ki, bu adət atəşpərəstlikdən qalan adətdir.

83 - Bəzi bölgələrdə ölünün paltarlarının yandırılması adəti müşahidə olunur. Halbuki, bu paltarları ehtiyac sahiblərinə paylamaq və ya ölünün qohum və yaxınları tərəfindən istifadəsi mümkündür.

84 - Molla başda getdiyi üçün quran oxuyanda arxaya tərəf baxa bilməz.

85 - Mollaya “qaraçuxa” dedikləri bir varlıq üçün Quran oxutdurmaq; bəzi insanlar bu varlığın “qoruyucu mələk” olduğunu, bəziləri “cin” olduğunu, bəziləri isə “mif, əsatir” olduğunu, həqiqətdə bu vəsfdə bir varlığın olmadığını bildirirlər. “Qaraçuxa haqqında xalq arasında belə bir inanc var ki, guya hər kəsin qoruyucusu olan bir varlıq var. Buna "qaraçuxa" deyirlər. Guya qaraçuxa adama gələn xətəri ondan uzaqlaşdıra bilir. Hər kimin qaraçuxası oyaqdırsa, ona ziyan gəlməz. Amma kimin qaraçuxası yatsa, deməli, tale ondan üz çevirib, onu qoruyan qüvvə yoxdur. Bu, ehtimal ki, kökü İslamdan əvvəllərə gedib-çıxan bir inancın qalığıdır. İslamda belə bir anlayış yoxdur. Qaraçuxaya inam İslama ziddir. Bəzi fırıldaqçı "mollalar" guya "qaraçuxanı oyatmaq", "qaraçuxanı qaldırmaq" üçün dualar yazırlar. Əslində isə bu, pul qazanmaq üçün edilən hoqqabazlıqdır(30).

86 - Qara bayram" keçirmək, bayram günlərində xüsusi olaraq qəbir üstünə gedilməsi; "Qara bayram" xalqın qeyd etdiyi bütün böyük, əhəmiyyətli bayramlarda baş verir, bayramı keçirə bilməyən ölü sahibi olan kəslərin əvəzinə digər şəxslər onları ziyarət edir, guya bayrama xas yenilənmə ruhunu onlara gətirirlər. Bu ərəfədə və bu münasibətlə qəbir ziyarətləri edilir. Ölünün vəfatından sonra ən yaxın bayram hansıdırsa, o bayram "Qara bayram" hesab edilir. Bu inancın İslamla heç bir əlaqəsi yoxdur.

87 - Novruz çərşənbələrində qəbiristanlığa şam aparmaq.

88 - Bir il ərzində toyları təxirə salmaq, toya və xeyir işlərə getməmək; İl mərasimi və ölüyə il saxlamaq adəti yəhudi dinindən gəlir. Bunun İslama bir aidiyyatı yoxdur.

89 - Ölüyə və ya şəhidə doğum günü (ad günü və ya yubiley) keçirmək(31).

90 - Yas səbəbilə saqqal saxlamaq, amma, peyğəmbərin صلى الله عليه وسلم sünnəsi (yolu, göstərişi, əmri) olduğu üçün saqqal saxlamamaq.

91 - Quranı (kiril və ya latın) Azərbaycan hərfləri ilə oxumaq.

92 - Ölünün paltarlarını basdırmaq; Halbuki, bu paltarları ehtiyac sahiblərinə paylamaq və ya ölünün qohum və yaxınları tərəfindən istifadəsi mümkündür.

93 - Qəbrin üstünə səməni, şəkərbura, paxlava qoymaq; Bir çox din xadimləri bu xurafatı inkar etsələr də, təəssüflər olsun ki, bayram günlərində bu cür şeyləri qəbiristanlığa aparıb qəbirlərin üstünə qoymaq artıq bir adətə çevrilmişdir.

94 - Ölən insan əgər şagirddirsə, onun sinifdə oturduğu stolun üzərinə gül qoyub şam yandırmaq.

95 - Ölən insan əgər avtoqəzada ölübsə, öldüyü yerə lent və gül bağlayırlar. Əgər qəza hadisəsi ağaca toxunubsa, o zaman ağaca da lent bağlayırlar.

96 - Qarabağ şəhidlərinin إن شاء الله məzarı üzərində bəzi məddahların və mərsiyəçilərin ağlaşma və mərsiyələr qurub mövzudan kənar olaraq imam "Hüseyn"in adını çəkmələri, şəhidlərin məzarlarının başqa məqsədlər üçün istifadə edilməsi.

97 - Qarabağ müharibəsi zamanı vəfat etmiş şəhidlərin إن شاء الله böyük karton maketlərinin düzəldilməsi və evlərində saxlanması; Bu cür böyük maketlər şəhid ailələrində hüzün və kədərin daha dərindən yaşanmasına səbəb olur, onların həmin maketlərə tez-tez baxıb həsrətlərinin daha da çoxalmasına, psixoloji durumlarının daha da pisləşməsinə gətirib çıxarırdı. Bu cür maketləri bəzi işbazlar ticari məqsədlə düzəltsələr də, bunun xeyirdən çox zərər verməsi, ən əsası isə dinimizə zidd olmasını bir çox insanlar - təəssüflər olsun ki - unutmuşlar.

98 - Səhər-axşam ağlamaq; hər ziyarətçi gəldikdə onun üçün ayrıca ağlamaq, özünü kədərli göstərməyə çalışmaq, ağlamaqda ifrata varmaq.

99 - Filankəsin ruhuna fatihə demək(32).

100 - Qəbirlərə parça bağlamaq və ətrafı dəmirlə hasara alınmış qəbir və türbələrə parça bağlamaq; Qeyd edək ki, qəbirlər üzərində türbələrin tikilməsi də İslama zidd əməllərdən və İslamın qadağan etdiyi əməllərdəndir. "Türbə və qəbirlərə parça bağlama İslamiyyəti qəbul etməzdən əvvəl Orta Asiyada yayqın şəkildə yaşayan şamanistlərin adətlərindəndir. Şamanist türklərin inancına görə hər dağın, hər bulağın, göl və çayların “izi”, sahibləri vardır. Müasir şamanistlərin inandıqları “izi”lər, göytürklərin buraxdığı yazılı xatirələrdə “yer-su” olaraq ifadə edilmişdir. Göytürklər “Yer-su” olaraq adlanan bu ruhları Türk yurdunun qoruyucuları olaraq qəbul edirdilər. Onların inancına görə bu “izi”lər hər kəsdən qurban istəyirlər. Kim qurban verməzsə ona zərər toxunar" (33). Təbii ki, bu inanc İslama zidd, batil inanclardandır.

Son söz

Hörmətli oxucu! Əvvəldə qeyd etdiyimiz kimi bu mövzuda daha geniş araşdırma etmək mümkündür. Lakin hələlik bu mövzuda belə bir araşdırmanın kifayət olacağını düşündüm. Ələlxüsus da bölgələrdən və bölgə əhalisindən toplanası çoxlu praktiki bilgiləri əlavə olaraq əldə etmək mümkündür. Bu araşdırma ilə vermək istədiyimiz əsas mesaj dinimizi düzgün mənbələrdən öyrənmək gərəkdiyini bildirməkdir. Təsəvvür edin ki, təkcə ölüm mövzusunda biz Azərbaycan cəmiyyətində yüz bidət və xurafatı çox əziyyət çəkmədən toplaya biliriksə, görün indi qaynaq, mənbə aspektindən dinlə əlaqəsi olmayan başqa mövzularda yüzlərlə, minlərlə xurafatların da beləcə toplanması mümkündür. Bu cür araşdırmalar insanların nə qədər xurafatlara, dində təhriflərə meyilli olduğunu göstərir. Həmçinin bu cür araşdırmalar ağıl sahiblərinə işarə edir ki, İslam peyğəmbərinin təlimini düzgün şəkildə öyrənmək lazımdır. Bunun əksi olarsa, sanki, insan cəhalətə boyun əymiş və batil inanclara məğlub olmuşdur. Bu cür xurafatları müşahidə edən insan dindən soyumalı deyil, əslində dinin özündə xurafatlara qarşı edilən mübarizəni görməyə çalışmalıdır. Ümid edirəm ki, bu araşdırma xalqımızın bəzi nümayəndələrinin gözlərini açacaq, onları İslamı düzgün şəkildə öyrənməyə sövq edəcəkdir. Sonda Allahın elçisi Muhəmmədə, onun ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun!

Yazdı: Beynəlxalq Mədinə İslam universitetinin doktorantura tələbəsi Sahib Əsədov.Mədinə. 2024. 11 oktyabr.


(1) Güzgünün üstünü bağlamaq insanların din adına icad etdiyi batil adətlərdəndir. Başqa dinlərdən, xüsusən də xristianlıqdan gəlmə adət olması ehtimal edilir.
(2) Ümumiyyətlə ölmüş insanların ruhlarının evlərə qayıtması, evlərdə dolaşması əqidəsinin İslami bir əsası yoxdur. Bu inanc xristianlıqdan gəlmə bir inancdır.
(3) Ədəbul-Mufrad. Buxari. 395. Səhihdir.
(4) Ölkəmizdə bəzilərinin bunu bir gün boyunca etdiyi mənə nəql edildi. Bəzi yerlərdə bu xurafatı üç gün boyunca edirlər. Ətraflı bax: قاموس البدع مستخرج من كتب الإمام العلامة محمد ناصر الدين الألباني. Qamusul-Bidəa. səh. 485.
(5) Bu xurafat qeyd etdiyim kimi hər iki formada (bir gün və üç gün) mənə nəql edildi. Nəql edildiyi kimi də hər ikisini qeyd etdim.
(6) Cənazə basdırılmadan öncə və sonra meyit üzərində Quran oxumaq haqqında heç bir mötəbər hədis yoxdur. Yalnız bəzi alimlər can üstə olan kimsəyə Yasin surəsinin oxuna biləcəyini icazəli görmüşlər. Baxmayaraq ki, bu haqda olan hədis də məşhur olsa belə səhih deyildir.
(7) Onu da qeyd edim ki, Azərbaycan yaslarında yol verilən bidət və xurafatlar haqqında praktiki sorğu keçirdiyimiz zaman şəxsimə ən çox yazılan iki xurafat əməldən biri məhz bu əməl idi.
(8) Həmçinin bax, “Əhkəmul-Cənəiz va bidəuhə”. Albani. səh. 325.
(9) Səhihi Müslimdəki bir rəvayətdə peyğəmbərimiz Muhəmməd (صلى الله عليه وسلم) Əliyə (رضي الله عنه) əmr etmişdi ki, yerdən çox hündür olan qəbirləri düzləşdirsin. Digər rəvayətlərdə də qəbrin bir qarış yüksəkliyində olmasının şəriətə uyğun olması qeyd edilmişdir. (Bax, Səhihu Müslim. 969; Sünən Nəsai. 2031). Peyğəmbərin (صلى الله عليه وسلم) qəbrinin bir qarış hündürlüyündə olması rəvayət edilir. (Bax, Səhih ibn Hibban. 6635, Sünən əl-Beyhəqi. 6527. Cabir ibn Abdullahın hədisi).
(10) Bu əməl xristianlıqdan müsəlmanlara keçmişdir. İslam dinində belə bir əməl yoxdur. Qəbir axirəti xatırlamaq üçün bir yerdir. Qəbir üstünə güllər qoyunca, alimlər deyirlər ki, pulu israf etmək əvəzinə ölünün adından sədəqə vermək olar. Həmçinin xristianlara bənzəmək mötəbər hədislərdə peyğəmbər (صلي عليه وسلم) tərəfindən müsəlmanlara qadağan edilmişdir.
(11) Qeyd olunduğu kimi qəbiristanlıq axirəti xatırlamaq üçün bir yerdir, oranı gözəlləşdirmək, istirahət guşəsinə çevirmək qəbir ziyarətindən olan axirəti xatırlamaq məqsədini aradan qaldırır.
(12) Bu əməl bidət və xurafat olmaqla yanaşı, həm də insanları ən böyük günah olan şirkə aparan bir vasitədir.
(13) Peyğəmbərimizin (صلى الله عليه وسلم) bu əməli, yəni ölü üzərində ahu-fəqan edib fəryad qoparmağı, ağı deməyi qadağan etməsi haqqında əvvəldə danışdıq.
(14) Bu da özünü məcbur şəkildə ağlatmağa və göstərişə, riyakarlığa daxildir. Təbii ağlamağı İslam dini qadağan etmir. Lakin ağlamaq üçün şəriətin təyin etmədiyi mərasimlərə ehtiyac yoxdur.
(15) Ölkəmizdə bu əməli molla edir ki, camaat durub getsin. Bir çox ölkələrdə, həmçinin bizim ölkəmizdə qəbrin başı üstündə fatihə oxumaq bidəti də var. (Bax, Təfsirul-Mənar. 8/268; Əhkəmul-Cənəiz. Albani. 146-325; Təlxisul-Cənəiz. 105-147).
(16) Meyiti dəfnə apardıqda evdə tələm-tələsik ehsan süfrəsi açılır ki, dəfndən sonra camaat ehsan yeyəcək.
(17) Əslində hər bir müsəlman cənazə əhkamlarını öyrənməyə çalışmalıdır. Bu cür məsələlər pulgir mollaların ixtiyarına verilə bilməz.
(18) Bu, həm qışda isinmək, həm də "burada cənazə var" mesajını vermək üçün edilir. Əgər bu əməl isinmək məqsədi ilə edilərsə, adət hökmünü alır. Lakin bunu adət halına salmaq da məsləhət deyil. Ehtiyac üçün yandırılan (yemək bişirmək qəsdilə və s) tonqal qalanması mübah əməllərdəndir. Amma məhz cənazə var deyə bu cür tonqal qalanmasını adət etmək doğru deyil.
(19) Bu qeydi bəzi müsəlmanlar mənə yazmış və xurafatlardan olduğunu şəxsimə bildirmişdilər. Cəmiyyətimizə xas olan bir söz olduğu üçün bu sözü yazımızda qeyd etməyə qərar verdim. Kimsə bu cür sözlərin normal olduğunu deyə bilər, amma bu sözlərə ehtiyac olmadığını da qəbullanmaq lazımdır. Çünki, “indi eləməsin” dediyin zaman sanki ortada bir ölüm qorxusu var, ölümü normal görməmək var. Onlara deyirəm ki, qoy elə “indi eləsin”, əgər meyit mənə əzizdirsə, o indi eləsə də mənə xoş olmalıdır. Görünür ki, bu sözü heç ağıl da qəbul etmir.
(20) Bəzi alimlər deyirlər ki, əgər bu sözlər dua mənasında deyilirsə, bunda bir problem yoxdur. Amma xəbər mənasında deyilirsə, o zaman problemdir. Çünki Allah meyitə rəhmət edəcək ya yox, kimsə bunu bilmir. Sən isə “mərhum”, yəni “rəhm olunmuş” dedikdə sanki artıq “rəhməti qazanmış” deyə xəbər vermiş olursan. Ona görə də ümumiyyətlə ən yaxşısı “mərhum” və “rəhmətlik” sözü əvəzinə “Allah rəhmət etsin” duasını öz dilimizdə və ya ərəbcə eyni dua mənasında olan “rahimahullah” sözünü deməkdir.
(21) Səhih əl-Buxari. 1284; Səhihu Muslim. 923.
(22) Vəfat etdikdən sonra ölüyə hansısa bir sözü təlqin etmək doğru deyil. Çünki o əməl diyarından çıxmış və qarşılıq alacağı bir diyara getmişdir. Ölüyə təlqin etmək haqda sabit, mötəbər bir hədis də yoxdur. Peyğəmbərin (صلى الله عليه وسلم) əməli insan vəfat etdikdən sonra bu hədisdə qeyd edilən kimidir: “Osman ibn Affandan (رضي الله عنه) rəvayət edilir ki, o dedi: “Peyğəmbər (صلى الله عليه وسلم) meyitin dəfnini tamamladıqdan sonra qəbrin yanında dayanıb belə deyərdi: “Qardaşınız üçün Allahdan bağışlanma diləyin, Allahdan onun üçün sabitlik diləyin, çünki o indi sorğu-sual olunur”. (Əbu Davud. 2/70; Hakim. 1/370; Beyhəqi. 4/56). Şeyx Albani ölüyə təlqin etmək haqda gələn hədisin zəif olduğunu demiş, bununla əməl etməyin isə pis bir əməl olduğunu demişdir, Sanani də təlqin rəvayəti haqqında demişdir: “Tədqiqatçı imamların sözlərindən hasil olur ki, ölümdən sonra ölüyə təlqin etmək (ölüdən qəbirdə hansısa sözləri deməsini istəmək) haqda olan hədis zəifdir, bununla əməl etmək bidətdir. Bunu edənlərin çoxluğuna aldanmaq olmaz”. (Qamusul-Bida. səh. 507-508).
(23) Rusca “lapatka” deyilir, “bel” sözünün yanında mötərizədə yazmadım, qeydlər olan yerdə bunu yazmağı uyğun gördüm. Baxmayaraq ki, mənə bu haqda yazanların heç biri ana dilimizdə olan “bel” sözündən istifadə etməmişdi.
(24) Onu da qeyd edim ki, Azərbaycan yaslarında yol verilən bidət və xurafatlar haqqında praktiki sorğu keçirdiyimiz zaman şəxsimə ən çox yazılan iki xurafat əməldən biri məhz bu əməl idi.
(25) Bu qəribə səslənsə də, bu hadisənin baş verməsini bir fakt olaraq müsəlmanlardan biri mənə yazmışdı. Fizuli rayonunda yaşayan nənəsi ona bunu danışmışdı: “Dəfn zamanı molla ölü yiyəsindən əlavə on şirvan pul istəmişdi ki, qəbrin içinə ölünün suallara cavab verməsi üçün cavab vərəqi yapışdırsın”.
(26) Ölkəmizdə edilən bu bidət başqa müsəlman ölkələrində də mövcuddur, çox güman ki, məzhəblərin biri vasitəsilə ölkəmizə ayaq açmışdır. (Bax, Əhkəmul-Cənəiz. Albani. səh. 309).
(27) Alimlərimizin yazılarından anlayırıq ki, bu batil əməl başqa ölkələrdə də baş verir. Bax, “Əhkəmul-Cənəiz”. Albani. 87/318. “Əl-Mədxəl”. 3/260. “Təlxisul-Cənəiz”. 87/102.
(28) Bu əməl alimlərimizin fətvalarına əsasən peyğəmbərin (صلى الله عليه وسلم على) sünnəsinə müxalifdir və münkər (pis, bəyənilməyən) bir əməldir. Tarix boyu müsəlmanların, ümmətin sünnəsi bu olub ki, müsəlman bir fərd torpağa dəfn olunsun və buna müxalif olmaq İslam şəriətinə müxaliflikdir.
(29) Qəbirləri, pirləri təvaf etmək İslam şəriətində qadağandır və şirk əməllərdən, təhlükəli əməllərdəndir.
(30) Ətraflı məlumat üçün bax, elmi məqalə, AMEA-sının folklor institutu adından, Sevinc Qasımova tərəfindən yazılmış “Azərbaycan əfsanə və rəvayətlərində qaraçuxa obrazının epik-mifoloji xüsusiyyətləri” adlı araşdırma. İnternet üzərində 11 səhifəlik pdf variantı mövcuddur; həmçinin bax, Qaraçuxa - “Obastan” vikipediyası. Həmçinin, buradakı əsas qeyd İslam. az saytına istinadən verilmişdir. “Qaraçuxa” haqqında əvvəldə verilmiş bir neçə rəy müəllif tərəfindən toplanmışdır.
(31) Bu xurafat demək olar ki, son əsrdə meydana çıxmışdır. Ölkəmizdə isə son onilliklərdə əmələ gəldiyini ehtimal etmək olar.
(32) “Bu gün bəzi insanların öz ölkələrində “filankəsin ruhuna fatihə” deməsi qeyd olunan sünnəyə müxalifdir. Şəkk yoxdur ki, bu bir bidətdir (dində yenilik çıxarmaqdandır). Xüsusən də - doğru olan rəyə əsasən - ölülər üçün Quran oxumaq onlara çatmır”. (Əhkəmul-Cənəiz. səh. 47). “Peyğəmbərdən (صلى الله عليه وسلم) Aişə ona ən sevimli insanlardan biri olduğu halda soruşmuşdu ki, qəbirləri ziyarət edərkən nə etməsi lazımdır? Peyğəmbər (صلى الله عليه وسلم) ona sadəcə salam verməyi və dua etməyi öyrətmiş, ona Fatihə oxumaq və başqa surəni deməyi öyrətməmişdi”. (Eyni mənbə. səh. 241).
(33) Abdülkadir İnan, Hurafeler ve menşeleri, Ankara 1962, s.39