Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

SUFİLİK bidəti haqqında DƏHŞƏTLİ FAKTLAR

Bismilləh

Əziz həmvətənlər, dəyərli oxuyucular bu gün sizə sufilik haqqında danışılacaq. Sufilik nədir, nə məna daşıyır, necə meydana gəlib, hansı qolları var, etiqadları nədir və s. bu kimi önəmli məlumatları sizin diqqətinizə çatdıracağam.
Sufilik islamın sünnilik qoluna aid olub, suf – yəni, yun sözündən götürülmüşdür. Bu adı daşımasının səbəbi zahidlik – tərkidünyalıq əlaməti olaraq yundan hazırlanmış ən ucuz geyim geyinməklə əlaqəlidir. Belə ki, onlar elə düşünürdülər ki, insanı narahat edən yun libası geyinmək bəndəni Allaha yaxınlaşdırır. Sufilik təfəkkürünə görə insanın özünə əziyyət verməsi, özünü çətinliyə salması, nəfsini aşağılaması bir o qədər onu Allaha yaxınlaşdırır.
Əlbəttə ki, sağlam islam düşüncəsi ilə baxdıqda bu iddia öz-özlüyündə yanlışdır, dinə əlavə edilmiş yenilikdir – bidətdir. Peyğəmbər ﷺ nəyə imkanı çatırdısa o libası da geyinir, yun libasla digər libaslar arasında heç bir fərq qoymurdu. O müyəssər olduqda ən dadlı yeməklər yeyir, gözəl libaslar geyinir, bal yeməyi sevir, iştahı çəkən yemək və içməyi qəbul edir və ümmətinə belə müraciət edirdi: “Kim mənim yolumdan imtina edərsə, məndən və mənim yolum ilə gedənlərdən deyildir.”
Aişə anamız (Allah ondan razı olsun) Peyğəmbərimiz ﷺ üçün yundan üst geyim tikmişdi. Peyğəmbər ﷺ tərlədikdə yunun qoxusunu hiss etmiş və o libasdan imtina etmişdi. (Əbu Davud və Əhməd rəvayət etmişdir).
Eşitdiyiniz bu hədis sufilərin yun libas geyinərək Allaha yaxınlaşmasının təmamilə əsassız olmasına ən gözəl sübutdur. Əgər bu belə olmasaydı, Peyğəmbər ﷺ yun libasdan əsla imtina etməzdi.
Eyni zamanda yun libas geyinməyin daha savablı olmasını düşünmək, bir növ xaçpərəst keşişlərinə bənzəməkdir.

Bəzi elm adamları “Sufi” sözünün yunan sözü olub hikmət mənası verdiyini iddia ediblər.
Bəziləri isə “sufi” sözünün yəhudilikdən götürüldüyünü deyiblər.
Eyni zamanda ortodoks xristianlar da kilsə xidmətçilərini “Sufiya” adlandırırlar.

İslam və Sufilik
İslama nisbət edilən sufiliyin olduqca çox, saysız-hesabsız qolları vardır. Özünü sufi adlandıran hər bir qrup özünə təriqət deyib bir ad götürür, hərəsi də bir-birindən fərqli bidətlər, ibadətlər uydururlar. Onları birləşdirən yeganə amil, ümumi etiqadlarıdır.
Sufi təriqətlərindən qadirilər, rifailər, əduvilər, bəyanilər, cuştilər, şazililər, sətuhilər, ələviyyələr, burhanilər, nəqşibəndilər, ticanilər, nurbəxşilər, eydərusilər, mehdilər, xəlvətilər, idrisilər, ruşdilər, fərğəlilər, səlimiyyələr, muşəşəiyyə, əzmiyyə və s. i.a.
Adını çəkdiklərim sayı-hesabı bəlli olmayan çoxsaylı təriqətlədən bəzilərinin adlarıdır. Bu adlar həmin yolları uyduran şəxslərin adlarından götürülmüşdür. Hər dəstə öz ətrafına müridləri toplayır və onlardan əldə etdikləri ianələr hesabına həmin təriqətin vəqflərini inşa edir, sonra isə onu şeyxin mirasına çevirirlər. Təriqət sahibinin nəvəsi tüfeyli olsa da insanların ianəsi ilə qurulan vəqfə sahib çıxır.
Sufilik etiqadına görə təriqətlərin sayca çoxluğunun dinə heç bir zərəri yoxdur. İddia edirlər ki, Allaha aparan yol məxluqatın sayı qədərdir. Beləliklə qurulan hər bir təriqət mənsubları özlərindən zikrlər və zikr etmək üslubları uydururlar. Bir təriqətin zikri digər təriqətin zikrindən təmamilə fərqli olur. Hətta ibadət və zikrlərini başqalarından fərqləndirmək üçün sanki biri-digəri ilə yarışa girir. Hər təriqət mənsubu öz təriqətinin daha nümunəvi və daha üstün olduğunu iddia edir.
Bəziləri uydurduqları zikr və ibadətlərə yaxşı, yaxud gözəl bidət donu geydirərək hamısının Allaha apardığını əsas gətirərək bütün təriqətlərin uydurma ibadətlərini tərifləyirlər.
Halbuki Peyğəmbər ﷺ hədisdə demişdir ki, “Dinə əlavə edilən hər bir bidət azğınlıqdır.” O həmçinin bizə əmr edib demişdir ki, “Mənim sünnəmdən möhkəm tutunun!”
“Bizim bildiyimiz dinə kim ondan olmayan nəyisə əlavə edərsə, rədd olunar.” Sözləri də Peyğəmbərimizin ﷺ bu xüsusda bizə ünvanladığı sözləridir.

Sufiliyin dərəcələri
Sufiliyi əməl və etiqad baxımından bir neçə qismə bölmək olar.
1. Bidət əməllərlə kifayətlənən sufilik.
2. Saf islam etiqaıdna qarşı həddini aşan, lakin insanı dindən çıxartmayan batil etiqadlar.
3. İnsanı zındıq edən, yəni islamdan çıxaran batil etiqadlar.


Sonuncu qism sufilik etiqadı mənsubları, əsl həqiqəti ümumi kütlədən gizlədirlər. Çünki etiqadlarını açıq bildirdikdə kütlə onların Qurana və Peyğəmbərin ﷺ hədislərinə əks olduğunu biləcəklər. Bu növə batini etiqadlı sufiləri misal çəkmək olar. Onlar etiqadlarını yalnız sınaqdan keçmiş məxsusi insanlara bildirirlər.
Buradan bəlli olur ki, sufiliyin ən aşağı dərəcəsi bidət, orta dərəcəsi haqdan azmaq, yüksək dərəcəsi isə zındıqlıq, islamdan çıxmaqdır.
Sufilərin islamdan çıxanları bir neçə növdür: Bəziləri vəhdətul vücuda inanırlar. Yəni, yaradan ilə yaradılan arasında, kainat ilə kainatdakılar arasında heç bir fərqin olmadığına inanırlar. Onlara görə kainat Allahdır.
Əlbəttə bu kimi küfr və çirkin sözlərdən Allaha sığınırıq. Allah bu deyilənlərdən uzaqdır, pakdır.
Bəzilərinə görə Allah elə Muhəmməd Peyğəmbərin ﷺ özüdür.
Bəziləri isə deyirlər ki, Allah istədiyi övliyanın simasında təcəlli edir və s. bu kimi çirkin etiqadlar sufiliyin dindən çıxmış təriqətlərinə məxsusdur.

Sufilərin bidətlərini də bir neçə növə bölmək olar
Etiqadda olan bidətlər: Məsələn, övliyaların kainatı idarə etməsi, yaxud kainatın idarəçiliyində pay sahibi olması, ruziləri bölüşdürməsi, onlara edilən ibadətin ən üstün növə aid olması, onların qəbrini təvaf edənlər, həmçinin onlara səcdə edib nəzir deyənlər barədə Allah dərgahında şəfaətçi olmaları və s. bu kimi batil etiqadlar onların bidətləridir. Bu növ etiqadlar ən böyük şirkdir və insanı dindən çıxarır.

Qəlbdə olan bidətlər: Filan qəbir sahibi övliyadan qorxmaq, ona ümid bəsləmək və s.
Əgər kimsə Allahdan başqasını təzim edərək, onun qarşısında əzilərək və ona sevgi bəsləyərək qəlbən ondan qorxarsa, Allaha böyük şərik qoşmuş olar. Buna sirr və ya etiqad qorxusu deyilir.
Çünki uca Allah ibadəti yalnız Allaha aid etməyi əmr etmişdir. Qorxu da ibadətin bir növüdür və bu növ ibadəti Allahdan başqasına bəsləmək olmaz.
Dildə olan bidətlər: Sufilərin məlum zikrləri, ölülərə yalvarmaq, onlardan kömək istəmək və yardıma çağırmaq. Bu növ də əvvəlki kimidir. Məsələn ölüyüə yalvarıb kömək istəmək Allaha böyük şərik qoşmaqdır və dindən çıxaran əməldir. Amma dindən olmayan zikrlər oxumaq isə əsasən bidət və böyük günahdır.
Fiziki bidətlər: Rəğaib namazı, övliyanın önündə səcdə etmək, qəbirləri və ya övliya məqamını ziyarət üçün səfərə çıxmaq, mövludlar keçirtmək və s. Qəbirlərin önündə səcdə etmək də dindən çıxaran böyük şirkdir.
Maddi bidətlər: Övliyaların qəbirlərinə nəzir vermək və s.
Sufilər haqqında qeyd etdiyimiz bidətlərin bəziləri insanı dindən çıxaran, digərləri isə dindən çıxarmayan böyük günahlardır. İslamda doğru yanaşmaya görə hər əməlin öz qiymətləndirilməsi olmalıdır. Bu baxımdan hər bir müsəlman tövhidi öyrənməlidir ki, böyük günah, şirk və bidətlərin fərqini bilib özünü oddan qorusun.

Sufiliyin uydurduğu bidətlərə dair bəzi misallar çəkə bilərik.
Sufilər Qurani kərimdə və Peyğəmbərin ﷺ hədislərində Allahı zikr etmək və Peyğəmbərə ﷺ salavat demək haqda olan ümumi dəlilləri əsas gətirərək özlərindən Allahın nazil etmədiyi formada zikr və ibadətlər uydurmuş və beləliklə hər bidətə qapı açmış, Peyğəmbərin ﷺ sünnəsini it-bat etmişlər.
Qışqıraraq, tullanaraq, qəribə hərəkətlər edərək Allahı zikr etmək adı ilə bidətlər uydurmuşlar. Bir çoxlarımız sosial şəbəkələrdə belə görüntülərlə tez-tez qarşılaşırıq. İnsan bir anlığa düşünür ki, aman Allah belə də din olar! Bu nə dindir belə!
ƏLbəttə onların bu yerə gəlməsi Qurani kərimin və Peyğəmbərin ﷺ təlimlərindən addım-addım uzaqlaşmasına görədir.
Məsələn, nəqşibəndi təriqətində rəqs formasına nəzər salsaq görərik ki, mürid çənəsi sağ çiyninə dəyənə qədər üzünü sağ tərəfə çevirir və ərəbcə “LƏ” yəni, yoxdur kəliməsini deyir. Sonra sürətli şəkildə üzünü önə çevirib çənəsi sinəsinə dəyəcək qədər başını aşağı salıb ərəbcə “İLƏHƏ” ilah, çənəsi sol çiyninə dəyənə qədər üzünü sol tərəfə çevirir və ərəbcə “İLLƏ” yəni, başqa kəliməsini deyir. Sonra bir daha üzünü önə çevirib eyni qaydada “Allahdan” kəlməsini deyir. Etiqad edirlər ki, bu qayda ilə zikri 21 dəfə deməklə cəzb olacaqlar.
Daha sonra bu zikrə rəqs eləməyi də əlavə etdilər və bidətlərinə bidət qataraq haqq islam yolundan bir o qədər uzaqlaşdılar.


Sufilərin Peyğəmbərin ﷺ sünnəsinə münasibəti:
Bəzi sufilər Əhli Sünnə kimi hədis kitablarını qəbul edir, lakin hədislərə yalnış yozumlar edərək yollarını azırlar.
Digər qism sufilər isə, elm yolunu yalnış kəşf adlandırdıqları üsluba bağlayırlar. Onlara görə kəşf, şəriət əhkamlarını bilməyin yoludur. Belə ki, sufilikdə olan şəxs nəfsini şəhvətlərdən məhrum edər, nəfsinə məhrumluğla dərs keçər, Allahı xalis qəlblə zikr edərsə onun qəlbinə hidayət yoluna aparan hikmət nuru verilər. Əgər belə insan Quran və sünnəni öyrənməsə də elmə nail ola bilər. Elə bu səbəbdən onlar elmi hədis kitablarından öyrənmirlər, hətta bunu mürid üçün nöqsan hesab edirlər.
Bu qism mənsubları hesab edirlər ki, mürid qələm və mürəkkəblə məşğul olarsa, haqq yolu azmış olar. Bəziləri isə hədis elmini öyrənənləri qınayaraq deyirlər ki, “Sizin hədis rəvayətiniz ölmüş insanın ölmüş insandan nəql etdiyi məlumatdır. Biz sufilər isə qəlbimizlə rəbbimizdən nəql edirik. Allah diridir ölməz!” Əlbəttə bu iddia onların nə qədər cahil olduqlarını isbatıdır. Halbuki hədislərin rəvayəti elə vəhyə aiddir. İnsan qəlbi isə şəhvət və istəklərə, şeytan təsirinə məruz qalır. Qəlb vəsvəsə, şübhə, yalnışlıq və s. kimi nöqsanlara məruz qalır. Sufilərin haqq yoldan azmalarına əsas səbəb də elmdən özlərini məhrum etmələrinə görədir.
Dəyərli izləyicilər, sufilik haqqında sizə çatdırmaq istədiyim qısa məlumatlar bundan ibarət idi. Ümidvaram ümumi məlumatlarla da olsa sufiliyin nə olduğunu sizə çatdıra bildim.
Əlbəttə Peyğəmbərin ﷺ yolunu getmək istəyən hər bir müsəlmanın həyat düstüru Qurani Kərim və Peyğəmbərin ﷺ hədisləri olmalıdır.
Uca Allah bizi Quran və sünnə yolu tutub gedən şərəfli bəndələrdən etsin.

Sunna.az - saytının rəsmi heyəti tərəfindən hazırlanmışdır.

Məqalənin video variantını buradan izləyə bilərsiniz.