Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Cadunun və cadugərliyin tərifi

Cadu (sehr), müxtəlif ovsunlar oxumaqla, düyün vurmaqla və s. söz və əməllərlə insanların ruhuna və bədəninə təsir edir. Xəstəlik və ölümə səbəb olan, əri arvaddan ayıran bu əməl hər zaman pis nəticələr verir.
Cadugarlar (Sehirbazlar) küfr etməklə və onların xoşuna gələn çirkin əməlləri ilə cinlərdən olan şeytanlara üz tutanlardır. Bu cür əməllərlə cinlər onlara sehir etməkdə yardım edirlər. Onlar qeybi bildiklərini də iddia edir, cadu vasitəsilə ölümə aparır, sevgililəri ayırır, simpatiya və ya antipatiya oyadır və insanların düşüncə tərzini dəyişirlər.
Hafiz əz-Zəhəbi özünün məşhur “Böyük günahlar” kitabında belə yazır: “Bir çox azğın insanlar cadu etməyin sadəcə olaraq haram olduğunu düşünürlər, halbuki, bu əməl küfrdür”.
Uca Allah buyurmuşdur: “Onlar Süleymanın səltənətində şeytanların oxuduqlarının ardınca getdilər. Süleyman kafir olmadı. Lakin şeytanlar sehri və Babildə Harut və Marut adlı iki mələyə nazil olanı insanlara öyrədərək kafir oldular. Mələklər: “Biz ancaq bir sınağıq, sən gəl kafir olma!” – deməmiş onu heç kəsə öyrətmirdilər. Yəhudilər ərlə arvadı bir-birindən ayıracaq işləri onlardan öyrənirdilər. Lakin onlar Allahın izni olmadan heç kəsə zərər verə bilməzlər. Onlar özlərinə zərər verən, faydası olmayan şeyləri öyrənirdilər. Onlar bilirdilər ki, onu əldə edən kimsə üçün axirətdə heç bir pay yoxdur. Nəfslərinin əvəzində satın aldıqları şey necə də pisdir! Kaş bunu biləydilər!” (Bəqərə surəsi 102)
Allahın Rəsulu (sallallahu aleyhi və səlləm) demişdir: “Hər kim astrologiyanı öyrənərsə, sehrin bir hissəsini öyrənmiş olar. Nə qədər çox öyrənərsə, sehr bir o qədər də çox olar. (Əhməd, Əbu Davud)
İslam alimlərindən olan Qətədə demişdir: “Ulduzlar üç səbəbə görə yaradılmışdır: Səmanı bəzəmək, şeytanları onlarla vurmaq, həmçinin səyahət edənlərə bələdçi olmaq üçün. Ulduzları başqa məqsədlər üçün istifadə edən isə yanılır”. (Buxari)
Uca Allah buyurmuşdur: De: “Sığınıram insanların Rəbbinə… Vəsvəsə verənin, Allahın adı çəkiləndə isə hövlündən geri çəkilən şeytanın şərindən”. (Nəs surəsi 1, 4)
Allahın Rəsulu (sallallahu aleyhi və səlləm) demişdir: “Düyün bağlayıb, sonra ona tüpürən cadu etmiş, cadu edən isə Allaha şərik qoşmuşdur”. (Nəsəi, Tirmizi)


SEHRBAZLARIN VƏ FALÇILARIN ÜMUMI ƏLAMƏTLƏRI
Xəstənin, anasının, atasının adını soruşurlar və ertəsi gün gəlməsini deyirlər. Onların yanına qayıdanda isə sənə cadu edilib, nəzər dəyib və s. deyilir.
Bunu etməsi bu şəxsin cinlərin köməyinə müraciət etdiyini və qeybi bildiyini iddia etdiyini göstərir. Nəyisə soruşmaq üçün onların yanına getmək haram olduğu kimi, müalicə üçün getmək də haramdır.
Onlar xəstəyə aid olan bir şeyi gətirməyi tələb edirlər, məsələn, paltarını, saçını və ya fotoşəkilini. Gizli olanı və qeybi bildiyini iddia edənin yanına getmək qadağandır. Onlara nə köynək, nə başqa paltar, ümumiyyətlə heç nə aparmaq olmaz. Onlar anlaşılmaz ovsunlar, dualar yazır və ya oxuyurlar. Qurbanlıq üçün müəyyən bir heyvan gətirməyi tələb edirlər. Adətən, bu heyvan qara olur, çünki cinlər qara rəngi sevirlər.
Üzərinə bəzi hərflər və rəqəmlər, bəzən də cədvəllər çəkilmiş vərəq verirlər. Sonra bu vərəqi suyun içinə ataraq, bu suyu içməyi tələb edirlər. Bəzən, hətta Quran ayələri olduğu iddia edilən kağız da verilə bilər. Bu cür kağızlarda bir çox hallarda Quran ayələrinin arasında cinlərin adları, anlaşılmayan söz və simvollara rast gəlmək olur.
Onlar xəstəyə (yanlarına gələnlərə) bəzi əşyalar verərək, bu əşyaları basdırmağı tələb edirlər və adətən bu, cadu olur.
Cinlər qaranlığı sevdiklərinə görə, cadugarlar da günəş işığından uzaq, qaranlıq otaqda qalmağı xoşlayırlar.
Onlar bir kağız verərək onu yandırıb tüstüsünü öz üzərinə üfürməklərini, yaxud, dənizə atmağı və ya torpaqda, qəbirstanlıqda basdırmağı deyərlər. Bütün bunlar cəfəngiyyatdır.
Bir insanın adını və ya anasının adını, yaşadığı yeri və ona əziyyət verən xəstəliyi deyə bilərlər. Bu məlumatları onlara caduda kömək edən cinlər verir. Təəssüf ki, bir çox insanlar özlərini dindar kimi qələmə verən bu cadugarlara “vergi” verildiyini düşünərək onların toruna düşürlər.
Cadugərlərin digər əlamətləri də var, lakin biz onlardan ən çox yayılmışları haqqında məlumat verməyə çalışdıq.
Bəzi cadugər və falçıların namaz qılmasına, Quran oxumasına və ya həcc etməsinə gəlincə, bu, bir qayda olaraq, cahillərin gözündə elmli, dindar görünmək və onların məşğuliyyətinin Allah tərəfindən bir hədiyyə olduğunu söyləmək üçün edilir. Xalqımızı belə dələduzlara inanmamağa çağırır və Allaha onları ifşa etməsi üçün dua edirik.

CADU, HƏSƏD (PAXILLIQ) VƏ PİS GÖZDƏN
MÜALİCƏ VƏ QORUNMA YOLLARI

Cabir rəvayət edir ki, Peyğəmbərdən ﷺ bir cadunu digər bir cadu ilə batil etmək haqqında soruşduqda o, belə dedi: “Bu şeytan əməlidir”. (Əhməd, Əbu Davud)
Bu hədisdən açıq-aydın bəlli olur ki, bü cür etmək haramdır və günahdır.
İbn Qeyyim demişdir: “Sehr olunmuş kəsdən zərərin aradan qaldırılması iki cürdür. Birincisi: anoloji sehrlə, bu da şeytanın əməllərindəndir, çünki bu yolla həm cadudan uzaqlaşan, həm də cadunu açan şeytana sevdiyi şeylə yaxınlaşır. İkincisi: ziyanı ruqya ilə aradan qaldırmaq, dualarla Allaha müraciət etmək və s. Bu kimi əməllər icazəlidir”. (Zadul-Maad 4/124)

UCA ALLAHA DUA ETMƏK
Uca Allah buyurur: “Darda qalan kimsə yalvardığı zaman ona cavab verən, şəri sovuşduran və sizi yer üzünün varisləri edən kimdir? Heç Allahla yanaşı başqa bir məbudmu var? Siz necə də az düşünürsünüz?” (Nəml surəsi, 62)

İCAZƏLİ OVSUN – RUQYA
İbn Həcər “Fəthul-Bari” kitabında yazır: “Alimlər yekdil fikirdədirlər ki, ovsun etmək, yani ruqya oxumaq, üç şərtlə icazəlidir:
- Allahın kəlamı (Quran), Onun adları və ya sifətləri ilə olması;
- ərəbcə və ya mənası aydın olan bir dildə olması;
- Allahın izni olmadan ovsunların öz-özlüyündə fayda gətirmədiyi etiqadında olmaq.

Ən yaxşı ruqya Qüdətli Allahın kitabı olan Qurandır! Uca Allah buyurur: “Biz Quranda möminlər üçün şəfa və mərhəmət (olan ayələr) nazil edirik”. (İsra surəsi, 82)

Əbu Səid əl-Xudri rəvayət edir ki, bir dəfə biz səfərə çıxdıq. Gəlib yaşıllıq olan bir yerə çatdıq. Oranın sakinlərindən birini əqrəb sancmışdı. Bu vaxt bir kəniz bizim yanımıza gəlib: “Aranızda ovsunla müalicə edən bir kimsə varmı? Aramızda yaşayanlardan birini əqrəb sancmışdır!”– dedi. Səhabələrdən biri qalxıb xəstənin yanına getdi. Biz onun ruqya ilə müalicə etdiyini bilmirdik. O, xəstəyə "Fatihə" surəsini oxuduqdan sonra xəstə sağaldı. Bunun müqabilində ona otuz qoç verdilər. O, bu qoçları bizim yanımıza gətirdi. Biz ondan: “Sən ruqyamı oxudun?” – deyə soruşduq. O: “Mən Kitabın anasını (Fatihə surəsini) oxuyub onu müalicə etdim!”– deyə cavab verdi. Səhabələr dedilər: “Peyğəmbərdən ﷺ soruşanadək (buna dair) heç bir hökm verməyin!” Biz Mədinəyə – Peyğəmbərin yanına gəldikdə bu hadisəni ona danışdıq. Peyğəmbər ﷺ dedi: “O nə bilirdi ki, Fatihə surəsini oxuyub xəstəni müalicə etmək olar?! O qoçları bölüşdürün və mənə də bir pay ayırın”. Bu hədis dəlalət edir ki, qeyri müsəlmanları belə ovsunla müalicə etmək və onun müqabilində hədiyyə almaq icazəlidir.
Aişə rəvayət edir ki, bir qadın ona ovsun oxuyarkən Peyğəmbər ﷺ içəri daxil oldu və dedi: “Onu Allahın kitabı ilə ruqya et”. (Silsilə əs-Sahihə)
Peyğəmbər ﷺ konkret bir surə və ya bəzi ayələri qeyd etməmiş, Allahın kitabını bütövlükdə xatırlatmışdır ki, Qurani-Kərimin bütünlüklə şəfa olduğu aydın olur. Çoxəsrlik təcrübədən məlumdur ki, Quran ayələrini oxumaqla nəinki cadu, dəlilik və pis göz, həm də müxtəlif fizioloji, psixoloji xəstəlikləri də müalicə etmək olar.

CADUNUN MƏHV EDİLMƏSİ
Cadunu tapmaq və məhv etmək xilas olmaq üçün ən yaxşı addımdır. Məlumdur ki, Peyğəmbərə cadu edildikdə, o, bu barədə Rəbbindən soruşdu və Allah ona cadunun yerini göstərdi və o, quyuda idi. Cadu quyudan çıxarıldıqdan sonra batil edildi və təsiri ondan getdi. Eyni qaydada yedizdirilmiş cadunu mədədən çıxarmaqla müsbət nəticəni əldə etmək olar.
Cadunu tapmaq asan deyil. O ya düyünlərə bağlanmış saplar şəklində, qəribə dəmir məftillər, qıfıllar, üzərinə iynə basdırılmış şəkil, gəlincik və ya başqa bir şəkildə görünə bilər. Bu barədə Allaha çoxlu dua edərək cadunun yerini göstərməsini istəmək lazımdır.
Hər kim Allaha təvəkkül edib yalnız Ondan kömək istəsə, Allah onu cadudan, bəd nəzərdən, şeytanların və kafirlərin hiylələrindən qoruyar.
Cadunun tapılması, məhv edilməsi barədə ekranda buradan daha ətraflı izləyə bilərsiz.

QANALDIRMA – HİCAMA
Peyğəmbər ﷺ demişdir: “Sizin üçün ən yaxşı müalicə hicamadır”. (Buxar, Muslim)
O, həmçinin demişdir: “Kim qəməri ayının 17-si, 19-u və yaxud 21-i hicama edərsə, bu onun üçün bütün xəstəliklərdən şəfa olar”. (Əbu Davud)
Düzgün aparıldığı təqdirdə bədənin cadunun təsiri olan nahiyəsinə hicama etmək ən təsirli müalicə üsullarından biridir. (Zadul-Maad 4/125-126)
QARAZİRƏ
Əbu Hureyra və Aişədən rəvayət olunur ki, peyğəmbər ﷺ demişdir: “Qarazirə ilə müalicə olunun, çünki onda, ölümdən başqa, bütün xəstəliklərin müalicəsi vardır”. (Buxari, Muslim)

ZƏMZƏM SUYU
Cabirdən rəvayət olunur ki, peyğəmbər ﷺ demişdir: “Zəmzəm suyu nə üçün içilirsə, odur”. (Əhməd İbn Macə)
İbn Abbasdan rəvayət olunur ki, peyğəmbər ﷺ demişdir: “Yer üzündə ən yaxşı su zəmzəm suyudur. O, yeməkdir və xəstəlikdən şəfadır”. (Silsilə əs-sahihə)

BAL
Uca Allah buyurur: Rəbbin bal arısına belə təlqin etdi: “Dağlarda, ağaclarda və insanların düzəltdikləri çardaqlarda özünə pətəklər hör. Sonra bütün meyvələrdən ye və Rəbbinin səndən ötrü asanlaşdırdığı yollarla get”. O arıların qarınlarından tərkibində insanlar üçün şəfa olan müxtəlif rəngli bal çıxır. Həqiqətən, bunda düşünən adamlar üçün dəlillər vardır. (Nəhl surəsi 68-69)
İbn Məsuddan rəvayət olunur ki, peyğəmbər ﷺ demişdir: “İki şeylə müalicə olunun “Quran və bal ilə”. (İbn Macə)

KURSİ AYƏSİNİN OXUNMASI
Peyğəmbər ﷺ demişdir: “Kim hər vacib namazdan sonra “Ayətul-Kursi”ni oxuyarsa növbəti namaza qədər Allahın mühafizəsi altında olar”. (Tabarani)
Rəvayət olunur ki, bir gün Abu Hureyra zəkat malını qoruyarkən oğrunu tutduqda oğru ona deyir: “Məni buraxsan sənə elə bir söz öyrədərəm ki, Allah onun vasitəsi ilə sənə fayda verər. Bu “Ayətul-Kursi”dir. Əgər bunu oxusan səhər yuxudan oyanana qədər Allah sənin yanında gözətçi mələk təyin edər və şeytan sənə yaxınlaşmaz”. Əbu Hureyra baş verəni peyğəmbərə danışdıqda, o ﷺ dedi: “Bu şeytan idi. O sənə doğru söylədi, baxmayaraq ki, o qəti yalançıdır”. (Buxari, ixtisar tərcümə)
Başqa bir hədisə isə, kim “Ayətul-Kursi”ni səhər oxuyarsa axşama qədər, axşam oxuyarsa səhərə qədər cinlərdən qorunar.
Hörmətli oxuyucular! Bu mövzu çox genişdir, lakin biz sizə əsas məqamlar haqqında xəbər verdik.

Sunna.az - saytının rəsmi heyəti tərəfindən hazırlanmışdır.

Məqalənin video variantını buradan izləyə bilərsiniz.