Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

"Onların üstündə mütləq bir məscid tikəcəyik!” (əl-Kəhf surəsi, 21) ayəsi ilə əlaqəli şübhənin cavabı

Uca Allah buyurur: “Beləcə, insanları onların halından xəbərdar etdik ki, Allahın vədinin həqiqət olduğunu və Qiyamət saatının gələcəyinə şübhə olmadığını bilsinlər. O zaman möminlər və kafirlər öz aralarında onların işi barəsində mübahisə edirdilər. Bəziləri: “Onların üstündə bir bina tikin. Rəbbi onların halını daha yaxşı bilir!”– dedilər. Mübahisədə üstün gələnlər isə: “Onların üstündə mütləq bir məscid tikəcəyik!”– dedilər”. (əl-Kəhf, 21). Sufilər bu ayəni qəbir üzərində məscid tikilməsinə dəlil gətirib, elmsiz müsəlmanlar arasında şübhə yayırlar.

Şübhəyə cavab:
Sufilər bu ayəni dəlil gətirib bidət əməllərinə bəraət qazandırır və bidətlərinin haqq olduğunu iddia edirlər. Onların gətirdikləri ayə yerində gətirilməyib və onların qəsd etdikləri məsələyə heç bir aidiyyatı da yoxdur. Bunu bir neçə yöndən izah etmək olar:

1. “Onların (məzarı) üstündə mütləq bir məscid tikəcəyik!”– deyənlər və mübahisədə üstün gələnlər möminlər deyildilər, kafirlərdən idilər. Halbuki Peyğəmbər (sallallahu aleyhi və səlləm) qəbir üzərində məscid tikməyi lənətləmişdir.

Aişə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəməbərin (sallallahu aleyhi və səlləm) vəfat etməsinə səbəb olan xəstəliyə tutulduğu zaman o demişdir: “Allah yəhudilərə və xristianlara lənət eləsin! Onlar peyğəmbərlərinin qəbirlərini ibadətgaha çevirmişlər”. Aişə deyir: “Peyğəməbər (ona Allahın salavatı və salamı olsun) bu sözü deməsəydi, müsəlmanlar onun qəbrini aşkarda saxlayardılar. Ancaq mən onun qəbrinin ibadətgaha çevrilməsindən qorxuram” (əl-Buxari, 1244, 1330).

İbn Teymiyyə (Allah ona rəhm etsin) demişdir: “Uca Allah bütbərəstlərin, məcusilərin ibadət yerləri və ibadət olunan qəbirlərini Öz kitabında tərif olaraq heç bir yerdə qeyd etməmişdir. Əksinə, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) lənət etməsinə səbəb olan yerlər kimi qeyd etmişdir. Necə ki Uca Allah buyurur: “Mübahisədə üstün gələnlər isə: “Onların məzarı üstündə mütləq bir məscid tikəcəyik!”– dedilər” (əl-Kəhf, 21). Belə yerlər yalnız məzəmmət olunan yer kimi qeyd edilmişdir. Mağara sahiblərinin üzərində məscid tikilməsini deyənlər nəsranilərdən ibarət olan bir toplum idi. Peyğəmbər (sallallahu aleyhi və səlləm) də onlara lənət etmişdir: “Allah yəhudilərə və nəsranilərə lənət eləsin! Onlar peyğəmbərlərinin qəbirlərini ibadətgaha çevirmişlər”. (əl-Buxari, 417, 435). Qəbirlərə ibadət edənlərin bu əməli Peyğəmbərin (sallallahu aleyhi və səlləm) dediklərinə ziddir” (Rədd aləl-Bəkri, 2/567-568).

“Mübahisədə üstün gələnlər isə: “Onların məzarı üstündə mütləq bir məscid tikəcəyik!”– dedilər” - bu sözü deyənlərin kimliyi barədə iki rəy var. Bəziləri onların müsəlman, bəziləri isə müşriklər olduğunu demişlər. İkinci rəy daha doğrudur, çünki bu əməl şirk sayılan və lənətə səbəb olan əməldir. Biz bu ayədə olanların yalnız müşrik olduğunu deyə bilərik.

2. Əgər biz onların müsəlman olduğunu zənn etsək belə, onların bu hərəkəti onların azğınlığa düşmələrinin və Peyğəmbərin (sallallahu aleyhi və səlləm) lənətinə gəlmiş insanlar olduğunun göstəricisidir. Bu əməl ilə onlar cahil müsəlmanlar sinfinə aid olmuş olurlar.

3. Bu ayədə “üstün gələnlər” dedikdə, onların tərifə layiq olmaları demək deyil, sadəcə mübahisədə üstün olmaları deməkdir. Əgər üstünlük ədalət və haqla bərabər qeyd edilməzsə, “zülm və nəfsin istəyi ilə qalib gəlmək” mənasını ifadə edər. Bu da haqq və ədalət üzərində olan üstünlük yox, haqsızlıq və zülmlə əldə edilən üstünlük sayılır ki, burada da tərifəlayiq heç bir şey yoxdur.

İbn Rəcəb (Allah ona rəhm etsin) demişdir: “Allahın Kitabı Quran da Peyğəmbərin “Allah yəhudilərə və nəsranilərə lənət eləsin! Onlar peyğəmbərlərinin qəbirlərini ibadətgaha çevirmişlər” hədisinin mənasına dəlalət edir. Bu da Uca Allahın əl-Kəhf surəsində dediyi sözdür: “Mübahisədə üstün gələnlər isə: “Onların məzarı üstündə mütləq bir məscid tikəcəyik!”– dedilər” (əl-Kəhf, 21). Uca Allah mübahisədə üstün gələnləri bir işdə qalib olanlar kimi vəsf etmişdir. Bu da yalnız öz istəklərini digərlərinə qəbul etdirmək istəyənlərin qələbəsi kimi anlaşıla bilər ki, bu da fəzilət əhlinin əməllərindən hesab edilməz” (İbn Rəcəb “Şərhu Səhih əl-Buxari“ 2/397).

4. Sufilərin bu iddiaları Peyğəmbərin (sallallahu aleyhi və səlləm) mütəvatir olan səhih hədislərinə və alimlərin icmasına ziddir. Onların təvil edərək dəlil kimi seçdikləri bu ayə İslam əqidəsinə və Peyğəmbərlərin gətirdikləri təkallahlılıq əqidəsinə açıq-aşkar ziddir. Şeyxul-İslam İbn Teymiyyə (Allah ona rəhm etsin) demişdir: “Qəbirlərin üzərində məscid tikilməsi müsəlmanların dinindən deyil. Əksinə bu, səhih mənbələrlə Peyğəmbər tərəfindən qadağan edilən bir işdir. Bütün din alimləri bunun üzərində ittifaq etmişlər. Onlar demişlər: “Qəbirləri məscidlərə çevirmək olmaz. Qəbirlərin üzərində məscid tikmək olmaz. İstər qəbrin üzərində hər hansı türbə (bina) tikilməsilə, istərsə də, orda namaz qılınması ilə olsun, bunların heç biri icazəli deyil” (Məcmuul-Fətava, 27/488).

5. Bu ayəni öz batil əqidələrinə dəlil gətirənlər bilmirlər ki, bu ayə onların özlərinə əks dəlildir. Yəni bu ayə mütəvatir olan hədislərə heç də zidd deyildir.

Aişə (Allah ona rəhm etsin) rəvayət edir ki, Ummu Həbibə və Ummu Sələmə Həbəşistanda gördükləri və içərisində rəsmlər olan kilsə haqqında xəbər vermişlər. Onlar (bu haqda) Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun) xəbər vermiş və o da belə demişdir: “Onlar içərilərindən əməlisaleh bir adam öldükdə onun qəbri üstündə məbəd tikir və (divarlarında) həmin rəsmləri çəkirlər. Qiyamət günü onlar Allah yanında yaradılmışların ən şərlililəri olacaqlar” (əl-Buxari, 409, 427, 1341, 3584, 3873; Muslim, 528, 822, 1209)
Uca Allah da bizə onların bu adətini Kərim Kitabı Quranda xəbər vermişdir.

Sunna.az - saytının rəsmi heyəti tərəfindən hazırlanmışdır.