Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Xəvariclər barədə rəvayət olunmuş bəzi səhih hədislər

1. Əbu Səid əl-Xudri (Allah ondan razı olsun) demişdir: “Mən Peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə dediyini eşitdim: “Vaxt gələcək sizin aranızdan elə insanlar meydana çıxacaq ki, siz onların namazları yanında öz namazlarınızı, orucları yanında öz oruclarınızı, digər əməlləri yanında öz əməllərinizi heç nə sayacaqsınız. (Yəni, onlar o qədər çox ibadət edəcəklər ki, siz buna baxıb özünüzün onlara nisbətdə az ibadət etdiyinizi güman edəcəksiniz). Onlar Quran oxuyacaqlar, (amma) oxuduqları (ayələr) xirtdəklərindən o yana keçməyəcəkdir. Ox şikarı dəlib keçdiyi kimi onlar da İslamdan çıxacaqlar. (Necə ki, oxu atan adam) oxun ucuna baxır, lakin heç bir şey görmür, oxun gövdəsinə baxır, yenə də heç bir şey görmür, oxun lələkli tərəfinə baxır, yenə də heç bir şey görmür, axırda oxun lap arxasına baxır və (oxun şikara dəyib-dəymədiyinə dair) şübhəyə düşür” (əl-Buxari, 5058, 6930).

2. Rəvayət edilir ki, Əli (Allah ondan razı olsun) demişdir: “Mən Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) bir hədis rəvayət etsəm, bilin ki, mənim üçün guruppultu ilə göydən yerə düşmək, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) adından yalan danışmaqdan daha yaxşıdır. Söhbət öz aramızda qalsın, bilin ki, müharibə aldatmadır (Yəni, dediyi ikibaşlı və ikimənalı ola bilər). Mən Peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə dediyini eşitmişəm: “Axır zamanda yaşları az, beyinləri küt olan kimsələr gələcəklər. Onlar ən xeyirli sözləri danışacaqlar. Onlar Quran oxuyacaqlar, lakin oxuduqları xirtdəklərindən o yana keçməyəcəkdir. Ox ovunu dəlib keçdiyi kimi onlar da dindən çıxacaqlar. Odur ki, onları harada görsəniz, öldürün! Şübhəsiz ki, onları öldürən kimsələrə Qiyamət günü bunun müqabilində Allah dərgahında mükafat veriləcəkdir” (Muslim, 2511; ən-Nəsai, 4102, 4119, 4033; əl-Buxari, 3611, 5057, 6930).

3. Rəvayət edilir ki, Əbu Səid əl-Xudri (Allah ondan razı olsun) demişdir: “Əli ibn Əbu Talib Peyğəm­bərə (salləllahu aleyhi və səlləm) Yəməndən aşılanmış dəridən hazırlanmış kisənin içində qızıl külçələr göndərdi. Peyğəmbər (salləllahu aleyhi və səlləm) bu külçələri dörd nəfərin arasında bölüşdürdü. (Bir hissəsini) Uyeynə ibn Bədrə, (ikinci hissəsini) Əqra ibn Habisə, (üçüncü hissəsini) Zeyd əl-Xeylə, dördüncü hissəsini də ya Əlqəməyə, ya da Amir ibn Tufeylə (verdi). Bu vaxt Peyğəmbərin (salləllahu aleyhi və səlləm) əshabələrindən biri dedi: “Bizim bu (qənimətlərə) onlardan daha çox haqqımız çatırdı”. Bu söz Peyğəmbərə (salləllahu aleyhi və səlləm) yetişdikdə o dedi: “Mən göydəki Allahın etibar etdiyi bir adam ola-ola, üstəlik səhər-axşam mənə vəhy nazil olduğu halda siz mənə etibar etmirsiniz?!” Bu vaxt gözləri batıq, almacıq sümükləri (gözlərin altında, çənənin üstündəki yanaq sümüklərinin dik yeri) çıxıq, alnı qabarıq, gursaqqal, başı qırxıq, izarını yuxarı çəkmiş bir adam ayağa qalxıb dedi: “Ya Rəsulullah, Allahdan qorx!” Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: “Vay sənin halına! Məgər mən yer üzündə olan insanların ən təqvalısı deyiləmmi?” Sonra həmin adam dönüb getdi. Bu vaxt Xalid ibn Vəlid dedi: “Ya Rəsulullah, onun boynunu vurummu?” Pey­ğəmbər (salləllahu aleyhi və səlləm) dedi: “Xeyr, ola bilsin ki, o namaz qılan adam olsun.” Xalid dedi: “Nə çox namaz qılan var ki, qəlbən etiqad etmədiyini dilinə gətirir”. Peyğəm­bər (salləllahu aleyhi və səlləm) buyurdu: “Mənə insanların qəlbinə girmək, onların köksünü açmaq əmr edilməmişdir”. Sonra Peyğəmbər (salləllahu aleyhi və səlləm) həmin adamın arxasınca baxıb dedi: “Həqiqətən, bu adamın belindən elə insanlar gələcək ki, onlar Allahın Kitabı­nı məlahətli səslə oxuyacaq, lakin oxuduqları xirtdəklərindən o yana keçməyəcəkdir. Ox öz ovunu dəlib keçdiyi kimi onlar da İslamdan çıxacaqlar”. Deyəsən, Peyğəmbər (salləllahu aleyhi və səlləm) bunu da demişdir ki: “Əgər mən onların (meydana gələcəyi günədək) yaşasam, onları Səmud qəbiləsinin öldürüldüyü kimi, öldürərəm” (əl-Buxari, 4351; Muslim, 2500).

4. Əbu Ğalib Əbu Umamənin (Allah ondan razı olsun) belə dediyini rəvayət edir: Əbu Ğalib rəvayət edir ki, Əbu Umamə belə buyurdu: “Səmanın altında ən şər öldürülənlər və öldürülənlərin ən xeyirliləri onların öldürdükləridir. (Onlar) Cəhənnəm əhlindən olan köpəklər, Cəhənnəm əhlindən olan köpəklərdir. Onlar müsəlman idilər, sonradan kafir oldular”. Mən ona dedim: “Ey Əbu Umamə, bilirsən bu dediyin şey nə deməkdir?!” O dedi: “Bəli, mən bunu Allah Elçisindən (sallallahu aleyhi və səlləm) eşitmişəm” (İbn Macə, 176; əl-Albani səhih oluğunu bildirmişdir).

5. İbn Əbi Əuvfə (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi (salləllahu aleyhi və səlləm) demişdir: “Xavariclər Cəhənnəmin köpəkləridir” (İbn Macə, 173; ət-Tabərani “Mucəmul-Əvsat” 9085, “Mucəmus-Sağir” 1096; İbn Əbu Şeybə, 39039. əl-Albani səhih olduğunu bildirmişdir).

6. İbn Ömər (Allah ondan razı olsun) rəvayət edir ki, bir dəfə Allah Elçisi (salləllahu aleyhi vəsəlləm) belə buyurdu: “Elə cavanlar çıxacaq ki, Quran oxuyacaqlar, lakin oxuduqları xirtdəklərindən aşağı keçməyəcək. Onlardan hər dəstə çıxan kimi məhv ediləcəklər”. İbn Ömər (Allah ondan razı olsun) deyir ki, Allah Elçisini (salləllahu aleyhi vəsəlləm) belə buyurarkən eşitdim: “Hər dəfə buynuz çıxan kimi kəsiləcək. (Onlardan hər dəstə çıxan kimi məhv ediləcək). Bu iyirmi dəfədən çox baş verəcək. Nəhayət onların arasından dəccal çıxacaq” (İbn Macə, 174. əl-Albani həsən olduğunu bildirmişdir).

7. Yezid əl-Fəqir demişdir: “Xəvariclərin fikirlərindən bir fikir qəlbimi coşdurmuşdu. (O zaman) biz həcc etmək, sonra da insanları xəvaricliyə dəvət etmək məqsədilə bir dəstə adamla bərabər yola düşdük. Nəhayət, gəlib Mədinəyə çatdıq. Baxdıq ki, Cabir ibn Abdullah bir dirəyin yanında oturub camaata Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) hədis danışır. Bu əsnada o, cəhənnəmlikləri zikr etdi. (Yəni, tövhid əhlindən Cəhənnəmə düşənlərin nə vaxtsa oradan çıxacaqlarını xəbər verdi). Onda mən ona dedim: “Ey Rəsulullahın səhabəsi! Bu nə (hədisdir) danışırsan?! Axı, Allah buyurur: “Sən Oda saldığın kəsi rüsvay edərsən...” (Ali-İmran, 192)“Hər dəfə onlar oddan çıxmaq istədikdə, yenidən ora qaytarılacaqlar”. (əs-Səcdə, 20). (Buna əsasən) bu danışdıqlarınız nədir?!” (Cabir məndən): “Sən Quran oxuyursanmı?”– deyə soruşdu. Mən: “Bəli!”– deyə cavab verdim. Yenə soruşdu: “Muhəmmədin (salləllahu aleyhi və səlləm) məqamı – yəni Məqami-mahmud – barəsində eşitmisənmi?” Mən: “Bəli!”– deyə cavab verdim. Dedi: “Bu, Muhəmmədin (salləllahu aleyhi və səlləm) həmin təriflənən məqamıdır ki, Allah onun vasitəsilə (Cəhənnəmdən) çıxaracaqlarını çıxaracaq”. Sonra Cabir qıl körpüsünün harada yerləşdiyini və insanların onun üstündən nə cür keçəcəklərini vəsf etdi. Bunları yadda saxlamamış olduğumdan qorxuram. Ancaq onu deyə bilərəm ki, o bunları söyləmişdir: “Bir qrup adam (bir müddət) Cəhənnəmdə qaldıqdan sonra oradan çıxacaqdır. Onlar sanki sim­sim (qara rəngli bitki) çubuqları kimi (qaralmış halda) çıxacaqlar. Sonra Cənnət çaylarından birinə daxil olub orada yuyunacaq və oradan kağız kimi (ağappaq) çıxacaqlar”. Sonra biz (həcc ziyarətindən) geri döndük və (səhv fikirdə olanlara) dedik: “Vay sizin halınıza! Yoxsa o şeyxin (Cabir ibn Abdullahın) Peyğəmbərin (salləllahu aleyhi və səlləm) adından yalan danışdığını güman edirsiniz?!” Beləliklə, biz (xəvariclikdən) vaz keçdik. Vallahi, aramızda bir nəfərdən başqa, xəvaric fikirlərində qalan olmamışdı” (Muslim, 282, 473, 493).

8. Aişə (Allah ondan razı olsun) demişdir: “Allah Elçisi (salləllahu aleyhi və səlləm) xavariclər haqda deyərək buyurdu: “Onlar ümmətimin ən şərliləridir. Çünki ümmətimin xeyirlilərini öldürəcəklər” (İbn Həcər “Ravdatul-Muhəddisin” 2923, İbn Həcər əl-Əsqəlani “Fəthul-Bəri” 12/ 286; əl-Heysəmi “Məcməuz-Zəvaid” 10447).

Sunna.az - saytının rəsmi heyəti tərəfindən hazırlanmışdır.