Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

“Həqiqətən, meyit ailəsinin onun üçün tökdüyü göz yaşına görə əzab olunar” hədisi Qurana ziddirmi?

Şübhə: Əgər hədis hər hansı bir Quran ayəsinə müxalif olarsa, səhihlik dərəcəsindən asılı olmayaraq, o rədd edilməlidir. Misal olaraq “həqiqətən, meyit ailəsinin onun üçün tökdüyü göz yaşına görə əzab olunar” (“Səhih əl-cəmi”, 1970) hədisini qeyd etmək olar. Elə Peyğəmbər xanımı Aişə özü də bu hədisi Uca Allahın “heç bir günahkar başqasının günah yükünü daşımaz” (Fatir, 18) ayəsinə müxalif olduğuna görə rədd etmişdir.

Cavab: Bu şübhəyə bir neçə yöndən cavab vermək olar:
Birincisi, ilk öncə onu qeyd edək ki, əslində, səhih bir hədisin Qurana müxalif olması mümkünsüz bir şeydir. Müxalif kimi görünən bəzi hədislər isə ya səhih deyildir, ya da ki, əslində, aralarında heç bir ziddiyyət yoxdur. Lakin bəzilərinə bu, ziddiyyət kimi görünə bilər və ya kimlərsə bunu məqsədyönlü şəkildə ziddiyyət varmış kimi göstərmək istəyər. Belə hallarda bu işin əhli olan alimlərə müraciət olunmalıdır: “Əgər bilmirsinizsə, zikr əhlindən soruşun!” (əl-Ənbiya, 7) Əks halda, nəinki sünnə ilə Quran arasında, hətta Quranın ayələri arasında da ziddiyyət iddia etmək mümkündür.
İkincisi, Aişə anamız bu hədisi hədis inkarçılarının metodu ilə rədd etməmişdir. O, sadəcə olaraq, hədisin bəzi səhabələr tərəfindən düzgün rəvayət edilmədiyini və hədisdə qeyd olunan əzabın bütün ölülərə deyil, məhz kafirlərə aid olduğunu demişdir.
Üçüncüsü, qeyd edilən hədis sənəd yönündən tam etibarlı hədisdir. Bu hədisi rədd etmək iki yöndən mümkünsüzdür: Birincisi, bu hədis Abdullah ibn Ömərdən (radıAllahu anhumə) səhih sənədlə nəql olunmuşdur. İkincisi, bu hədisi təkcə İbn Ömər (radıAllahu anhumə) rəvayət etməmişdir. Onunla birgə atası Ömər ibn Xattab (radıAllahu anhu) da bu hədisi nəql etmişdir. Həmçinin hədisi onlarla yanaşı Muğirə ibn Şöbə (radıAllahu anhu) də rəvayət etmişdir. Bu hədislərin də hamısı Buxari və Müslimdə yer almaqdadır. Hər halda “hər üç səhabə də xəta edib” bəhanəsilə və ya “hədis Qurana müxalifdir” kimi quru bir iddia ilə bu hədis rədd edilə bilməz. Hədisi “Qurana müxalifdir” bəhanəsilə rədd etmək əvəzinə, hədisi düzgün şəkildə anlamağa və hədislə qeyd edilən ayənin ehtiva etdiyi mənaları cəm etməyə çalışmaq lazımdır.
Dördüncüsü, hədisi düzgün şəkildə anlamaq üçün onu da qeyd edək ki, “həqiqətən, meyit ailəsinin onun üçün tökdüyü göz yaşına görə əzab olunar” hədisində qeyd edilən “göz yaşı tökmək” dedikdə adi formada ağlamaq deyil, məhz ağı demək, sinə vurmaq, yaxa cırmaq və bu kimi şəriətə müxalif əməllər nəzərdə tutulur. Çünki İslam şəriəti ölən biri üçün ağlamağı qadağan etməmişdir. Peyğəmbər ﷺ oğlu İbrahim öldüyü gün ağladıqda əshabı bu barədə ondan soruşmuş, o da cavabında belə demişdir: “Bu, (ağlamağım) mərhəmətin göstəricisidir. Göz yaşarar, qəlb hüznlənər. Lakin Rəbbimizi razı salmayacaq bir kəlmə belə dilimizə gətirmərik. Ey İbrahim, biz sənin ayrılığına çox kədərlənmişik” (Buxari və Müslim). Aişə anamız belə nəql etmişdir: “Allah Rəsulu ﷺ dünyasını dəyişmiş Osman ibn Məzunun (radıAllahu anhu) yanına daxil oldu, onun üzünü açaraq qucaqlayıb öpdü və ağladı. Hətta mən onun yanaqları üzərindən göz yaşlarının axdığını da gördüm” (Beyhəqi, 4/307).
Beşincisi, İslam alimlər bu hədisi iki formada şərh etmişlər:
• Birincisi, bu hədis o meyitə aiddir ki, o öz sağlığında ailəsinin (ağı demək, sinə vurmaq və yaxa cırmaq kimi) şəriətə müxalif əməllər edəcəyini bildiyi halda, onlara öyüd-nəsihət verməmiş və ağlamamalarını onlara vəsiyyət etməmişdir. Bax bu halda onların tökdüyü göz yaşı həmin meyitin əzab görməsinə səbəb olacaqdır. Hədisdə keçən meyit (الميت) ləfzinin önündə olan “əl” (ال) müəyyənlik artiklı “istiğraq” (ümumilik) mənasında deyildir. Yəni hədisdə keçən “meyit” ləfzi ilə özü üçün ailəsinin göz yaşı tökdüyü bütün meyitlər nəzərdə tutulmur. Burada “əl” (ال) müəyyənlik artiklı “əhd” (nəzərdə müəyyən bir şəxsi tutmaq) mənasındadır. Yəni hədisdə keçən “meyit” ləfzi ilə vəfatından sonra ailəsinin şəriətə müxalif əməllər edəcəyini bildiyi halda, onlara nəsihət etməyən meyit nəzərdə tutulur ki, məhz beləsinə ailəsinin tökdüyü göz yaşına görə əzab olunacaqdır. Lakin ailəsinə ağı deməməsi üçün öyüd-nəsihət edən, ələlxüsus, zamanımızda daha çox baş verən və şəriətə müxalif olan əməlləri etməmələri üçün onlara vəsiyyət edən kəslər isə onun üçün tökülən göz yaşlarına görə əzab olunmayacaqdır.
Deməli, bizim bu hədisdən anladığımız birinci məna Nəvəvi kimi görkəmli bir çox alimin izah etdiyi bu qayda əsasındadır. Bunu anladıqdan sonra bizə bəlli olur ki, bu hədislə “heç bir günahkar başqasının günah yükünü daşımaz” ayəsi arasında heç bir ziddiyyət yoxdur. Əgər hədisdə keçən meyit (الميت) ləfzinin önündə olan “əl” (ال) müəyyənlik artiklını “istiğraq” (yəni “özü üçün göz yaşı tökülən hər meyitə əzab olunacaq”) mənasında anlasaq, bu zaman hədis ilə ayə arasında ziddiyyət ortaya çıxır. Yox, əgər hədisi yuxarıda qeyd etdiyim qaydaya əsasən anlasaq, bu zaman heç bir problem və ziddiyyət hasil olmur. Çünki məhz ailəsinə öyüd-nəsihət verməyən, onlara vəsiyyət etməyən kəslərə əzab olunacaqdır. Bu, iddia olunan ziddiyyəti dəf etməkdən ötrü alimlərin qeyd etdikləri birinci şərhdir.
• İkincisi isə şeyxülislam İbn Teymiyyənin bəzi kitablarında qeyd etdiyi şərhdir.(1) Belə ki, o, hədisdə qeyd olunan əzabın qəbir, yaxud axirət əzabı olmadığını, bu əzabın mənəvi bir əzab, yəni acı çəkmək, kədərlənmək mənasında olduğunu demişdir.
Beləcə, biz bu hədisin Quran ayəsinə müxalif olmadığını anlamış oluruq.

(1) İmam Muhəmməd ibn Cərir ət-Tabəri, İbn Qeyyim və Qadı İyad kimi alimlər də bu rəydə olmuşdur. Bax: İbn əl-Vəzir “əl-Əvasim vəl-Qəvasim” 3/188.

Sunna.az - saytının rəsmi heyəti tərəfindən hazırlanmışdır.