Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Quran və Sünnədə cihad anlayışı

Mərhəmətli və Rəhimli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, O, təkdir, şəriki yoxdur. Allahın salamı və salavatı Onun Rəsulu Muhammədə, onun ailəsinə, əshabına və onun yolunu tutub gedənlərin üzərinə olsun.

Bu mövzu günümüzdə bilinməsi ən çox ehtiyac duyulan bir mövzudur. Bu da, Allah yolunda cihad məsələsidir. Cihadın dində məqamı böyükdür. Peyğəmbərimiz (Allahın salamı və salavatı onun üzərinə olsun) demişdir:

«Dinin başı İslam, dirəyi namaz, zirvəsi isə Allah yolunda cihad etməkdir». (Tirmizi 2616, Albani səhih deyib.)

Cihad əzəmətli və şərəfli bir ibadətdir. Alimlər bu ibadətin məsələləri haqda danışıb, onun əhkamlarını Quran və sünnət işığında insanlara bəyan ediblər. Cihadın önəminə görə bu əzəmətli ibadətin əslini alimlər etiqad kitablarında, məsələlərini və təfsilatını isə, fiqh kitablarında zikr ediblər.

Cihadın mənası:

Cihadın lüğəvi mənası: bir insanın gücünü, qüvvəsini hər hansı bir şeyə sərf etməsidir.

Şərii mənası isə: insanın gücünü və taqətini Allahın itaətində sərf etməsidir. Cihadın iki mənası var:

– Ümumi məna;

– Xüsusi məna.

Ümumi məna insanın gücünü və qüvvətini Allahın itaətində sərf etməsidir. Necə ki, Aişə anamız (Allah ondan razı olsun) Peyğəmbərdən (Allahın salamı və salavatı onun üzərinə olsun) soruşur ki, qadınlara cihad vacib deyilmi? Peyğəmbər (Allahın salamı və salavatı onun üzərinə olsun) belə cavab verir:

«Bəli, qadınlara döyüş olmayan cihad vacibdir, o da, həcc və ümrə etməkdir» (İbn Macə 2901,Albani səhih deyib.)

Burada ümumi məna qəsd olunur və cihadın bütün qisimləri buna daxildir.

Xüsusi mənası isə, müsəlmanın düşmənlərə qarşı cihad etməsidir. Burada məqsəd Allahın kəlməsini ucaltmaq üçün müsəlmanın əhdi olmayan kafirlərlə vuruşmasıdır.

Cihadın şəriətdən olmasına dəlillər:

Cihadın şəriətdən olmasına Quran, sünnə və icma dəlalət edir.

Qurani-Kərimdən dəlil olaraq, Allah Təalə buyurur:

«Sizin xoşunuza gəlməsə də cihad sizlərə vacib edildi». (Bəqərə surəsi: 216)

Sünnədən dəlillərdən isə, Peyğəmbər (Allahın salamı və salavatı onun üzərinə olsun) buyurmuşdur:

«İnsanlar Allahdan başqa haqq ilah olmadığına, mənim də Allahın Rəsulu olduğuma iman gətirmədikcə, namaz qılıb zəkatlarını vermədikcə, onlarla vuruşmaq mənə əmr olundu. Əgər bunları edərlərsə, mallarını və qanlarını məndən qorumuş olarlar. Hesabları isə Allaha qalmışdır». (Muslim).

Başqa hədisdə: «Müşriklərlə malınızla, canınızla və dilinizlə cihad edin» – deyilir.

İslam alimləri cihadın şərii əhkamlardan olması haqda icma nəql ediblər.

Cihadın fəziləti:

Cihadın dində yeri böyükdür, məqamı əzəmətlidir. Ona görə də hədisdə dinin zirvəsi adlandırılır. Başqa bir hədisdə isə, İbn Məsud (Allah ondan razı olsun) deyir:

Peyğəmbərdən (Allahın salamı və salavatı onun üzərinə olsun) soruşdum ki, ən üstün əməl hansıdır?

Dedi: «Vaxtında qılınan namaz».

Dedim: Sonra?

Dedi: «Valideynlərlə gözəl davranmaq».

Dedim: Sonra?

Dedi: «Allah yolunda cihad etmək». (Buxari, Muslim)

Bu haqda kifayət qədər dəlillər vardır.

Şeyxul-İslam İbn Teymiyyə (Allah ona rəhmət etsin) demişdir:

“Allah yolunda cihad etmək, alimlərin ittifaqı ilə, bütün nafilə ibadətlərdən: həcdən, ümrədən, nafilə orucdan və nafilə sədəqədən üstündür“. (Məcmuul-fətəva 28/352)

Cihadın mərhələləri:

Cihad haqda gələn dəlillərə baxsaq, görərik ki, bəzisi mütləq olaraq vuruşmağı, bəzisi vuruşanlara qarşı vuruşmağı əmr edir, bəzisi cihada izin verildiyini bəyan edir, bəzi dəlillər isə, səbr edib vuruşmamağı tövsiyə edir. Bu ayələri alimlər cəm edərək deyiblər ki, cihad mərhələlərdən keçərək fərz olunmuşdur. Bu mərhələlər aşağıdakılardır:

Birinci mərhələ: Səbr etmək, dəvət etmək, onları əfv etmək, Allahın dinini yaymaq, kafirlərə qarşı vuruşmamaq.

İkinci mərhələ: Zülm olunanlara vuruşmağa izn verilməsi.

Üçüncü mərhələ: Müsəlmanlara qarşı vuruşan kafirlərlə vuruşmağın əmr olunması.

Dördüncü mərhələ: Allahın dinini yaymaq üçün dəvətin qarşısını kəsən hər bir kafirə qarşı vuruşmağın əmr olunması.

İbn Teymiyyə, İbn Qeyyim və başqa alimlər deyirlər ki, bu mərhələlərin heç biri nəsx olunmayıb (yəni, hökmü ləğv olunmayıb). Bunlar insanların halına görə tətbiq olunur: zəiflik halında birinci mərhələ, güclü halında dördüncü mərhələ tətbiq olunur.

Cihadın növləri:

Alimlər cihadın ümumi mənasında onun beş növü olduğunu zikr ediblər:

1. Nəfslə cihad etmək. Bu, cihadın ən əzəmətli növüdür. O, elm öyrənməklə, ona əməl edib, sonra ona dəvət etməklə və bu yolda səbr etməklə olur.
2. Şeytana qarşı cihad etmək. Onun verdiyi vəsvəsələrdən: şübhələrə qarşı elmlə, şəhvətlərə qarşı isə təqva ilə cihad etmək lazımdır.
3. Bidətə və bidət əhlinə, eyni zamanda pis əməl sahiblərinə qarşı cihad etmək. Bu sinif insanlara qarşı cihad haqqı bəyan etməklə, yaxşılığı əmr edib, pislikdən çəkindirməklə olur.
4. Kafirlərə qarşı mal, qəlb, dil və can ilə cihad etmək.
5. Münafiqlərə qarşı mal, qəlb, dil və can ilə cihad etmək.
Bunlardan üçüncü və beşinci alimlərə aid olan cihaddır. Hər adamın edəcəyi cihad deyil. Çünki, bu iki növ elm tələb edən bir cihaddır.

O ki qaldı xüsusi məna ilə qəsd olunan cihada, bu da, iki yerə bölünür :

1. Müdafiə cihadı: Əgər kafirlər müsəlmanlara hücum edərsə, bu zaman müsəlmanların özlərini müdafiə etməsi «müdafiə cihadı» adlanır.
2. Tələb cihadı: Yəni, müsəlmanların kafirlərin İslamı qəbul etmədikləri üçün onlarla onların ölkələrində vuruşmaları, onların torpaqlarını fəth etmələridir.


Cihad nə vaxt “fərz ayn” (hər kəsə fərz) olur?

Cihad ümumi mənada fərzdir, hər kəs Allahın itaətində gücü yetəni etməlidir.

Amma xüsusi mənada isə, hökmü “fərz kifayədir”. Yəni, bir toplum onu yerinə yetirərsə, başqalarının boynundan günah düşər. Çünki, Peyğəmbər (Allahın salamı və salavatı onun üzərinə olsun) bəzi hallarda müəyyən bir yerə ordu göndərərdi, amma özü onlarla getməzdi. Əgər hər kəsə fərz olsaydı, onda özü heç bir döyüşdən qalmazdı.

Lakin bəzi hallarda cihad hər kəsə fərz olur. Bunlar aşağıdakı hallardır:

1. Əgər dövlət başçısı ümumi səfərbərliyi əmr edərsə.
2. Əgər düşmənlə üz-üzə gələr və kafirlərin sayı müsəlmanların sayından iki dəfədən çox olmazsa. Çünki, döyüş meydanından qaçmaq böyük günahlardandır.
3. Əgər kafir qəflətən müsəlman ölkəsinə hücum edərsə, o zaman bu ölkənin əhalisinə fərzdir ki, düşmənin qarşısına çıxsın. Döyüş meydanından qaçmaq onlara icazəli deyil.
4. Əgər müəyyən şəxslərə ehtiyac olarsa, onIara cihad fərz olur. Məsələn, müəyyən silahları istifadə etməyi bilən zabitlər, təyyarəçilərə fərzdir ki, iştirak etsinlər.


Cihadın şərtləri:

1. Müsəlman olmaq;
2. Ağıl sahibi olmaq. Dəliyə cihad yoxdur.
3. Həddi buluğa çatmaq. Uşaqlara cihad yoxdur.
4. Kişi olmaq. Qadınlara cihad vacib deyil.
5. Azad insan olmaq. Qula cihad vacib deyil.
6. Bədən üzvlərinin salamat olması. Şikəstə, kora cihad yoxdur.
7. Minik və silah almağa gücü çatması. Eyni zamanda, ailəsinə azuqə tərk etməyə imkanı olması.
8. Valideynlərinin izin verməsi. Onların izni olmadan cihada getmək olmaz.
9. Əgər borcludursa, borc sahibindən izin almaq.


Cihadın ümumi qaydaları:

1. İxlas, yəni məqsədi Allahın kəlməsini ucaltmaq olmalıdır.
2. Cihad əmr sahibinin (dövlət başçısının) izni ilə olmalıdır. Kimsə öz başına ordu yaradıb döyüşə bilməz.
3. Müsəlmanlarda kafirlərə qarşı savaşacaq güc-qüvvətin olması. Əgər güc yoxdursa, cihad etmək olmaz.
4. Şərii bayraq altında olmalıdır. Elmi bayraq yaxud təəssübkeşlik bayrağı altında olan cihad deyil.
5. Bütün ibadətlərdə olduğu kimi cihadda da şərtlərin yerinə yetməsi və maneələrin aradan qalxması lazımdır.


Kimlərlə döyüşmək olmaz?

1. Əhd bağlanmış kafirlərlə döyüşmək olmaz.
2. Müsəlman ölkəsinə iznlə daxil olan kafirlərlə vuruşmaq olmaz. Günümüzdə viza ilə müsəlman ölkəsinə gələn kafirlər də bu qismə aiddir.
3. Müsəlman ölkəsində yaşayan, kitab əhlindən olan “zimmi”lərlə vuruşmaq olmaz.
4. Uşaqları, qadınları, yaşlı insanları, rahibləri öldürmək olmaz.
5. İslam dəvəti çatmamış kəslərlə də savaşmaq olmaz. İlk öncə dəvət etmək şərtdir.
Sonda Allahın salamı və salavatı Peyğəmbərin, onun ailəsinin və əshabının üzərinə olsun.

Mənbə: Şeyx Misad Huseyninin 04.01.2019 tarixində Mədinə şəhərindəki Xəndək məscidində verdiyi “Quran və Sünnədə cihad” adlı mühazirəsindən.

İxtisarla tərcümə etdi: Emin Hacıyev.