Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Müshəfi öpməyin hökmü

Sual: Müshəfi (yəni Quran kitabını) öpməyin hökmü nədir?

Cavab: Belə etiqad edirik ki, bu məsələ “Sonradan ortaya çıxan yeniliklərdən həzər edin! Çünki sonradan dinə salınan hər bir əməl bidət, hər bir bidət isə zəlalətdir” (1) hədisinin ümumi hökmünə daxildir. Digər hədisdə isə “Hər zəlalət də Cəhənnəm odundadır” (2) əlavəsi mövcuddur. Əksər insanların bu kimi məsələlərdə özlərinə xas xüsusi bir mövqeyi olur. Onlar, adətən, belə deyirlər: “Burda pis nə var ki? Müshəfi öpmək yalnız və yalnız Qurana qarşı təzimin və hörmətin bir göstəricisidir”. Biz isə cavabında onlara belə deyirik: Tamamilə doğru söyləyirsiniz. Bu əməl Qurana qarşı təzimin və hörmətin bir əlamətidir. Lakin, görəsən, İslamın ilk nəsli, yəni Peyğəmbərin əshabı, habelə tabiinlər(3) və ətbəut-tabiin(4) Qurana qarşı olan bu təzim və hörmətdən qafil idilər? Şəkk yoxdur ki, bu sualın cavabı sələf alimlərinin dediyi kimi olacaqdır: “Əgər bu əməl xeyirli bir əməl olsaydı, onlar bizdən öncə bunu edərdilər”.
Bu məsələnin bir yönü. Digər yönü isə belədir: Hər hansı bir şeyi öpməyin əsli hökmü nədir? Halal, yoxsa haram? Bu məqamda Buxari və Müslimin “Səhih” əsərlərində rəvayət etdikləri bir hədisi qeyd etmək lazımdır. Bununla da öyüd almaq istəyən öyüd alar, habelə günümüzün müsəlmanlarının saleh sələflərindən, onların fiqhindən və önlərinə çıxan məsələləri həll etmə metodundan nə dərəcədə uzaq olduqlarını anlayar.
Sözügedən hədis budur: Abis ibn Rabia deyir ki, mən Ömər ibn Xattabı (radıyallahu anhu) Qara daşı öpərkən gördüm. O, Qara daşı öpərkən belə deyirdi: “Mən bilirəm ki, sən, sadəcə olaraq, bir daş parçasısan, nə zərər, nə də xeyir verə bilərsən. Əgər Peyğəmbərin səni öpdüyünü görməsəydim, əsla səni öpməzdim”. (5) Elə isə Faruqun(6)Əgər Peyğəmbərin səni öpdüyünü görməsəydim, əsla səni öpməzdim” sözünün mənası nədir?! Səhih bir hədisdə də ifadə edildiyi kimi, “Qara daş Cənnətdəndir”. (7) Bəs Ömər ibn Xattab (radıyallahu anhu) Qara daşı nə üçün öpdü? Məgər onu özünün icad etdiyi hər hansı bir fəlsəfi fikrə görə mi öpdü? Sualda qeyd edildiyi kimi, “Quran Allahın kəlamıdır, ona görə də biz onu öpürük” deyən kəslər kimi, o da “Qara daş müttəqilərə vəd olunan Cənnətdən gələn bir daşdır, ona görə də mən onu öpürəm və onu öpməyin icazəli olması üçün də Peyğəmbərdən ﷺ hər hansı bir hədisə ehtiyac duymuram” deyərəkmi öpdü? Yoxsa, günümüzdə bəzi insanların demək istədiyi kimi, bu cür cüzi məsələlərdə belə bizim təbliğ etdiyimiz və “sələfi-məntiq” adlandırdığımız məntiq ilə hərəkət etdi? “Sələfi-məntiq” dedikdə Peyğəmbərə ﷺ və Qiyamət gününə qədər onun yolu ilə gedənlərə tabeçilikdə ixlaslı olmaq nəzərdə tutulur. Bax Ömərin (radıyallahu anhu) mövqeyi bu idi. O: “Əgər Peyğəmbərin səni öpdüyünü görməsəydim, əsla səni öpməzdim”, – deyirdi.
Deməli, bu kimi məsələlərdə əsli hökm budur ki, gərək biz bizdən öncəki saleh nəsillərin tətbiğatına uyğun hərəkət edək və bayaq vurğuladığım kimi, “bu, yaxşı əməldir, burda pis nə var ki?!” deyərək hökm verməyək. Gəlin birlikdə Zeyd ibn Sabitin (radıyallahu anhu) mövqeyini xatırlayaq. Əbu Bəkr və Ömər (radıyallahu anhu) ona Quranın hifzi üçün onu bir kitab halında toplamağı təklif etdikdə necə hərəkət etdi? O belə dedi: “Peyğəmbərin ﷺ etmədiyi bir şeyi necə edirsiniz?” Bu gün müsəlmanlar dinlərində bu cür bir fəhmə əsla sahib deyildirlər.
Əgər sən müshəfi öpən birinə: “Peyğəmbərin ﷺ etmədiyi bir şeyi necə edirsən?” desən, sənə çox qəribə cavablar verər. Məsələn, “ey qardaşım, burda pis nə var ki? Bu, Qurana qarşı hörmətin əlamətidir”, – deyər. Bunu deyənə belə cavab ver: “Ey qardaşım, bu söz sənin öz əleyhinədir. Məgər Allah rəsulu ﷺ Qurana hörmət etmirdi? Şübhəsiz ki, o, Qurana hörmət edirdi, buna rəğmən, onu öpməzdi.
Bəzən isə belə deyirlər: “Sən bizim müshəfi öpməyimizə qarşı çıxdığın halda, özün maşına minirsən, təyyarə ilə səfər edirsən, bu şeylər bidətdirmi?” Bu sözə belə cavab verilər: Zəlalət olan bidət məhz din ilə əlaqəli sonradan ortaya çıxan şeylərdir. Dünyəvi işlərə gəldikdə isə bayaq qeyd etdiyimiz kimi, bu kimi işlər icazəli də ola bilər, haram da. Bu, məlum bir şeydir, buna dair heç misal çəkməyə də ehtiyac yoxdur. Həcc etmək üçün bir insanın təyyarəyə minərək Allahın evi Kəbəyə doğru səfər etməsi şəkk yoxdur ki, icazəlidir. Gəzmək və ziyarət qəsdi ilə bir insanın təyyarəyə minərək qərbə (avropaya) səfər etməsi isə, şəkk yoxdur ki, asilikdir.
Lakin təəbbüdü olan (din ilə bağlı) əməllərə gəldikdə isə bunu edənə “nə üçün edirsən?” deyə sual verilsə, deyəcək ki, Allaha yaxınlaşmaq qəsdi ilə edirəm. Elə isə cavab olaraq deyirəm: Bilmək lazımdır ki, Uca Allaha yalnız Onun Özünün təyin etdiyi formada yaxınlaşmaq mümkündür.
Lakin bu məqamda mən bir məsələni qeyd etmək istəyirəm. Qeyd edəcəyim məsələ, zənnimcə, “hər bidət zəlalətdir” qaydasının təsis edilməsi və gücləndirilməsi üçün çox önəmlidir. Qəti şəkildə bilmək lazımdır ki, din ilə bağlı bu kimi məsələləri ağılın gözəl görüb-görməməsinin heç bir əhəmiyyəti yoxdur! (8)
Sələflərdən bəziləri belə deyərdi: “Bir bidət ortaya çıxdıqda onun müqabilində bir sünnə aradan qalxar”. Şəxsən mən özüm dində sonradan ortaya çıxmış (insanlar tərəfindən uydurulmuş) əməlləri daima izlədiyimə görə bu sözün gün kimi aydın bir həqiqət olduğunun fərqindəyəm və bilirəm ki, bu kimi əməllər əksər hallarda Peyğəmbərin ﷺ sünnəsinə necə müxalif olur.
Həqiqi elm və fəzilət əhli kəslər Quran oxumaq üçün müshəfi əllərinə götürdükdə sən onları heç vaxt onu öpən görməzsən. Lakin onlar müshəfin içindəkilər ilə əməl edərlər. Emosiyalarının həddi-hüdudu olmayan avam insanlar isə “burda pis nə var ki?” deyərlər, lakin özləri müshəfin içindəkilər ilə əməl etməzlər. (Deməli, Allahın kitabı Qurana hörmət onu ələ götürdükdə öpüb göz üstünə qoymaqla ölçülmür. Qurana qarşı həqiqi təzim onun buyuruqlarına əməl etməkdir). Elə isə biz də bu qaydanı təkrar edirik. Bəli, həqiqətən də, bir bidət ortaya çıxdıqda onun müqabilində bir sünnə aradan qalxar. (Yəni sanki “Qurana əməl etmək” sünnəsini “müshəfi öpmək” bidəti əvəz edib).
Bu bidətin bənzəri digər bidət də budur: Biz azanı eşitdikdə ayağa qalxan insanları görürük. Hətta bunu qəlblərində iman qalıntısı qalan fasiqlər belə edir. Əgər onlara: “Nə üçün ayağa qalxırsınız?” deyə sual versəniz, sizə belə cavab verəcəklər: “Uca Allaha təzim üçün!” Bunu deyən həmin şəxslər namaz vaxtı məscidə getmir, əksinə, oturub nərd, şahmat və bu kimi oyunlar oynayırlar. Lakin elə zənn edirlər ki, azanı eşitdikdə ayağa qalxmaqla Uca Allaha təzim etmiş olurlar. Bu əməlin mənbəyi nədir? Təbii ki, bu əməlin mənbəyi əsli olmayan uydurma bir hədisdir. Həmin hədis budur: “Azanı eşitdikdə ayağa qalxın!” (9)
Onu qeyd edək ki, bu hədisin əsli var, lakin həmin hədis bəzi zəif və yalançı ravilər tərəfindən təhrif edilmişdir. Əslində, hədis bu cürdür: “Azanı eşitdikdə müəzzinin dediklərini siz də deyin, sonra da mənim üçün dua edin...”. Bunlar isə hədisi qısaltmış və hədisdə keçən “deyin” əmrini “ayağa qalxın” əmri ilə əvəz etmişlər.(10) Fikir verin, görün şeytan insana bidəti (xurafatları) necə gözəl göstərir və onu inandırır ki, o, Uca Allahın buyuruqlarına hörmətlə yanaşan mömin bir bəndədir. Çünki o, müshəfi əlinə aldıqda onu öpür və azanı eşitdikdə ayağa qalxır. Görəsən, o, Qurana əməl edirmi? Xeyr, Qurana əməl etmir. Ola bilsin ki, namaz qılır, lakin haram yemirmi, sələmçiliklə məşğul olmurmu, insanlar arasında Allaha qarşı asiliklərin artmasına səbəb olan şeyləri yaymırmı? Bu kimi çox suallar vermək olar. Bu səbəbdən də biz Uca Allahın təyin etdiyi ibadətlərdə, itaətlərdə həddi aşmaz və onlara bir kəlmə belə əlavə etmərik. Çünki hal-vəziyyət Peyğəmbərin ﷺ dediyi kimidir: “Uca Allahın əmr etdiyi hər şeyi əskiksiz bir şəkildə sizə əmr etdim”.(11)
Sual olunur: Sən etdiyin bu əməllə Uca Allaha yaxınlaşmaqmı istəyirsən? Əgər cavab “bəli” olarsa, o zaman Peyğəmbərin ﷺ belə etdiyinə və ya bunu əmr etdiyinə dair dəlil tələb olunar. Əgər deyilsə ki, bu barədə bir dəlil yoxdur, bu zaman belə deyilər: Dəlili olmayan hər əməl bidət, hər bidət isə zəlalət sayılır. Hər zəlalət də Cəhənnəm odundadır. Heç kəs bu deyilənləri təəccüblə qarşılayaraq “bu cür bəsit bir məsələ necə zəlalət sayıla bilər və bu cür sadə bir əməli edən şəxs necə Cəhənnəmə vasil ola bilər?” deməsin. İmam Şatibi bu məsələyə “nə qədər kiçik olursa-olsun, hər bir bidət zəlalətdir” deyərək cavab vermişdir. Hər hansı bir bidətə “zəlalət” hökmü verildikdə bidət olan həmin əməlin özünə baxılmaz. Əksinə, bu hökm verildikdə həmin bidətin ortaya çıxdığı yerə diqqət edilər. Bəs bu yer haradır? Cavab: Həmin yer İslam şəriətidir. O İslam ki artıq Uca Allah tərəfindən tamamlanmışdır və heç kəsin bu dinə kiçik və ya böyük hər hansı bir xurafat əlavə etməsinə haqqı yoxdur. Bax hər bidətin zəlalət olmasının səbəbi məhz budur. Xülasə, bidət mücərrəd olaraq sonradan uydurulmuş bir əməl olduğuna görə deyil, “Allah və Peyğəmbərinin ﷺ dində naqis buraxdığı bir şeyi bidət olan əməllər tamamlayar” mənasını verdiyinə görə zəlalət sayılmaqdadır.(12)
Qeyd: Məqalə imam Albaninin “Keyfə yəcibu aleynə ən-nufəssira əl-Quran əl-Kərim?” adlı risaləsindən götürülmüşdür.

(1) “Səhih ət-tərğib vət-tərhib”, 1/92, 34-cü rəvayət.
(2) “Salətut-Təravih”, səh.75
(3) Tabiin dedikdə səhabədən sonrakı nəsil nəzərdə tutulur.
(4) Ətbəut-tabiin dedikdə tabiindən sonrakı nəsil nəzərdə tutulur.
(5) “Səhih ət-tərğib vət-tərhib”, 1/94, 41-ci rəvayət.
(6) Faruq – Ömər ibn Xattabın (radıyallahu anhu) ləqəbi idi. Mənası, haqqı batildən ayıran deməkdir.
(7) “Səhih əl-cəmi”, 3174
(8) Çünki şəriətlə bağlı məsələlər ağılla deyil, nass – Quran və sünnə ilə təyin edilir. Ola bilsin ki, şəriətin təyin etdiyi hər hansı bir məsələni ağıl dərk edə bilməsin. Buna misal olaraq dəstəmaz zamanı ayaq geyiminin üstünə məsh etməyi misal göstərmək olar. Bu səbəbdən də səhabə Əli ibn Əbu Talib (radıyallahu anhu) belə demişdir: “Əgər din mücərrəd ağıl və rəy ilə olsaydı, o zaman ayaqların (yəni corabların) altına məsh çəkmək üstünə məsh çəkməkdən daha düzgün olardı. Lakin mən Peyğəmbəri ﷺ məhz corablarının üstünə məsh çəkən gördüm” (İbn Əbi Şeybə “əl-Müsənnəf” 1/181, Əbu Davud, 162 və 164, İbn Həcər əsərin səhih olduğunu qeyd etmişdir. Bax: “Ət-Təlxisul-habir” 1/160).
(9) “Silsilə əd-daifə”, 711
(10) Hədisin mətni belədir: “...إذا سمعتم الاذان فقولوا” (izə səmitumul-əzən fə-qulu), yəni “azanı eşitdikdə müəzzinin dediklərini deyin”. Bunlar isə hədisi bir hərf dəyişməklə, yəni “ləm” hərfini “mim” hərfi ilə əvəz etməklə bu formada təhrif etmişlər: “إذا سمعتم الاذان فقوموا” (izə səmitumul-əzən fə-qumu), yəni “azanı eşitdikdə ayağa qalxın!”.
(11) Hədis səhihdir. Bax: “Silsilə əs-səhihə”, 1803
(12) İmam Malik demişdir: “Kim İslam dinində bir bidət ortaya çıxarsa və həmin bidəti gözəl görsə, bununla o, Muhəmmədin ﷺ öz risalətinə (şəriətinə) xəyanət etdiyini iddia etmiş olar. Çünki Uca Allah “bu gün sizin üçün dininizi tamamladım” (əl-Maidə, 3) buyurur. O gün (yəni Peyğəmbərin ﷺ zamanında) dindən olmayan bir şey bu gün də dindən ola bilməz” (Şatibi, “əl-İtisam” 1/28 və ya 64).

Sunna.az - saytının rəsmi heyəti tərəfindən hazırlanmışdır.