Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

İmam Ömərin Abbas vasitəsilə (Allah onların hər ikisindən razı olsun!) təvəssül etməsi və bu şübhənin cavabı

«Ömər ibn Xəttab (Allah ondan razı olsun!) quraqlıq baş verəndə Abbas ibn Əbdülmüttəlibdən yağış yağması üçün dua etməsini istəyərək demişdir: «Ilahi, biz Sənə öz Peyğəmbərimiz vasitəsilə təvəssül edirdik, bizə yağış göndərirdin. İndi isə biz Sənə Peyğəmbərimizin əmisi vasitəsilə təvəssül edirik, bizə yağış bəxş elə! (Ənəs) deyir ki, bundan sonra yağış yağdı» (Buxarı).
Bəzi insanlar bu hədisi səhv başa düşərək iddia edirlər ki, Ömər (Allah ondan razı olsun!) Abbasın (Allah ondan razı olsun!) hörməti, onun Allah dərgahında məqamı ilə təvəssül etmiş, sanki öz duasında Abbasın adını hörmət əlaməti olaraq zikr etmiş və Allahdan Abbasın xətir-hörmətinə görə yağış yağdırmasını rica etmişdir.

Onların bu iddiaları səhvdir və aşağıda göstərilən dəlillər baxımından onların arqumentləri məqbul deyildir:

Birincisi: İslam şəriətinin mühüm qaydalarına əsasən, şəriət mətnləri bir-birini izah edir, hər hansı bir mövzuya aid hər hansı bir məsələni bu mövzuda olan başqa mətnlərdən ayrılıqda başa düşmək olmur. Buna əsasən, Ömərin yuxarıda göstərilən təvəssülü təvəssül barədə toplanıb tədqiq edilmiş və səhihliyi sübuta yetirilmiş başqa hədislərlə birlikdə başa düşülməlidir. Biz öz müxaliflərimizlə bir məsələdə razıyıq ki, Ömərin «Biz Sənə Peyğəmbərimiz vasitəsilə təvəssül edirdik, indi isə Sənə Peyğəmbərimizin əmisi vasitəsilə təvəssül edirik» cümləsində nəzərdə tutulan təvəssülün həqiqətini aydınlaşdırmaq, müəyyənləşdirmək lazımdır. Müxaliflərin fikrincə burada nəzərdə tutulan təvəssül zat (şəxsiyyət) ilə olan təvəssüldür və ifadə bu cür səslənməlidir: «Biz Sənə Peyğəmbərimizin zatı ilə, hörməti ilə təvəssül edirdik, indisə biz Sənə Peyğəmbərimizin əmisinin zatı, hörməti ilə təvəssül edirik». Bizim fikrimizcə isə, burada «dua» sözü işlənməlidir, yəni: «Biz Sənə Peyğəmbərimizin duası ilə təvəssül edirdik, indisə biz Sənə Peyğəmbərimizin əmisinin duası ilə təvəssül edirik».
Deyilənləri tam aydınlığı ilə başa düşmək, bu iki mənadan hansının düzgün olduğunu bilmək üçün sünnəyə əsaslanmalıyıq ki, möhtərəm əshabələrin Peyğəmbərin sağlığında onun vasitəsilə necə təvəssül etdiklərini öyrənək.
Görəsən, səhabələr quraqlıq və aclığa məruz qaldıqda necə hərəkət edirdilər? Uca Allaha əl açıb: «İlahi, Peyğəmbərin Məhəmmədlə, onun Sənin yanında olan hörməti, dərgahında tutduğu yeri, məqamı ilə Sənə yönəlirik, bizə yağış bəxş elə!» - deyərək dua edirdilər, yoxsa birbaşa Peyğəmbərin yanına gəlib onlar üçün Allah-təalaya dua etməsini rica edirdilər ki, Peyğəmbər də onların istəyini yerinə yetirib, Rəbbinə dua etsin və yağış yağdırana qədər Ona yalvarsın?!
Birinci məsələyə dair səhih heç bir dəlil yoxdur. Heç kəs bu haqda, yəni səhabələrin öz dualarında Peyğəmbərin adını çəkməklə, Allaha Peyğəmbərin haqqı ilə və Onun dərgahında olan yeri, məqamı vasitəsilə dua etdiklərinə dair heç bir səhih, sabit dəlil gətirə bilməz. Hədis kitablarında daima rast gəldiyimiz isə məhz ikinci məsələdir. Yəni səhabələrin Peyğəmbərlə olan təvəssülü belə idi: Onun yanına gələr və birbaşa ondan Rəbbbinə onlar üçün dua etməsini xahiş edərdilər.
Hətta buna Qurani-Kərimdə də işarələr vardır. Məsələn Uca Allahın bu kəlamı kimi: «Onlar özlərinə zülm edib dərhal sənin yanına gələrək Allahdan bağışlanmaq diləsəydilər və Peyğəmbər də onlar üçün bağışlanmaq istəsəydi, onlar Allahın tövbələri qəbul edən və mərhəmətli olduğunu görərdilər» (ən-Nisa, 64).
Dediklərimizə misal olaraq Aişə anamızın (Allah ondan razı olsun!) rəvayət etdiyi hədisi də qeyd etmək olar: «Adamlar Allahın Peyğəmbərinə quraqlıqdan şikayət etdilər. Onun əmri ilə müsəllada (namaz qılmaq üçün açıq yer – tərc.) minbər quruldu. Peyğəmbər adamlara bir gün namaz qılmaq üçün onlarla birgə müsəllaya çıxacağını vəd etdi. Bir gün günəş batana yaxın Peyğəmbər minbərə qalxdı, təkbir gətirdi, Allaha şükür və təriflər oxudu və sonra belə dedi: Siz torpaqlarınızla quraqlıqdan, yağışın vaxtında yağmadığından şikayət etdiniz. Allah sizlərə Ona dua etməyi əmr etmiş və sizə cavab verəcəyini vəd etmişdir». Hədisdə qeyd edilir ki, Peyğəmbər Rəbbinə dua etdi, camaatla birgə namaz qıldı. Allah-təala onlar üçün o qədər yağış yağdırdı ki, sel əmələ gəldi, camaat qaça-qaça evlərinə dağılışdılar. Peyğəmbər bərkdən gülüb dedi: «Allah, doğrudan da, hər şeyə qadirdir, mən isə Allahın qulu və elçisiyəm» (Əbu Davud səhih isnadla rəvayət etmişdir).

İkincisi: Deməli, Ömərin (Allah ondan razı olsun!) «Ilahi, biz Sənə Peyğəmbərimiz vasitəsilə təvəssül edirdik, Sən də bizim üçün yağış yağdırırdın» sözünün mənası belədir: Yəni, məsələn, quraqlıq və s. kimi hallarda Peyğəmbərin yanına gedib ondan Qadir Allaha bizim üçün dua etməsini rica edirdik. Bunu tamamilə təsdiqləyən və aydınlaşdıran isə Ömərin (Allah ondan razı olsun) bu sözləridir: «Indisə biz Sənə Peyğəmbərimizin əmisi vasitəsilə təvəssül edirik, bizə yağış göndər». Yəni Peyğəmbərimizin vəfatından sonra biz Peyğəmbərin əmisi Abbasın yanına gəlib ondan dua etməsini rica edirik ki, Rəbbimiz bizə yağış göndərsin.
Bu məqamda sual olunur: Əgər Ömərin sözünün mənası Peyğəmbərin duası ilə deyil, xətir-hərməti ilə təvəssül olsaydı, o zaman, görəsən, nə üçün Ömər (Allah ondan razı olsun!) Peyğəmbəri qoyub Abbasla təvəssül etdi? Halbuki o bilirdi ki, Abbasın hörməti və Rəbbi dərgahındakı məqamı necə olursa-olsun, Peyğəmbərin məqamı ilə heç cür müqayisəyə belə gəlməz!
Həmçinin, onu da qeyd edək ki, əgər Ömərin sözünün mənası Peyğəmbərin duası ilə deyil, xətir-hərməti ilə təvəssül olsaydı, o zaman, Ömərin “Biz Peyğəmbərin sağlığında onunla, indi isə (yəni vəfatından sonra) onun əmisi ilə Sənə təvəssül edirik!” sözünün bir mənası olmazdı. Çünki Peyğəmbərin vəfatı heç də onun xətir-hörməti ilə təvəssül etməyə maneə yaratmır. Elə təkcə bu fakt öz-özlüyündə sübut edir ki, burada nəzərdə tutulan təvəssül məhz Peyğəmbərin və ya saleh bir insanın duası ilə olan təvəssüldür. Çünki Peyğəmbərin vəfatından sonra onun duası ilə təvəssül etmək mümkün deyildi. Belə ki, onların Peyğəmbərin yanına gedib öz vəziyyətlərini ona izah etmələri, ondan dua etməyi istəmələri imkan xaricində idi.

Üçüncüsü: Bəzi səhih rəvayətlər imam Ömərin məqsədini, sözünün mənasını açıqlayır. Belə ki, İbn Həcər əl-Əsqəlaninin «əl-Fəth əl-Bəri» əsərində (3/150) irəli sürdüyü fikir də bu qəbildəndir. O belə yazır: «Zubeyr ibn Bəkkar «əl-Ənsab» əsərində bu hadisədə Abbasın etdiyi duanı qeyd etmiş və öz sənədi ilə rəvayət etmişdir ki, Ömər Abbasdan yağış yağması üçün dua etməsini istədikdə Abbas belə demişdir: «Ilahi, bəla yalnız günaha görə baş verir, yalnız tövbə ilə dəf edilir. Sənin Peyğəmbərinə yaxınlığıma görə camaat mənim vasitəmlə Sənə üz tutmuşdur. Bu, günahlarımızla Sənə uzatdığımız əllərimizdir və tövbə ilə Sənə sığınmağımızdır. Bizə yağış göndər!» Beləcə Göydən gur yağış yağmağa başladı”.
Bu hədisdən də aydın olur ki, Ömərin təvəssülü, Abbasın (Allah ondan razı olsun!) zatı (özü) ilə deyil, onun duası ilədir. Bu, Ömərin təvəssülünün Abbasın duası ilə deyil, onun zatı ilə həyata keçirildiyini iddia edənlərə açıq-aydın cavabdır.


Sunna.az - saytının rəsmi heyəti tərəfindən hazırlanmışdır.