Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Sufilərin (quburilərin) şübhələrinə cavab silsiləsi - 5

Bidət əhli deyir: İbrahim peyğəmbər oda atıldığı zaman Cəbrail onun yanına gəlib deyir: “Mənə bir ehtiyacın varmı?” İbrahim peyğəmbər: ”Xeyr” deyir. Bu hadisə Allahdan qeyrisindən kömək istənilməyin şirk olmamasına dəlildir. Əgər əksi olsaydı, Cəbrail bu sözləri deməzdi.

Cavab: əl-Əcluli demişdir: "İbrahim peyğəmbər oda atıldığı zaman dedi: "Onu mənim halımı bilməsi mənim Ondan istəməməyimə bəs edir". ("Kəşf əl-Xəfə" 1136). İmam əl-Bəğavi əl-Ənbiya surəsinin təfsirində bunu belə rəvayət etmişdir: "Kəb əl-Əhbərdən rəvayət edilmişdir ki, İbrahim (ona salam olsun) oda atıldğı zaman belə dedi: "Səndən başqa ibadət olunmağa haqqı olan heç bir məbud yoxdur. Sən nöqsanlardan təmizsən, Sən aləmlərin Rəbbisən. Həmd Sənədir! Mülk Sənindir. Sənin heç bir şərikin yoxdur". Sonra isə onu mancalaqla oda atdılar və onu göydə ikən Cəbrail qarşıladı və ona belə dedi: "Ey İbrahim! Sənin nəyəsə ehtiyacın varmı?" İbrahim ona cavabında dedi: "Mənim sənə heç bir ehtiyacım yoxdur". Sonra Cəbrail ona dedi: "O zaman Rəbbindən kömək dilə!" İbrahim belə dedi: "Onun mənim halımı bilməsi, mənim Ondan istəmək ehtiyacımı aradan qaldırmışdır". İmam əl-Bəğavinin gətirdiyi digər rəvayətdə deyilir: "İbrahim belə dedi: "Allah mənə bəs edər. O, nə gözəl qoruyandır". Nəmrud onu oda atmaq istədikdə, su xəzinələrinin nəzarətçisi olan bir mələk ona dedi: "İstəsən bu odu, mən söndürüm?" İbrahim dedi: "Allah mənə bəs edər, O, nə gözəl qoruyandır". Sonra isə küləklərin gözətçisi gələrək ona dedi: "Əgər istəsən mən bu odu havaya qaldıraram". İbrahim ona cavab olaraq dedi: "Mənim sizə ehtiyacım yoxdur. Allah mənə bəs edər, O, nə gözəl qoruyandır". (əl-Bəğavi “əl-Ənbiya surəsinin 68-ci ayəsinin təfsiri”). Şeyx əl-Albani demişdir: "Bu rəvayətlərin əsli yoxdur. Bunu bəzi kəslər İbrahimin (ona salam olsun) sözü kimi gətirirlər. Bu, İsrailiyyatdan olan rəvayətdir və onun heç bir əsli yoxdur. Həmçinin yüksək hədis dərəcəsinə də çatmamışdır. İmam əl-Bəğavi bunun zəif rəvayət olmasına işarə etmək üçün termin olaraq orada "belə rəvayət edilir ki," deyərək qeyd etmişdir. Hədis alimləri bir hədisin zəif və ya əsli olmadığını və qəbul edilmədiyini göstərmək üçün bəzi terminlərdən istifadə edirlər. Bu terminlərdən biri də "ruviyə" - "belə rəvayət edilir ki" terminidir. Bu, əsli olmayan uydurma bir rəvayəti bəzi bidət əhli özləri üçün hikmət mənbəyi və təriqətlərinin ən böyük yolu olaraq tutmuşlar. Onlara deyildikdə ki, Allahdan istə, onlar bunu özləri üçün böyük bir azğınlıq və bu sözün böyük bir təhqir olduğunu qəbul edirlər. Onlar deyirdilər ki, “sənin Allahdan ona yalvararaq hər hansısa bir ehtiyacını istəməyin Allaha ittihamdır, çünki sən Allahdan ehtiyacını istədiyin zaman, sanki demiş olursan ki, Allah mənim ehtiyacımı bilmir”. Allaha and olsun ki, bu, onların düşmüş olduqları ən böyük azğınlıqdır. Şeytan onları səhih olmayan bir rəvayətlə bu dərəcədə azdırmışdır. Məgər onlar Quran və Sünnədə rəvayət edilən duaları görmürlərmi? Bir müsəlman bir duanın nə qədər önəmli olduğunu bildiyi halda İbrahim (ona salam olsun) bunu bilməmişdirmi!? Bunun İbrahimə (ona salam olsun) nisbət edilməsi, onun ittiham edilməsidir. Səbəb isə həmin ittiham edənlərin Allahın dinini bilməmələridir. Allah Qurani-Kərimdə bizdən Ona yalvarıb istəməyimizi bildirir: "Mənə dua edin, mən də sizin duanızı qəbul edim" (Ğafir, 60). Sonra mən bu hədisi İbn İraqinin "Tənzih əş-Şəria əl-Mərfua ən əl-Əxbərəş-Şəria əl-Məvdua" (1/250) kitabında tapdım". (Zəif hədislər silsiləsi, 1/74).

İkincisi, əgər belə fərz etsək ki, bu rəvayət səhihdir, axı biz bilirik ki, İsrail övladlarından gələn xəbərləri nə təsdiq edirik, nə də inkar edirik. Necə ola bilər ki, bu rəvayətdə qeyd edilən bir şeyi əqidədə sabit olan və Kitab və Sünnədə olan səhih dəlillərə qarşı qoyulsun!? Həmçinin Cəbrail Allahın ona verdiyi qüvvət sayəsində İbrahimə kömək etmək istəyirdi. Bu, varlı insanın kasıb bir insana kömək etməsinə bənzəyir, çünki varlının kasıba maddi cəhətdən kömək etməyə qüdrəti çatır. Kasıbın o köməyi qəbul etməsində heç bir problem yoxdur. Yəni qüdrəti çatandan kömək istəmək icazəlidir, yetər ki həmin qüdrəti çatan istəyənin yanında olsun, sağ olsun və onu eşitsin. Ona görə də bu, şirk sayılmır.

Sunna.az - saytının rəsmi heyəti tərəfindən hazırlanmışdır.