Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

“Lə iləhə illəllah” kəliməsinin şərtlərinə bir baxış. (2-ci hissə)

Birinci məqalədə Lə iləhə illəllah kəliməsinin həqiqəti, hüquqları, elm əhlinin zikr etdiyi şərtlər haqqında danışdıq. Sonda da qiyamət günü bu kəlimə ilə faydalanmaq barədə varid olan nususları zikr etdik. Şərtlər haqqında mövzunu davam etdirib dünya əhkamları barədə varid olmuş hədisləri qeyd etmək istəyirik.
Əbu Məlik atasının belə rəvayət eydiyini deyir: Atam dedi ki, peyğəmbərdən (Allahın ona və ailəsinə salavatı və salamı olsun) eşitdim ki, belə deyir: "Hər kim lə iləhə illəllah illəllah deyib, Allahdan qeyri ibadət olunanları inkar edərsə, onun malı və qanı haram olar, hesabı isə Allaha aiddir" (Səhih Muslim).
Bu hədis dəlalət edir ki, şəriətə zahirən tabe olmaq, şirkdən zahirən uzaq olmaq məsələsini lə iləhə illəllahın şərtləri çərçivəsinə salaq. Bu mənada ki, əgər bir şəxs bu kəliməni desə, artıq malı və qanı qorunmuş (zəmanət altına alınmış) sayılır. Bir şərtlə ki, zahirən bu kəliməyə zidd olan bir şey etməsin. Məna o deyil ki, biz bir kişini imtahan edək və açıq aydın tağutu inkar etdiyini bildirmədikcə onun islamına hökm verməyək. Əsla! Necə ki, bunu günümüzdə ğuluv əhli edir. İbn Rəcəb belə demişdir: "Zəruri olaraq bilinir ki, peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) onun yanına gəlib İslamı qəbul etdiyini bildirərənin şəhadətini qəbul edirdi. Bununla həmin kəsin canı və malı zəmanət altına alınar və o şəxs müsəlmana çevrilirdi. Buna görə də silah qaldırıb sonra lə iləhə illəllah deyən kəsi öldürdüyünə görə peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) Usamə ibn Zeydə irad tutmuş və onu ağır şəkildə qınamışdı. Allah rəsulu (Allahın ona və ailəsinə salavatı və salamı olsun) İslam dinini qəbul etmək istəyib ona doğru gələnlərdən namaz qılıb və zəkat verməsini tələb etməyib. Əksinə rəvayət olunur ki, zəkat verməyəcəklərini şərt qoyanların belə islamını qəbul edib. İmam Əhmədin Müsnədində Cabirdən belə rəvayət olunur: "Səqif qəbiləsi peyğəmbərə (Allahın ona və ailəsinə salavatı və salamı olsun) şərt qoydular ki, onların üzərinə nə zəkat, nə də cihad olmasın. Allah rəsulu da belə dedi: "Onlar zəkat da verəcəklər, cihad da edəcəklər." (Hədisi Əhməd və Əbu Davud rəvayət edib)
İmam Əhmədin Müsnədində Nasr ibn Asim əl-Leysidən rəvayət olunur ki, bir kişi peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) yanına gəlib ancaq iki namaz qılmaq üzərinə islamı qəbul etdi. Allah rəsulu da (Allahın ona və ailəsinə salavatı və salamı olsun) ondan bunu qəbul etdi.
İmam Əhməd bu hədislərə əsasən belə deyib: "Bir kəsin fasid şərt üzərində islamı qəbul etməsi səhihdir. Lakin sonra İslamın digər əhkamlarına ilzam olunur." (Cəmiu-l-ulum va-l-hikəm, 1/228-229)

İmam əl-Buxari öz səhihində Əbu Hureyradan belə rəvayət edir: "Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) vəfat etdikdən sonra Əbu Bəkr xəlifə seçilir. Bəzi ərəblərdən küfr edənlər olur. Ömər belə dedi: "Ey Əbu Bəkr peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) "İnsanlar: "lə iləhə illəllah" deyənə qədər onlarla vuruşmağa əmr olundum. Kim lə iləhə illəllah deyərsə, məndən malını və nəfsini qorumuş olar, hesabı isə, Allahadır." – dediyini bildiyin halda necə olur ki, insanlarla vuruşursan? Əbu Bəkr belə dedi: "Allaha and olsun ki, namazla zəkatı ayıran (namaz qılıb zəkat verməyən) hər kəslə vuruşacağam. Çünki zəkat malın haqqıdır. Allaha and olsun ki, vaxtilə peyğəmbərə (Allahın ona və ailəsinə salavatı və salamı olsun) verdikləri çəpişi mənə verməkdən boyun qaçırsalar, buna görə onlarla vuruşacağam. Allaha and olsun bu, Allahın Əbu Bəkrin qəlbinə saldığı doğru fikirdir. Mən bildim ki, o haqlıdır. " (Səhih əl-Buxari, 6924-6925. Mürtədlərin və inkar edənlərin tövbəyə çağırılması və onlarla vuruşmaq kitabı)
İmam əl-Buxari bu hədisi bu fəsildə qeyd etməklə bildirib ki, şəhadət kəliməsini deyən bu kəslər qəbul etmək və boyun əymək şərtini pozdular və beləcə mürtədliyə nisbət olundular. Əbu Bəkr (Allah ondan razı olsun) bəyan etdi ki, kəlimə haqdır, nəfsin və malın məsumluğu nəfs və malda vacib olan haqqın əda edilməsinə bağlıdır. Nəfsin haqqı namazdır, malın haqqı isə zəkat. Kim namaz qılarsa, nəfsini qorumuşdur, kim zəkat verərsə, malını qorumuşdur. Namaz qılmasa, tərkinə görə onunla vuruşulacaq. Zəkat verməsə, güclə ondan alınacaq. (Fəthul bəri: Mürtədlərin və inkar edənlərin tövbəyə çağırılması və onlarla vuruşmaq kitabı. Fərzləri qəbul etməyənlə vuruşmaq fəsli)

Həmçinin İmam əl-Buxari başqa yerdə Ənəs ibn Məlikin hədisini 3 rəvayətlə zikr edib. Ənəs ibn Məlik demişdir: Allah rəsulu (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə demişdir: "İnsanlar lə iləhə illəllah deyincəyə qədər onlarla vuruşmağa əmr olundum. Əgər bunu desələr, namazımızı qılsalar, qibləmizə çevrilsələr, qurbanımızı kəssələr haqqı çatanı istisna malları və canları bizə haram olar. Hesabları isə Allahadır." (Səhih əl-Buxari)

Həmçinin Ənəs demişdir: Allah rəsulu belə demişdir: "Kim bizim qıldığımız namazı qılarsa, qibləmizə çevrilərsə, kəsdiyimiz qurban ətindən yeyərsə, beləsi onun üçün Allah və rəsulunun zimməti olan müsəlmandır. Allahın zimmətində Ona xəyanət etməyin." (Səhih əl-Buxari)

Humeyd dedi: Meymun ibn Səyah Ənəs ibn Məlikdən soruşub belə dedi: Ey Əbu Həmzə, Allah qulunun malını və qanını nə haram edir? Ənəs belə dedi: "Kim Allahdan başqa haqq məbudun olmadığına şahidlik etsə, qibləmizə çevrilsə, qıldığımız namazı qılsa, kəsdiyimiz qurban ətindən yesə beləsi müsəlmandır. Müsəlman üçün olan onun üçün də var, müsəlmanın əleyhinə olan onun da əleyhinə olar." (Səhih əl-Buxari)

İbn Rəcəb demişdir: "Bu hədis dəlalət edir ki, bir kəsin qanı mücərrəd olaraq şəhadət kəliməsini deməklə məsum olmur. Əksinə bu kəlimənin haqlarını verməlidir. Ən önəmli haqqı namaz qılmaqdır. Buna görə də bunu xüsusi olaraq zikr edib. Başqa hədisdə namaza zəkatı da əlavə edib. Eləcə də qibləyə çevrilmək də zikr olunub. Bununla işarə olunur ki, müsəlmanların peyğəmbərinə nazil olan kitabda qeyd olunan namazı qılmaq labüddür. Bu da Kəbəyə yönələrək qılınan namazdır. Əks təqdirdə kim yahudilər kimi nəsxdən sonra Beytul məqdisə doğru namaz qılarsa və ya nəsranilər kimi şərqə doğru namaz qılarsa, beləsi şəhadət gətirsə belə müsəlman deyil.
Müsəlmanların qurban ətindən yeyilməsinin zikr olunması ona işarədir ki, İslamın bütün zahiri ayinlərinə riayət etmək labüddür. Ən əzəmətli ayinlərdən biri də müsəlmanların qurban ətini yemək və qurbanlarında onlara müvafiq olmaqdır. Kim bundan imtina edərsə, müsəlman deyil. Əgər bir yahudi İslamı qəbul edərsə və müsəlmanların qurban ətini yeməkdən imtina edərsə, bu dəlildir ki, İslam onun qəlbinə daxil olmayıb. Bu hədis də onu gəstərir ki, belə olduğu halda beləsi müsəlman olmur. Buna da Ömər ibn Xattabın islamı qəbul edib, həcc etməyi qüdrəti çatıb amma etməyənlər haqqındakı sözü şahidlik edir: "Onlar müsəlman deyillər." (Fəthul bəri: Namaz kitabı, qibləyə çevrilməyin fəziləti fəsli)
Bunu oxuyan qari İbn Rəcəbin sözü ilə əvvəlki sözünü müqayisə etdikdə təəccüblənə bilər. Lakin Allaha həmd olsun ki, diqqət və nəzər yetirdikdən sonra burada heç bir ziddiyyət yoxdur. Birinci də məqsədi başlanğıcdan kəliməni qəbul etməkdir. İkincidən məqsədi isə, əgər təzad varsa, kəlimənin qəbul olunmamasıdır. Çünki kəlimənin şərtləri və hüquqları vardır.

"İslam kəlimədir" sözünün həqiqəti.
İbn Teymiyyə (Allah ona rəhmət eləsin) bəyan edib ki, İslam mücərrəd kəlimə deyil, əksinə peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) bəyan etdiyi kimi zahiri əməllərlə yanaşı bir kəlimədir. Bədəvi ərəblər və qeyriləri peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) zamanında İslamı qəbul etdikdə onlardan namaz, zəkat, oruc və həcc kimi zahiri əməllər tələb olunurdu. Heç kəs də mücərrəd kəliməyə görə boş buraxılmazdı. (Məcmu əl-fətəva, 7/258)

Həmçinin demişdir: İslam şəriki olmayan tək bir Allaha ixlaslı şəkildə ibadət etməkdir. Bu Allahının dinidir, bundan başqa dini heç kəsdən qəbul etmir. Ona ibadət etmək o zaman ibadət olur ki, bizlərə rəsulların göndərilməsilə bu ibadəti rəsullar əmr etmiş olsun. Əmr etdiklərinə zidd olan şeylər ibadət adlanmaz. Çünki bunun ziddi asilikdir. Allah rəsullara Muhəmmədlə xitam verdi. Bir şəxs Allahın haqq məbud olduğuna və Muhəmmədin Allahın qulu və rəsulu olduğuna şahidlik etməklə müsəlman olur. İnsan da bu kəlimə sayəsində İslama daxil olur. Kim desə ki, İslam kəlimədir və bunu qəsd etsə, doğru danışmış olur. Sonra isə, Allah rəsulunun zahiri əməllərdən əmr etdiklərininə riayət etməsi labüddür. İslamın beş ərkanı kimi. (Məcmu əl-fətəva, 7/269)
Bunları deməklə İmam Zuhrinin sözünə işarə edir: "Belə hesab edirik ki, İslam kəlimədir, iman da əməldir."
Sonra ibn Teymiyyə bəyan edib ki, bu mücməl iqrar imanın əslidir, hansı ki, bununla islama girir və buna görə savab qazanır. Bəyan edib ki, insanlar bu mücməl imanın sayəsində əldə etdiklərinə görə müsəlmandırlar. O baxımdan ki, küfrdən sonra İslamı qəbul ediblər və ya müsəlman olaraq doğulublar. Sonra da İslamın qanunlarına riayət ediblər və beləcə Allaha və rəsuluna itaət edənlərdən olublar. (Məcmu əl-fətəva, 7/269)

İslam toplumu İslamın qanunlarından çıxan, nizamına tabe olmaqdan boyun qaçıranlara mane olmaqla İslam dinini qoruyur. Buna görə də islam izzətli olan diyarda münafiqlər olur. Onlar İslama nifrət edən fərdlərdir. Lakin İslamın zahiri ayinlərini yerinə yetirməyə, İslam dövlətinin nizamına tabe olmağa məcburdurlar. Çünki bununla canlarını müsəlmanlardan qorumuş olurlar. Amma İslamın zəif dönəmində İslamın düşmənlərinə küfrlərini gizlətməyə eytiyacları yoxdur. Əksinə belə vaxtda mömin imanını gizlədir.

Lə iləhə illəllahın şərtləri qəlb və əzalarla bağlıdır. Bu şərtlər də zahirdə və batində olur.
Yuxarıda keçənlərdən bizə belə aydın oldu ki, alimlərin zikr etdikləri 7 şərt tövhidin iki rüknü və imana qayıdır: elm və yəqinlik baxımından qəlbin qövlü, yəqinlik və qəbul etmə, boyun əymək, ixlas, məhəbbət, qorxu, ümid, təvəkkül və sair baxımından qəlbin əməli. Qəlbin əməlindən gərəkli olan əzaların əməlinin əslindəndir.
Lə iləhə illəllahın şərtləri təkcə qəlblərin əməlləri ilə yekunlaşmır. O ki, qaldı hələ bu şərtlərin 7 şərtlə yekunlaşması.
Ola bilər ki, alimlər öz sözlərilə qəlblərin şərtlərindən bəhs etməklə kifayətləniblər. Çünki, imanın əsli və başlanğıcı qəlbdə olana görədir. Əgər iman həyata keçsə, əzalar zəruri olaraq əmələ yönələcək. Çünki lə iləhə illəllahın hüquqları, tələbləri, şərtləri dinin əslini və ya zahiri və batini imanın əslini təşkil edir. Necə ki, qəlbin boyun əyməsi şəhadət kəliməsinin şərtlərindəndirsə, eləcə də dua edərək tək bir Allaha yönəlmək bu kəlimənin şərtlərindəndir. Bunsuz İslam doğru olmaz. Həmçinin möminlərə zahirən yardım etmək bu kəlimənin şərtlərindəndir. Bunsuz İslam doğru olmaz. Həmçinin bunu Allahın şəriəti ilə mühakimə olunmaq haqqında da deyə bilərsən. Bu zahiri işlər Allah yanında faydalanmaq və dünya əhkamlarını icra etmək üçün şəhadət kəliməsinin lazimi şərtlərinə daxildir. Lakin, əziz oxucu, bu işlərdən kamilliyi deyil, əslinin başa düşmək şərti ilə. Çünki hər bir vacib əməlin əsli və kamilliyi vardır. Əslin də həyata keçirilməsi kamilliyin tamamlanması üçün deyil, səhih olması üçün səbəbdir. Bu o deməkdir ki, dinin əslinə qayıdan yardımın həddi hansı ki, zahiri hökmü islamı gərəkli edir bu hədd kafirlərə yardım etməyi tərk etməklə olur. Hansı ki, bu ən azından müsəlmanlarla dostluq etməyi həyata keçirir.
Dinin əslinə qayıdan mühakimənin həddi isə, Allahın şəriətinə mühakimə olunmağı tağutlara mühakimə olunmağa dəyişməməkdir.
Səhih əl-Buxari və Səhih Muslimdə keçən Kəb ibn Məlikin hədisinə diqqət et. Möminlərlə vacib dostluğu tərk etdiyi zaman, bu da peyğəmbərlə yanaşı düşmənlərə qarşı cihad etməkdir, bununla yanaşı rumlu səfirin dəvətinə icabət etmədi, küfr fitnəsindən qorundu. Çünki onda dostluğun əsli və imanın əsli var idi.

Qəlb əməllərinin üç mərtəbəsi.
Burada bir məsələ var: Allahın "Əgər möminsinizsə, Məndən qorxun" ayəsinə görə desək ki, qorxu kəlimənin şərtindəndir, o zaman qorxunun qədəri nə qədər olmalıdır ki, onun olmasıyla bir kişinin olması səhih, olmaması ilə isə islamı aradan qalxır?
Cavab: Hər bir qəlb əməlinin əsli var ki, onsuz iman səhih olmaz, həmçinin kamilliyi vardır ki, onsuz iman tamamlanmaz. İbn Teymiyyə iman haqqında demişdir: "İman Allahın kitabında iki mənadadır: Əsli və onun şaxəsi olan vacibi. Əsl qəlbdə olur, əməlin arxasındadır. Buna görə də onunla vacib arasında bu ayə ilə fərq qoyulur: "İman gətirib saleh əməllər gətirənlər" (əl-Bəqərə, 25). "Həqiqətən iman gətirənlər" (Ənfal, 2), "Allaha və axirət gününə iman gətirənlər Allah yolunda malları və canları ilə cihad etmək üçün səndən izin istəməzlər" (Tövbə, 44) ayələri və Abdulqays camaatı hədisi imanın əsli ilə vacibini cəm edir.
İman əsildən, vacibdən və müstəhəbdən ibarətdir. Əsli olmadan iman olmaz, vacibin olmaması ilə iman naqisləşir və sahibi cəzaya layiq olur. Müstəhəbin olmaması ilə, sahibi uca dərəcədən məhrum olur. İnsanlar imanda nəfsinə zülm edən, orta yol tutan və yaxşı iş görməkdə hamını qabaqlayanlara ayrılır. Həcc, qurban, məscid və digər əməllər və sifətlər kimi. Bunların da əsli, vacibi və müstəhəbləri vardır. Imanın elə hissələri var ki, onun getməsilə ən kamil halı naqisləşir. Eləsi də var ki, onun getməsi ilə kamilliyi naqisləşir, vacibatları tərk edib, haramları işləməklə. Elə hissəsi də var ki, onun getməsi ilə rüknü gedir. Bu da etiqadı tərk etməklə olur. Murciyı və cəhmilərə görə isə, iman bir şeydir, nə artır, nə də azalır. Beləcə digər firqələrin şübhələri aradan qalxır. Deməli imanın əsli qəlbdədir, kamilliyi isə, zahiri əməldir. İslamda isə, əsli zahiri əməldir, kamilliyi isə, qəlbdir." (Məcmu əl-fətəva, 7/637)
Allahdan istəyirəm ki, bizi lə iləhə illəllah kəliməsi üzərində yaşadıb öldürsün. Həqiqətən O duaları eşidəndir. Allahın salavatı və salamı peyğəmbərə, onun ailəsinə və əshabının üzərinə olsun.

Sunna.az - saytının rəsmi heyəti tərəfindən hazırlanmışdır.