Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

“Lə iləhə illəllah” kəliməsinin şərtlərinə bir baxış. (1-ci hissə)

Bizi İslam dini ilə izzətləndirən, İslam kəliməsinə, salamat diyara dəvət edən bir peyğəmbər göndərən Allaha həmd olsun.
Şəriət bütün xeyiri və nicat tapmağı bu kəliməyə bağlayıb. Eləcə də əzab və həlakı bu kəlimədən dönənlər üçün edib. Məlumdur ki, böyük fəzilət bu kəliməni mücərrəd şəkildə söyləməklə hasil olmur. Əksinə şəriət bəyan edib ki, bu kəlimənin hüquqları və tələbləri vardır. Bu kəlimənin mövzusu Allahı təsdiq edərək və Ona boyun əyərək Onu iqrar etməkdir, elm və əməl baxımından qəlbdə olan tövhidddir.
Bu fəsildə olan ilk qayda budur ki, şəriətin üzərində müjdə hazırladığı hər bir kəlimə o kəlimədir ki, özündən sonra tam bir iz buraxsın. İbnul Qeyyim belə deyib: "Şəriət bu izi əldə etməyi mücərrəd olaraq dildə etməyib. Çünki İslam dinində zəruri bilinənə müxalifdir. Münafiqlər bu sözü dilləri ilə söyləyirlər. Buna baxmayaraq onlar bu kəliməni inkar edənlər sırasında olub cəhənnəmin ən alt təbəqəsindədirlər.
Deməli dilin sözü ilə yanaşı qəlbin sözü də olmalıdır. Qəlbin sözü isə bu kəliməni bilmək, onu təsdiq etmək, inkar və isbatdan ibarət olması həqiqətini bilmək, Allahdan başqasında sabit olması mümkün olmayan, Ona məxsus olan ilahiliyi bilməyi təşkil edir. Bu mənanın qəlbdə elmlə, mərifətlə, yəqinliklə hasil olması bu kəliməni deyəni cəhənnəm oduna haram edir.

Hər bir söz ki, şəirət onun üzərində savab hazırlayıb, o tam bir sözdür. Necə ki, Allah rəsulu deyib: "Kim gün ərzində yüz dəfə sübhanallahi va bihəmdihi deyərsə, dənizin köpükləri sayda günahları olsa, yenə də bağışlanar” (Səhih əl-Buxari və Səhih Muslim). Bu savab mücərrəd olaraq dilin sözünə görə deyil. Çünki əməllər forma və sayına görə bir-birindən üstün olmur. Əksinə qəlbdə olana görə biri digərindən üstün olur. Deməli əməl edənlərin etdikləri eynidir, amma aralarında göylə yer arasında olan fərq qədər fəqr vardır. Iki kişinin namazda səfdəki məqamları eynidir. Lakin namazları arasındakı fərq göylə yer arasındakı fərq qədərdir." (Mədəric əs-səlikin, 1/339-340)

Şəhadət kəliməsinin yeddi şərti.

"Məaric əl-qabul" kitabının müəllifi Hafiz əl-Həkəmi şəhadət kəliməsinin şərtləri haqqında öz "Sulləmil vusul" adlı şerində belə demişdir:
"Yeddi şərtlə qeyd olunmuşdur,
Vəhyin nususlarında haqqı ilə hamısı varid olmuşdur.
Bu şərtlər deyən adamda kamil olmasa, şəhadət kəliməsindən faydalanmaz.
Bunlar: elm, yəqinlik, qəbul etməkdir.
Həmçinin boyun əyməkdir, bu dediklərimi başa düş.
Sadiqlik, ixlas və məhəbbətdir.
Allah səni sevdiyi şeylərə müvəffəq etsin.

Bir qulda o şərtlərin kamil olması dedikdə, yəni onda cəm olması və o şərtləri yerinə yetirməsi və o şərtlərdən hər hansı birini pozmaması nəzərdə tutulur. Əsl məqsəd şərtləri sayıb əzbərləmək deyil. Nə qədər avam müsəlman var ki, onda bu şərtlər cəm olub və o şərtlərə əməl edir, lakin ona desən ki, bu şərtləri say, düzgün saya bilməz. Nə qədər də o şərtləri əzbər bilən var ki, o şərtləri pozan əməllər edir. Müvəffəqiyyət Allahın əlindədir" (Məaric əl-qəbul, 2/418)

Şərtlər, həqiqətlər, yoxsa tələblər?
Mənalar izah olunubsa, ləfzlərin zərəri olmaz. Məlumdur ki, şərt – yoxluğu şərt olunanın yoxluğunu gərəkli edir. Mövcudluğu şərt olunanın mövcud olmasını və ya yoxluğunu gərəkli etmir. Məsələn dəstəmaz namazın şərtlərindən biridir. Dəstəmazın yoxluğu, olmaması namazın da olmamasını gərəkli edir. Dəstamaz olmazsa, namaz yoxdur. Dəstəmazın olması isə namazın olmasını gərəkli etmir. Həmçinin ola bilər ki, dəstəmazı olsun, amma namaz qılmasına başqa maneə olsun. Ola bilər bir kişinin dəstəmazı olsun, amma hələ namazın vaxtı girmiş olmasın və ya şərt deyil ki, dəstəmaz aldısa, həmən namaz qılsın.
Həmçinin şərtin tərifində deyiblər ki, şərt bir şeyin mahiyyətindən kənar olan bir şeyə deyilir.
Lakin desək ki, əməllərdən eləsi var ki, imanın kamilliyi üçün şərtdir, eləsi də var ki, səhihliyi üçün şərtdir, o zaman əməllərin imanın mahiyyətindən kənar olan bir şeydir demək doğrudurmu? Cavab belə demək doğru deyil. Əksinə əməllər imanın cüzündən, onun həqiqətindəndir. Əməllərdən eləsi var ki, o əməlin aradan getməsilə iman tamamilə yox olar. Elə əməl də var ki, onun aradan getməsilə iman getməz. Məsələn şəhadət kəliməsi imanın rükünlərindəndir. Qəbul etmək, boyun əymək, ixlas imanın rükünlərindəndir. İmanın mahiyyətindən kənar bir şey deyillər.

Hökmün şərtləri, yoxsa faydalanmağın?
Bilmək lazımdır ki, elm əhli bu yeddi şərti zikr etdikdə qəlbdə olan qövl və əməli qəsd ediblər. Bu kəlimənin sahibi hər ikisi olmadan faydalana bilməz. Şərtə bağlı olanın faydalanması da axirətdə olacaq. Amma dünya əhkamlarına gəldikdə, təməli zahirə dayanır. Bu əhkamların zahiri şərtləri vardır. Şəhadəti iqrar etdikdə onu heç nə ilə pozmazsa, malı və qanı haram olar, hesabı isə, Allahadır.
Bu məsələdə bir çoxlarının ayağı büdrəyib. Elmin, qəbul etmənin və məhəbbətin sona yetməsini İslamdan çıxardan amillərdən hesab etmişlər.


Şəhadət kəliməsinin şərtlərinin kitab və sünnədən dəlilləri.

Alimlər bu şərtləri nususlardan çıxardıblar, hansı ki, bunların olması ilə insan şəhadət kəliməsindən faydalanır, bu şərtlərin olamaması ilə isə şəhadət kəliməsini pozur. Buna görə də İmam əl-Buxari belə deyib: "Vahb ibn Munəbbihə belə deyildi: Məgər Cənnətin açarı Lə iləhə illəllah kəliməsi deyilmi? Bəli, lakin elə bir açar yoxdur ki, onun dişləri olmasın. Əgər dişləri olan bir açarla gəlsən, qapı açılar. Əks təqdirdə əgər dişsiz bir açarla gəlsən, bu qapı sənə açılmaz." ( Səhih əl-Buxari: Cənazlər kitabı, cənazələr haqqında və kimin son sözü lə iləhə illəllah olarsa, fəsli)

Allahın kitabından dəlillərə gəldikdə, Allah Təalə buyuyur: "Bil ki, Allahdan başqa (ibadətə layiq olan) heç bir məbud yoxdur". (Məhəmməd surəsi, 19-cu ayə)

Ancaq Allaha və Axirət gününə iman gətirməyən və qəlbi şəkk-şübhəyə düşənlər (döyüşə getməmək məqsədilə) səndən izn istəyirlər. Onlar öz şübhələri içində tərəddüd edirlər. (Tövbə surəsi, 45-ci ayə)

Sən də, dinin yalnız Allaha məxsus olduğuna (iman gətirərək), Ona ibadət et! (Zümər surəsi, 2-ci ayə)

Çünki onlara: “Allahdan başqa (ibadətə layiq olan) məbud yoxdur!”– deyildikdə təkəbbür göstərir. (Saffət surəsi, 35-ci ayə)

İnsanlardan elələri də vardır ki, Allahdan qeyrilərini (Ona) tay tutur, onları da Allahı sevdikləri kimi sevirlər. (əl-Bəqərə surəsi, 165-ci ayə)

Əgər möminsinizsə, Allaha təvəkkül edin! (Maidə surəsi, 23-cü ayə)

Sünnədən dəlillərə gəldikdə isə, alimlər o hədisləri dəlil gətiriblər ki, Allah rəsulu (Allahın ona və ailəsinə salavatı və salamı olsun) savabı bu kəlimənin tam deyilişinin üzərində qurub.
Osman (Allah ondan razı olsun) buyurur ki, Allah rəsulu (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə demişdir: "Kim Allahdan başqa haqq məbudun olmadığını bildiyi halda ölərsə, Cənnətə girər." (Səhih Muslim)

Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət olunan hədisdə peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Mənim bu iki ayaqqabımı götür get. Bu bostanın arxasından qəlbi ilə yəqin olduğu halda Allahdan başqa haqq məbudun olmadığına şahidlik gətirən kəsə rast gəlsən, onu Cənnətlə müjdələ." (Səhih Muslim)

Yenə Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət olunan hədisdə Allah rəsulu (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Mən şahidlik edirəm ki, Allahdan başqa haqq məbud yoxdur və mən Allahın rəsuluyam. Bu iki şəhadət kəliməsinə şəkk etməyərək bunlarla Allaha qovuşan hər bir bəndə mütləq Cənnətə girəcəkdir." (Səhih Muslim)

Həmçinin Əbu Hureyra (Allah ondan razı olsun) Allah rəsulunun (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə dediyini rəvayət edir: "Qiyamət günü mənim şəfaətim sayəsində ən xoşbəxt insan xalis qəlblə lə iləhə illəllah deyəndir."(Səhih əl-Buxari)

Ubadə ibn Samit dedi: Allah rəsulu (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə dedi: "Hər kim Allahdan başqa haqq məbudun olmadığına , Onun tək olub heç bir şərikinin olmadığına, Muhəmmədin Allahın qulu və rəsulu olduğuna, İsanın Allahın qulu və kənizinin oğlu, Məryəmə göndərdiyi kəlməsi və Onun ruhundan olduğuna, Cənnətin haqq, Cəhənnəmin də haqq olduğuna şahidlik etsə, Allah Cənnətin səkkiz qapısının hansından diləsə, onu oradan (Cənnətə) daxil edər." (Səhih əl-Buxari və Səhih Muslim)

Ənəs ibn Məlik (Allah ondan razı olsun) rəvayət edir ki, bir gün Muaz ibn Cəbəl (Allah ondan razı olsun) peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) tərkində olarkən ona belə dedi: "Ey Muaz ibn Cəbəl!" Muaz da "buyur ey Allahın rəsulu əmrinə muntəzirəm" deyə cavab verdi. Sonra Allah rəsulu (Allahın ona və ailəsinə salavatı və salamı olsun) yenə də "Ey Muaz ibn Cəbəl" deyə səslənir. Muaz da üç dəfə "Buyur ey Allahın rəsulu əmrinə müntəzirəm" deyə cavab verir. Allah rəsulu (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə deyir: "Hər kim sidq ürəklə Allahdan başqa ibadətə layiq olan haqq məbudun olmadığına. Muhəmmədin də Onun rəsulu olduğuna şahidlik gətirərsə, Allah onu cəhənnəmə haram edər." Muaz belə dedi: "Ey Allahın rəsulu insanlara bunu xəbər verimmi ki, sevimsinlər?" Allah rəsulu belə dedi: "O zaman arxayınlaşarlar." Lakin Muaz ibn Cəbəl ölüm ayağında olarkən elmi gizlətmək qorxusundan bunu xəbər verir. (Səhih əl-Buxari və Muslim)

Muaz ibn Cəbəl belə rəvayət edir: Bir gün peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) tərkində idim. Mənə belə dedi: "Ey Muaz ibn Cəbəl!" Dedim ki, "buyur ey Allahın rəslu, əmrinə müntəzirəm. Sonra bir saat keçdikdən sonra belə dedi: "Ey Muaz ibn Cəbəl!" Dedim ki, "buyur ey Allahın rəsulu, əmrinə müntəzirəm. Sonra bir saat yol getdikdən sonra belə dedi: "Ey Muaz ibn Cəbəl!" Dedim ki, buyur ey Allahın rəsulu, əmrinə müntəzirəm. Belə dedi: "Heç bilirsən Allahın qulları üzərindəki haqqı nədir?" Dedim "Allah və rəsulu daha yaxşı bilir. Belə dedi: "Allahın qulları üzərindəki haqqı Ona ibadər edib, heç kəsə Ona şərik qoşmamalarıdır." Sonra bir saat da yol getdikdən sonra belə dedi: "Ey Muaz ibn Cəbəl!" Dedim ki, buyur ey Allahın rəsulu, əmrinə müntəzirəm. Sonra belə dedi: "Əgər bunu etsələr qulların Allah üzərində haqları nədir, bilirsənmi?" Dedim ki, Allah və rəsulu daha yaxşı bilir. Belə dedi: "Onlara əzab verməməsidir." (Səhih əl-Buxari və Muslim)


Əksər nususlar bu kəlimədən faydalanmaq üçün ixlas, yəqinlik və s. qeydlərin şərt olduğunu ifadə edir. Muazın hədisi isə, zahir və batini şamil edən ağır bir şərti qeyd edir. Bu da Ona heç bir şeyi şərik qoşmamaqdır.
Lakin dünyada İslam hökmünü vermək, şəhadət kəliməsini deyənin dünyada nicat tapması, qanının və malının qorunması üçün şərtlər varmı?
əz-Zuhrinin "İslam kəlimədir" sözünün izahı nədir? Şərtlər zahiri və batini necə özündə ehtiva edir? Ikinci məqalədə bu məsələlərə toxunacağıq inşəallah.

Sunna.az - saytının rəsmi heyəti tərəfindən hazırlanmışdır.