Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

İmam Zeyd ibn Əli ibn əl-Hüseynin Səhabələri mədh etməsi

Haşim ibn əl-Bərid İmam Zeyd ibn Əlinin belə dediyini rəva¬yət etmişdir: “Əbu Bəkr (radıyallahu anhu) şükür edənlərin imamı idi.” Sonra o, bu ayəni oxudu: “Allah şükür edənləri mütləq mükafatlandırar.”(1) Sonra dedi: “Əbu Bəkrdən uzaqlaşmaq Əlidən uzaqlaşmaq anlamındadır.”(2)
Həmçinin o, Əbu Bəkr və Ömər haqqında belə demişdir: “Mən əhli-beytin onlar barəsində yalnız xeyir sözlər söylədiklərini eşitmişəm.”(3)
Yəhya ibn Əbu Bəkr əl-Amiri “ər-Riyad əl-Mustətabə”əsərində zikr edir ki, o, İmam əl-Mənsur Billəh Abdullah ibn Həmzənin(4) “Cəvab əl-Məsail ət-Tuhəmiyyə” əsərində bir sözü ilə rastlaşmışdır. O həmin sözdə İmam Zeydin səhabələr barəsindəki fikirini belə açıqlamışdır: “İmam Zeyd səhabələrin hamısını tərifləmiş və onların digərlərindən üstün xüsusiyyətlərini sadalamış sonra da belə demişdir: “Onlar həm Peyğəmbərin
zamanında, həm də sonrakı zamanlarda insanların ən xeyirliləri sayılırlar. Allah onlardan razı olsun və onları İslamda etdikləri xidmətlərə görə xeyirlə mükafatlandırsın.” Sonra dedi: “Bu bizim mövqeyimizdir, bunları söyləməyə heç kim bizi məcbur etmir, nə də ki bizlər başqa bir fikiri qəlbimizdə gizləyərək təqiyyə etmirik. Bizim məqamımıza çata bilməyən bəziləri isə onları söyür, lənətləyir, pisləyir və onlara tənə vururlar. Biz bu cür insanların əməllərindən Nöqsansız Allaha sığınırıq. Ta Əliyə (radıyallahu anhu) qədər ata-babalarımızın da mövqeyi belə olub.” Sonra o dedi: “Bəziləri səhabələri təhqir etməklə və onlardan uzaq olduqlarını bildirməklə əhli-beytə yaxın olduqlarını düşünürlər. Halbuki bununla onlar, özləri də bilmədən Muhəmmədin özündən uzaqlaşmış olurlar.” Daha sonra o, belə bir şer parçası oxudu:

“Əgər mən ittiham etmir, sən isə mənim əslimi təhqir edirsənsə,
Sanki nizə ilə böyrümə və kürəyimə vurmuş olursan”
(5)

(1) Ali-İmran surəsi, 144
(2) “Siyər Əlam ən-Nubələ” əsəri, 5/390
(3) Təbərinin “Tarix əl-Uməm vəl-Muluk” əsəri, 7/180
(4) O, Zeydilərin böyük alimlərindən hesab olunur
(5) “ər-Ruyad əl-Mustətabə” əsəri, səh. 300