Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Günahlardan qurtulmağın yolu

Hörmətli oxuyucular! Günahlar bütün şərlərin başlıca səbəbidir. Uca Allah Öz kitabında insanın dünyada və Axirətdə başına gələcək müsibətlərin əsas səbəbi kimi günahları göstərmişdir. Odur ki, hər bir mömin Allahdan yardım diləyərək günahlardan uzaqlaşmaq üçün səbəblər axtarmalıdır.

Buna görə də bir çox alimlər günahlardan qorunmaq üçün bir çox risalələr qələmə almışdırlar. Biz də bu məqaləmizdə günahlardan qorunmaq üçün 10 səbəbi sizə xatırladaçağıq.

Qəlbdə Allahı əzəmətləşdirmək.
İnsanın öz qəlbində Allahı əzəmətləşdirməsi günah edərkən Allahın onu gördüyünü və eşitdiyini bilməsi ilə olur. Allahı əzəmətləşdirmək Onun hədlərini, yəni, əmr və qadağalarını əzəmətləşdirmək və Onun qoyduğu hüdudları aşmamağa çalışmaqla olur. Bunun üçün isə insan Rəbbini haqqıyla tanımağa çalışmalıdır. Allahı tanıtdıran ən əzəmətli yol isə tövhidi, yəni, ibadətdə Allahı təkləşdirmək, Onun uca ad və sifətlərində tək olmasını öyrənməkdir.
İnsan tövhidi öyrənməklə Rəbbini tanıyır və artıq Onu, Onun əmrlərini, qoyduğu hüdudları əzəmətləşdirməyə başlayır.

Uca Allah buyurur: “Onlar Allahı layiqincə qiymətləndirmədilər. Halbuki Qiyamət günü yer bütünlüklə Onun Ovcunda olacaq, göylər isə Onun Əli ilə büküləcəkdir. O, pakdır, müqəddəsdir və onların (Ona) qoşduqları şəriklərdən ucadır”. (Zumər surəsi 67-ci ayə)

Digər ayədə isə: “Necə olub ki, siz Allahın böyüklüyünü layiqincə uca tutmursunuz? Axı, O, sizi mərhələlərlə yaratdı”. (Nuh surəsi 13-14-cü ayələr)

Peyğəmbərimizin ﷺ əmisi oğlu İbn Abbas bu ayənin təfsirində belə buyurur: “Sizə nə olub ki, Onu layiqincə əzəmətləşdirmirsiniz?!”

Böyük təfsir alimi Qurtubi isə “mərhələlərlə” kəlməsini “yəni, yaradılışı tamamlananadək mərhələ-mərhələ yaratdı” kimi təfsir edir və buyurur: “Bunu edən və buna qadir olan əzəmətləşdirilməyə haqqı ən çox olandır!”

Bişr bin əl-Həris isə belə deyir: “Əgər insanlar Allahın əzəməti barəsində düşünsəydilər, Ona əsla asi olmazdılar!” (İbn Kəsirin təfsiri 2-184)

Allahı sevmək.
Allahı sevmək Allahın haram buyurduqlarını Ona olan sevgiyə görə tərk etməkdir. Belə ki, sevən sevdiyinə mütidir. Ən gözəl tərk sevənlərin tərki, ən gözəl itaət isə sevənlərin itaətidir. Sevərək qadağaları tərk edib, əmrlərə itaət edənlə, əzabından qorxaraq qadağanı tərk edib, əmrlərə itaət edən arasında böyük fərq vardır.

Uca Allah buyurur: “İman gətirənlərin isə Allaha olan sevgisi daha güclüdür”. (Bəqərə surəsi 165-ci ayə). Qul öz qəlbini Allahı sevməklə məşğul edərsə, artıq bu sevgi onu günaha düşməkdən qoruyar. Çünki, sadiq sevgi sevdiyinin əmrlərinə itaət etməyi və qadağalarından çəkinməyi gərəkdirir. Necə ki, Uca Allah buyurur: “De: Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah Bağışlayandır, Rəhmlidir”. (Ali-İmran surəsi 31-ci ayə)

Bəzilərinin İmam Şafiyə, bəzilərinin isə İbnul Mubarəkə nisbət etdikləri bir şeirdə deyilmişdir:

Allaha asilik edib sevgi izhar edirsən,
Belə bir müqayisə mümkün deyildir qəti!
Sevgində sadiq olsaydın itaət eyləyərdin,
Sevən kimsə sevdiyinə gərəkdir olsun müti.

Allahın nemətlərini xatırlamaq.
Ağıl sahibi heç bir zaman ona yaxşılıq edən kəslərə pis davranış nümayiş etdirməz. Əksinə, yaxşılığa pisliklə cavab vermək insanlar arasında pis əxlaqa sahib olanların xüsusiyyətidir. Buna görə də mömin Allahın ona olan nemətlərini xatırladıqda Ona asi olmaqdan utanır və bu onun Rəbbinə asi olmasına əngəl törədir. Həya edir ki, Rəbbi tərəfindən ona nemətlər nazil olduğu vaxt ondan Rəbbinə tərəf günahlar yüksəlsin. Sanki, bir mələk nemətlə enir, digəri isə günahları Rəbbinə qaldırır.

Uca Allah buyurur: “Əgər Allahın nemətlərini saymalı olsanız, onları sayıb qurtara bilməzsiniz”. (Nəhl surəsi 18-ci ayə)

İnsan bu nemətlərin qarşılığını asiliklərlə verməkdən çəkinməlidir.

Böyük alim Abdul Ğaniyy əl-Məqdisi öz “ət-Təvvabin” kitabında İbrahim bin Ədhəmdən bir qissə zikr edir. Bir gün bir kişi onun yanına gələrək deyir:
– Ey Əbu İshaq! Mən nəfsimə zülm edən (günahlar edən) birisiyəm. Mənə elə bir şey de ki, o məni bu günahlardan uzaqlaşdırsın və qəlbimi təmizləsin.
– Əgər 5 şeyi qəbul etsən və onlara qadir olsan, günahın sənə zərəri olmaz və ləzzət səni alçaltmaz.
– Buyur ey Əbu İshaq!
– Birincisinə gəldikdə, əgər Allaha asi olmaq istəyirsənsə, o zaman Onun ruzisindən yemə!
– Bəs hardan yeyim?! Axı yer üzündə olan hər şey Onun ruzisidir!
– Ey filankəs! Bəs yaraşarmı ki, Onun ruzisindən yeyəsən və Ona asi olasan?
– Xeyr. İkincisini de!
– Əgər Ona asi olmaq istəyirsənsə, o zaman Onun döşədiyi yer üzündə yaşama!
– Bu birincisindən daha çətindir. Əgər məşriq və məğrib və onların arasında olanlar hamısı Ona məxsusdursa, elə isə harada yaşayım?!
– Ey filankəs! Bəs yaraşarmı ki, Onun ruzisindən yeyəsən, Onun döşədiyi yer üzərində yaşayasan və bununla bərabər Ona asi olasan?
– Xeyr. Üçüncüsünü de!
– Əgər Onun ruzisi ilə dolandığın və Onun döşədiyi yer üzərində yaşadığın halda Ona asi olmaq istəyirsənsə, o zaman elə bir yerdə asi ol ki, O səni görməsin. Əgər belə bir yer tapsan, o zaman Ona asi ol!
– Bütün gizliləri gördüyü halda bunu necə edə bilərəm?!
– Ey filankəs! Bəs yaraşırmı ki, Onun ruzisindən yeyəsən, Onun döşədiyi yer üzərində yaşayasan və Onun səni də, sənin etdiyini də gördüyü halda Ona asi olasan?
– Xeyr. Dördüncüsünü de!
– Ölüm mələyi canını almaq üçün gəldikdə ona de ki, sadiq tövbə edib Allah üçün saleh əməl edənədək mənə möhlət ver!
– Bu məndən qəbul olunmayacaq!
– Ey filankəs! Sən tövbə edəsən deyə özündən ölümü uzaqlaşdıra bilmirsən və bilirsən ki, ölüm gəldikdə onu gecikdirmək mümkün olmayacaq, elə isə hansı qurtuluşa ümid edirsən?
– Beşincisini de!

– Qiyamət günü Cəhənnəm gözətçiləri gəlib səni oda aparmaq istədikdə onlarla getmə!
– Onlar məni buraxmayacaqlar, nə də məndən (üzürxahlıq) qəbul olunmayacaq.
– O zaman hansı nicata (qurtuluşa) ümid edirsən?
– Ey İbrahim! Yetər, yetər. Mən Allahdan bağışlanma diləyir və Ona tövbə edirəm.

(“ət-Təvvabin” kitabı, səh. 285)

Uca Allahın qəzəbini və cəza verməsini bilmək.
Belə ki, Uca Allah bir qulun davamlı şəkildə asiliklər etməsini gördükdə qəzəblənər. Qəzəbləndikdə isə, o zəif və aciz qulu Allahın qəzəbi və əzabından heç kim qoruya bilməz!

Uca Allah buyurur: “Onlar Bizi qəzəbləndirdikdə onlardan intiqam alıb hamısını (dənizdə) batırdıq”. (Zuxruf surəsi 55-ci ayə) İnsanın nəfsi onu günaha təhrik etdiyi zaman insan xatırlamalıdır ki, Allahın qəzəbi və intiqamı önündə durmaq üçün o çox zəif və gücsüzdür.

Başqa ayədə isə Uca Allah belə buyurur: “Qəzəbimə gəlmiş kimsə isə bədbəxt olar”. (Ta-Ha surəsi 81-ci ayə) Məhz buna görə də insan Allahın qəzəbinə səbəb olacaq əməllər etməkdən çəkinməlidir.

Günah səbəbi ilə itirəcəyi şeyləri xatırlamaq.
İnsan günah etməklə dünya və Axirət xeyirlərindən uzaq düşür. Həm şəriətə görə, həm adət-ənənəyə görə, həm də ağlın tələbinə görə dünyada ən pis sifətlərə və adlara sahib olur. Bütün tərifəlayiq sifətlərdən və adlardan məhrum olur. Lakin, bunların arasında itirdiyi ən dəyərli şey onun imanı olur. Belə ki, iman itaət etməklə artdığı kimi, günah etməklə də azalır. İmanın bir zərrəsi dünya və içindəkilərdən qat-qat daha dəyərlidir. Elə isə insan bir anlıq şəhvət və ləzzət üçün bu cür dəyərli imanını necə əldən verə bilir? O şəhvət ki, ləzzəti itir, yerinə ağrı və acı gəlir. O ləzzət ki, ardınca od gətirir.

Peyğəmbər ﷺ buyurur: “Elə bir zina edən kəs yoxdur ki, zina etdiyi zaman mömin olsun. Elə bir içki içən yoxdur ki, içki içdiyi zaman mömin olsun. Elə bir oğurluq edən kəs yoxdur ki, oğurluq etdiyi zaman mömin olsun”. (Buxari 2475, Muslim 57)

Bəzi səhabələr demişlər: “Ondan (zina edəndən, günah edəndən) iman libası çıxarılır və başının üzərində bir kölgə kimi qalır, əgər tövbə edərsə ona qayıdır”.
Bəzi tabiinlər isə belə deyiblər: “İman ondan paltarın çıxarıldığı kimi çıxarılır”.

Günah edən kəsin itirdiyi şeylərdən biri də onun həsənətləri, savablarıdır. Bir hədisdə Peyğəmbər ﷺ belə buyurur: “Mənə bildirildi ki, Qiyamət günü elə qövmlər olacaq ki, onlar Ağ Tihamə dağları qədər savabla gələcəklər, lakin, Allah onları yerlə bir edəcəkdir!” Bir səhabə dedi: “Ey Allahın Rəsulu! Onları bizə vəsf et ki, bilmədən onlardan olmayaq”. Peyğəmbər ﷺ buyurdu: “Onlara gəldikdə, onlar sizin qardaşlarınızdır. Dəriləri sizin dərinizdəndir. Onlar da sizin kimi gecədən bir pay götürürlər (gecələr Allaha ibadət edirlər). Lakin, onlar elə qövmdürlər ki, Allahın haramları ilə tək qaldıqda, onları aşırlar (o haramaları edirlər)”. (İbn Məcə, “əs-Sunən” 4245).

Təfsir alimi Qatədə buyurur: “Sizlərdən heç kim etdiyi saleh əməlləri pis əməllərlə puç etməsin! Çünki, həqiqətən də xeyir şərri silib aparır. Şərr də xeyiri silib aparır”. (Tabərani, “Cəmiul Bəyən” 21-226)

İnsanın öz şəhvətinə və şeytana qalib gəlməsi.
Həqiqətən də insan nəfsinin istəyinə uymayaraq onu məğlub etdikdə və şeytan üzərində zəfərə nail olduqda qəlbində elə bir şirinlik dadır ki, dünyada heç bir şey ona bərabər olmur. Belə ki, insanın dünyadakı hansısa həzzdən dolayı daddığı ləzzət, ibadətdən daddığı ləzzətin zərrəsinə belə bərabər ola bilməz.

Peyğəmbər ﷺ buyurur: “Mömin öz şeytanını, sizdən biriniz səfərdəykən öz dəvəsini yorduğu kimi yorur (zəiflədir)”. (Əhməd, “Musnəd" 8940)

Bu da nəfsi istəklərə boyun əyməməklə, şəhvətləri tərk etməklə, itaətləri yerinə yetirməklə və şeytanın əmrlərinə müxalif olmaqla olur. Kim bunu edərsə, böyük bir uğur qazanar.

Allahın haramları tərk etmək qarşılığında vəd etdiyi nemətləri xatırlamaq.
İnsan haramları tərk etmək qarşılığında Allahın öz qullarına vəd etdiyi nemətləri və tərk etməli olduğu haramları bir tərəziyə qoysun. Hansı daha üstün olarsa, hansını öz nəfsinə rəva bilərsə, qoy onu seçsin!

Ey Allahın qulu! Əgər sən hansısa bir haramı Allahdan qorxaraq, Onun rızasını umaraq, imanını qoruyaraq tərk etsən, Allah onun əvəzində dünyada sənə qəlbində dadacağın ləzzət, nəfsində xoşbəxtlik və həyatında bərəkət bəxş edər. Necə ki, Uca Allah buyurur: “Mömin olaraq yaxşı iş görən kişi və qadınlara əlbəttə gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq”. (Nəhl surəsi 97-ci ayə)

Axirətdə isə Uca Allah bunun əvəzində səni Cənnətə daxil olmaqla və oradakı nemətlərdən həzz almaqla mükafatlandıracaqdır. “Ancaq kim Rəbbinin hüzuruna gələcəyindən qorxmuş və nəfsinə ehtirası yasaq etmişsə, həqiqətən Cənnət onun məskəni olacaq”. (Nəziət surəsi 40-41-ci ayələr)

Peyğəmbər belə buyurur: “Həqiqətən də Allahdan qorxaraq tərk etdiyin elə bir şey yoxdur ki, (onun əvəzində) Allah sənə daha xeyirlisini nəsib etməsin”. (Əhməd, “Musnəd” 20739)

Həmçinin, kim bu dünyada şərab içməyi Allahdan qorxaraq tərk edərsə, Allah onun əvəzində onu Cənnətdə şərab axan çayla mükafatlandırar. Elm əhli buyurur ki, kim bunun əksinə dünyada haram hüdudlarını aşarsa, o haramları edərsə, Axirətdə Allah onu buna müqabil olan nemətlərdən məhrum edər. Necə ki, Peyğəmbər ﷺ buyurur: “Kim dünyada şərab içər, sonra tövbə etməzsə, Axirətdə ondan məhrum olar”. (Buxari 5575, Muslim 2003)

Uca Allahın səninlə bərabər olduğunu hiss etmək.
Allahın bərabərliyi iki qisimdir:
Ümumi – bu bərabərlik hər kəsə aiddir. Uca Allah bütün qullarının halından xəbərdardır. Kafir ya müsəlman olmasından asılı olmayaraq onları ac saxlamır, yedirir-içirir və s.
Xüsusi – bu yalnız möminlərə xasdır. Qəsd etdiyimiz də məhz bu yaxınlıqdır. Necə ki, Uca Allah buyurur:
“Həqiqətən, Allah səbr edənlərlədir!” (Bəqərə surəsi 153-cü ayə)
“Həqiqətən də, Allah (Ondan) qorxanlar və yaxşı işlər görənlərlədir”. (Nəhl surəsi 128-ci ayə)
“Şübhəsiz ki, Allah xeyirxah əməl sahiblərilədir”. (Ənkəbut surəsi 69-cu ayə)

Bu xüsusi yaxınlıq onun üçün dünya və Axirətdə, ömrünün əvvəlindən sonunadək şəhvətini ödəməyindən daha xeyirli və faydalıdır. Elə isə bir anlıq ləzzət üçün şəhvətinə boyun əyib Allaha asi olmaqla Allahın səninlə bərabərliyindən özünü məhrum etməyə dəyərmi? Belə ki, o ləzzət yatan birisinin yuxusu və ya kölgələnən birisinin kölgəsi kimi keçicidir.

Allah üçün haramları tərk edən birisinin Allahın bərabərliyinə, Onun yardımına nail olması haqqında ən bariz nümunə mağaradakı 3 nəfərin qissəsidir. Onlardan biri Uca Allaha Ondan qorxaraq haramı tərk etməsi ilə təvəssül etdi və Allah da onun duasını qəbul etdi.

Ölümün qəfil gəlməsindən ehtiyat etmək.
İnsan qorxmalıdır ki, birdən ölüm onu o həmin günahdan tövbə etmədən yaxalasın və ya daha da betər, ölüm o həmin günahı edərkən ona üz versin. Ölüm gəlsin, həm dünya, həm də Axirət ləzzətləri ilə onun arasına girsin və onu hər ikisindən məhrum etsin. Belə bir kəsin peşmançılığı necə də ağırdır, necə də acıdır.

Uca Allah belə buyurur: “Hər vaxtın bir yazısı var”. (Rad surəsi 38-ci ayə)

“Onların əcəli gəldiyi zaman bircə saat belə nə yubanar, nə də qabağa keçə bilərlər”. (Rad surəsi 34-cü ayə)

İnsan ölümün ona nə zaman gələcəyini əsla bilə bilməz. Bəzən o gəncliyin ən gözəl çağında ikən önündə uzun bir ömürün olduğunu düşünər. Ölüm isə qapının astanasında onu gözləmiş olar və qəfil, heç gözləmədiyi bir anda onu yaxalaya bilər. Necə ki, səhabələrdən İbn Ömər (radıyəllahu ənhumə) buyurur: “Axşamladığın zaman səhərə çıxacağını, səhərə çıxdıqda isə axşamlayacağını gözləmə!” (Buxari, 6416)

Peyğəmbər ﷺ də həmçinin öz səhabələrinə daima ölümü xatırlamağı, onu unutmamağı tövsiyyə etmiş və demişdir: “Ləzzətləri parça-parça edən ölümü xatırlamağı çoxaldın”. (Tirmizi, Nəsəi, İbn Məcə)

Allahdan daima günahlardan salamat olmağı, afiyət diləmək.
Bəlalar yalnız günahlara görə baş verir və yalnız günahların nəticəsidir. Bəla əhli günah edən kəslərdir. Günahlar insana üz verən ən təhlükəli bəla və xəstəliklərdir.

Bədənləri xəstə olsa belə, afiyət əhli məhz itaət edən kəslərdir. Günahlardan uzaq olmaq isə afiyətin, salamatçılığın ən qiymətlisidir. Bəzi elm əhlindən rəvayət olunan əsərlərdə onlar belə demişlər: “Bəla əhlini gördükdə, Allahdan afiyət istəyin”.

Belə ki, bəla əhli dedikdə bədənlərində və dinlərində bəlaya uğramış kəslər nəzərdə tutulsa da, əslində bəlanın ən əzəmətlisi Allaha asi olmaq, Ondan qafil olmaq və Ondan üz döndərməklə mübtəla olmaqdır.

Afiyət də, bəla da insanlar arasında qədərlə bölünmüşdür. Ona görə də Allaha olunan dualar içərisində ən əzəmətlilərindən biri də Ondan həm dinimizdə, həm də dünyamızda afiyət, salamatçılıq diləməkdir. Peyğəmbər ﷺ belə demişdir: “Qul “Allahım, səndən dünya və axirətdə afiyət istəyirəm” duasından daha fəzilətli dua ilə Allaha dua etməmişdir”. (İbn Macə, Sunən 3851)

Həmçinin, digər hədisdə Peyğəmbər ﷺ buyurmuşdur: “Allahdan əfv (bağışlanma) və afiyət istəyin. Həqiqətən bir insana yəqinlikdən sonra afiyətdən daha xeyirli (nemət) verilməmişdir”. (Tirimizi, Cəmi 3558)

Eləcə də Peyğəmbər ﷺ öz səhabələrinə və əhli-beytinə bu duanı çoxaltmağı tövsiyyə etmişdir. Necə ki, o öz əmisi Abbasa belə demişdir: “Ey əmi! Allahdan afiyət istəməyi çoxalt!” (Tabərani, Mu`cəmul Kəbir 11908)

Hörmətli oxuyucu! Yuxarıda izah edilən 10 səbəbi həyatında icra etməyə çalışmaqla sən günahlardan uzaqlaşar və bunun bərəkətini həm dünyada, həm Axirətdə dadmağa nail olarsan.

Sonda Uca Allahdan diləyirik ki, hər birimizə Allahı sevən, Ondan layiqincə qorxan və günahlardan uzaq olan qullarından olmağı nəsib etsin. Həqiqətən, O, Eşidəndir, Biləndir!

Məqalənin video variantını buradan izləyə bilərsiniz.