Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

İmam Abdullah ibn Həsən ibn Həsən ibn Əlinin səhabələri mədh etməsi

Abdullah ibn Həsən səhabələrin və raşidi xəlifələrin hörmətini əhli-beyt kimi uca tuturdu.
Hafiz İbn Əsakir Əbu Xalid əl-Əhmərin belə dediyini rəvayət etmişdir: “Mən Abdullah ibn Həsəndən Əbu Bəkr və Ömər barədə soruşdum və o dedi: “Onların hər ikisinə Allahın salavatı olsun. Onlara salavat verməyənlərin üzərinə isə xeyir-dua nəsib olmasın.(1)(2)
Həmçinin o, demişdir: “O iki nəfər yadıma düşdükdə, onlar üçün Allaha dua edirəm və bununla da mən İzzət və Cəlal Sahibi olan Allaha yaxınlaşmış oluram.”(3)
Həmçinin rəvayət edilir ki, Abdullah ibn Həsənin azad etdiyi köləsi Hafs ibn Ömər demişdir: “Bir dəfə mən gördüm ki, Abdullah ibn Həsən dəstəmaz aldı və xuflarının üzərinə məsh çəkdi. Belə olduqda mən ondan soruşdum. Sən də xuflara məsh çəkirsən?” O dedi: “Bəli, çünki Ömər ibn əl-Xəttab da məsh çəkərdi. Hər kim Öməri Allahla özü arasında şəriəti doğru şəkildə nəql edən şəxs kimi götürərsə doğru yolda olduğu təsdiqlənər.”(4)
Həmçinin “Tarix Diməş” əsərində deyilir: “Bir dəfə Hafs ibn Qeys Abdullah ibn Həsəndən xuflara məsh çəkmək barədə soruşduqda o dedi: “Məsh çəkə bilərsən. Ömər ibn Xəttab da məsh çəkərdi.” O yenə soruşdu: “Mən sənin özün barəndə soruşuram. Sən məsh çəkirsənmi?” O dedi: “Mənim Ömərin məsh çəkdiyini deməyim sənə bəs etmirmi ki, sən mənim rəyimi soruşursam. Ömər məndən və mənim kimi yer üzündəki insanlardan daha xeyirli idi.” Mən dedim: “Ey Əbu Muhəmməd, bəzi insanlar deyirlər ki, siz təqiyyə edərək belə deyirsiniz.” Biz məzarla minbərin arasında ikən o mənə belə cavab verdi: “Allahım, bu mənim həm gizlində, həm də aşkarda olan sözlərimdir. Odur ki, bundan sonra heç kimin sözünü mənə eşitdirmə.” Sonra o dedi: “Bu adam iddia edir ki, guya Əli (radıyallahu anhu) inciklidir. Peyğəmbər
Əliyə müəyyən göstərişlər vermiş, o isə həmin göstərişləri həyata keçirməmişdir. Əliyə atdığı bu böhtan onun üçün yetərlidir. Yetərlidir ki, o, Əlini Peyğəmbərin göstərişlərini həyata keçirməməkdə ittiham edir.”(5)
Habelə “Tarix Diməş” əsərində rəvayət edilir ki, Əbu İbrahim Muhəmməd ibn əl-Qasim əl-Əsədi demişdir: “Osmanın ölümü xatırlandığı zaman mən Abdullah ibn Həsən ibn Əlinin saqqalı və paltarı yaş olana qədər ağladığını görmüşəm.”(6)

(1) Uca Allah buyurur: “Onlar üçün dua et. Çünki sənin duan onlar üçün bir təskinlikdir.” (ət-Tovbə surəsi, 103). Ayənin ərəbcəsində hərfi tərcümədə “salavat gətir” deyilir. Demək “salavat” dua etmək deməkdir. Buna Peyğəmbərin bir hədisi də dəlalət edir. Hədisdə Peyğəmbər belə buyurur: “[Allahummə salli alə ali Əbi Əufə] Allahım! Əbu Əufənin ailəsinə xeyir-dua ver!” Buxarinin “Səhih” əsəri, “Zəkat” kitabı, “İmamın zəkat verən adam üçün xeyir-duası” fəsli (63); Cabir ibn Abdullah (radıyallahu anhu) rəvayət edir ki, bir dəfə bir qadın Peyğəmbərə “Mənim həyat yoldaşım üçün xeyir-dua ver!” – deyə müraciət etdi. Onda Peyğəmbər belə dua etdi: “[Səlləllahu aleyki və zəucik] Allah sənə və sənin həyat yoldaşına xeyir-dua versin!” Hədisi Əbu Davud “Senən” əsərində, “Quran səcdələri” kitabı, “Peyğəmbərdən qeyrisinə salavat gətirmək” fəslində səhih isnadla rəvayət etmişdir.
Bütün bu dəlillərdən bəlli olur ki, salavatın mənası dua deməkdir. İmam Abdullah ibn Həsən (Rahiməhullah) də məhz bu mənanı qəsd edirdi.
(2) “Tarix Diməşq” əsəri, 29/255-256
(3) “Tarix Diməşq” əsəri, 29/256-256
(4) “Tarix Diməşq” əsəri, 29/255
(5) “Tarix Diməşq” əsəri, 29/256
(6) “Tarix Diməşq” əsəri, 29/256