Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

İnsanların Hüseynin qətlinə münasibəti

İbn Teymiyyə demişdir: Hüseynin (Allah ondan razı olsun!) qətlə yetirilməsi, onun qətlinə kömək edilməsi və ya bu qətllə razılaşması Allaha və Onun Elçisinə ﷺ qarşı edilən böyük günahdır. Bu həm onun ailəsindən olan müsəlmanlara, həm də bütün islam aləminə qarşı törədilmiş müsibətdir. Bu müsibət Hüseyn (Allah ondan razı olsun!) üçün isə şəhidlik, dərəcə yüksəlişi və ali məqama yetişməkdir". ("Müxtəsər Minhac əs-Sünnə" 1/346)

Hörmətli oxuyucu, Həzrət Hüseynin (Allah ondan razı olsun!) qətlə yetirilməsi müsəlmanlar üçün böyük bir müsibət idi. O Peyğəmbərin ﷺ sağ qalmış yeganə qız nəvəsi idi. O, məzlumcasına qətlə yetirilmişdir. Onun qətli müsəlmanlar üçün müsibət, onun özü üçün şəhidlik, hörmət, dərəcə üstünlüyü və Allaha yaxınlıqdır.

Əhli-sünnə olaraq deyirik ki, kaş o, Məkkədən çıxmayaydı. Hətta həmin dövrdə böyük səhabələr onun bu işdən əl çəkməsini xahiş etmişdilər. Həzrət Hüseynin nə üçün, necə Məkkədən çıxması barədə artıq biz yazmışıq. Bu məqalədə bu hadisəyə, İslam dininin bizdən hansı münasibəti tələb etməsinə aydınlıq gətirəcəyik.
Zalımlar Hüseynin Küfəyə, oradan da Şama üsyan üçün getməsini bəhanə gətirərək Peyğəmbərin ﷺ nəvəsini zalımcasına qətlə yetirdilər. Bu qətl hadisəsinin İslam ümməti tarixinə bir çox fəsadları oldu. Bu hadisə baş verməsəydi, bu fəsadlar baş verməzdi. Lakin bu Allahın qəza-qədəridir. Allah bir işin baş verməsini istəyərsə, insanlar onu istəməsələr də o, mütləq olacaqdır.

Hüseynin qətlinə münasibətdə insanlar üç qismə bölünürlər:
Birinci qism zəlalət əhli Nasibilərdir. Onlar iddia edirlər ki, Hüseyn haqlı olaraq öldürülmüşdür. Çünki o, vahid rəhbərə qarşı çıxmış və müsəlmanların birliyini pozmağa çalışmışdır. Buna dəlil olaraq Peyğəmbərin ﷺ bu hədisini qeyd etmişlər: "Sizin vahid rəhbəriniz olduğu halda, kimsə gəlib sizi parçalamaq istəsə kimliyindən asılı olmayaraq onu öldürün!" ("Səhih Müslim" № 1852)
Onların fikrincə Hüseyn müsəlmanların birliyini dağıtmaq istəyirdi. Peyğəmbər ﷺ belə insanın kimliyindən asılı olmayaraq öldürülməsini əmr etmişdir. Demək onu haqlı olaraq öldürmüşdülər. Bu rəy Hüseynə və atası Əliyə (Allah onların hər ikisindən razı olsun) nifrət edən "Nasibilərin" fikridir.
İkinci qism insanların fikrincə, Hüseyn itaət edilməsi vacib olan imamdır və hakimiyyət də ona verilməli idi. Bu şiə məzhəbinin fikridir.
Üçüncü qism Əhli-sünnəyə görə isə Həzrət Hüseyn zülmə məruz qalaraq qətlə yetirilmişdir, onun qətlinə heç bir üzr gətirilə bilməz, onun qətli İslam ümməti üçün bir müsibət idi. Lakin bununla yanaşı, digər bidət əhlinin iddia etdikləri kimi hakimiyyətə və ya imamlığa təyin olunmamışdı. Habelə Hüseyn nə üsyankar, nə də xəvaric idi. Allah ondan razı olsun! O, həqiqətən, zülmə məruz qalmış və şəhid olmuşdur. Bu haqda Peyğəmbər ﷺ buyurmuşdur: "Həsən və Hüseyn Cənnət cavanlarının ağasıdır." (Tirmizi: № 3768)
Hüseynin üsyançı olmamasına sübut onun geri qayıtmaq, yaxud Şama Yezidin yanına gedərək onunla danışmaq istəyi idi. Lakin zalımlar, onun bu təkliflərini qəbul etmədilər və yalnız Ubeydullah ibn Ziyada təslim olmasını şərt qoydular. Bu, Əhli-sünnə və camaatın fikridir.

Bir müsəlman olaraq, Həzrət Hüseynin qətl edilməsinə üzülürük. Lakin biz bütün məsələlərə İslamın qoyduğu çərçivələrdə münasibət bildirməli, Şəriətin qadağan etdiyi bir əməli etməməliyik.
Bildirək ki, Hüseynin qətlə yetirilməsindən öncə Həmzə kimi, Ömər kimi, Osman kimi, Əli kimi böyük səhabələr, hətta Allahın ən çox sevdiyi, seçdiyi insanlar, yəni peyğəmbərlər qətlə yetirilmişdir. Zəkəriyyə Peyğəmbərin oğlu Yəhya peyğəmbərin kəsilmiş başı bir nəfər zalım tərəfindən mehr əvəzi istifadə olunmuşdur. Zəkəriyyə peyğəmbər də mişarla qətlə yetirilmişdir.
Lakin nə İsa Peyğəmbər, nə də Muhəmməd Peyğəmbər (Allahın salavatı və salamı onlara olsun) onlar üçün hər il təkrarlanan, xüsusi mərasim formasında olan yas keçirməmiş, nə də bunu ümmətinə əmr etməmişlərdir. Nə Həzrət Həsən, nə də Həzrət Hüseyn ataları İmam Əlinin yasını bu formada keçirməmişdir.
Bunları nəzərə alaraq Hüseynin qətlinə görə özünü döymək, sinə paltarını cırmaq və sair bu kimi əməlləri etməyin icazəli olmadığını anlayırıq. Daha dəqiq desək, bütün bunlar qadağan olunan əməllərdir. Peyğəmbər ﷺ buyurmuşdur: "(Ölən adamın arxasınca) üzünə döyən, sinə paltarını cıran bizdən deyildir." ("Səhih Buxari" № 1294)
Peyğəmbər ﷺ buyurmuşdur: "Mən (ölən adamın arxasınca) ağı deyəndən, başını qırxan və sinə paltarını cıran insandan uzağam." ("Səhih Müslim" № 167)
Digər rəvayətdə isə Peyğəmbər ﷺ belə buyurmuşdur: "Həqiqətən, ağı deyən insan Allaha tövbə etməzsə, Qiyamət günü əynində qoturdan zireh, qətrandan paltar geyinəcəkdir." ("Səhih Müslim" № 934)
Çünki onlar müsəlmana vacib olan səbri tərk etmiş, Allahın qəza qədərinə üsyan etmiş kəslərdirlər.
Bu cür müsibətlər anında müsəlmanın borcu Uca Allahın buyurduğu kimi səbr edənlərdən olmaqdır: “Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbir edənlərə müjdə ver.
O kəslər ki, onlara bir müsibət üz verdikdə: "Biz, Allaha məxsusuq və Ona da qayıdacağıq!"– deyirlər.
Onlara öz Rəbbi tərəfindən təriflər və mərhəmət vardır. Məhz onlar doğru yolda olanlardır".
(Bəqərə: 155-157)

İki bidətin yaranması:
Şeyxulislam İbn Teymiyyə demişdir:"Hüseynin qətlindən sonra insanlar iki bidət çıxartdılar:
Birinci: Aşura gününü qəm-qüssə içində ağlamaq, özünü döymək, susuz qalmaq və mərsiyə deməklə qeyd etmək. Bununla yanaşı sələfləri söymək və lənət oxumaq, günahsızları da günahkarlara qatıb keçmişdə yaşayanları söymək bu günün adətinə çevrilmişdir. Həmin vaxt insanları cuşa gətirmək üçün yalançı hekayələr də danışılır. Bunu ilk dəfə adət halına salanların məqsədi ümmət arasında fitnə və ayrıseçkilik salmaq olmuşdur. Əgər belə olmasaydı nə üçün hər il qan tökə-tökə, keçmişi qurdalayaraq bu məsələ şişirdilir və qəbirlər təzim edilir?!
İkinci: Hüseynin qətlə yetirildiyi gün sevinmək, şirniyyat paylamaq və bayram ovqatı yaşamaqdır.
Kufədə Əhli-beytin tərəfini tutan bir qrup insan var idi. Onların başında Muxtar ibn Əbi Ubeyd əl-Mutənəbbi dayanırdı. Bir qrup insan isə Əhli-beytə nifrət edənlər idi. Onlardan biri Həccac ibn Yusuf əs-Səqafidir.

Bidətin qarşısı bidət ilə deyil, Peyğəmbərin ﷺ sünnəsini yaşatmaqla almaq lazımdır. Bu məsələyə doğru münasibətin nə olması bu ayədə izah edilmişdir: O kəslər ki, başlarına bir müsibət gəldiyi zaman: “Biz Allahınıq (Allahın bəndələriyik) və (öləndən sonra) Ona tərəf (Onun dərgahına) qayıdacağıq!” – deyirlər. (Bəqərə: 156) ("Minhəc əs-Sünnə", 5/554-555)

Hüseyni öldürənlərin Axirət əzabından öncə dünya cəzası:
Həzrət Hüseyni öldürməyi əmr edən Ubeydullah ibn Ziyad idi.
Umarə ibn Umeyr deyir: "Ubeydullah ibn Ziyad və onun dostlarının başını kəsib Məscidə gətirdilər və onları Rəhbə adlı yerə düzdülər." Rəvayətçi deyir: "Mən onların yanına çatdıqda onlar deyirdilər: "Gəldi, gəldi". Baxıb gördüm ki, bir ilan gəldi və kəsilmiş başların içində dolaşdı. Sonda gəlib Ubeydullah ibn Ziyadın burun dəliyinə daxil olub bir müddət orada dayandıqdan sonra yoxa çıxdı. Oradakılar yenə dedilər: "Gəldi, gəldi". İlan gələrək eyni hərəkəti iki və ya üç dəfə təkrarladı". (Tirmizi: № 3780. İsnadı səhihdir)
Bu, Hüseynin qətlində canfəşanlıq göstərən adamdan, Allahın aldığı intiqamdır. Allah Hüseyndən razı olsun! Allah Hüseyni qətl edən hər bir kəsin cəzasını versin!

Əhli-sünnə Yezidi sevirmi?

İbn Kəsir deyir: "Yezid Hərra döyüşündə Müslim ibn Uqbəyə Mədinə şəhərinə üç günlük möhlət verməsini əmr etməklə çox kobud səhvə yol vermişdi. Bu səbəblə səhabələr və səhabə övladları həlak olmuşdular." ("əl-Bidayə vən-Nihayə" 8/225)
İmam Zəhəbi belə demişdir: "Biz onu nə söyür, nə də sevirik!" ("Siyər əlam ən-Nubəla" 4/36)

Sevməməyimizin səbəbi bəllidir. Lənət oxumamağımıza gəlincə, ilk öncə biz, bu barədə dinimizin əmr və qadağalarına nəzər salmalıyıq.
Allahın və Onun Rəsulunun lənətləmədiyi ölmüş müəyyən bir şəxsi lənətləmək olmaz. Mötəbər hədislərin birində buyurulur: Peyğəmbərin ﷺ yanında Əbu Cəhlə lənət oxunduqda o, belə dedi: "Ölüləri söyməyin, çünki onlar artıq etdikləri əməllərinə qovuşublar". ("Səhih əl-Buxari" Kitab əl-Cənaiz, Bab mə yunhə an səbbil əmvat. № 1393)
Allahın dini söyüş üzərində deyil, əxlaq normaları üzərində qurulub. Söyüş Allahın dininə aid olan bir şey deyil. Əksinə, Peyğəmbər ﷺ mötəbər hədislərin birində buyurmuşdur ki, "Həqiqətən də, mömin tənə edən, lənət oxuyan, söyüş söyən və həyasız birisi ola bilməz” (Tirmizi 1977 Əhməd 3948.)
Həmçinin, lənət oxumamağımızın digər səbəbi odur ki, Yezidin Həzrət Hüseynin qətlində bir başa əlinin olmasını isbat etmək çox çətindir:
Şeyxülislam ibn Teymiyyə deyir: Bütün rəvayətçi alimlərin qeydlərinə əsasən, Yezid ibn Müaviyə, Hüseynin öldürülməsini əmr etməmişdir. Sadəcə olaraq Yezid İbn Ziyada məktub yazıb bildirmişdi ki, Hüseynin İraqa rəhbərlik etməsinə imkan verməsin. Yezid Hüseynin qətlə yetirilməsini eşitdikdə kədərlənmişdi. Bu xəbərə görə, onun evindən ağlaşma səsi eşidilirdi. Yezid Hüseynin ailəsindən olan qadınların heç birini köləliyə almadı. Əksinə, Hüseynin ailəsinə yaxşı davranıb onları yaşadıqları yerə göndərdi.
Bidətçilərin kitablarında "Peyğəmbərin ﷺ ailəsinə mənsub olan qadınların təhqir edilməsi, Şama əsir kimi gətirilməsi, orada təhqir edilməsi haqda" yer alan bəzi rəvayətlərə gəlincə onların hamısı batil sözlər və iftiralardır. Çünki Bənu Umeyyə (Umeyyə oğulları) Bənu Haşimə (Haşim oğullarına) çox hörmət edirdilər. Ona görə də Həccac ibn Yusif Abdullah ibn Cəfərin qızı Fatimə ilə evləndikdə Əbdülməlik ibn Mərvan bununla razılaşmayıb Həccaca onu boşamağı əmr etmişdi. Çünki onlar Haşimilərə olduqca ehtiram bəsləyirdilər və heç vaxt Haşimi qadınları əsir götürməmişdilər. O vaxtlar Haşimi qadınlar sevilən, hörmət edilən insanlar idilər. Buna görə də Yezidin Peyğəmbərin ﷺ ailəsinə mənsub olan qadınların köləliyə alması fikri əsassızdır. ("Minhac əs-Sünnə" 4/557, 558, 559)

Bu iki səbəbə görə Əhli-sünnə olaraq, biz dilimizi qoruyur, haqsız yerə kiməsə onsuz da qadağan olunmuş lənəti oxumaqdan qorxuruq. Biz onu bu məsələyə daha diqqətli olmadığına görə qınayırıq, sevmirik.
Həmçinin, yuxarıda qeyd etdiyimiz kimi, biz bu hadisəni bayraq edib, Qurana və Sünnəyə müxalif olan heç bir əməli etmirik, Hüseyni (Allah ondan razı olsun) isə son dərəcə çox sevirik, qəlbimizdə hüzünlənirik və Cənnətdə onunla görüşməyi Allahdan istəyirik.

Məqalənin video variantını buradan izləyə bilərsiniz.