Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Allahın “Ucalıq” sifətinin isbatı

Əhli-Sünnət Allahın “əl-Ülüvv”, yəni “ucalıq” sifətini isbat edir. Allahın ucalıq sifəti Quran və sünnətlə, sələfin icması ilə, ağıl və fitrət dəlillərilə sabitdir.

Quran dəlillərindən:
O, Ucadır, Əzəmətlidir”(1);
“Göyləri və yeri altı gündə yaradan, sonra da Ərşə ucalan Odur”(2);
“Göydə olanın sizi yerə batırmayacağına əminsinizmi?...Ya da ki, göydə Olanın üstünüzə daşlar yağdırmayacağına əminsinizmi?”(3);
“Onlar özlərinin fövqündə olan Rəbbindən qorxur və onlara əmr olunanları yerinə yetirirlər”(4);
“Mələklər və Ruh (Cəbrail) Ona doğru sayı əlli min ilə bərabər bir gün ərzində qalxırlar”(5);
“Gözəl söz Ona tərəf yüksəlir”
(6);
“Ey İsa! Mən səni Özümə tərəf qaldıracağam”(7);
“Firon dedi: Ey Haman! Mənim üçün bir uca qala tik ki, bəlkə yollara – göylərin yollarına çatım və Musanın məbudunu görüm. Həqiqətən, mən onu yalançı sayıram!”(8)

Qeyd: Bu ayənin şərhində Haris əl-Muhasibi demişdir: “«Həqiqətən, mən onu yalançı sayıram!» Yəni mənə Rəbbinin səmada (səmanın fövqündə) olduğunu dediyi məsələdə mən onu yalançı sayıram”.(9)
İmam Təbəri bu ayənin şərhində demişdir: “«Həqiqətən, mən onu yalançı sayıram!» Yəni mən Musanı səmada bir Rəbbinin olduğunu deməsində və bu iddiasında yalançı sayıram”. (10)
İbn Əbdülbər demişdir: “«Həqiqətən, mən onu yalançı sayıram!» Bu ayə dəlalət edir ki, Musa (Əleyhissəlam) Firona deyirdi ki, mənim İlahım səmadadır və Fironda bu məsələ də onu təkzib edirdi”.(11)

Sünnət dəlillərindən:
“Yer üzündə olanlara rəhm edin ki, göydə Olan da sizə rəhm eləsin”;(12)
Peyğəmbər ﷺ cariyəyə: “Allah haradadır?” – deyə sual vermiş, o da “səmadadır”, – dedikdə Peyğəmbər ﷺ bu dəfə “bəs mən kiməm?” – deyə soruşmuşdur. O da: “Sən Allahın Rəsulusan”, – dedikdə Peyğəmbər ﷺ həmin cariyənin ağasına: “onu azad et, çünki o, möminədir”, – demişdir(13).

Qeyd: İmam Zəhəbi demişdir: “Bu hədisdə iki önəmli nöqtə var. Birincisi, müsəlmanın “Allah haradadır?” sualını, ikincisi isə soruşulanın “Allah səmadadır” cavabını verməsinin icazəli olması. Bu iki məsələni inkar edən kəs yalnız və yalnız Peyğəmbərə ﷺ etiraz etmişdir”.(14)
Əbdülğani əl-Məqdisi bu hədis barədə belə demişdir: “Peyğəmbər ﷺ açıq bir şəkildə “Allah hardadır?”- deyə sual verdikdən sonra, “Allah hardadır?” sualını icazəli görməyəndən daha cahil, daha ağılsız və daha azğın kim ola bilər?”(15)

İcma dəlili:
Allahın Ərşin fövqündə olduğuna dair bir çox alim Əhli-sünnətin icmasını nəql etmişdir. Buna misal olaraq, imam İshaq ibn Rahaveyhin (vəfatı hicri 238)(16), Quteybə ibn Səidin (v.h. 240)(17), imam Əbu Zura (v.h. 264) və Əbu Hatimin (v.h. 277)(18), imam Dəriminin (v.h. 280)(19) nəql etdikləri icmaları qeyd etmək olar. Tabiinlərdən olan imam Əuzai demişdir: “Tabiinlərin çoxu hələ həyatda ikən biz belə deyərdik: Uca Allah Ərşinin fövqündədir”.(20)

Ağıl dəlili:
Var olan iki şey ya bir-birindən ayrı, ya da bir-birilə iç-içə olur. Bu ağlın tələb etdiyi bir həqiqətdir. Əgər onların bir-birilə iç-içə olduqlarını təsdiqləsən, gərək bir-birindən ayrı olduqlarını inkar edəsən. Yox, əgər onların bir-birilə iç-içə olduqlarını inkar etsən, o zaman bir-birindən ayrı olduqlarını təsdiqləməlisən. Çünki bu iki vəsf bir-birinə əks olan vəsflərdir. Heç şübhəsiz ki, Allah Təala məxluqatından ayrıdır. Onun məxluqatı ilə iç-içə olduğunu iddia etmək isə müsəlmanların icması ilə küfrdür. İndi isə sual olunur: bir-birindən ayrı olan bu iki varlığın, yəni Xaliqin və məxluqatın hansı daha ucadır və ucadadır? Əgər deyilsə ki, Allah nə varlıq aləminin daxilində, nə də xaricindədir, bizim cavabımız belə olar: bir-birinə əks olan iki vəsfin eyni anda bir fərddə cəm olması və ya hər ikisinin də eyni vaxtda aradan qalxması mümkün deyil. Məsələn, bir kəs barədə “həm diridir, həm də ölü” deyilmədiyi kimi, “nə diri deyil, nə də ölü” deyilə bilməz. Yaxud “həm sakitdir, həm də hərəkətdə” deyilmədiyi kimi, “nə sakitdir, nə də hərəkətdə” deyilə bilməz. Çünki bu, bir-birinə əks olan iki vəsfin eyni anda bir yerdə olması və ya eyni anda aradan qalxmasıdır ki, bu da əqlən mümkünsüzdür. Belə olduğu təqdirdə, “Allah nə varlıq aləminin daxilində, nə də xaricindədir” deyilə bilməz. Üstəlik bu, Allahın varlığını yox hesab etməyə bərabərdir. Çünki varlıq aləminin daxilində və xaricində var olmayan bir “varlıq”, əslində, yoxluq deməkdir. Biz əşari və maturidilərin bu kimi sözləri və iradları ilə tanış olduqda görürük ki, onlar əslində Uca Allahı zatı, yəni həqiqi bir varlıq kimi yox, sadəcə olaraq zehni bir valıq kimi qəbul edirlər.

Fitrət dəlili:
Fəlsəfədən uzaq – kəlam elmilə korlanmamış təmiz fitrət sahibinə sual versək ki, “Allah haradadır?” rahat və arxayın bir şəkildə heç tərəddüd etmədən ya dili ilə “göydədir” deyəcək, ya da gözü, yaxud əli ilə səmaya işarə edəcəkdir. Həmçinin dua edən bəndə qəlbilə ucalardan nə isə ummurmu?! Yaxud içdən “Allah” deyən qəlbilə ucalığa yönəlmirmi?! Məgər Rəbbindən istəyən əllərini göyə qaldırıb istəmirmi?! Bütün bunlar onu göstərir ki, Uca Allah biz qullarının fitrətinə Öz ucalığına imanı nəqş etmişdir. Hər doğulan bu fitrət üzrə doğular. “Allah insanları hansı fitrət üzrə yaradıbsa, sən o dinə tərəf yönəl! Allahın yaratdığını heç cür dəyişdirmək olmaz”.(21)

Müəllif: Əbu Zeyd Həbibli

(1) Əl-Bəqərə: 255
(2) Əl-Hədid: 4
(3) Əl-Mülk: 16-17.
Qeyd: Bu ayədə “göydə Olan” dedikdə “göyün içində” deyil, “fövqündə olan” mənası nəzərdə tutulur ki, bu da ərəb-dilində bilinən bir məsələdir. Belə ki, Uca Alah buyurur: { سِيرُوا فِي الْأرض }“Yür üzündə gəzib dolaşın” (Əl-Ənam: 11).
(4) Ən-Nəhl: 50
(5) Əl-Məaric: 4
(6) Fatir: 10
(7) Ali-İmran: 55
(8) Ğafir: 36-37.
(9) “Fəhmul-Quran” səh. 352
(10) Bax! İmam Təbərinin təfsiri, Ğafir 37-ci ayənin şərhi
(11) “Ət-Təmhid” 7/133
(12) Tirmizi (1924), hədis səhihdir. Bax! Əlbani “Səhihul-cəmi” (3522). İmam Zəhəbi “əl-Ərş” və “əl-Ülüvv” adlı kitablarında Allah Təalanın ucalıq sifətinə dəlalət edən yüzə yaxın hədis zikr etmişdir. İstəyən o kitablara müraciət edə bilər.
(13) Müslim (537)
(14) “Əl-Ülüvv” (50) səh. 28
(15) “Əl-İqtisad fil-etiqad” səh. 89
(16) Zəhəbi “Əl-Ülüvv” (487), Əlbani “Müxtəsərul-Ülüv”də nəqlin səhih olduğunu vurğulayır.
(17) Zəhəbi “Əl-Ülüvv” (470), Əlbani “Müxtəsərul-Ülüv”də nəqlin səhih olduğunu vurğulayır.
(18) Lələkəi “Şərh usuli etiqadi Əhlis-sünnə” (321)
(19) “Ən-Naqdu alə əl-Mərisi” səh.154
(20) Beyhəqi “əl-Əsma vəs-Sifət” (865), İbn Həcər sənədinin həsən – yaxşı olduğunu qeyd etmişdir (“Fəthul-Bəri” 13/406).
(21) Ər-Rum: 30