Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

“Allah Zatı ilə Ərşinin fövqündədir”, – demək düzgündürmü?

Əslində, “Zatı ilə” ibarəsi ilk sələfilər: səhabə və tabiin zamanında işlənməyən bir kəlmə idi. Çünki işlənməsinə heç ehtiyac da yox idi. Belə ki, “Allah Ərşin fövqündədir”, – dedikdə hər kəsin anladığı bir məna var idi: “Allah Öz Zatı ilə Ərşinin fövqündədir və məxluqatından ayrıdır” – mənası. Zaman keçdikcə bəzi hiyləgər bidət əhli insanların əqidələrini qarışdırmaqdan ötrü “biz də «Allah Ərşin fövqündədir» deyirik”, – deməyə başladılar, lakin bu ibarə ilə nəzərdə tutduqları məna “Allah qüdrəti, güc və hökmranlığı ilə Ərşin fövqündədir, Zatı ilə deyil” – mənası idi. Bunu bilən Əhli-sünnət alimləri onların qəsd etdikləri bu batil mənanı rədd etməkdən ötrü “Allah Zatı ilə Ərşinin fövqündədir”, yaxud “Allah Ərşinin fövqündədir və məxluqatından ayrıdır” və ya “Allah məcazi olaraq deyil, həqiqi olaraq Ərşinin fövqündədir” – kimi ifadələr işlətməyə başladılar. Allah barədə Quran və sünnətdə varid olmayan bu cür ibarələri ehtiyac olduğu təqdirdə, ixbar – xəbər vermə yönü ilə qeyd etmək olar.
Əhli-sünnət alimlərindən Əbdülqadir əl-Ceyləni demişdir: “O, Öz Zatı ilə Ərşə yüksəldi. Onun Ərşin fövqündə olması bütün peyğəmbərlərə endirilmiş ilahi kitablarda zikr olunmuşdur”(1).
Yəhya ibn Əbul-Xeyr əl-İmrani(2) demişdir: “Hədis və sünnət əhlinin etiqadına görə, Allah Təala Öz Zatı ilə göylərin fövqündə olan Ərşinin üzərinə ucalmışdır və O, məxluqatından ayrıdır”(3).
İbn Əbdülbər demişdir: “Əhli-sünnət Uca Allahın Quran və sünnətdə varid olan bütün sifətlərini iqrar etmək, onlara iman etmək və bütün bunları məcaz olaraq deyil, həqiqət olaraq qəbul etmək üzərində icma etmişdir. Sadəcə olaraq, onlar (yəni Əhli-sünnət) bu sifətlərin heç birinə keyfiyyət vermirlər”(4).

Müəllif: Əbu Zeyd Həbibli

(1) Əbdülqadir əl-Ceyləni “əl-Ğünyə” 1/54-55
(2) Yəmən diyarının böyük alimlərindən olub. Hicrətin 558-ci ilində vəfat etmişdir.
(3) Yəhya ibn Əbil-Xeyr əl-İmrani “əl-İntisar fir-raddi aləl-Mutəzilə”, fəsl: 102
(4) “Ət-Təmhid” 7/145